Məhkəmə qərarları › İş №2-1(104)-90/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-90/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-90/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri (vəkilləri) Vəkil2 Fərhad oğlu və Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1208/2022 saylı qərarından İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Hacıkənd qəsəbəsi 26 Bakı komissarı küçəsi 13 nömrəli yaşayış evinin sahəsi 18,7 kv.m olan 2 (iki) yaşayış otağı şəxsi mülkiyyət hüququ əsasında Ərizəçi məxsusdur. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 6735 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi 13 saylı evdə yaşayan Ərizəçi ərizəsi nəzərə alınmış və yaşayış evinin arxa hissəsindən istifadəsiz 400 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. AN-İ ******* nömrəli xx.xx.2006-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ərizəçi Gəncə ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 82 nömrəli arayışa əsasən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1 ünvanda 400.0 kv.m torpaq sahəsində yerləşən iki otaqlı ümumi sahəsi 38.4 kv.m, yaşayış sahəsi 18.7 kv.m olan evi İddiaçı satmışdır. Gəncə şəhər 7 saylı DNK-nın xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 2-ə dair alqı-satqı müqaviləsi təsdiq edildikdə Ərizəçi istifadəsində 706.6 kv.m artıq torpaq sahəsi olmuşdur. xx.xx.2006-cı il tarixli 12847 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 2 ünvanda yerləşən və sahəsi 18,7 kv.m-dən ibarət iki yaşayış otağı İddiaçı adına qeydə alınmışdır. İddiaçının cavabdehə ərizə ilə müraciət edərək ünvan 3 ünvandakı 81,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,11066 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16 dekabr 2021-ci il tarixli məktubunda göstərilir ki, ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin sökülüb yeni tikililərin inşa edildiyi, lakin yeni tikililərə dair qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin əmlak üzərində mübahisə olunduğuna görə ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi və onun üzərində vaxtı ilə yerləşən, 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli texniki pasport mövcuddur. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara yeni hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bu əsasla iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsinə dair çıxarış verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ümumilikdə 0.1106 ha torpaq sahəsinin heç bir hissəsinin iddiaçıya məxsus olması təsdiq edilmir. Yəni, texniki pasportda 400 kv.m sənəd üzrə 0.1106 ha faktiki sahə göstərilsə də, sahənin ona məxsus olması barədə hüquqmüəyyənedici sənəd yoxdur. Gəncə İnzibati Məhkəməsinin (F.C.Hüseynov) 31 may 2022-ci il tarixli, 2-1(114)- 1208/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi üzərində hüquqların başqalarına keçməsi torpaq qanunvericiliyində və mülki qanunvericilikdə müəyyən edilmiş müvafiq qaydalarda həyata keçirilir. Torpaq üzərində hüquqların alqısatqısı torpaq sahələrinin alqı-satqısı qaydasında rəsmiləşdirilir. Lakin hazırki işin faktiki halları ilə müəyyən olunur ki, Ərizəçi məxsus evin həyətyanı torpaq sahəsi onun istifadəsinə verilmiş və onun tərəfindən iddiaçıya yalnız yaşayış evi satılmış, hazırda iddia olunan torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qərar çıxarmışdır. Belə ki, qərarıın təsvir hissəsində məhkəmə araşdırmasının predmetini təşkil etmiş sənədlər sırasında, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olan və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil edən hüquq müəyyənedici sənəd kimi, xx.xx.2006-cı il tarixli 12847 nömrəli texniki pasportun göstərilməməsi, məhkəmənin işə nə dərəcədə obyektiv və qərəzsiz yanaşmasını aydın göstərir. İş materialından da göründüyü kimi, Ərizəçi ilə aralarında xx.xx.2006-cı il tarixli notarial qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman evin yerləşdiyi və fəaliyyətini təmin etdiyi 0.1106 ha ölçüdə olan torpaq sahəsi Ərizəçi artıq qanuni istifadəsində olmuş və qanunvericiliyə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus idi. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev /sədrlik edən və məruzəçi/ Ə.G.Abdullayev və A.V.İsgəndərova) 27 iyul 2022-ci il tarixli, 2- 1(104)-379/2022 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli 2-1(114)-1208/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. X3 Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2-1(104)- 379/2022 nömrəli qərardadı ilə Ərizəçi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə üçüncü şəxs qismində cəlb olunması barədə vəsatəti rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat İddiaçı 27 iyul 2022-ci il tarixli qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi 14 dekabr 2022-ci il tarixli, 2-1(104)-379/2022 nömrəli qərardad kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, vəsatətin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2023-cü il, 2- 1(102)-739/2023 saylı qərarı ilə (hakimlər: Z.M.Quliyev (məruzəçi), R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayətləri təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2- 1(104)-379/2022 nömrəli qərarı ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 dekabr 2022-ci il tarixli 2-1(104)-379/2022 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddiaçının sözügedən ünvanda yerləşən 0,1106 ha torpaq sahəsinin, onun mülkiyyətinə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası qanuni olmasına dair mövqeyinə münasibətdə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu cür qənaətə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamış, hətta özünün də müəyyən etdiyi işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə riayət etməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, işin 88-114-cü səhifələrində, məhz sözügedən daşınmaz əmlakla bağlı mötəbər sübutlar yer almaqdadır ki, həmin sənədlər, həmçinin işin 17-18-ci səhifəsində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021ci il tarixli ekspert rəyi tam və hərtərəfli araşdırılmamışdır. Kassasiya intansiya məhkəməsi iş materiallarına əlavə edilmiş Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli, 16 saylı qərarı əsasında Ərizəçi verilmiş qeydiyyat vəsiqəsini, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 6735 saylı, 9 sentyabr 1999-cu il tarixli sərəncamı ilə “Hacıkənd qəsəbəsi 26 Bakı Komissarı küçəsi, 13 saylı evdə yaşayan Ərizəçi 9q-2742 saylı, 16 iyul 1999- cu il tarixli ərizəsi nəzərə alınsın və yaşadığı evin arxa hissəsindəki istifadəsiz 400 kv.m. torpaq sahəsi vətəndaşın istifadəsinə verilməsini və iddiaçı ilə Ərizəçi arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsini (AN-İ N: 0061743) ayrıayrılıqda qeyd edərək Mülki Məcəllənin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçməsini, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçməsini xatırlatmışdır. Bununla yanaşı kassasiya instansiya məhkəməsi hazırkı mübahisədə Ərizəçi daşınmaz əmlakın satıcısı olmaqla, onun işə 3-cü şəxs qismində cəlb edilməsi zəruri olduğunu qeyd etmişdir. Belə ki, iddiaçı mübahisə üzrə uduzduğu halda, onun satıcıya qarşı torpaqla bağlı iddiasının olması istisna olunmur, digər tərəfdən inzibati mübahisənin yaranmasına gətirmiş ilkin hüquqi münasibətlər məhz Ərizəçi ilə iddiaçı arasında əmələ gəlmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı məhkəmə kollegiyasının iclasında üçüncü şəxslə aralarında razılaşmanın olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir, lakin torpaq sahəsinin koordinatlarına dair sənədlər yoxdur. Hesab edir ki, sənədlər, sübutlar olmalıdır, bunlar olmadığı təqdirdə iddia tələbi təmin edilə bilməz. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 Fərhad oğlu məhkəmə kollegiyasının iclasında digər nümayəndənin söylədikləri ilə razılaşdığını və onunla eyni mövqeydə olduğunu bildirdi. Prosessual məsələlər Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-658/2023 saylı qərardadı ilə iş üzrə Ərizəçi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-658/2023 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)- 658/2023 nömrəli qərardadı ləğv edilmiş, Ərizəçi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-658/2023 saylı digər bir qərardadı ilə iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. İş materialları ilə müəyyən edilir ki, Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli, 16 saylı qərarı əsasında Ərizəçi verilmiş qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yerləşən 18.7 kv.m., 2 (iki) yaşayış otağından ibarət 13 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Ərizəçi adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 6735 saylı, 9 sentyabr 1999-cu il tarixli sərəncamı mövcuddur. Həmin sərəncamın 1-ci bəndində göstərilmişdir ki, “Hacıkənd qəsəbəsi 26 Bakı Komissarı küçəsi, 13 saylı evdə yaşayan Ərizəçi 9q-2742 saylı, 16 iyul 1999-cu il tarixli ərizəsi nəzərə alınsın və yaşadığı evin arxa hissəsindəki istifadəsiz 400 kv.m. torpaq sahəsi vətəndaşın istifadəsinə verilsin”. Bununla yanaşı AN-İ ******* nömrəli xx.xx.2006-cı il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Ərizəçi Gəncə ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 82 nömrəli arayışa əsasən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1 ünvanda 400.0 kv.m torpaq sahəsində yerləşən iki otaqlı ümumi sahəsi 38.4 kv.m, yaşayış sahəsi 18.7 kv.m olan evi İddiaçı satmışdır. Ərizəçi nümayəndəsi X4 (müqaviləyə əsasən satıcı adlanan) ilə İddiaçı (müqaviləyə əsasən alıcı adlanan) arasında bağlanmış AN-İ N: ******* - daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı – Gəncə şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 13 yanvar 2006cı il tarixdə verilmiş 82 nömrəli arayışa əsasən 2 (iki) otaqlı, ümumi sahəsi 38.4 kv.m., yaşayış sahəsi 18.7 kv.m olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1-də olan və 400,0 kvadrat metr torpaq sahəsində yerləşən evi alıcının mülkiyyətinə vermişdir. İşə yenidən apellyasiya icraatı qaydasında baxılan zaman məhkəmə kollegiyası tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq Ərizəçi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən onun inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. X3 Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə 2-1(104)-82/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardaddan görsənir ki, iddiaçının subyektiv hüququ olmadığından xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamamışdır. Məhkəmə iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərə istinadən qeyd etmişdir ki, iddiaçının mülkiyyətində yalnız Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Belə ki, həmin evə dair ilkin hüquqmüəyyənedici sənəd "Azərbaycan Respublikası Mənzil Fondunun Özəlləşdirilməsi haqqında xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən fərdi yaşayış evi X2 şəxsi mülkiyyətinə pulsuz olaraq verilmiş, sonuncu tərəfindən 22 may 1996-cı il tarixli müqaviləyə əsasən mülkiyyətində olan yaşayış evi Ərizəçi satılmışdır. Bundan sonra, fərdi yaşayış evi AN-İ ******* nömrəli, 30 yanvar 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına qeydə alınmışdır. Mübahisələndirilən sərəncama gəldikdə isə məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamla Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarında mübahisələndirilən sərəncamla əhatə olunan məhz həmin 2,78 ha torpaq sahəsinin iddiaçıya hər hansı hüquqla verildiyinə dair məlumat yoxdur. Belə olan halda, iddiaçı ona hər hansı hüquqla məxsus olmayan 2,78 ha boş torpaq sahəsinə dair verilmiş sərəncamla hüququnun pozulduğunu iddia edə bilməz. Qeyd olunan işdə təqdim edilmiş ekspert rəyində Gəncə X1 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunması qeyd edilmişdir. Bu isə onu ehtiva edir ki, sərəncamla üçüncü şəxsə icazə verilmiş torpaq sahəsinin konkret olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üst düşməsi müəyyən edilməmiş, yalnız iddiaçının naturada təqdim etdiyi sahə üzrə araşdırılma aparılmışdır. Bu isə kollegiyasının mövqeyinə görə onu ehtiva etmişdir ki, sərəncamla üçüncü şəxsə icazə verilmiş torpaq sahəsinin konkret olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üst düşməsi müəyyən edilməmiş, yalnız iddiaçının naturada təqdim etdiyi sahə üzrə araşdırılma aparılmışdır. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2096/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instasiyası məhkəməsi qeyd etmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini fərqli - mübahisəli torpaq sahəsinə iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırsa da, hər bir halda, mübahisələndirilən inzibati aktla (sərəncamla) iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından, iddianın mümkünsüzlüyünə dair nəticə düzgündür. Belə ki, mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncam torpaq sahəsinin ayrılması barədə deyil, yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədləri olmayan torpaq sahəsində tikintinin layihələndirilməsinə dair verilmişdir. Kassasiya instasiyası məhkəməsi nəzərə almışdır ki, vaxtilə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmış evin altında yerləşən torpaq sahəsinə onun əşya hüququ olmuşdur. Lakin, işin materiallarına görə, iddia olunan torpaq sahəsinin koordinatlarını, buradan, mübahisələndirilən sərəncamla iddiaçının mülkiyyətində olmuş evin yerləşdiyi torpaq sahəsinin də əhatə olunduğunu təsdiq edən plan və ölçü sənədi, yaxud təsdiq edilmiş layihə hazırda mövcud deyil. Digər tərəfdən, sərəncamın 4-cü bəndində aşkar olaraq göstərilir ki, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Başqa sözlə, yalnız layihələndirmə başa çatdıqdan və müvafiq inzibati aktla təsdiq edildikdən sonra, - təsdiq olunmuş layihənin iddiaçının daşınmaz əmlaka əşya hüquqlarına müdaxilə etdiyi halda, - həmin inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilərdi. Hazırkı işdə bu, baş verməyib. Qeyd olunduğu kimi, mübahisələndirilən sərəncam torpaq sahəsinin ayrılması və ya tikinti layihəsinin təsdiqi yaxud tikintiyə icazə barədə deyil, yalnız tikintinin layihələndirilməsinə dair verilmişdir (hərçənd, tikinti layihəsinin hazırlanması hər hansı sərəncamın qəbul edilməsi ilə şərtləndirilmir). Buna görə də, iddiaçı həmin sərəncamla hüququnun pozulduğunu iddia edə bilməz.” Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə yerli baxış keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilən sahədə AN-İ N: ******* - daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olmuş daşınmaz əmlakın (fərdi yaşayış evi) həmin sahədə mövcud olmaması və ümumiyyətlə həmin sahədə nə vaxtsa evin mövcud olmasına dəlalət edəcək hər hansı əlamətə rast gəlinməmişdir. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin bir hissəsinin üzərində üçüncü şəxs tərəfindən hotel kimi inşa edilmiş tikili, bir hissəsinin üzərində isə hasar inşa edilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin dəqiq döngə nöqtələrini göstərə bilməmiş, özünün təxmin etdiyinə əsasən təqdim etmişdir. Eyni zamanda kassasiya instansiyası məhkəməsi işi yenidən apellyasiya baxışına qaytaran zaman qeyd etmişdir ki, işin 88-114-cü səhifələrində, məhz sözügedən daşınmaz əmlakla bağlı mötəbər sübutlar yer almaqdadır ki, həmin sənədlər, həmçinin işin 17-18-ci səhifəsində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli ekspert rəyi tam və hərtərəfli araşdırılmamışdır. Kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası iş materialların 88-114-cü səhifələrində yer alan mötəbər sübutlara uyğun araşdırmanın aparılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının 2-1(104)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış və iddiaçının adına verilmiş xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan evin, iddiaçının adına işlənmiş texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışda göstərilən 0.1124 ha torpaq sahəsinin və üçüncü şəxsin faktiki istifadəsində olan, hasarlanmış və üzərində tikili olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin, düşdüyü təqdirdə hansı ölçülərdə düşməsinin, həmçinin üçüncü şəxsin faktiki istifadəsində, olan hasarlanmış və üzərində tikili olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri tərəfindən başqa şəxslərin adına yüklü edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis qarşısına müvafiq suallar qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Gəncə X1 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları (X və Y), sənəddə göstərilmədiyindən, daşınmaz əmlaka dair texniki pasport sənədlərinin tikiliyə əsasən tərtib olunması və sözügedən texniki pasportda göstərilən tikilin iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi üzərində faktiki olaraq mövcud olmaması səbəbindən, qərardadın 1-ci və 2-ci suallarının araşdırılması və cavablandırılması mümkün deyildir. Üçüncü şəxs "xxxx" MMC-nin faktiki istifadəsində olan hasarlanmış və üzərində tikili mövcud olan 0.60 ha torpaq sahəsinin 0.1124 ha hissəsi üzərində "xxxx" MMC- nin mülkiyyət hüququnu təsdiq edən **********44 reyestr nömrəli Çıxarış sənədindən başqa hüquqmüəyyənedici sənəd aşkarlanmadı. Göründüyü kimi, iddiaçıya verilmiş qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları həmin sənədlərdə göstərilmədiyindən həmin torpaq sahəsinin dəqiq olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının naturada təqdim etdiyi torpaq sahəsində üçüncü şəxs "xxxx" MMC-nin faktiki istifadəsində olan hasarlanmış və üzərində tikili mövcud olan 0.60 ha torpaq sahəsinin 0.1124 ha hissəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnu təsdiq edən **********44 reyestr nömrəli Çıxarış sənədindən başqa hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Həmçinin rəyə əlavə edilmiş sxematik planlardan da müəyyən edilir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş tikilinin əsas hissəsi **********44 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Həmin sxematik plana əsasən iddiaçının iddia etdiyi (naturada təqdim etdiyi) 1106,6 kv.m torpaq sahəsinin müəyyən hissəsi isə üçüncü şəxsin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış 1124 kv.m torpaq sahəsilə üst-üstə düşür. Bundan başqa surəti iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-101/2022 saylı mülki üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, tədqiqatın nəticəsində qərardadının birinci sualı üzrə: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 il tarixli **********53 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə X1 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olundu. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Gəncə X1 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərrəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kv.m, faktiki olaraq isə 1106,6 kv.m.olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahənin (1106,6 kvm) ölçüləri göstərilmişdir. Beləliklə müəyyən olundu ki, texniki pasportdakı planda göstərikən 106,6 kv.m torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Qərardadın üçüncü sualı üzrə: Gəncə X1 və Mükiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-ci il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kv.m torpaq sahəsinin 318,0 kv.m hissəsi, cavabdeh tərəfindən inşa edilmiş HOTEL binasının, 8,0 kv.m hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kv.m hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olundu.” Qeyd olunan rəydən müəyyən olunur ki, İddiaçı məxsus qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin koordinatları sənəddə göstərilməmişdir və bu səbəbdən də araşdırma zamanı iddiaçının naturada təqdim etdiyi və texkini pasportda göstərilən ölçülərə istinadən həmin torpaq sahəsinin yerləşdiyi mövqey müəyyən edilmişdir. İddiaçı verilmiş xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən evin mövcud olmaması və torpaq sahəsi üzərində tikilinin olması müəyyən edilmişdir. Rəyə əsasən həmin qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən sədən üzrə 400 kv.m, faktiki olaraq isə 1106,6 kv.m sahə isə cavabdehin istifadəsindədir. 1106,6 kv.m torpaq sahəsinin 318,0 kv.m hissəsi cavabdeh tərəfindən inşa edilmiş Hotel binasının, 8,0 kv.m hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasar altında yerləşir. Torpaq sahəsinin yerdə qalan 780,6 kv.m hissəsi üzərində isə heç bir tikilinin inşa edilməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində 0.1106 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edərkən həmin ölçüdə torpaq sahəsinin ona məxsus olmasına dəlalət edən sənəd kimi “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na istinad etmişdir. İlk növbədə bildirilir ki, iddiaçı 0.1106 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etsə də, sənəd üzərində ona məxsus olan sahə 400 kv.m olmuşdur. İddiaçıya məxsus olan torpaq sahəsinin dəqiq koornidatları müəyyən ediləcəyi təqdirdə belə yerdə qalan 706,6 kv.m sahəyə iddiaçının hüquqmüəyyənedici sənədinin olmaması artıq həmin 706,6 kv.m sahəyə münasibətdə onun subyektiv hüququnu istisna edir. Bununla yanaşı kollegiya bildirir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əmələ gəlməsi, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında öz təsdiqini tapmışdır. Qeyd olunan Qanununun 8-ci maddəsində daşınmaz əmlaka hüquqmüəyyənedici sənəd qismində texniki pasportun çıxış etməsi öz əskini tapmamışdır. İstinad olunan Fərmanda isə daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən əsaslardan biri kimi – “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” müəyyən edilimişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş texniki pasport isə Gəncə Şəhər Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verildiyindən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Beləliklə Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli, 16 saylı qərarı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 6735 saylı, 9 sentyabr 1999-cu il tarixli sərəncamı ilə Ərizəçi verilmiş və AN-İ №: 006743 daşınmaz əmlakın alqıı-satqı müqaviləsi ilə Ərizəçi tərəfindən İddiaçı 400 kv.m torpaq sahəsinin satılması işin mübahisəsiz halıdır. Lakin Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-101/2022 saylı mülki üzrə əldə edilmiş mütəxəssis rəyində də qeyd edildiyi kimi həmin torpaq sahəsinin 318,0 kv.m hissəsi "xxxx" MMC tərəfindən inşa edilmiş HOTEL binasının, 8,0 kv.m hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. Həmin ölçülərdə olan torpaq sahəsi üzərində isə **********44 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alındığından artıq həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının Dövlət qeydiyyatının aparılması mümkünsüzdür. Kollegiya qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Beləliklə, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə münasibətdə iddiaçının İPMin 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmadığından, iddia mümkünsüzdür. Belə ki, vaxtilə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmış evin altında yerləşən torpaq sahəsinə onun hüququnun olması işin mübahisəsiz halıdır. Lakin, işin materiallarına görə, iddia olunan torpaq sahəsinin koordinatları ilə iddiaçıya verilmiş qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən tikilinin və torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən edilmir. Başqa sözlərlə bir növ iddiaçı həmin torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1208/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar