Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-87/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1089/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1992-ci ilin may ayından hal-hazıra qədər həm 2-ci, həm də 3-cü dərəcəli Qarabağ müharibəsi əlili kimi iddiaçıya qrup təyin edilmişdir. 1992-cü ildə hər iki ayağından yaralanmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İmtina qərarını ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. 20 iyun 2022-ci il tarixli, T 244/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan « Şəmkir rayon mərkəzi xəstəxanası » PHŞ-in 0346003AAQ9G nömrəli göndərişlə göndərilmiş 088 nömrəli qeyd edilən « yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyridüzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi » diqanozu stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması, ona əmək qabiliyyətinin 80 faiz itirilməsinin müəyyən edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən 06 avqust 1992-ci il tarixdə ağır güllə yarası almışdır. Güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda xx.xx.1992-ci il tarixdə sağ diz nahiyyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. 1992-ci ilin may ayından hal-hazıra qədər həm 2-ci, həm də 3-cü dərəcəli Qarabağ müharibəsi əlili kimi ona qrup təyin edilmişdir. 1992-cü ildə hər iki ayağından yaralanmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İmtina qərarını ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, verilmiş diaqnoz əlillik dərəcəsi təyin etmir. Hesab edir ki, cavabdehin verdiyi imtina əsassız və qanunsuzdur, ona görə də imtina əsassız sayılmalı və cavabdehin üzərinə əlillik dərəcəsi verilməsi vəzifəsi qoyulması və əmək qabiliyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən müayinə olunarkən aşağıdakı diaqnoz qoyulmuşdur: Sol yanaqda çapıq, posttravmatik güllə yarasından sonra üst mərkəzi dişlər nahiyyəsində sol tərəfə alvocolyar çıxıntı qüsuru, ikincili hissəvi adentiya ortopedik müalicədən sonrakı vəziyyət, samotik mənşəli asteno-nevrotik hal. Eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi'’ publik hüquqi şəxs Elmi- X1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda ona aşağıdakı diaqnoz qoyulmuşdur: VV32, S82, M 84.0, M 19.2, M 24,5, M 21.3, G 57, R 52.0, R 26.8. Həmin kodlar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün əsasdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini iş materiallarında olan 20 iyun 2022-ci il tarixli, T 244/2022 nömrəli ekspert rəyi, «Əlilliyin qiymətləndirilməsi Qaydası» və «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnaməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək vəziyyətinin ədalətli qiymətləndirilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən 06 avqust 1992-ci il tarixdə ağır güllə yarası almışdır. Güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda xx.xx.1992-ci il tarixdə sağ diz nahiyyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. Daha sonra topuğundan güllə yarası alaraq ümumilikdə 3 dəfə ağır güllə yarası almışdır. Bunların hamsını sübut edən orginal nüsxə sənədləri mövcuddur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İmtina qərarını ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(104)-87/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nüməyəndəsinin iştirakı təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina etmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh orqan imtinasında hər hansı bir əsas qeyd etməmiş və imtinanın səbəblərini göstərməmişdir. Göründüyü kimi imtina əsassız və qanunamüvafiq olmamışdır. Bundan başqa iddiaçının "Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklər'nin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi" diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin olaraq 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan T231/2023 saylı ekspert rəyindən müəyyən olunur ki, təqdim edilmiş tibbi sənədlərə əsasən vətəndaş İddiaçı "Şəmkir rayon mərkəzi xəstəxanası"nda xx.xx.2021-ci il tarixdə müayinə zamanı "Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklər'nin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi" müəyyən edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmətibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-soşial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin rəyə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, Şəmkir rayon mərkəzi xəstəxanasının 0346003AAQ9G saylı göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9 və 2.2.12-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Odur ki, İddiaçı əlilliyinin 2021-ci ilin noyabr ayından bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 2021-ci ilin noyabr ayından müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-87/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-87/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver