Məhkəmə qərarları › İş №2-1(104)-89/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-89/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-89/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, «Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-55/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı ilə, Göygöl şəhər Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 26 nömrəli rəyindən görünür ki, vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla Göygöl şəhər Bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi həyətyanı məqsəd üçün satılması qanunamüvafiqdir. xx.xx.2014-cü il tarixli aktan görünür ki, Göygöl şəhər Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0.06 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəmüvafiq hesab edilmişdir xx.xx.2014-cü tarixli «torpaqların alqı-satqısına dair» aktın təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri ərazisində olan 0.06 ha torpaq sahəsinin satılmasına görə İddiaçı tərəfindən 1017 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Yuxarıda qeyd olunan torpaq sahəsi, X10 kateqoriyasına aid, kənd təssərrüfatı məqsədləri üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi üzərində tikili mövcuddur. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi üzərində digər şəxs və yaxud şəxslərin adına, hüquqları dövlət qeydiyyatına alınmış sənəd aşkarlanmadı. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 saylı qərаrı ilə Göygöl şəhər Bələdiyyəsi perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həуətуаnı torpaq sаhəsi satılmışdır və həmin torpaq sahəsi 8 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Вələdiууənin qərаrı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1398/2022 saylı qərardadı ilə iş üzrə Göygöl şəhər Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-55/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı satılmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl çəhər Bələdiyyəsi qeyd olunan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu təsdiq edən sənəd olmadan torpaq sahəsini İddiaçı bilavasitə satmışdır. Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Həmin qərar əsasında Göygöl şəhər Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2014-cü il tarixli "Torpaqların alqı- satqısına dair " Akt, həmçinin xx.xx.2014-cü il tarixli 0.06 ha torpaq sahəsinin satılması ilə bağlı "Torpaqların alqı-satqısına dair" xx.xx.2014-cü il tarixli, 1065 nömrəli müqavilə tərtib edilmişdir. Göstərilənlərə əsasən müqavilənin forması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanununun 9.6-ci və 20.1-ci tələbləri pozulmuşdur. Həmçinin məhkəmə qeyd olunan müqaviləyə münasibət bildirməmişdir. Eləcə də, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466- İİİQD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, "Torpaq sahəsinin plan və ölçüsü" tərtib edilməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Göygöl şəhərinin ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda 0.06 ha torpaq sahəsinin məhz ona bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də, bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxdığından torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin də müəyyən etmək mümkün deyildir. Bununla yanaşı, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Yuxarıda qeyd olunan torpaq sahəsi, X10 kateqoriyasına aid, kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi üzərində tikili mövcuddur. İddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsi üzərində digər şəxs və yaxud şəxslərin adına, hüquqları dövlət qeydiyyatına alınmış sənəd aşkarlanmamışdır. Lakin məhkəmə bu hallara qiymət verməmiş, nəticədə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsi pozulmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış və həmin torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Bununla yanaşı 0.06 ha torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planından çıxarış, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı, belə ki, qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan satıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-0920/2024 saylı məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri aşkarlanmamışdır, Göygöl bələdiyəsinin yerquruluşu planından çıxarışda da, sözügedən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyi göstərilməmişdir. Bu səbəbdən də, sualın cavablandırılması mümkün deyildir. İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin ölçüsü 0.06 ha təşkil edir. İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin, torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planına istinadən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. İddiaçı iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin, torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planına istinadən, X10 kateqoriyasına aid, kənd təsərrüfatı məqsədləri (əkin) üçün nəzərdə tutulan sahədir. Torpaq sahəsi üzərində tikili mövcuddur. Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, elektron baza materiallarında məlumat aşkarlanmamışdır. Bundan başqa işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə İddiaçı Müzahir oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin dört bir tərəflərindən həmsərhəd olan torpaq sahələri üzərində hansısa subyektin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmamasının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğu verilmişdir. Həmin sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9435/2023 saylı məktubdan görünür ki, Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarına istinadən İddiaçı Müzahir oğlunun faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsinin qərb tərəfdən X3 mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0,06 ha torpaq sahəsi ilə (xx.xx.2023-cü il tarixli, **********51 reyestr nömrəli çıxarış), şimal tərəfdən X2 mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi ilə (xx.xx.2023-cü il tarixli, **********66 reyestr nömərli çıxarış) və cənub tərəfdən X7 mülkiyyətində olan və ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi (xx.xx.2015-ci il tarixli, **********08 reyestr nömrəli çıxarış) ilə həmsərhəddir. Bundan başqa iddiaçının faktiki istifadəsindən olan 0.06 ha torpaq sahəsi ilə şimal tərəfdən həmsərdəd olan Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları onunla X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin isə X6 Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı ilə satılması həmin qərarın iş materiallarında olan surətilə (37-39 vərəqələr) öz təsdiqini tapır. Həmçinin iddiaçının faktiki istifadəsindən olan 0.06 ha torpaq sahəsi ilə cənub tərəfdən həmsərhəd olan 0,06 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları onunla X8 arasında bağlanmış xx.xx.2015-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin isə X5 Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı ilə satılması həmin qərarın iş materiallarında olan surətilə (37-39 vərəqələr) öz təsdiqini tapır. Yuxarıda qeyd edilən hallardan da göründüyü kimi iddiaçının torpaq sahəsilə şimal və cənub tərəfdən həmsərhəd olan torpaq sahələri Göygöl bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı əsasında torpaq sahələrinin mülkiyyətçilərinə satılmış və cavabdeh inzibati orqan tərəfindən onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq cavabdeh tərəfindən bələdiyyənin həmin qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qəbul edilməz və qanuna ziddir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmçinin qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alğı-satqı aktı olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Belə olan halda qanunvericliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-55/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar