Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-888/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər X12 (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, üçüncü şəxs X7 nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Ələmdar oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə, üçüncü şəxslər X21 və X8 qarşı “mülkiyyət hüququna dair qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-1168/2023 saylı qərardadından İddiaçı Ələmdar oğlu tərəfındən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağdakə qərardadı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat: İddiaçı Ələmdar oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X21 və X8 verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət reyestrindən çıxarışın (mülkiyyət hüququna dair qeydin) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin direktoru X19 (satıcı) arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən ticarət müəssisəsi iddiaçıya satılmış, müəssisə ilə bağlı xx.xx.2001- ci il tarixli, 000435 nömrəli Şəhadətnamə verilmiş və Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən obyektə dair xx.xx.2001-ci il tarixli, 002368 nömrəli Texniki Pasport təqdim edilmişdir. X21 və X18 xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış əldə etmişlər. Bundan sonra sözügedən çıxarışın ləğv edilərək düzəlişlərin aparılması barədə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Hazırda Tovuz Rayon Məhkəməsində X21 və X18 ona qarşı “torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbi ilə iddia qaldırmışlar. 21 ilə yaxındır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyacların ödəyir. Buna görə də hesab edir ki, maraqları və hüquqları pozulmaqla verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-1168/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı Ələmdar oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi çıxarışla üçüncü şəxslərin hüquqları qeydiyyata alınmış qeyri-yaşayış binası üçüncü şəxslərin (X21 və X4) mülkiyyətinə vərəsəlik və bağışlanma qaydasında keçdiyindən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşdə olan sübutlar: Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli, 000565 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamədən görünür ki, Tovuz şəhəri, S.Vurğun küçəsində yerləşən avtovağzalın mükiyyət hüququ X13 verilmişdir. 18 sentyabr 2008-ci il tarixli müqavilədən görünür ki, X14, X24, X15, X25, X9, Hacıyeva gövhər Nəsir qızı, X16, X5i və X2 şəhəri, S.Vurğun küçəsində avtovağzalın yerləşdiyi 2904 kv.m torpaq sahəsindəki paylarını X13 bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2V1-22 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X23, X21 və X1 Alyoşa Bəşir oğlunun vərəsəsi qismində ondan miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından ibarət əmlakdan bərəbər hissələrdə irs almışlar. xx.xx.2013-cü il tarixli “Miras payın bağışlanmasına dair” müqavilədən görünür ki, X23, Tovuz rayon Notariat kontoru tərəfindən verilmiş 2V1-22 reyestr nömrəli, xx.xx.2013cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum əri X6 miras qalmış payı, yəni bütün miras əmlakın ona bölünmüş hissəsini oğlanları X21 və X8 bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X21 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-1168/2023 saylı qərardadından narazı qalan İddiaçı Ələmdar oğlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı Ələmdar oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, 2-1(114)-1741/2022 saylı qərardadla iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)- 526/2022 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1741/2022 saylı qərardadı ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(114)-1741/2022 saylı qərardadı ləğv edilmiş iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilmişdir. İnzibati mübahisə Gəncə İnzibati Məhkəməsi tərəfindən uzun müddətli fasilədən sonra 2-1(114)-1168/2023 saylı davam etdirilmiş və xx.xx.2023-cü il tarixli, 2-1(114)-1168/2023 saylı qərardadla iddia tələbi yenidən mümkünsüz hesab edilmişdir. Halbuki, məhkəmə prosesi zamanı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-208/2023 saylı qətnaməsi təqdim edilmiş və bu da Gəncə İnzibati Məhkəməsi üçün qərar qəbul edən zaman preyudisiyal əhəmiyyət daşıyır. Lakin, məhkəmə heç bir araşdırma aparmadan uzun müddətli fasilədən sonra təqdim etdikləri məhkəmə qətnaməsini və digər sübutları nəzərə almayaraq, iddia tələbini mümkünsüz hesab etmişdir. Halbuki, bu inzibati mübahisə üzrə üçüncü şəxslər digər mülki iş üzrə iddiaçılar (X21 və X18) həmin çıxarışı rəhbər tutub, rayon əhalisinə qarşı kütləvi şəkildə əsassız iddia qaldırmaqla qan uddururlar. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(104)-208/2023 saylı qətnaməni qəbul edərkən məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərə əsaslanır. X38 Məhkəməsinə tərəfindən sübut kimi təqdim edilən qətnamə nəzərə alınmadan İddiaçı Ələmdar oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Hesab edir ki, hakim tərəfindən qəbul edilmiş qərardad qanunsuz və əsasızdır, bu baxımdan da qərardad ləğv olunmalı məhkəmə prosesi davam etdirilməlidir İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, İddiaçı Ələmdar oğlu, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişdir. İddiaçı Ələmdar oğlunun vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasınnı xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi vəkil X11 izahat verib bildirmişdir ki, iddiaçının istinad etdiyi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-208/2023 saylı qətnaməsindən tərəflərindən kassasiya şikayəti verilmişdir və həmin qətnamə qanuni qüvvəsini almamışdır. Bundan başqa hesab edir ki, həmin qətnamə ilə hazırkı iş üzrə hər hansı bir preyudisial hal müəyyən edilməmişdir. Buna görə də apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2- 1(114)-1168/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2013cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində, X21 və X4 daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair qeydin aparılmasına əsas olmuş sənədlər bağışlama və vərəsəlik hüququ haqqında şəhadətnamələr olmuşdur ki, həmin sənədlər də mülki-hüquqi əqdlər hesab olunur. Yuxarıda istinad olunan Plenum qərarında göstərilən hüquqi mövqeyə görə isə əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də birinci instansiya məhkəməsinin hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-208/2023 saylı qətnaməsinin hazırkı iş üzrə preyudisiyal əhəmiyyət daşıması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı iş üzrə iddia mümkün sayılmadığından həmin qətnamə ilə müəyyən edilmiş hər hansı bir halın hazırkı iş üzrə preyudisial hal kimi nəzərə alınması da mümkün deyildir. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda istinad olunan sənədlərdən göründüyü kimi mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindəki qeyd daha əvvəllər üçüncü şəxslərin ataları olmuş X10 adına aparılmışdır ki, onun vəfatı ilə əlaqədar olaraq üçüncü şəxslər atalarından qalmış mirası qəbul etmişlər. Buna görə də qeydin daha əvvəlcədən düzgün aparılmadığı iddia etdiyi halda, eyni zamanda ilkin mülki-hüquqi əqdi, inzibati aktı və ya inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsini mübahisələnriməklə yanaşı, iddianın mahiyyətinə uyğun olaraq da aidiyyəti üzrə düzgün məhkəməyə müraciət edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qə r a r a a l d ı :
Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-1168/2023 saylı qərardadından İddiaçı Ələmdar oğlu tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü tarixli, 2-1(114)-1168/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.