Məhkəmə qərarları › İş №2-1(104)-87/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-87/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-87/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2- 1(104)-343/2024 nömrəli qərarı (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.İsgəndərova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(114)-21/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2114/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2- 1(104)-343/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi məticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlilik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci il tarixdə Laçın rayonundan məcburi köçkün düşmüş, Tərtər rayon Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmışdır. 20 fevral 1993-cü il tarixdən Tərtər rayonu təmas xəttinə yaxındır, o cümlədən Şıxarx qəsəbəsi mərmilər altında qalmışdır, yaxınlığında partlayan mərmi nəticəsində ağır xəsarət almış və dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Onun səhhətində günü-gündən problemlər yaranmış, lazımi səhiyyə ocaqlarına müraciət etmiş, ambulator və stasionar müalicələr almışdır. Bir neçə ildir əmək qabliyyətini tam itirmişdir. İddiaçı bildirir ki, Ermənistan ordusunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı təcavüz etməsi nəticəsində o, xəsarət alıb yaralanmışdır. Bu barədə şahidləri də mövcuddur. Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də cavabdeh tərəfindən imtina cavabı verilmişdir. İddiaçı dha sonra iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməmişdir. Qeyd edir ki, şəxsə verilmiş imtina göndərişin natamam doldurulması ilə deyil, diaqnozun əlillik təyinatına əsas verməməsi səbəbi ilə olmuşdur. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin şəxsdə əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəkin məhdudiyyət aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli instrumental müayinə sənədləri təqdim etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən göndərişin natamam doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir. Odur ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişlərdən imtina “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvədə olmadığı vaxt verilsə də, iş məhkəmə icraatında olan zaman həmin meyarlar qüvvəyə mindiyindən cavabdeh orqan həmin meyarlar əsasında iddiaçıya müvafiq əlillik dərəcəsini verməməklə hərəkətsizlik nümayiş etdirmişdir. Odur ki, məhkəmə “Əlilliyin müəyyən olunması meyarları”nın 3.4.2.2-ci bəndinə əsasən iddiaçıya əlillik təyinatının aparılmasını məqsədəmüvafiq hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan “Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər RMX-da “Qarın boşluğunun odlu silah yaralanması” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2022- ci il tarixdə Tərtər RMX PHŞnın HMK-na əlilliklə bağlı müraciət etmiş və ona F.088 (0319003AAJRR) tərtib edilmiş və TSEK-ə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Boy/bədən indeksi qeyd edilməmişdir” səbəbindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Tərtər rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 3 dəfə (xx.xx.2020-ci ildə 0319003AAFGG nömrəli, xx.xx.2021-ci ildə 0319003AAFTJ nömrəli, xx.xx.2021-ci ildə 0319003AAGDU nömrəli göndərişlər) qiymətləndirilmiş və bütün hallarda müalicə potensialı tükənmədiyindən “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmiş, şəxsin əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və boy-çəki indeksi qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. İş materiallarında olan TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli göndərişlər əsasında baxılmış, ona sonuncu dəfə “digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, güllə yaralanması və qarın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı loparatamiyadan sonrakı vəziyyət Ağırlaşma K56.6-digər dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, Hissəvi bağırsaq keçməzliyi. Hazim traktının trasitoz funksiyasının pozulması (xx.xx.2021) Ağırlaşma K91.3 Cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, Ağırlaşma K91.2 Başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bağırsaq bitişmələri, keçməməzlik ilə Bitişmə xəstəliyi (xx.xx.2021) Yanaşı xəstəliklər K40.9 Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, Sağ tərəfli qasıq yırtığı (xx.xx.2021) Yanaşı xəstəliklər D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya Yanaşı xəstəliklər 184.4 Digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, Konklemə olunmuş babasil tez- tez qanaxmalar.” diaqnoz qoyulsa da, “göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin T 266/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “Xİ Sinif – həzm sisteminin xəstəlikləri => K56 – paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməzliyi, yırtığ olmadan => K56.6 – digər və dəqiqləşdirmə..Z98.8 – digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Akademik Topçubaşov adına ECM-in xx.xx.2021-ci il tarixdə güllə yaralanması və qarının ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, hissəvi bağırsaq keçməzliyi, həzm - digər traktının tranzitor funksiyasının pozulması (xx.xx.2021). Ağırlaşma: K91.3-cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi, cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməzliyi. Diaqnozun mətni: Ağırlaşma: K91.2-başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğumluğu başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma Yan gələn sorulma pozğunluğu, K56.6 bağırsaq bitişmələri keçməzlik ilə, bağırsaq zlik bitişmələri keçməzlik ilə bitişmə xəstəliyi (xx.xx.2021). Yanaşı xəstəliklər: K40.9. ey birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməzlik və ya qanqrena olmadan, sağ tərəfli qasıq yırtığı (xx.xx.2021), D59.4-digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya, 184.4-digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, konklemə olunmuş babasil tez-tez qanaxmalar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. 3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. Məhkəmə kollegiyası tərəfindən iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın nəticəsi kimi Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli T189/2025 nömrəli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafıq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “Xİ Sinif - həzm sisteminin xəstəlikləri => K55-K63 - bağırsağın digər xəstəlikləri =>K56-paralitik bağırsaq çevrilməsi və bağırsaq keçməməzliyi, yırtıq olmadan=>K56.6 - digər və dəqiqləşdirilmə... Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Akademik Topçubaşov adına EÇM-in xx.xx.2021-ci il tarixdə güllə yaralanması və qarnın ön divarının əməliyyatdan sonrakı yırtığına görə keçirilmiş çoxsaylı laporatomiyadan sonrakı vəziyyət. Ağırlaşma: K56.6 - digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, hissəvi bağırsaq keçməməzliyi, həzm traktmm tranzitor flınksiyasının pozulması (xx.xx.2021). Ağırlaşma: K91.3-cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi. Diaqnozun mətni: Ağırlaşma: K91.2-başqa rubrikalarda təsnif olunmayan, cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu, başqa rubrikalarda təsnif olunmayan cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu, K56.6 - bağırsaq bitişmələri keçməməzlik ilə, bağırsaq bitişmələri keçməməzlik ilə bitişmə xəstəliyi (xx.xx.2021). Yanaşı xəstəliklər: K40.9-birtərəfli və ya dəqiqləşdiril- məmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, sağ tərəfli qasıq yırtığı (xx.xx.2021), D59.4-digər qeyri-autoimmun hemolitik anemiyalar, ikincili anemiya, 184.4-digər ağırlaşmalarla müşayiət olunan xarici babasil, konklemə olunmuş babasil teztez qanaxmalar” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. -Vətəndaş İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qarını palpasiyada yumşaq, ağrısız olmuş, boşluq üzvləri əllənməmiş, boyu 165sm, çəkisi 66 kq, BKİ-24,4 olmuş, əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmiş və bu səbəbdən də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarma dair” Əsasnamənin hər hansı bir bəndini aid etmək mümkün olmadı. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçıya əlilliyin təyin edilməsindən imtina etdiyinə görə o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində erməni təcavüzkarlarının atdığı mərmi məticəsində aldığı qəlpə yarasını müəyyən etməklə, əmək qabiliyyətini itirdiyi üçün əlilik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, daha sonra tələbini dəqiqləşdirərək xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1 bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2 bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1 bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2 bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3 bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4 bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9 bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydaların 3.7 bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1 bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Əsasnamənin 3.1 bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Həmin Əsasnamənin 3.1.1 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; Həmin Əsasnamənin 3.1.2 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Həmin Əsasnamənin 3.1.3 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Əsasnamənin 3.2 bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na əlavə əlavənin 3.4.2.2 bəndinə əsasən həzm funksiyasının aydın nəzərəçarpan pozuntusu – xəstəliklərin ağır formaları – davamlı residivləşən, proqressiv gedişatlı, dayanıqlı qabarıq ağrı sindromu və dispeptik hallar, bədən çəkisi çatışmazlığı; stasionar müalicə (ildə 4 dəfədən çox) və təkrar əməliyyat tələb edən tez-tez mexaniki bağırsaq keçməzliyi tutmalarının baş verməsi xəstəliyinə görə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarları üzrə – 3.4.2.1 yoxsa 3.4.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmənin hansına uyğun olmasının müəyyən edilməsi məqsədilə kollegiya tərəfindən əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi ilə İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qarını palpasiyada yumşaq, ağrısız olmuş, boşluq üzvləri əllənməmiş, boyu 165sm, çəkisi 66 kq, BKİ-24,4 olmuş, əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmiş və bu səbəbdən də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir bəndini aid etmək mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək şikayətlə mübahisələndirilən qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-21/2024 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz itirilməsi səbəbi ilə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar