Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-885/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4598/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğluna şəhid statusunun və ona şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, oğlu X2 rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmuş, xidmətdə olduğu 2017-ci ilin may ayında qulluq etdiyi hərbi hissədə qanunsuz sorğulamalar zamanı ağır işgəncələrlə öldürülmüşdür. E.M.Quliyev vəfat etdiyi tarixdə və ondan əvvəl də 2-ci taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsu vəzifəsində xidmət etmiş, onun xidmət etdiyi taqım tam tərkibdə döyüş təminatı üzrə tapşırıqların icrasını yerinə yetirmişdir və X6 vəfat etdiyi tarixə qədər sürücü kimi xidmət etdiyi taborun təminatının təşkili üzrə tapşırıqları yerinə yetirmişdir. X1 ölümünə səbəb olmuş cinayətkar əməllər tam qanunsuz olmaqla, həm də, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə qarşı, onun qəhrəman ordusuna, şərəfli əsgər və zabitlərinə qarşı birbaşa qəsdlə və məqsədli şəkildə atılmış addım olub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 19 aprel 2022-ci il tarixli rəsmi məlumatında da bildirilir ki, sözügedən "Tərtər işi" üzrə istintaq təzələnmiş, həmin iş üzrə işgəncə görmüş yüzlərlə əsgər və zabitimiz zərərçəkmiş şəxs qismində tanınmış, məhkum olunmuş şəxslər isə bəraət almışlar. Xüsusi amansızlıqla və çox böyük miqyasda olan bu dəhşətli cinayət bir çox ailələri məhv etmiş və mənəviyyatlarına sağalmaz yaralar vurmuşdur. Həmin hadisələr X10i gənc yaşında həyatdan məhrum etmiş, ona və oğlunun azyaşlı övladına ağır mənəvi zərər vurmuşdur. Bu geriyə dönüşü olmayan bir zərərdir, çünki onun oğlunun geri qayıtması mümkün deyil. Hesab edir ki, yalnız, oğluna şəhid statusunun verilməsi müəyyən mənada onlara təsəlli verə, vurulan mənəvi zərərin ağırlığını qismən yüngülləşdirə bilər. Bildirir ki, oğlu X6 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş təminatı uzrə tapşırıqların icrasını yerinə yetirməklə, öz xidməti vəzifəsini yerinə yetirərkən öldürüldüyündən o, səhid heşab edilməlidir. O, şəhid adının verilməsi ilə bağlı ilk əvvəl AR Müdafiə Nazirliyinə müraciət etmiş və cavab məktubundan bildirilmişdir ki, “X4 xidmət etdiyi N nömrəli hərbi hisə döyüş tapşırıqlarını yerinə yetirirdi və X6 N nömrəli hərbi hissədə sürücü vəzifəsində olmaqla, döyüş təminatı tapşırıqlarının yerinə yetirirdi.” Daha sonra AR SHXÇ üzrə DX-nin Tərtər rayon şöbəsinə müraciət etmiş və ona oğlunun ölüm səbəbi və hansı vəzifəni icra etməsi ilə bağlı heç bir məlumatın olmadığı bildirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4598/2023 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X5 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, tərəflərin izahatını və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını onunla izah etmişdir ki, iddiaçı hazırki tələblə düzgün olmayan cavabdehə, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə heç bir araşdırma aparılmadan iddia tələbi mümkün hesab edilməmişdir. Belə ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən iddia tələbində cavabdeh orqan kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyini göstərsə də, məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi ilə əvəz edilməsi ilə bağlı hüquqi yardım göstərilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43-59/2- 8149/2023 saylı məktubdan görünür ki, iddiaçı ilk əvvəl müvafiq tələblə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə müraciət etmişdir. Eyni zamandanda iddiaçının apellyasiya şikayətinə əlavə edilmiş vəsatətində cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etməklə, iddia ərizəsində yol verildiyi formal xətanın aradan qaldırılması üçün tərəfindən lazımı hərəkətləri etməyə hazır olduğunu ifadə etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçıya yardım göstərməli, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olmasını bildirməli, iddia tələbini ona cavab verən orqana qarşı qaldırılmasında hüquqi yardım göstərməli idi. Lakin məhkəmə tərəfindən bu istiqamətdə müvafiq prosessual hərəkətlər edilmədən iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkün saymamış birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4598/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “oğluna şəhid statusunun və ona şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-885/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-885/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver