Məhkəmə qərarları › İş №2-1(104)-867/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-867/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-867/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X4, X3 və vəkili X6 iştirakı ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2661/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 13317 nömrəli, xx.xx.2006-cı il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X15, X10, X11 və X1 şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvanda qeydiyyatdadır.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-57/2-A118xx/xx/2023 nömrəli məktubundan görünür ki, X15, X10, X11 və X3 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəkləri bildirilmişdir.

4. Gəncə ŞİH MKTİB-nin 30 noyabr 2023-cü il tarixli, M-1075 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 5-də İddiaçı, X12, X8 və X13 yaşayırlar.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-21-3-33/2-11408/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 Gəncə şəhər 7 saylı dövlət notariat kontorunun 13 dekabr 2005-ci il tarixli, 4Ə-4-830 reyestr nömrəli “mənzil bağışlama” müqaviləsinə əsasən qeyd olunan mənzil İddiaçı bağışlanmış və onun adına xx.xx.2006-cı il tarixli, 22 ekabr qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 2 ünvanı ilə ünvan 3 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, X5 icarəçi X2 adına olan Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1. Mənzil 2-də yaşayış hüququnun verilməsi və o, iki uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin apellyasiya icraatı zamanı müvafiq sorğuya əsasən təqdim etdiyi 12 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-708/2005 nömrəli mülki iş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində “icrası bitmiş sənədlərin məhkəmənin arxiv fonduna daxil edilməsi” nəticəsində 2-708/2005 nömrəli iş üzrə sənədlər və iş materialları məhv edilmişdir. Bu səbəbdən də hazırki qətnamənin hansı tarixə qanuni qüvvəsini almasını müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15, X10, X9, X11 və X3 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması onun hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

10. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “X15, X10, X11 və X3 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2661/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Üçüncü şəxslər X15, X11 və X7 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2-708-2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə X7 və uşaqları xx.xx.2001-ci il təvəllüdlü X11 və xx.xx.2002-ci il təvəllüdlü X15 birlikdə ünvan 5 ünvanına köçürülməsi və istifadə hüququnun verilməsi qərara alınmışdır. Qətnamə icra olunmuş, onlar mənzilə köçürülmüşlər və bütün əşyaları həmin mənzildə saxlanılır. Mənzil dar olduğundan və son vaxtlar müxtəlif ünvanlarda yaşadıqlarından istifadə edən iddiaçı iddia ərizəsi verərək onları pasport qeydiyyatından çıxarmışdır. Qətnamənin təkrar icrası üçün isə icra qurumuna müraciət etdikdə ünvanın dəyişdiriyini qətnamədə T.Hacıyev küçəsi bina 1, mənzil 2 qeyd edilmiş hazırda isə bina 4, mənzil 1-dir. Bununla bağlı ümumi məhkəməyə ərizə ilə müraciət etdikdə isə Gəncə İnzibati Məhkəməsinin qərarı barədə məlumat əldə edilmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, bütün cehiz əşyaları və paltarları həmin ünvandadır, başqa bir yaşayış evi yoxdur. İddiaçı ərinin bacısıdır və həmin evi qaynanası ona bağışlamışdır. Onun həmin evə istifadə hüqununun tanınmasına dair məhkəmə qətnaməsi var, lakin iddiaçı orada yaşamasına imkan vermir. Hazırda qətnamənin təkrar icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 digər üçüncü şəxslə eyni məzmunlu izahat verərək uşaq yaşlarından həmin evdə yaşadıqlarını, lakin sonradan iddiaçının onlara həmin evdə yaşamağa imkan vermədiyini, başqa yaşayış evlərinin olmadığını bildirdi, şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslərin vəkil X16 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi.

20. İş üzrə cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

28. İşin halları ilə müəyyən olunur ki, mübahisləndirilən ev, yəni ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, üçüncü şəxslər isə həmin ünvanda qeydiyyatdadırlar.

29. Hazırki tələbində iddiaçı xüsusi mülkiyyətində olan əmlakdan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, inzibati orqan müraciəti təmin etməmiş, imtinanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndi ilə əsaslandırmışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Odur ki, iş üzrə məhkəmə araşdırımasının predmeti üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasının mümkünlüyüdür.

31. İşdə olan 13317 nömrəli, xx.xx.2006-cı il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və tələb üzrə iddiaçının mənzil üzərində tam mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır.

32. Lakin üçüncü şəxslərdən X3 qeyd edilən mənzildən istifadə hüququnun tanınması və köçürülməsinə dair məhkəmə qətnaməsi var.

33. Belə ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, X5 icarəçi X2 adına olan Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1. Mənzil 2-də yaşayış hüququnun verilməsi və o, iki uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

34. Gəncə Şəhər Məhkəməsinin apellyasiya icraatı zamanı müvafiq sorğuya əsasən təqdim etdiyi 12 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-708/2005 nömrəli mülki iş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində “icrası bitmiş sənədlərin məhkəmənin arxiv fonduna daxil edilməsi” nəticəsində 2-708/2005 nömrəli iş üzrə sənədlər və iş materialları məhv edilmişdir. Bu səbəbdən də hazırki qətnamənin hansı tarixə qanuni qüvvəsini almasını müəyyən etmək mümkün deyildir.

35. Göründüyü kimi N.Abbasovanın qeyd edilən mənzildən istifadə hüququnun tanınmasına dair qətnamənin mövcudluğu və qüvvədə olması iş materialları ilə sübut edilmiş, sonuncunun mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə hər hansı qərar mövcud deyildir.

36. İddiaçı da məhkəmə kollegiyasına verdiyi izahatda həmin evdə cehiz əşyalarının olduğunu, iddiaçının həmin ünvanda yaşamasına imkan vermədiyini, qətnamənin təkrar icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının sahibi olan şəxsin qeydiyyatdan çıxarılması tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qəbuledilən deyildir.

38. Başqa sözlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınan istifadə hüququnun xitam verilməsinə dair hər hansı bir sənəd olmadığı təqdirdə şəxsin qeydiyyatdan çıxarılması üçün hüquqi əsas mövcud deyildir.

39. Digər üçüncü şəxslər Yeganə Abbasova və Zaman Abbasov isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsi qəbul edilən zaman, yəni 2005-ci il tarixdə yetkinlik yaşına çatmamış və Nərgiz Abbasovanın himayəsində olmuşlar. Məhz bu səbəbdən onlar himayəsində olduqları analarına münasibətdə mənzilə köçürülmüşlər və bu hal Nərgiz Abbasovanın himayəsində olduqları müddət ərzində keçərli olmuşdur.

40. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı- X3 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2661/2023 nömrəli qərarı qismən- X3 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2661/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar