Məhkəmə qərarları › İş №2-1(104)-86/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-86/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-86/2025 09.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-24/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə “Baş beynin ocaqlı travması. Keçirilmiş ağır qapalı beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Digər neqativ pozuntular. Asteno-nevrotik vəziyyət” diaqnozu əsasında Meyarların 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... bəndi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0452003AALWU nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: Əsas diaqnoz S09– Başın digər və dəqiqləşdirilməmiş travmaları Baş-beyinin ocaqlı travması. Keçirilmiş qapalı kəllə-beyin travmasının. baş-beyinin orta dərəcəli silkələnməsinin. bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət. Tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə; Ağırlaşmaları - XBT 10-a uyğun olaraq: G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya kəllədaxili hipertenziya. G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya Postravmatik ensefalopatiya İİ mərhələ. F44.5 -Dissosiativ konvulsiyalar Kəskin ifadəli asteno-nevrotik vəziyyət. İ63.3-Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı Serebrovaskulyar çatmamazlıq. Yanaşı xəstəliklər: M25.5 – Oynaqda ağrı Daimi olan ağrılarla; N41.1 - Xroniki prostatit . M17.5 - Digər ikincili qonartrozlar Sol diz oynagının artrozu Oynaqların kontrakturası Başən sag təpə nahiyyəsi. başın orta təpə nahiyyəsi. sifətin sag yarısı. M24.5 - sol alın nahiyyəsi. sol baldırın orta 1\3 -nin sol budun aşagı 1\3 -ninsol diz oynagının kontrakturası. E11 - İnsulindən asılı olmayan şəkərli diabet şəkərli diabet İİ tip orta ağır forma . Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından son. vəz. Həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə iddiaçı müayinə olunaraq Diaqnoz əlillik əlaməti təyin etmir. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0452003AALWU nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və "Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət, başın sağ təpə nahiyəsi, başın orta təpə nahiyəsi, sifətin sağ yarısı, sol alın nahiyəsi, sol baldırın orta 1\3-nin sol budun aşağı 1\3-nin sol diz oynağının kontrakturası, sol diz oynağının artrozu, şəkərli diabet İİ tip orta ağır forma, başın digər və dəqiqləşdirilməmiş travmaları, baş-beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin travmasının, baş-beyinin orta dərəcəli silkələnməsinin, bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə" diaqnozu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik vəziyyətinin təyininə əsas vermir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin T73/2023 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X7 adına xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş göndərişdə qeyd edilən XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələri, Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət, başın sağ təpə nahiyyəsi, başın orta təpə nahiyyəsi, sifətin sağ yarısı, sol alın nahiyəsi, sol baldırın orta 1/3-nin, sol budun aşagı 1/3 –nin, sol diz oynağının kontrakturası, sol diz oynağının artrozu, şəkərli diabet İl tip orta ağır forma, başın digər və dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silah yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə. Diaqnozun mətni: şəkərli diabet İİ tip orta ağır forma, başın digar dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kal beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çoxsa müxəlifyerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət, tez-tez baş ve vegetodamar paroksizmal krizlərlə" diaqnozu şəxsin stasionarda müalicəsi zaman kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Akademik M.A.Topçubaşov adına X5 xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Qarın boşluğuna nüfuz edən güllə yaralanmasına görə laparotomiya əməliyyatından sonrakı vəziyyət (1993). Bitişmə xəstəliyi. Həzm sisteminin funksional pozulması. Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı" kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli 10903 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Odlu silah yaralanmasından sonrakı vəziyyət, ensefalopatiya. Kəllədaxili hipertenziya. On gicgah payda araxnoidal kista. Dissosiativ konversion pozuntu. Üzvi mənşəli labil pozuntu, koqnitiv funksiyaların enməsi ilə. Vertebrobazilyar arterial sistern sindromu" kimi qeyd olunmuşdur. Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16686/2023 nömrəli qərarı yuxarıda qeyd olunan sənədlər və xx.xx.2021-ci il tarixdə Abbas Səhhət adına xəstəxananın poliklnika şöbəsi tərtib edilmiş göndəriş əsasında iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəsi yenidən keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazda əyani müayinə nəticələrini qeyd etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin iyul ayında, yəni təxminən 6 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-24/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmamasının yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli 791 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozunun düzgün olması və əyani müşahidə zamanı öz təsdiqini tapması göstərilmişdir. Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi göndərişdə (Forma 088) iddiaçıya qoyulmuşdur “beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı Serebrovaskulyar çatmazlıq (İ63.3) diaqnoz 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndində qeyd olunan təsnifatlara uyğundur. Bu da iddiaçıda müəyyən olunan xəstəliyin əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 24/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq vətəndaşın qeyd edilən diaqnozunun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi "Baş beynin bioelektrik aktivliyində qabıq ritminin dezorganizasiyası ilə yanaşı sağ yarımkürənin gicgah və mərkəz nahiyəsində paroksizmlər aşkar edilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Yevlax Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli Qarın boşluğunun nativ KT müayinəsinin nəticəsi "Öd kisəsi izlənilmir-xolesistoektomiya. Bağırsaq ilgəklərində yüksək pnevmatoz. Qarının ön divarının yırtığı (ağ xətt yırtığı)" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Magistral tipli bifazik axınlar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə: 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə “Baş beynin ocaqlı travması. Keçirilmiş ağır qapalı beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Digər neqativ pozuntular. Asteno-nevrotik vəziyyət” diaqnozu əsasında Meyarların 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetodamar paroksizmal krizlərlə bəndi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə yenidən göndəriş tərtib edilmiş və qiymətləndirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi “diaqnozun əlilliyin əlaməti təyin etmir” olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin T73/2023 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X7 adına xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş göndərişdə qeyd edilən XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silah zədələnmələri; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət, başın sağ təpə nahiyəsi, başın orta təpə nahiyəsi, sifətin sağ yarısı, sol alın nahiyəsi, sol baldırın orta 1/3-nin, sol budun aşağı 1/3-nin, sol diz oynağının kontrakturası, sol diz oynağının artrozu, şəkərli diabet İl tip orta ağır forma, başın digər və dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silah yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə. Diaqnozun mətni: şəkərli diabet İİ tip orta ağır forma, başın digər dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kəllə beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çox saylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə" diaqnozu şəxsin stasionarda müalicəsi zaman kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçıya müvafiq əlillik dərəcəsinin təyin olunması üçün xx.xx.2021-ci il tarixli göndəriş cavabdeh quruma təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət. Başın sağ təpə nahiyəsi. başın orta təpə nahiyəsi. sifətin sağ yarısı. sol alın nahiyəsi. sol baldırın orta 1\3-nin sol budun aşağı 1\3-nin sol diz oynağının kontrakturası. Sol diz oynağının artrozu. Şəkərli diabet İİ tip orta ağır forma Başın digər və dəqiqləşdirilməmiş travmaları, Baş-beyinin ocaqlı travması. Keçirilmiş qapalı kəllə-beyin travmasının, baş-beyinin orta dərəcəli silkələnməsinin. bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət. Teztez baş verən vegetodamar paroksizmal krizlərlə.” diaqnozu əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. X6 Məhkəməsinin xx.xx.2023-cü il tarixli aralıq qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə əlaqədar “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən 27 iyul 2023-cü il tarixədək iddiaçının əlilliyinin qiymətləndirilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə edilmişdir. Cavabdehin 01 avqust 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilindən biri ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “təyin olunmuş diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edilibsə və diaqnozun özü meyarlara uyğun gəlirsə, əlavə ağırlaşmaların tələb olunması hüquqi əsas daşımır. Bu səbəbdən də qanunvericilikdə əlilliyin təyini üçün ağırlaşma tələbi təsbit olunmadığından bununla bağlı cavabdehin tələbinin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, İddiaçı barəsində xx.xx.2021-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarında qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət. Başın sağ təpə nahiyəsi. başın orta təpə nahiyəsi. sifətin sağ yarısı. sol alın nahiyəsi. sol baldırın orta 1\3-nin sol budun aşağı 1\3-nin sol diz oynağının kontrakturası. Sol diz oynağının artrozu. Şəkərli diabet İİ tip orta ağır forma Başın digər və dəqiqləşdirilməmiş travmaları, Baş-beyinin ocaqlı travması. Keçirilmiş qapalı kəllə-beyin travmasının, baş- beyinin orta dərəcəli silkələnməsinin. bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət. Tez- tez baş verən vegetodamar paroksizmal krizlərlə.” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində öz əksini tapmışdır. İşin hallarından görünür ki, X7 adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və əlilliyin təyin olunmasından imtina olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi halda məhkəmə imtinanı qanunsuz hesab etdiyi və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdiyi halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu göndəriş nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Ona görə də İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-24/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar