Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-869/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qərarın və həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 4480/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar X7 və digərləri Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1998-ci il tarixli 52 saylı qərarının X2 münasibətdə və həmin qərarla 12 ha həyətyanı torpaq sahəsinin və üzərindəki tikililərinin onun mülkiyyətinə verilməsinə dair JN164A, kod 50400058 nömrəli şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyul 1998-ci il tarixli, 52 saylı qərarı ilə X4 Şəmkir rayonu Düyərli kəndi ərazisində 12 ha həyətyanı torpaq sahəsi verilmişdir və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN 164A (KOD ********) şəhadətnamə verilmişdir. Həmin həyatyanı torpaq sahəsi vaxtilə Şamxor rayon Düyərli kənd Əzizbəyov adına kolxoz tərəfindən mərhum ataları X5 verilmişdir. Həmçinin, bütün ailə üzvləri (bacıları və qardaşları) və o cümlədən iddiaçı, həmin həyətdə yerləşən ataları tərəfindən vaxtilə tikilmiş kiçik evdə doğulub böyümüşlər. Bacı qardaşları, o cümlədən qardaşı Novruz İsmayılov yetkinlik yaşına çatdıqdan və ailə həyatı qurduqdan sonra başqa yaşayış yerinə köçərək ayrı yaşamışlar. Həmçinin, qardaşı Novruz İsmayılov uzun illər Rusiyada yaşamış, ata yurdu olan həmin həyətyanı torpaq sahəsində və ataları tərəfindən tikilmiş köhnə evdə doğulduğu vaxtan indiyədək daimi olaraq o, yaşamış və indiyədək yaşamaqdadır və qeydiyyatdadır. Bundan əlavə, toyu orda olub, həyat yoldaşı İddiaçı2 oraya gəlin köçüb və 3 övladı (İddiaçı3, İddiaçı4 və Pərvin İsmayılov) orada anadan olub və bu günədək daimi əsasla həmin ünvan üzrə yaşayır təsərrüfat aparır və qeydiyyatdadılar. Komunal xidmətlər üzrə abonent kimi qeydiyyatdadılar, hamçinin torpaq və əmlak verigisinə dair ödəmələr tərəfindən aparılır. Atasından qalma həmin mülkdəki təsərrüfat üzrə qeydiyyatda olmayan və yaşamayan qardaşı X6 hansısa qeyri-qanuni yollarla vaxtilə onlardan gizli şəkildə aqrar islahatda iştirak edərək göstərilən mülkü (72 ha torpaq sahəsini və üzərindəki ata evini) adına rəsmiləşdirərək bu barədə şəhadətnamə almışdır. Hazırda onları həmin mülkdən çıxarmaq üçün məhkəmədə iddia qaldırmışdır. Onlar həmin məhkəmə gedişatı dövründə qeyd olunan şəhadətnamə barədə və ata mülkünün qardaşı Novruz İsmayılovun adına olduğunu bilmişdir. Halbuki, Düyərli kəndində torpaq islahatı keçirilən vaxt, göstərilən torpaq sahəsi və mülkdə o və yuxarıda adları qeyd olunan ailə üzvləri ilə birgə yaşamış və qeydiyyata olaraq təsərrüfat aparmışlar. Həmin vaxt onlardan başqa kimsə orada qeydiyyatda olmayıb.Yəni, atadan qalma həmin mülkə dair təsərrüfat başıkitabda yalnız ərizəçilərin adları qeyd olunmuşdur. Beləliklə, atası X1 qalma mülkdə təsərrüfatbaşı kitabda adı olmayan və göstərilən mülkdə yaşamayan X3 aqrar islahatda iştirak edərək, atadan qalma torpaq və evə dair şəhadətnamə almasını qanunsuz və əsassız hesab edirlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4480/2023 nömrəli qərardadıı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı halhazırda Cavabdehnə qarşı şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hal-hazırki tələbi Cavabdeh icra edə bilməz və iddia tələbini təmin etmək onun səlahiyyətində deyildir. İddiaçı X7 qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, məhkəmə cavabdehin əvəz edilməsi ilə bağlı yardım etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)869/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərardadı ilə X6 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindən məlum olduğu kimi şikayətdə iddia tələbi mümkün sayılmaqla mahiyyəti üzrə baxılması xahiş olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair tələbin iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan JN-164A, Kod 50400058 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən məlum olur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X4 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırki tələbinə iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarını və həmin qərar əsasında verilmiş şəhadətnaməni mübahisələndirmişdir. Göründüyü kimi mübahisələndirilən inzibati akt 1998-ci il tarixdə qəbul edilmiş və tətbiq olunmuşdur. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır . Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur. Məhkəmə tərkibi iddia tələbinin ikinci hissəsi olan şəhadətnamənin ləğvi ilə bağlı qeyd edir ki, sözügedən şəhadətnamə inzibati akt hesab edilmədiyindən həmin sənədin ləğvi və yaxud etibarsız sayılması tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmçinin tələbin qeyd olunan hissəsi hazırki cavabdehə qarşı yönələ bilməz. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən verilmişdir və sözügedən qurumlar ləğv olunduğundan tələbin qeyd olunan hissəsi ilə bağlı onların hüquqi varisi kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi və onun müvafiq ərazi idarələri cavabdeh ola bilər. Göründüyü kimi qanunverici öhdəliyin icrası haqqında iddia tələbləri üçün xüsusi mümkünlük şərtləri müəyyən etmiş, iddiaçı tərəfindən isə tələbin qeyd olunan hissəsi ilə bağlı müəyyən edilmiş şərtlərə əməl edilmədən məhkəmədə iddia qaldırılmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə iddianın həmin hissəsində də razılaşır. Apellyasiya şikayətində düzgün cavabdeh inzibati orqana qarşı tələb etmək hüququnun izah edilməsi ilə bağlı qeyd olunur ki, məhkəməyə müraciət olunmasından əvvəl cavabdeh inzibati orqana qeyd olunan tələblə ilkin müraciəti təsdiq edən sənəd əlavə olunmadığınıdan hüquqi yardımın edilməsinə da zərurət olmamışdır. Digər tərəfdən iddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 8ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4480/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-869/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-869/2023
22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver