Məhkəmə qərarları › İş №2-1(104)-9/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-9/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-9/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-237/2021 saylı qərarından iddiaçı X14 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X2 rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər İnzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli, **********54 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində olan 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 avqust 2019-cu il tarixli ********** saylı ərizə ilə Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibativahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncunun 10 sentyabr 2019-cu il tarixli, **********54 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərinin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra, təkrar ərizə ilə cavabdehə müraciət edərək yuxarıda qeyd olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surətini təqdim etməklə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən reyestrdən çıxarış sənədinin ona verilməsini xahiş etmiş, 18 sentyabr 2019-cu il tarixli ********** A-0553/02 nömrəli məktubunda cavabdeh tərəfindən qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-237/2021 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311,00 (üç yüz on bir) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona verilmiş torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməsi məqsədilə plan və ölçü sənədini inzibati orqana təqdim etməmiş, faktiki olaraq göstərdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti kimi qeydə alınmışdır (əvvəl göstərdiyi torpaq sahəsi isə digər üçüncü şəxsin adına işlənmişdir). Beləliklə, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, iddiaçıya verilmiş torpaq sahəsinin isə plan-ölçü sənədi təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı X14 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, qərardan göründüyü kimi, "Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin (X4) adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir" "saxta faktı" araşdırlmamışdır.Odur ki, Gəncə İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2- 1(114)-237/2021 nömrəli Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi təmin edilməmiş, iş üzrə keçirilmiş torpaq sahələrinin inventariaşdırılmasına dair 311,00 (üç yüz on bir) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWiFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23ANB******************** saylı hesaba ödənilməsi barədə qərarını qanunsuz və əsassız hesab edir. Daha sonra iddiaçının arvadı Məmməd-zadə Sahibə Məmməd qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, yoldaşı X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Odur ki, 2-1(104)-09/2023 saylı inzibati iş üzrə iddiaçı X9 hüququ varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və Məmməd-zadə X7 Fikrət Ağa oğlunun hüququ varisi kimi tanınmışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı X9 hüquqi varisi Məmməd-zadə Sahibə Məmməd qızı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsi mərhum X11 verilmişdir. Torpaq sahəsi ona verilən zaman iddiaçının soyadı “Əşrəfov” olmuş sonradan “Ağazədə” soyadını qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı X9 hüquqi varisi Məmməd-zadə Sahibə Məmməd qızı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində hüququn mərhum iddiaçı X11 məxsus olması barədə arayışın ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının hüquqi varisi Məmməd-zadə Sahibə Məmməd qızı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik (-). 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ...

21 iyun 2023-cü il tarixli, 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Gəncə şəhər 24 nömrəli orta məktəb üzrə bağ-bostan təsərrüfatının üzvüdür. Kirovabad şəhəri Kəpəz rayonu 24№-li orta məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı iclasında məktəbin əmək təlimi müəllimi Əşrəfov (Ağazadə) Fikrət Ağa oğlunun torpaq sahəsi almaq üçün növbəyə qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Kirovabad şəhər X8 İcraiyyə Komitəsi xx.xx.1988-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, bağçılıq birliyinin inkişafı üçün Kirovabad şəhərinin qərb hissəsindən bağçılıq birliyinin hər bir üzvü üçün 400 kv.m topaq sahəsinin ayrılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş rəydən görünür ki, baxışı zamanı iddiaçı X9 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, bağ evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi faktiki olaraq istifadəsizdir, üzərində heç bir tikili mövcud deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystri tərəfindən həmin torpaq sahəsi üzərində, hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. İddiaçı X9 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/96 saylı rəyindən görünür ki, ekpertiza baxışı zamanı iddiaçı X9 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsinin, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsin faktiki olaraq istifadəsiz olduğu, üzərində heç bir tikili mövcud olmadığı və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystri tərəfindən həmin torpaq sahəsi üzərində, hüquq müəyyənedicı sənəd qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı X9 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yəni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarilxi sorğusuna əsasən cavabdeh tərəfindən X6 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********260 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin tədqiqi zamanı müəyyən olunmuşdur ki, çıxarışda qeyd olunan torpaq sahəsinə dair X13 ilə X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi üzərində S.İbrahimovanın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına Kirovabad şəhər X10 İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarından çıxarışa əsasən şəhərin qərb bölgəsində “Bağ-bostançılıq birliyinin” təşkili üçün Kirovabad şəhər Maarif işçilərinin bağ-bostançılıq biriliyinin 4 nömrəli sanatoriya tipli internat məktəbinin üzlərinin adlı siyahında onun adı qeyd olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı həmin torpaq sahəsi üzərində heç bir tikili mövcud olmaması, həmçinin topraq sahəsinin yaxınlığında başqa tikililərin olması və X6 məxsus torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməsi müəyyən edilmişdir. Bundan başqa X6 adına xx.xx.2018-ci il tarixli ilə qeydə alınmış çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, ərazi idarəsi tərəfindən aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan, X1 adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış A 242184 nömrəli plan və ölçü sənədində göstərilən 0.05 ha torpaq sahəsində müəyyən olunmuşdur ki, A 242184 nömnrəli plan ölçü sənədində göstərilən 0.05 ha torpaq sahəsi ilə, mübahisəli torpaq sahəsi arasında ən yaxın 7.6 metr məsafə mövcuddur. Göründüyü kimi iddiaçının istifadəsində Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsinin faktiki mövcudluğu təsdiq olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.4-cü bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, iddiaçıya verilmiş 400 kv.m torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından iddia tələbi mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinin mərhum X11 məxsus olması barədə arayışın verilməsinə münasibətdə təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-237/2021 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-237/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində hüququn mərhum iddiaçı X11 məxsus olması barədə arayışın iddiaçının hüquqi varisi Məmməd-zadə Sahibə Məmməd qızına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə 100 manat ekspertiza xərci cavabdehə aid edilsin. 100 manat pul cavabdehdən tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar