Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-902/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4331/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “İNANC-İS" MMC-nin sahibkarlıq fəaliyyətində yanvar 2020- sentyabr 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarının məzmunundan görünür ki, “İNANC-İS" MMC mənfəət və əlavə dəyər vergisi borcuna görə 275.434,82 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 137.717,44 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş **********176106 saylı qərara əsasən "xxxx" MMCyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci və 57.1-ci maddələrinə əsasən ümumilikdə 262073,4 manat məbləğində əlavə vergi hesablanmış, 137717,44 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi məsuliyyətinə səbəb xx.xx.2022ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış "xxxx" MMC-də vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş səyyar vergi yoxlaması tədbiri olmuşdur. Müabhisələndirilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-də xx.xx.2020-ci tarixdən, xx.xx.2022-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması zamanı istehsal olunmuş məhsulların topdan və pərakəndə satışının real bazar qiymətinin, enerji sərfiyyatı və avadanlıqların istehsal gücü əsas götrülməklə yoxlanılan dövrdə aylar üzrə istehsal həcminin müəyyən edilməsi tamamilə qanunsuzdur. Səyyar vergi yoxlaması zamanı bazar qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan "xxxx" MMC barədə müvafiq qərar qəbul edərkən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Mütəxəssis kimi cəlb edilən şəxsin istehsal sahəsində təhsilini, iş təcrübəsini təsdiq edən sənədlər xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əlavə edilmədiyindən və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehsalat sahəsinə dair uyğun rəy vermək səlahiyyətinə malik olmaması verilmiş mütəxəssis rəyinin bir daha qanunsuz olduğunu təsdiqləyir. Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydası təsdiq edilmişdir. Həmin Fərmanın 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa apartının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Qeyd olunur ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xəclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsədə, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Lakin cavabdeh orqan mübahisəli qərarada göstərmişdir ki, cəmiyyət aylar üzrə müəyyən edilmiş həmin istehsal həcmlərindən elektron qaimələr üzrə təqdim olunmuş malların miqdarı (ayın əvvəlinə və sonuna qalıqlar nəzərə alınmaqla) çıxıldıqdan sonra yerdə qalan miqdar pərakəndə satış kimi götürülməklə cəmi aylıq və illik dövriyyələr müəyyən edilmişdir. Bu səbəbdən də cəmiyyətin 2020-2021-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək olmamışdır. Mənfəət vergisinin və ƏDV üzrə verginin hesalanması ilə bağlı qeyd olunur ki, cavabdeh 2020-2021-ci illər üzrə cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən edə bilmədiyi üün VM-nin 67.1-və 83.9-cu maddəsinin müddəlarına müvafiq olaraq şərti rentabellik norması 20% səviyyəsində götürülərək mənfəət vergisi hesablamış və yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq etmişdir. “İNANC-İS" MMC-nin 2020-2021-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkündür və bunun hesablanması üçün heç bir mətəxəssis və ekspertə ehtiyac yoxdur. Belə ki, mövcud qanunvericilik səyyarvergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin cavabdeh orqan müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlaması zamanı cavabdehə cəmiyyətin müvafiq dövrlərə aid əmlak vergisi, torpaq vegisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburu dövlət sosial sığorta, işsizlikdən sığorta,və icbari tibbi sığorta haqları bəyannamələri və xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları və s. məlumatlar təqdim olunmuş və həmin bəyannamələr və təqdim edilmiş sənədlər ilkin sənədlərlə yoxlanılarkən kənarlaşma aşkar olunmamışdır. Bundan başqa mütəxəssis və ekspert rəyində istehsal olunan malınlkq-nın ədv-siz bazar qiyməti şişirdilmiş şəkildə və bütün dövrlər üçün eyni qiymətə hesablanmışdır. İstehsal olunan malın 13-14% hissəsi(yəni qulp yeri) kəsilərək təkrar istehsala qaytarılır. Həmin hissə isə xammala çevrilir və yenidən istehsal olunur. Bütün bu proseslərin həyata keçirilməsi üçün əlavə elektrik energisi sərf olunur. Yenidən istehsal olunan həmin məhsulun satış qiyməti isə daha ucuz olur. Məhkəmə ekspertizası Haqqında" Qanunun 11-ci maddəsinə görə özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumu tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəlarına dair icbari təlimdə iştirak etməlidir. Həmin şəxslərlə müvafiq icra hakimiyyəti orqanında müsahibələr keçirilir və onlara şəhadətnamələr təqdim olunur. Mütəxəssis və ekspert rəyləri mötəbər olsa belə, həmin rəy vergi hesablanması üçün yetərli hesab oluna bilməz. Formalaşmış vahid məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin istehsal həcmini və və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Ümumiyyətlə, hazırki mübahisə üzrə ƏDV və mənfəət vergisinin hesablanmasının əsasını "xxxx" MMC tərəfindən təqdim edilən rəyin təşkil etməsi, həmin rəyin isə mütəxəssis və ekspert olmayan şəxs tərəfindən verilməsi, verilmiş rəydə göstərilmiş rəqəmlərin düzgün hesablanmaması və şişirdilmiş şəkildə təqdim edilməsi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olmasını əks etdirir. Bundan başqa “İNANC-İS" MMC istehsal firmasına məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində sərf olunan elektrik enerjisi sərfiyyatı istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti,avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, hazırki vəziyyətdə məhsulun itkiyə getməsi və digər hallardan aslı olaraq müxtəlif həcmdə ola bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü -cü il tarixli, 2-1(114)-4331/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) xx.xx.2022-ci il tarixli **********164831 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarına əsasən "xxxx"MMC-nin (VÖEN:**********) sahibkarlıq fəaliyyətində 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Sözü gedən qərarla səyyar vergi yoxlamasının keçirilməsi həmin Baş İdarənin Səyyar vergi yoxlamalaları İdarəsinin əməkdaşı X3 tapşırılmışdır. Yoxlayıcılar barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Bu barədə KY221872243 saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da qeydlər mövcuddur. İddiaçı cəmiyyət barəsində təyin edilmiş səyyar vergi yoxlaması VM-nin 38.7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********166042, xx.xx.2023-cü il tarixli **********167355, xx.xx.2023-cü il tarixli **********167948, xx.xx.2023-cü tarixli il tarixli **********168480, xx.xx.2023-cü il tarixli **********168943, xx.xx.2023-cü il tarixli **********169944, xx.xx.2023-cü il tarixli **********170577, xx.xx.2023-cü il tarixli **********171259, xx.xx.2023-cü il tarixli **********171778, xx.xx.2023-cü il tarixli **********172507, xx.xx.2023-cü il tarixli **********173415, xx.xx.2023-cü il tarixli **********170549, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli **********171816 nömrəli, xx.xx.2023-cü il tarixli **********172009, xx.xx.2023-cü il tarixli **********172419 nömrəli qərarları ilə müvəqqəti olaraq təxirə (dayandırılmışdır.) salınmışdır. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının dayandırılmasına səbəb Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən ekspertiza təyin edilməsi olmuşdur. Həmçinin VM-nin 23, 44 və 45-ci maddələrinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli **********165699 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" və xx.xx.2022-ci il tarixli **********165700 nömrəli qərarlarla ekspertiza təyin edilmiş və mütəxəssis dəvət edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2023-cü il tarixli nümayəndəsinə təqdim edilmişdir. Yoxlamanın nəticəsi olaraq "xxxx" MMC barəsində mənfəət vergisi üzrə 83364.33 manat, ƏDV üzrə 178709.06 manat vergi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, müvafiq olaraq **********172276 nömrəli "Səyyar vergi yoxlaması" aktı tərtib edilmiş və aktın surəti iddiaçı cəmiyyətin 138077.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4331/2023-cü il nömrəli qərarında cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********176106 nömrəli qərarının ləğv edilməsini əsaslandırmaq üçün bir sıra dəlillər göstərmişdir. Həmin dəlillər bunlardan ibarət olmuşdur: -"Elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanmasının qanunvericilikdə əks olunmaması" -"Birbaşa VM-nin 83.9-cu maddəsinin tələbləri əsasında vergi öhdəliyinin müəyyən edilməsi" -"VMnin 67-ci maddəsinin tətbiqinin mümkünlüyü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən əsasların mövcud olmaması" Vurğulanmalıdır ki, tərəfimizdən birinci instansiyası məhkəməsinə təqdim edilmiş etiraz qeydlərində və səyyar vergi yoxlması aktında yuxarıda göstərilmiş dəlillərin təkzibi ilə bağlı hüquqi mövqeyimiz əks olunmuşdur. Vergi Məcəlləsinin: 23.1.16-cı maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanının hüququdur. 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 83.2-ci maddəsinə əsasən ergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata (maddə 83.2.4) Normalarda əks olunmuş hüquqi mövqe işə baxan məhkəmə üçün əsas olmalıdır. Bu mənada cavabdeh inzibati orqanın iddiaçı cəmiyyət barəsində ekspertiza təyin etməyə və mütəxəssis dəvət etməyə qanunla müəyyən edilmiş qaydada səlahiyyətə malik olması aşkar surətdə görsənən xüsusatdır. Vergi qanunvericiliyində əks olunmuş tənzimləmə əsasında tərəfimizdən iddiaçının fəaliyyətinin yoxlanılması ilə əlaqədar meydan çıxmış vergi orqanının fəaliyyət dairəsindən kənara çıxmış hal yarandığından xx.xx.2022-ci il tarixli **********163828 nömrəli və xx.xx.2022-ci il tarixli **********163829 nömrəli qərarlarla müvafiq olarq ekpert və mütəxəssis dəvət edilmişdir. Mütəxəssis öz növbəsində istehsal həcmini müəyyən etmiş, ekspert isə əmtəənin bazar qiymətini müəyyən etmişdir. Vergi Məcəlləsinin 83-cü maddəsi "Vergi orqanları tərəfindən vergilərin hesablanması" adlanan müddəadır. Həmin maddənin alt maddələri olan 83.2 və 83.2.4-cü maddəsi vergi orqanın əldə etdiyi istənilən mənbəyi bəlli olan məlumat əsasında verginin hesablanması hüququna vergi oqanının malik olduğunu bəyan edir. Belə olan halda müvafiq ekspertiza tədqiqatının nəticəsi olan rəy vergi orqanı üçün 83.2.4-cü maddənin tətbiqi baxımdan mənbəyi bəlli olan məlumatdır və vergi orqanı haqlı olaraq iş materiallarında mövcud olan rəy əsasında iddiaçı barəsində vergi öhdəliyi müəyyən etmişdir. Həmçinin enerji sərfiyyatı və əmək tutumu əsasında vergilərin hesablanması ilə bağlı müddəalar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının " xx.xx.2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında (Ədliyyə Nazirliyi Reyestr nömrəsi- **********1400) öz əksini tapmışdır. Belə ki, Qaydaların 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahidə aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir. Həmçinin Qaydaların 27.2.3-cü maddəsinə əsasən gəlirin əldə olunması üçün çəkilən xərclərin tərkibində əmək (işçi) xərclərinin xüsusi çəkisi nisbətən böyük olan fəaliyyət sahələrində, o cümlədən təmir, tikinti, istehsal, səhiyyə və digər xidmət sahələrində əmək xərclərinin rəsmiləşdirilməsi ilə əlaqədar şübhələr yarandıqda mütəxəssis dəvət edilməklə əmək xərclərinin həcmi müəyyənləşdirilməli və bəyannamə göstəriciləri ilə müqayisə edilməklə müvafiq tədbirlər görülməli, habelə 27.2.4-cü maddəsinə əsasən səhiyyə sahəsində aparılan yoxlamalarda vergi ödəyicisi tərəfindən göstərilən xidmətlər üzrə əmək xərclərini müəyyənləşdirmək üçün Səhiyyə Nazirliyinin müəyyən etdiyi formalara əsasən göstərilən tibbi xidmətlərin, o cümlədən müayinə, cərrahi əməliyyatlar və digər xidmətlərin sayı, hər bir xidmət üzrə əmək xərclərinin həcmi müəyyənləşdirilməli, zərurət yarandığı hallarda mütəxəssis dəvət edilməlidir. Beləliklə yuxarıda göstərdiyimiz maddi hüquq normalarının tələbləri məhkəmə tərəfindən pozulmuş, əsassız olaraq ekspert rəyi əsasında vergi öhdəliyinin müəyyən edilməsinin qanuni əsasının olmaması ilə bağlı yanlış hüquqi mövqe nümayiş olunmuşdur. Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 67 və 83.9-cu maddələrinin yanlış tətbiq edilməsi ilə bağlı məhkəmənin gəldiyi mövqe də əsassızdır. Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin müəyyən edilməsinin xüsusiyyətləri ilə bağlı olan normadır. Həmin normanın hansı hallar baş verdikdə tətbiq edilməsinin Məcəllənin 67.1-ci maddəsi ilə tənzimlənir. Yuxarıda qeyd etdiyimiz işin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı cəmiyyət ümumiyyətlə şikayətin hüquqi əsaslandırmasındakı normaların tələblərinə uyğun mühasibat uçotu aparmamışdır. Bu xüsusatlar onu deməyə əsas verir ki, vergitutma obyektinin müəyyənləşdirlməsi mümkün olmadığından cavabdeh inzibati orqan haqlı olaraq VM-nin 67-ci maddəsini tətbiq etmişdir. Hazırkı halda iddiaçı cəmiyyətin VM-nin 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin gözləmədiyi aşkar surətdə görsənir. Bu səbəbdən vergi ödəyicisinin barəsində vergitutma obyektinin müəyyənləşdirilməsi qeyrimümkün olmuş və onun əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmamışdır. Beləliklə, istinad olunan maddi hüquq normalarının tələbləri məhkəmə tərəfindən gözlənilməmiş və vergi qanunvericiliyinə zidd olaraq iddiaçının vergi öhdəliyinin ləğvi ilə nəticələnmiş əsassız qərar qəbul olunmuşdur. Hazırkı işə baxmış Gəncə İnzibati Məhkəməsi sübutlara və işin xüsuatlarına birtərəfli qaydada qiymət vermişdir. Məhkəmə qərarında göstərmişdir ki, "xxxx" MMC-yə məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etmişdir. Cavabdehin vergi borcunu VM-nin 67-ci və 83.9-cu maddələrinə uyğun hesablaması əsassız olmuşdur." Qeyd edilən maddələrinin tələbi baxımından məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə sübutlar toplamağa borcludur. Lakin məhkəmə işə baxarkən qeyd olunan maddələrin tələblərinə əməl etməmiş, öz xidməti vəzifəsinə görə mübahisə predmetinin hallarını tam araşdırmamışdır. Məhkəmə iddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının nəticəsini ətraflı şəkildə araşdırmamışdır. Məhkəmə elektrik enerjisi sərfiyyatı ilə cəmiyyətin istehsal etdiyi məhsulun həcmi arasında mütənasiblik olmasını qəbul etdiyini qərarında göstərsə də, müvafiq rəyin birbaşa istehsal prosesinin nəticəsi olaraq tərtib edilməsi xüsusatını araşdırmamışdır. xx.xx.2023-cü il tarixli MB 16-0659 nömrəli rəy kifayət qədər araşdırmanın və aparılmış tədqiqatın nəticəsi olaraq tərtib edilmişdir. Bü xüsusda vergi orqanı əsaslı olaraq yoxlama zamanı ortaya çıxmış xüsusi halların aydınlaşdırılmasında xx.xx.2023-cü il tarixli MB 16-0659 nömrəli rəydən istifadə etmişdir. Rəydəki hesablamalar elektrik enerjisi sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. İstehsal zamanı qeyri-istehsal sahələrinə, köməkçi avadanlıqlara və boşdayanmalara sərf olunmaqla yaranan enerji itki norması 15 faiz götürülmüşdür. Ümumi elektrik enerjisi göstəricilərindən qeyri-istehsal sahələrinə, köməkçi avadanlıqlara və boşdayanma hallarına sərf olunan elektrik enerjisi miqdarı çıxalaraq əsas istehsala sərf olunan elektrik enerjisi miqdarı müəyyən edilmişdir. İstehsal prosesində 1 saat ərzində sərf edilən elektrik enerjisi cəmiyyətə məxsus elektrik sayğacının göstəricilərinə əsasən müəyyən olunmuşdur. Belə ki, 1 saatlıq enerji sərfiyyatının 152.92 kvt olduğunu nəzərə alaraq əsas istehsal sahələrinə sərf edilmiş elektik enerjisini 152.92 kvt-a bölərək iş saatlarının sayı müəyyən edilmişdir. İstehsal edilmiş malların faiz bölgüsü cəmiyyət tərəfindən təqdim edilmiş qaimələrdə göstərilmiş hər bir məhsul növünə və miqdarına uyğun olaraq aparılmışdır. Mövcud rəy verilməmişdən əvvəl "xxxx" MMC-nin eksperti/mütəxəssisi cəmiyyətin istehsal sahəsində bilavasitə baxış keçirmiş və real qaydada istehsal avadanlığının işlədiyi vəziyyətdə göstəriciləri müəyyən etmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli rəy əsaslı və qanuni hesab edilməsi üçün kifayət qədər geniş əsaslara malikdir. İddiaçı cəmiyyətin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə mütəxəssisin birbaşa istehsal sahəsində olması, istehsalla bağlı olan avadanlıqların göstəricilərindən istifadə etməsi və onların istehsal gücünü müəyyən etməsi xüsusatlarına görə xx.xx.2023-cü il tarixli rəy əsaslı hesab olunur. Ümumiyyətlə məhkəmə iddiaçıdan mühasibat uçotunun hansı qaydada aparması, hansı rəsmi mühsibatlıq sənədlərindən malik olması, cəmiyyətin gəlirlərinin və xərclərinin necə müəyyən olunması ilə bağlı hər hansı əlavə araşdırma aparmamışdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" qərarında da göstərilmişdir ki, inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Məhz məhkəmənin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əməl etmədiyini işin halları ilə müəyyən etmək mümkündür. Məhkəmə qərarın nəticə hissəsində 45800,13 manat əsas vergi borcunun silinməsini göstərmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçı cəmiyyət barəsində məhkəmin göstərdiyi məbləğdə öhdəlik müəyyən olunmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar əsassızdır və həmin hissədə ləğv olunmalıdır. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X5 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, Vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən, bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 16.1.3-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən “İNANC-İS" MMC-nin sahibkarlıq fəaliyyətində yanvar 2020-sentyabr 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********172276 nömrəli "Səyyar vergi yoxlaması" aktla rəsmiləşdirilmişdir. Bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarına əsasən “İNANC-İS" MMC vergi borcuna görə 275.434,82 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 137.717,44 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İddiaçı hazırki tələblə qeyd olunan qərarı mübahisələndirmişdir. Kollegiya cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Vergi orqanı səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4331/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-902/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-902/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver