Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-9/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Əliyev Nural Turab oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Samux rayon “Boz Dağ” massivində yerləşən 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 391/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı “Boz Dağ” massivindəki 18 ha nömrəli qış otlaq sahəsindən torpağın heyvandarlıqla məşğul olmaq üçün icarəsinə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə cavab olaraq: -Cavabdeh başçısının müavinin xx.xx.2016-cı il tarixli, 1218 nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə sizin icarənizə verilmiş qış otlaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli 60 nömrəli Qərarına uyğun olaraq Cavabdeh sərəncamına verilməsinə baxmayaraq, Sizin rəhbərlik etdiyiniz “Yelmar kəndli fermer təsərrüfatı” qış otlaq sahəsinin icarəçisi kimi Samux rayonunda qeydiyyata alınmamışdır. Həmçinin Sizin tərəfinizdən 2006-cı ildən bu günə qədər xeyli miqdarda icarə haqqı və torpaq vergisi ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, rəhbərlik etdiyiniz “Yelmar kəndli fermer təsərrüfatı” hüquqi şəxs kimi Samux rayonunda qeydiyyata alındıqdan, Samux Statistika idarəsi tərəfindən verilmiş heyvanların baş sayı haqqında məlumatlar təqdim edildikdən və icarə haqqı və torpaq vergisi borclarınız ödənildikdən sonra müraciətinizə baxıla bilər. -Cavabdeh xx.xx.2020-ci il tarixli, 753 nömrəli məktubunda qeyd edilmişdir ki, 2000 ha torpaq sahəsində taxılçılığı inkişaf etdirmək məqsədi ilə Aqroparkın salınması nəzərdə tutulmuşdur. -Cavabdeh Sosial-X2 və Proqnozlaşdırılması şöbəsinin xx.xx.2021-ci tarixli, 1280 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı ilə icarə müqaviləsinin bağlanmamasının əsas səbəbi ona Samux rayonunun “Boz Dağ” massivindəki qış otlaq sahələrindən 650 ha torpaq sahəsinin onun icarəsinə verilməsinin təklif olunmasıdır. İddiaçı ona edilmiş təklifdən imtina edərək hal-hazırda qeyri-qanuni istifadə etdiyi torpaq sahəsinin onun icarəsinə verilməsini tələb edir. Əlavə olaraq diqqətinizə çatdırılır ki, Yasin Hüeynovun halhazırda istifadə etdiyi torpaq sahəsi keçmiş Xanlar rayon İcra Hakimiyyətinin (indiki Göygöl rayonunun) 11 fevral 1997-ci il tarixli, 30 nömrəli sərəncamı ilə 930 hektar onun icarəsinə verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin sonradan Samux rayonunun inzibati sərhəddi daxilində olan torpaqlara icarə müqaviləsinin təkrar onun adına rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə Cavabdeh başçısı aparatına müraciəti olmamışdır. Qeyd olunun dövrdən hal-hazıradək İddiaçı şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qeyri-qanuni formada həmin torpaq sahəsindən istifadə etməkdədir.
İşdə olan sənədlər:
2. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 30 saylı sərəncamı ilə: -Xanlar rayonu, Şəhriyar sovxozunun Samux rayonu ərazisində “Boz” adlanan 18 saylı qış otlaq sahəsindən 930 ha ayrılıb 1200 baş xırda buynuzlu heyvanları saxlamaq üçün 15 il müddətində İddiaçı icarəyə verilməsi; -Ayrılmış torpaq sahəsinə dair müvafiq qərar qəbul etməklə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin tərtib edilməsi Respublika Dövlət torpaq Komitəsindən xahiş edilməsi; -Tapşırılan Rayon Torpaq Şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb təhvil verilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Xanlar rayonu Pənahlılar kənd sakini İddiaçı rayonun qış otlaq sahəsindən verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməsinə dair yerquruluşu sənədlərində: -Yerquruluşu mühəndisinin izahatında qeyd olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli 30 saylı sərəncamına əsasən rayonunu qış otlaq sahəsindən İddiaçı ayrılmış 930,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərindən və cizgi planından istifadə edərək 1:50000 miqyasında topo-plana keçirib vatman planı tərtib etdik. Verilmiş ərazinin hesabatı aparıldı və yer üzərində nümayəndəliyin iştirakı ilə sərhəddə ara nişanları qoyuldu. Qoyulmuş ara nişanlarına dair akt tərtib olunub üumayəndələr tərəfindən imza edildi. -Xanlar rayonu Pənahlılar kənd sakini İddiaçı ayrılmış torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilməsi haqqında sərhəd gedişatının təsviri protokolunda ərazinin yerləşmə yeri tam qeyd olunmuş, aktın doğruluğu Dövlət Torpaq Komitəsinin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. -xx.xx.1997-ci il tarixli Tovuz rayon Yerquruluşu idarəsinin mühəndisi O.Məmmədov, Xanlar rayon Torpaq şöbəsinin mühəndisi E.Məmmədov, Xanlar rayon Torpaq şöbəsinin 1ci dərəcəli mütəxəssisi H.Rzayev, yaradılan təsərrüfatın başçısı İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan məlum olur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli 30 saylı sərəncamına əsasən rayonun Samux rayonu ərazisindən “Boz Dağ” adlanan yerdə 18 h saylı qış otlaq sahəsindən ayrılmış 930 ha torpaq sahəsinin xarici hüdudlarını yer üzərində bərpa etdik. Sərhəddin bərpası zamanı 18 ədəd ara nişanı qoyuldu. Qoyulmuş ara nişanlarının qorunub saxlanması İddiaçı tapşırıldı.
4. İşə əlavə edilmiş bank qəbzlərindən məlum olur ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilmişdir.
5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-16 RA-2-K-36-8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli sərəncamına əsasən Samux rayonu Boz Dağ adlanan 18 saylı qış otlaq sahəsinə dair 15 il müddətinə bağlanmış icarə müqaviləsi sərəncama əlavə edilməmişdir və Rayon Dövlət Arxivində yoxdur. Odur ki, həmin icarə müqaviləsini Məhkəməyə təqdim etmək mümkün deyildir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1986-cı ildən hal-hazıra kimi istifadəsində olan Samux rayonu “Boz Dağ” adlanan qış otlaq sahəsində yerləşən 887 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmasından imtina edilməsinin əsassız hesab edilməsi və bu torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1986-cı ildən “Boz Dağ” massivindəki qış otlaq sahəsindən 930 ha torpaq sahəsi ona ayrılmışdır, hal-hazırda bu torpaq sahəsi 887 hektardır. O, bu torpaq sahəsi ilə bağlı icra hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq üçün lazım olan layihə, smeta sənədləri hazırlayıb İcra Hakimiyyətinə təqdim etmiş, lakin ona onunla 650 ha torpaq sahəsi ilə bağlı müqavilə bağlanılmasının mümkün olduğu bildirilmişdir. Yerdə qalan ona məxsus suyun qarşısında yerləşən qışda qoyunların otarılması üçün xəsilin əkilməsi üçün nəzərdə tutulan 250 hektarın içərisində yerləşən torpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsi bağlamaqdan imtina edirlər.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Samux rayonu «Boz Dağ» massivində yerləşən 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə inzibati qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-391/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, Samux rayon “Boz Dağ” masssivində yerləşən 887 ha torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati qərarın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan öz növbəsində iddiaçının müraciətinə imtina edərkən inzibati akt qəbul etməli və bu aktda torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarını əsaslandırmaqla cavab verməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq inzibati akt qəbul etməyərək və imtina hallarına istinad edilmədən, əsaslandırılmadan imtina etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
11. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına və iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-391/2022 nömrəli qərarı ilə (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, T.A.Muxtarov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat:
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını, bunu mümkün hesab etmədikdə işi yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2480/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər S.Kərimov, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-391/2022 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, Göygöl rayon Pənahlılar kənd sakini İddiaçı “Boz dağ” massivində yerləşən qış otlaq sahələrindən 877 ha otlaq sahəsində icarə müqaviləsi olmadan qeyri-qanuni istifadə etməsi, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın tələblərinin şərtlərinin pozulması və qeyri-qanuni tikinti işlərinin aparılması halları müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli 30 nömrəli sərəncamında qeyd edilən müddət sona yetmiş, bununla bərabər həmin ərazilər Samux rayonunun inzibati ərazisində olduğu üçün həmin torpaqlar barədə sərəncam vermək səlahiyyəti Cavabdehnə məxsusudur. Həmçinin Xanlar Rayon İcra Hakimiyyətinin başçısının 11 fevral 1997-ci il tarixli 30 nömrəli sərəncamının 2012-ci ildə qüvvəsini itirməsini bildiyi halda belə torpaq sahəsindən istifadə etməkdə davam etmiş, yeni müqavilə bağlamaq üçün Cavabdehnə müraciət etməmişdir. Hazırda Göygöl rayon Pənahlılar kənd sakini İddiaçı qeyd olunan torpaq sahəsinə dair zəruri sənədləşməsi mövcud deyil, iddiaçı torpaq sahəsindən özbaşına olaraq istifadə edir. Vətəndaş tərəfindən torpaq sahəsi özbaşına zəbt edilmiş, icarə müqaviləsi olmadığına görə icarə haqqının da təbii olaraq dövlət büdcəsinə ödənilməsi təmin edilə bilmir, edilən bütün xəbərdarlıqlara baxmayaraq vətəndaş ərazini boşaltmır. Məhkəmə iddiaçının dövlətə məxsus torpaq sahəsini müqavilə olmadan 10 il ərzində qeyri-qanuni istifadə etməsini və təbiətə ziyan vurmasını nəzərə almamışdır. Çünki iddiaçı Cavabdehnə dəfələrlə yazılı və şifahi müraciət etmiş, bir neçə dəfə rəhbərlik tərəfindən qəbul edilmişdir. Ona 650 ha torpaq sahəsinin verilməsi təklif olunmuş, şəxs bununla razılaşaraq müvafiq rüsumları ödəyərək ərazinin xəritəsini hazırlatmış, ancaq sonradan imtina edərək 650 ha torpaq sahəsini deyil, ümumi olaraq qeyri-qanuni istifadə etdiyi 887 ha torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Məhkəmə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək Cavabdeh guya heç bir əsaslandırma olmadan müqavilə bağlamaqdan imtina etməsini qeyd etmişdir. Məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Çünki əvvəla iddiaçı qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir, eyni zamanda qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsini normadan artıq heyvanla yüklü etməsi səbəbindən çoxillik təbii bitki örtüyünü məhv etmişdir. Qərarda məhkəmə Torpaq Məcəlləsinin 16-cı maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 16-cı maddəsinin 5-ci bəndində qeyd olunur ki, qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinati tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən həmin qış otlaq sahəsində norma 1-4 olduğu halda suvarılmayan ərazi üçün orta baş heyvan say 2 götürülür. Təklif olunan 650 ha ərazidə 1300 baş heyvan saxlamaq olar. Ancaq qərarda yazıldığı kimi iddiaçı məhkəmədə onun 2800 baş heyvanı olduğunu bildirmişdir. Bunun özü Torpaq Məcəlləsinin tələblərinin pozulmasıdır və məhkəmə bunu nəzərə almamışdır. Çünki 887 ha ərazini iddiaçıya icarəyə vermək özü belə qanun pozuntusu sayılar. 887 ha ərazidə heyvanların orta sayı 2 götürülmüş olsa, o zaman həmin ərazidə ancaq 1774 baş heyvan saxlamağa qanun icazə verir. İddiaçı isə məhkəmədə 2800 baş heyvanı olduğunu özü qeyd edir. Həmin Məcəllənin 15-ci maddəsinin 6-cı bəndində göstərildiyi kimi yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Ancaq məhkəmə iclasında iddiaçının ifadə etdiyi və Məhkəmənin qərarında da yazıldığı kimi iddiaçı ona görə 650 ha torpaq sahəsi ilə razılaşmır ki, həmin 650 ha ərazidə əkin üçün şərait yoxdur və yerdə qalan 237 ha hissə əkin üçün yararlı olduğu üçün o hissəyə arpa əkir. 237 ha qış otlaq sahəsinin arpa əkilməsini məhkəmə görməzdən gəlmişdir, çünki bu kobud pozuntudur, çoxillik bitki örtüyünün məhv edilməsi deməkdir. Bunu məhkəmədə hər hansı digər tərəf və ya şahid yox, elə iddiaçının özü İddiaçı bildirmişdir. İddiaçı torpaq sahəsindən heç bir ətraf mühitin qorunması şərtlərinə əməl etmədən istifadə edir. İddiaçının torpaq sahəsindən çıxarılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq Gəncə İnzibati Məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Ümumiyyətlə həmin ərazidə iri taxılçılıq kompleksinin yaradılması nəzərdə tutulmuşdur. Həmin torpaqların təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Azərbaycan Respublikasının Baş Nazirinə müraciət ünvanlanmışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı faktiki istifadəsində olan, Samux rayonu “Boz Dağ” adlanan qış otlaq sahəsində yerləşən 887 ha torpaq sahəsinin mübahisəli hissəsi Cavabdeh vəsatətinə əsasən təyinatı və kateqoriyasının dəyişdirilməsi üçün müvafiq müraciət olunmuş və ümumilikdə nəzərdə tutulan 1979,51 ha torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də həmin əraziyə dair icarə müqaviləsinin bağlanması mümkünsüzdür. Qalıq 654 ha torpaq sahəsinə dair isə icarə müqaviləsinin bağlanması mümkün olsa da, iddiaçı bundan imtina edərək, 887 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını xahiş edir. Nazirlər Kabinetinin 1200 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı sərəncamının hazırkı mübahisəyə, başqa sözlə, torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmin 1200 ha torpaq sahəsi başqa ərazidədir. Hazırda mübahisələndirilən torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olmaqla, qış otlaq sahəsidir. Mülki Məcəllənin tələblərinə görə icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Torpaq sahəsi ekspert rəyi ilə də Cavabdeh vəsatətinə əsasən təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsinin içərisində yerləşməsi öz təsdiqini tapır. Bunula yanaşı, hazırda Cavabdeh vəsatətinə əsasən təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamı yoxdur. Tərəflərindən İddiaçı icarə müqaviləsinin bağlanmasına dair müraciəti üzrə heç bir inzibati icraat aparılmamış və hər hansı inzibati akt – qərar və ya sərəncam qəbul edilməmişdir.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, cavabdehin torpağın təyinatını dəyişdirmək niyyəti yoxdur. Məqsəd həmin torpaq sahəsini otlaq sahəsi kimi başqa şəxslərin icarəsinə verməkdir. İllərdir həmin sahədən istiafdə edir və həmin ərazidə xeyli yaxşılaşdırmalar etmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra ona həmin torpaq sahəsində isifadə etməməsi bildirilməmiş və o, hətta bank hesabına 2012-2015-ci illərdə icarə haqqı ödəmişdir. Bundan sonra 2016-cı ildə cavabdehə rəsmi qaydada müraciət etsə də, illərdir imtina məktubları verilmiş və heç bir əsaslandırılma aparılmamışdır. O, normativlərə daim əməl edir və əgər artıq heyvan saxlayırsa bununla bağlı müvafiq təbdirlər görülə bilərdi.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyası:
60. Hüquq və azadlıqların məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 10-1.1-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; -10-1.3.1-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 16-cı maddəsinin 1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqaviləqanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativhüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi qismən təmin edilməlidir.
26. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Xanlar Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli, 30 saylı sərəncamı ilə Xanlar rayonu, Şəhriyar sovxozunun Samux rayonu ərazisində “Boz” adlanan 18 saylı qış otlaq sahəsindən 930 ha ayrılıb 1200 baş xırda buynuzlu heyvanları saxlamaq üçün 15 il müddətində İddiaçı icarəyə verilməsi, ayrılmış torpaq sahəsinə dair müvafiq qərar qəbul etməklə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin tərtib edilməsi Respublika Dövlət torpaq Komitəsindən xahiş edilməsi, rayon Torpaq şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb təhvil verilməsi qərara alınmışdır.
27. Yerquruluşu mühəndisinin izahatında qeyd olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli 30 saylı sərəncamına əsasən, rayonun qış otlaq sahəsindən İddiaçı ayrılmış 930,0 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərindən və cizgi planından istifadə edərək 1:50000 miqyasında topo-plana keçirib vatman planı tərtib edilmiş, verilmiş ərazinin hesabatı aparılmış və yer üzərində nümayəndəliyin iştirakı ilə sərhəddə ara nişanları qoyulmuş, həmin ara nişanlarına dair akt tərtib olunaraq nümayəndələr tərəfindən imza edilmişdir.
28. xx.xx.1997-ci il tarixli Tovuz rayon Yerquruluşu idarəsinin mühəndisi O.Məmmədov, Xanlar rayon Torpaq şöbəsinin mühəndisi E.Məmmədov, Xanlar rayon Torpaq şöbəsinin 1-ci dərəcəli mütəxəssisi H.Rzayev, yaradılan təsərrüfatın başçısı İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan məlum olur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 1997-ci il tarixli 30 saylı sərəncamına əsasən rayonun Samux rayonu ərazisindən “Boz Dağ” adlanan yerdə 18 h saylı qış otlaq sahəsindən ayrılmış 930 ha torpaq sahəsinin xarici hüdudların yer üzərində bərpa edilmiş, sərhəddin bərpası zamanı 18 ədəd ara nişanı qoyulmuş, həmin ara nişanlarının qorunub saxlanması İddiaçı tapşırılmışdır.
29. Hazırki mübahisə iddiaçının yuxarıda qeyd edilən sərəncam ilə icarəsinə verilmiş torpaq sahəsinin yenidən onun icarəsinə verilməsinə dair inzibati aktın qəbul edilməsi ilə bağlıdır. İnzibati orqanın imtina qeydləri və apellyasiya şikayətinin dəlilləri həmin ərazinin Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən təyinatının dəyişdirilməsi ilə bağlı müraciətin olması, iddiaçı tərəfindən həmin ərazidə müxtəlif əkin işləri aparılması və normadan artıq heyvan saxlanılması nəticəsində torpağa ziyan vurulması ilə əsaslandırılmışdır.
30. Bununla yanaşı inzibati orqanın kassasiya şikayətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 s saylı, 30 yanvar 2017-ci il tarixli sərəncamında nəzərdə tutulan torpaq sahəsinin hazırda iddiaçının istifadəsində olan sahə ilə üst-üstə düşdüyü qeyd olunduğundan, həmin xüsusatın da araşdırılması kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir.
31. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 38 s saylı, 30 yanvar 2017-ci il tarixli sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, “... “Boz dağ” massivinin Samux rayonunun inzibati ərazisinə aid hissəsindən təqdim olunmuş yerquruluşu planına əsasən, 1200,0 hektar (qış otlağı) torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün kateqoriyasının dəyişdirilərək dövlət ehtiyatı fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin”.
32. Məhkəmə kollegiyası tərəfindən sözügedən sərəncamda göstərilən 1200,0 hektar torpaq (qış otlağı) sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsi ilə eyni olub-olmaması məsələsi araşdırılmış, bununla bağlı aidiyyəti orqanlara müvafiq sorğular ünvanlanmışdır.
33. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-72/2- 423/2025 nömrəli məktbunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 38 nömrəli sərəncamının icrası məqsədilə Cavabdeh başçısının 17 fevral 2017-ci il tarixli 23 nömrəli sərəncamı ilə 1200 ha torpaq sahəsi 49 il müddətinə Region Agro MMC-nin icarəsinə verilmişdir. Samux rayonu inzibati ərazisində yerləşən Boz dağ massivindəki təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 38 nömrəli sərəncamına əsasən “Boz dağ” massivinin Samux rayonunun inzibati ərazisinə aid hissəsindəki təyinatı dəyişdirilmiş 1200,0 ha torpaq sahəsinə aidiyyəti yoxdur və həmin torpaq sahələri üst-üstə düşmürlər.
34. Bundan başqa məhkəmə kollegiyası tərəfindən işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə, Samux rayonu inzibati ərazində yerləşən Boz dağ massivindəki 1979.51 ha torpaq sahəsinin təyinatı və kateqoriyasının dəyişdirilərək, əkin dövriyyəsinə cəlb edilməsinə dair qəbul edilmiş inzibati aktın (sərəncam, qərar və s.) və qəbul edilməsi zamanı toplanmış bütün sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Cavabdehnə sorğu ünvanlanmışdır.
35. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 761 saylı məktubdan görünür ki, Samux rayonunda iri taxılçılıq, yemçilik və heyvandarlıq komplekslərinin yaradılması üçün “Boz dağ” massivində yerləşən qış-otlaq sahələrindən 1979,51 ha örüş sahəsinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Cavabdeh başçısının 25 aprel 2019-cu il tarixli, 47 saylı sərəncamından çıxarışdan görünür ki, “Boz dağ” massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 ha örüş sahəsində 1979,51 hektarının təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən xahiş edilməsi göstərilsə də, torpağın təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamı sorğuya cavab məktubuna əlavə edilməmişdir.
36. Məhkəmə kollegiyası tərəfindən “Boz dağ” massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən "xxxx" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 ha örüş sahəsində 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamının təsdiq edilmiş surətinin göndərilməsi barədə Cavabdehnə sorğu ünvanlanmış, Cavabdeh 12 avqust 2025-ci il tarixli, 5-72/2-519/2025 saylı məktubunda qeyd edilmişdir ki, Samux rayonunun inzibati ərazisində yerləşən Boz dağ massivindəki təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979.51 ha torpaq sahəsinin təyinatı dəyişdirilməmişdir və bununla bağlı hər hansı sərəncam imzalanmamışdır. Həmçinin bildirilir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi uzun illərdir icarə müqaviləsi olmadan onun tərəfindən istifadə olunur və torpağın təyinatına uyğun olmayaraq qeyri-qanuni olaraq əkin işləri aparılır və torpaq sahəsinin münbit qatı onun tərəfindən məhv edilir. Qeyd olunan məqsədlə aidiyyəti dövlət orqanları və təşkilatlarına müraciət edilərək müvafiq rəylər əldə edilmiş və 2020-ci il 25 avqust 761 nömrəli məktubla örüş sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsi məqsədilə müvafiq qərarın verilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir.
37. İddiaçı faktiki istifadəsində olan, Samux rayonu “Boz Dağ” adlanan qış otlaq sahəsində yerləşən 887 ha torpaq sahəsinin mübahisəli 237 ha hissəsinin Cavabdeh vəsatətinə əsasən təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Cavabdeh tərəfindən təyinatı və kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsinə dair müvafiq sənədlər (layihə) təqdim edilmişdir.
38. Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ci il tarixli, 3-16-16/2- 10/9455 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı naturada təqdim etdiyi 317.0 ha torpaq sahəsinin 304.0 ha hissəsi, Samux rayonu inzibati ərazisində yerləşən “Boz Dağ” massivindəki kənd təsərrüfatı məhsullarının əkib becərilməsi məqsədilə təyinatı dəyişdirilməsi nəzərdən müxtəlif kənd təsərrüfatı məhsullarının əkib becərilməsi məqsədilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 1979,51 ha ərazinin daxilində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı naturada təqdim etdiyi 317 ha torpaq sahəsindən faktiki olaraq istifadə etdiyi müəyyən edilmişdir.
39. Bununla bağlı məhkəmə kollegiyasının iclasında dəqiqləşmə aparılmış cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı ilə icarə müqaviləsinin bağlanmamasının əsas səbəbi ona Samux rayonunun «Boz dağ» massivindəki qış otlaq sahələrindən 654 ha torpaq sahəsinin onun icarəsinə verilməsinin təklif olunması, iddiaçının tələbi isə 887 ha torpaq sahəsinin onun icarəsinə verilməsindən ibarət olduğundan, qalan 233 ha torpaq sahəsi ekspert rəyində göstərilən Cavabdeh vəsatətinə əsasən təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979,51 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən icarə müqaviləsinin bağlanmasından imtina edilmişdir.
40. İş materiallarından məlum olur ki, inzibati orqan tərəfindən 2020-ci il tarixdən Nazirlər Kabinetinə müvafiq müraciət edilsə də, Samux rayonunun inzibati ərazisində yerləşən Boz dağ massivindəki təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan 1979.51 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı hazırki tarixədək hər hansı sərəncam qəbul edilməmiş, cavabdeh tərəfindən icarə müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edilməmişdir.
41. Cavabdeh inzibati orqan həmçinin Mülki Məcəllənin 720.3 və 720-3.4-cü maddələrinə istinad edərək “torpağı icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya ondan digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz” dəlilini də irəli sürmüşdür.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh inzibati orqan arasında icarə hüquq münasibətləri hazırda qüvvədə olan Mülki Məcəllə qüvvəyə minməzdən əvvəl yaranmış (xx.xx.1997-ci il tarixli, 30 saylı Xanlar Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı), icarə müddəti bitsə də, inzibati orqan tərəfindən hər hansı tədbirlər həyata keçirilməmiş, icarə hüquq münasibəti davam etdirilmişdir.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasında mövcud olan münasibətlər Torpaq Məcəlləsi, Torpaq icarəsi haqqında, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir və mübahisə üzrə inzibati aktda adıçəkilən qanunların müddəalarına uyğun qaydada qəbul edilməlidir.
44. Belə ki, “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
45. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir.
46. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin, İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz.
47. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb edilməsi haqlı sayıla bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
48. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən və məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsinin izahatından məlum olurk i, iddiaçının müraciəti əsasında inzibati orqan qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmamış, müvafiq olaraq inzibati akt qəbul etməmiş və iddiaçıya məktubla cavab verilmişdir.
49. Halbuki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
50. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.3.1-ci maddəsində torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edilməsi, inzibati aktın torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılması imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan heç bir inzibati icraat aparmamış, iddiaçının iştirakını icraat zamanı təmin etməmiş, iddiaçı tərəfindən müvafiq illərdə ödənilən ödənişlərin təyinatı araşdırılmamış, qanunda nəzərdə tutulan müvafiq akt qəbul edilməmişdir.
51. Belə olan halda iddiaçının müraciəti yuxarıda məhkəmə tərəfindən müəyyən edilən hallar nəzərə alınmaqla araşdırılmalı, araşdırılma nəticəsində əsaslandırılmış inzibati akt qəbul edilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-391/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı Samux rayonu “Boz Dağ” massivində yerləşən 18 h nömrəli qış otlaq sahəsindən heyvandarlıqla məşğul olmaq üçün 887 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Qərar çıxarıldığı andan qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Nural Əliyev, Müşfiq Məmmədov