Məhkəmə qərarları › İş №2-1(104)-912/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-912/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-912/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1779/2023 nömrəli qərarından iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-ci ilin iyun ayından 2019-cu ilin fevral ayınadək Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə 25 fevral 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş, lakin dövlət qulluğundan çıxanda qanunvericiliklə müəyyən edilmiş aylıq pensiyamın 6 misli məbləğində birdəfəlik haqq ona ödənilməmişdir. Bununla bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh inzibati orqanın iddia ərizəsinə etiraz qeydlərində bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Həmin Qanunun 33.2ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı isə dövlət qulluğunda olmasının yaş həddi 15 sentyabr 2017-ci il tarixdə bitməsinə baxmayaraq onun işdən azad olunması ilə bağlı heç bir müraciəti olmamış, əlavə olaraq 17 ay tutduğu vəzifədə işləmiş və Cavabdeh başçısının 25 fevral 2019-cu il tarixli 53 nömrəli sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddi bitməsinə görə tutduğu vəzifədən azad olunmuşdur. Bu səbəbdən Cavabdeh başçısının 25 fevral 2019-cu il tarixli 53 nömrəli sərəncamının 1-ci paraqrafının son cümləsində qeyd olunan axırıncı haqq-hesabın kəsilməsinin açıqlaması ilə bağlı yeni sərəncam verilməsi imkan xaricindədir. Bununla bağlı iddiaçıya rəsmi məlumat verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1779/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək hazırkı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsini xahiş etmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq Moskva şəhərinə getməli olduğunu, bu əsasla məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Məhkəmə kollegiyası müddətin üzürlü hesab olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması məqsədilə Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin qərarının tərəflərə göndərilməsi barədə poçt göndərişindən görünür ki, İddiaçı tərəfindən 11 may 2023-cü il tarixdə məhkəmə qərarının surəti (qəbul edən şəxs qrafasına imza etməklə) qəbul edilmiş, Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə tam və aydın şəkildə göstərilmiş, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti 24 noyabr 2023-cü il tarixdə, qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə də təqdim olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, 16 may 2023-cü il tarixdə Rusiya federasiyasına getmiş, 09 iyun 2023-cü il tarixdə əməliyyat olunmuş, 26 avqust 2023-cü il tarixdə geri qayıtmışdır. Qayıtdıqdan sonra məhkəmədən bildiriş gəlməsini gözləmiş, 2023-cü ilin noyabr ayında ona apellyasiya şikayətinin icraatda olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib hesab edir ki, ərizənin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı ölkə hüdudlarından kənarda olduqda belə məhkəmə işinin aparılmasını başqa şəxsə tapşırmaq, həmçinin məhkəməyə çatımlılıq imkanı mümkün idi. Qeyd edilən xüsusat prosessual müddətin ötürülməsini üzrlü sayan səbəb hesab oluna bilməz. Bununla yanaşı prosessual müddətin bərpasına dair ərizədə qərardan əvvəllərdə apellyasiya şikayəti verilməsi dəlili kollegiya tərəfindən araşdırılmış və müəyyən olmuşdur ki, 22 may 2023-cü il tarixdə iddiaçının ərizəsi apellyasiya instansiya məhkəməsinə daxil olmuş, Gəncə Apellyasiya Məhkəməsinin 26 may 2023-cü il tarixli məktubu ilə İPM-nin 81, 85-ci maddəsinin tələblərinə riayət edilmədiyi, qeyd olunan prosessual qayda və müddətlərə riayət olunmaqla şikayət vermək hüquqları izah edilmişdir. Bundan sonra, iddiaçı tərəfindən apellyasiya şikayəti 24 noyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apellyasiya şikayəti vermək üçün müddətin bərpasından imtina olunmalı, apellyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1779/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəhman Muradov, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar