Məhkəmə qərarları › İş №2-1(104)-91/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-91/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-91/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx xxx 1961-ci il təvvəlüdlüdür. 02 aprel 1982-ci il tarixli, DT-İ 756196 nömrəli diploma əsasən İddiaçı 1978-ci ildə Kirovbad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənayə müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 27 fevral 1982-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 371/5 nömrəli arayışda, Əliyeva (Asadazəri) Nərgiz Dəmir qızının 1 nömrəli uşaq baxçasında xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. 29 oktyabr 2018-ci il, ******* nömrəli əmək kitabçasına əsasən X10 xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X16” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X5 4-cü dərəcə ilə elektrik çilingər, xx.xx.2006-cı il tarixdən, xx.xx.2013-cü il tarixədək X5 elektrik sazlayıcı işləmişdir (xx.xx.2009-xx.xx.2013cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olmuşdur). 26 iyul 2013-cü il tarixli, 54 nömrəli "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC X7 Sahəsində xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixədək maşinist işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2110A030-14042 kodu ilə nəzərdə tutulmuş zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinist peşəsinə (X bölmə, yarımbölmə 10a. Kimya istehsalatı) və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi həmin Siyahıda 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a. Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 08 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsi mümkün deyildir. Güzəştli staj 12 il 06 aydan az olduğundan (06 il 11 ay 03 gün xx.xx.1992-xx.xx.1999) İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yoxdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı 10 noyabr 2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər təqdim edildiyi halda, cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı (hakim: X15) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi (elektrik çilingəri) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, "xxxx" ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) təmirçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin X7 Sahəsində X5 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X14, X2) ilə Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X7 Sahəsində işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Kassasiya instansiyasında icraat: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarından narazı qalan cavabdeh inzibati orqan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(102)- 1399/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)- 35/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onunla birlikdə işləmiş işçilər, o cümlədən sex rəisinə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Buna görə də hesab edir ki, onun da güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Məhkəmə kollegiyasının iclasında iştirka edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, verilmiş imtinanın qanuni olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iş üzrə şahid qismində dindirilmiş X4 pensiya işində "xxxx" ASC-nin arayışı mövcuddur ki, onun X5 işlədiyi dövr güzəştli şərtlərlə hüquq verən iş stajı kimi qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə "xxxx" ASC-nin Gəncə Giltorpaq X3 Elektrik Mərkəzində işləmişlər. Həmin iş yeri əmək şəraiti xüsusilə zərərli iş hesab olunmuşdur. Həmin iş dövrü güzəştli şərtlərlə hüquq verən iş stajı kimi qəbul edilməklə, ona xx.xx.2006-cı il tarixdən etibarən pensiya təyin edilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında əsasən müəyyən edilir ki, iddiaçı 1978-ci ildə Kirovbad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumu bitirmiş, arxiv arayışına əsasən 1 nömrəli körpələr evində xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi, əmək kitabçasına əsasən xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X16” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC–də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X5 4-cü dərəcə ilə elektrik çilingər, xx.xx.2006-cı il tarixdən, xx.xx.2013-cü il tarixədək X5 elektrik sazlayıcı işləmiş, xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olmuşdur. İş materiallarında olan sosial arayışa əsasən iddiaçı sonuncu iş yerində 2009-cu ilin may ayına kimi əmək haqqı almışdır. Bununla da iddiaçı ümumilikdə 25 il, 8 ay 11 gün əmək stajına malik olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının "xxxx" ASC-nin (keçmiş Kirovobad Alüminium zavodu) Gəncə Gil-torpaq İstehsalat Sahəsindəki xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist peşəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab etsə də, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək həmin müəssisənin X5 4-cü dərəcə ilə elektrik çilingəri işləməsi ilə bağlı peşəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab etməmişdir. Lakin, məhkəmənin sorğusu əsasında iş üzrə şahid qismində dindirlimiş və iddiaçı ilə "xxxx" ASC-nin (keçmiş Kirovobad Alüminium zavodu) Gəncə Giltorpaq X3 Elektrik Mərkəzində işləmiş X6 məxsus pensiya işi məhkəməyə təqdim edilmişdir ki, həmin işdə olan "xxxx" ASC-nin 05 aprel 2007-ci il tarixli arayışı ilə X4 X5 işlədiyi 1977-1984, 1999-2007-ci illər üzrə əmək stajının güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı hesab edilməsi qeyd olunmuş və cavabdeh inzibati orqan tərəfindən də həmin iş dövrü güzəştli şərtlərlə hüquq verən iş stajı kimi qəbul edilməklə, ona xx.xx.2006-cı il tarixdən etibarən pensiya təyin edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respbulikası qanunun 12-ci maddəsinin tələbinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabər olmaqla, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilmişdir. Buna görə də cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X5 işləməsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab etməməsi “İnzibati icraat haqqında” Azərbaycan Respbulikası qanunun 12-ci maddəsinin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında 2140000a-18455 kodunda qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələri Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsinə aid edilməklə, həmin sahənin əlvan metallurgiya sahəsi hesab olunan Gil-torpaq X3 Elektrik Mərkəzində ayrıca mövcud olması 1 nömrəli Siyahının 2140000a-18455 kodunda qeyd olunan peşənin iddiaçıya da aid edilməklə, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməsinə əsas verməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərə pensiya hüququ verən yaş həddinə çatmaqla, ümumilikdə 25 ildən artıq əmək stajına, o cümlədən "xxxx" ASC-də (keçmiş Kirovobad Alüminium zavodunda) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X5 elelktrik çilingəri, yəni 13 ildən artıq güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtinası isə əsassız olmuş, birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını nəzərə almadan düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarı ləğv edilməli, iddia təmin edilərək, İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar