Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-85/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni çıxarışın və texniki pasportun verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-351/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Eskiz layihədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair eskiz layihə Naftalan şəhərinin baş memarı ilə razılaşdırılmışdır.
2. Naftalan Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 271 nömrəli bildirişindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (qeydiyyat № ********** xx.xx.2014-cü il) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş (Tikintialtı sahə 113.7 m2, ümumi sahə 167.85 m2, yaşayış sahəsi 16.30 m2 , köməkçi sahəsi 151.55 m2 ) 2 mərtəbəli fərdi yaşayış evi Azərbaycan Republikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunmuşdur və heç bir kommunikasiya xətlərinə maneçilik törətmir, dayanıqlıdır, odur ki, evin dövlət qeydiyyatına alınmasına etiraz edilmir.
3. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7644 nömrəli ekspert rəyindən görünür ki, Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətinin eskiz layihəyə uyğun olduğu müəyyən edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, daşınmaz əmlak obyektlərinə (tikililər və torpaq sahəsi) keçirilən baxış zamanı, İddiaçı təqdim etdiyi yeni tikililər, İddiaçı adına tərtib olunmuş **********63-10301 reyestr nömrəli X7 sənədindəki göstəricilərə (ölçü və konfiqurasiya) istinadən, həmin texniki pasport sənədində göstərilən torpaq sahəsində yerləşir. İddiaçı faktiki istifadəsində olan tikililər, daxil olmuş iş materialları və tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinə ünvanlanmış sorğu məktubu əsasında əldə olunmuş arxiv sənədlərinə istinadən, digər şəxslərin mülkiyyətində olan torpaq sahəsində yerləşmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 oktyabr 2018-ci il tarixində Naftalan şəhər İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0.0345 ha həyətyanı torpaq sahəsi üzərində, hündürlüyü 5.90 m olan iki mərtəbəli fərdi yaşayış evini inşa etdirdiyi barədə məlumatlandırmışdır. Naftalan şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 7 saylı Ərazi İdarəsinə ünvanladığı 16 oktyabr 2018-ci il tarixli, 271 nömrəli bildirişdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş 2 mərtəbəli yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunduğu və heç bir kommunikasiya xətlərinə maneçilik törətmədiyi, dayanıqlı olduğu və evin qeydiyyata alınmasına etiraz edilmədiyi qeyd olunmuşdur. Yeni tikililər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 30 noyabr 2016cı il tarixli, İN/L-2209/2016 qeydiyyat nömrəli lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin tərtib və təsdiq etdiyi memarlıq inşaat layihəsi əsasında aparılmışdır. İddiaçı Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilatın əməkdaşları ümumiyyətlə evə baxış keçirmədən evin layihəyə uyğun olmadığı barədə imtina aktı vermişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirmişdir ki, təqdim olunan hüquqmüəyyənedici sənədlərin icrası zamanı məlum olmuşdur ki, yeni inşa olunmuş fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş eskiz layihənin ölçüləri ilə faktiki yaşayış evinin ölçüləri arasında uyğunsuzluq vardır. Bu səbəbdən həmin əmlaka çıxarış və texniki pasportun hazırlanması mümkün olmamışdır.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-351/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (qeydiyyat № ********** xx.xx.2014-cü il) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi Azərbaycan Republikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-351/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə 25 04.2014-cü il tarixdə 5 nəfər mülkiyyətçilər arasında paylar üzrə qeydiyyata alınmışdır. Həmin qeydiyyata əsasən X1 payı fərdi yaşayış evi üzərində 31.63 kv.m, torpaq sahəsi üzərində 0.0345 ha, X5 payı fərdi yaşayış evi üzərində 31.63 kv.m torpaq sahəsi uzərində 0.0345 ha, X2 payı fərdi yaşayış evi üzərində 31.63 kv.m, torpaq sahəsi üzərində 0.0345 ha, X3 payı fərdi yaşayış evi 31.63 kv.m, torpaq sahəsi üzərində 0.0345 ha, X4 payı fərdi yaşayış evi üzərində 189.78 kv.m, torpaq sahəsi üzərində 0.2070 ha kimi qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı tərəfindən fərdi yaşayış evində ona düşən otaqlara bitişik ümumi sahəsi birinci mərtəbədə 17.8 kv.m, ikinci mərtəbədə 19.2 kv.m olan (cəmi 37.0 kv.m) əlavə tikililər tikilmişdir. 2023-cü il tarixdə fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı yeni tikililərə dair təqdim olunmuş, “X16” MMC tərəfindən 2018-ci il tarixdə tərtib və təsdiq olunmuş eskiz layihəyə əsasən aparılan arışdırma zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş eskiz layihənin ölçüləri ilə faktiki yaşayış evinin ölçüləri arasında uyğunsuzluq vardır. Belə ki, müəyyən olunmuşdur ki, X6 tərəfindən dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 31.63 kv.m tikilidən əlavə yuxarıda qeyd olunduğu kimi 37.0 kv.m əlavə tikinti işləri aparılmışdır. Lakin vətəndaş İddiaçı 68.8 kv.m əlavə ona düşən otaqlara bitişik birinci mərtəbədə ümumi sahəsi 42.8 kv.m, ikinci mərtəbədə ümumi sahəsi 52.2 kv.m olan otaqları da (cəmi 95.0 kv.m) ona məxsus olan otaqlar kimi eskiz layihədə qeyd etdirmiş və həmin tikililər üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirlmişdir ki, Ərazi İdarəsi tərəfindən 95.0 kv.m tikilinin X1 adına dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur ki, dövlət reyestrindən verilmiş çıxarışa əsasən X2 payı fərdi yaşayış evi üzərində 31.63 kv.m, X3 payı fərdi yaşayış evi üzərində 31 63 kv.m, X5 payı fərdi yaşayış evi üzərində 31.63 kv.m olmaqla, cəmi 94.89 kv.m (95.0 kv.m) təşkil edir. Yəni vətəndaş 95.0 kv.m tikililər üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etməklə, digər mülkiyyətçilərə məxsus tikililərin onun adına qeydiyyata alınmasını qanunsuz olaraq tələb etmişdir ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, odur ki, təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-351/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Maddə 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
22. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
32. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat № ********** xx.xx.2014-cü il) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində 2018-ci ildə razılaşdırılmış layihəyə uyğun tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi Republikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun məlumatlandırma icraatı tətbiq olunaraq inşa olunmuşdur. İddiaçı Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanda layihəyə uyğun tikilmiş yeni tikililər də nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan isə iddiaçı tərəfindən təqdim olunmuş eskiz layihənin ölçüləri ilə faktiki yaşayış evinin ölçüləri arasında uyğunsuzluq olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
37. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
38. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.
39. Cavabdeh inzibati orqanın imtinasının dəlilinin araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza tədqiqatı keçirilmiş, təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Naftalan şəhəri, V.Quliyev küçəsi 2 ünvanında İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin mövcud vəziyyətinin eskiz layihəyə uyğundur. Beləliklə, ekspert rəyi ilə cavabdeh orqanın imtinasının dəlilinin əsaslı olmadığı müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilinə, yəni iddiaçı tərəfindən inşa edilmiş yeni tikililərin paylı mülkiyyətçilərin torpaq sahəsinə düşməsi ilə bağlı mütəxəssis tədqiqatın keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlak obyektlərinə (tikililər və torpaq sahəsi) keçirilən baxış zamanı, İddiaçı təqdim etdiyi yeni tikililər, İddiaçı adına tərtib olunmuş **********63- 10301 reyestr nömrəli X7 sənədindəki göstəricilərə (ölçü və konfiqurasiya) istinadən, həmin texniki pasport sənədində göstərilən torpaq sahəsində yerləşir. İddiaçı faktiki istifadəsində olan tikililər, daxil olmuş iş materialları və tərəflərindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinə ünvanlanmış sorğu məktubu əsasında əldə olunmuş arxiv sənədlərinə istinadən, digər şəxslərin mülkiyyətində olan torpaq sahəsində yerləşmir.
41. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş yeni tikililər ona məxsus torpaq sahəsində tikilmişdir və üçüncü şəxslərin hüquqları ilə yüklü edilmiş torpaq sahəsində yerləşmir.
42. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən lahiyəyə uyğun və öz mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyildir.
43. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-351/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.