Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-93/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “tütün məmulatı idxalı üçün aksiz markalarının verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1608/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 yanvar 2021-ci il tarixli, 03/03- 03-44-685 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı MMC-nin ərizəsi araşdırılması və münasibət bildirilməsi üçün müvafiq sənədlərlə birlikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15 aprel 2021-ci il tarixli, **********787200 nömrəli məktubundan görünür ki, İddiaçı MMCnin tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan aksiz markalarının alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 19 yanvar 2021-ci il tarixli müraciətinə DVX-də baxılmış, xx.xx.2021-ci il tarixli, **********4416 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar ilə Cəmiyyətin Gəncə şəhəri, Avt.İnşaat bağ sahəsi, Avtozavod yolu, sahə 31B ünvanda yerləşən “Anbar” adlı təsərrüfat subyektində malların VM-nin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə, əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş vergi nəzarəti zamanı Cəmiyyət tərəfindən 25 840 qutu tütün məmulatının müxtəlif vergi ödəyicilərinə elektron-qaimə faktura təqdim edilmədən nağd qaydada satıldığı müəyyən olunmuşdur. Cəmiyyətin fəaliyyətində qanunvericiliyin tələblərinin pozulması, malların elektron qaimə-faktura təqdim edilmədən satılması və eyni zamanda qarşı tərəflərin də vergidən yayınmasına şərait yaradılması ilə nəticənən halların baş verdiyini nəzərə alaraq araşdırma aparıldığını və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 07 may 2021-ci il tarixli, MİHO/11- 2-2021-878 nömrəli məktubunda qeyd olunur ki, “Təqib və İzləmə” (“Track and Trace”) sisteminin tətbiqinə qədər Cəmiyyətin 3,8 mln ədəd idxal edilən tütün məmulatlarına tətbiq olunan aksiz markalarının sifarişinə dair Razılaşma Protokolunun layihəsinin təqdim edilməsi DVX-nə 2021-ci ilin 17 mart, 03/03-03-172-1835 nömrəli məktubla müraciət olunmuş, lakin bügünə qədər layihə təqdim edilməmişdir.
4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 02 iyun 2021-ci il tarixli, MİHO/11- 2-2021-125 nömrəli məktubundan görünür ki, Cəmiyyətin təkrar müraciətinə baxılmış, Dövlət Vergi Xidmətinə 2021-ci il 17 mart tarixli məktubla olunan müraciət icrasız qalmışdır.
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyi (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) arasında müxtəlif vaxtlarda- 28 yanvar 2019-cu il tarixdə, 3 avqust 2019-cu il tarixdə, 19 mart 2020-ci il tarixdə, 30 sentyabr 2020ci il tarixdə, 30 iyul 2021-ci il tarixdə, 30 sentyabr 2021-ci il tarixdə, 21 yanvar 2022-ci il tarixdə, 30 iyun 2022-ci il tarixdə bağlanmış Razılaşma Protokollarından görünür ki, müxtəlif vaxtlarda müxtəlif sayda Azərbaycan Respublikasında istehsal olunan və ya idxal olunan və ya müsadirə olunan tütün məmulatlarına aksiz markalarının hazırlanması Maliyyə Nazirliyi tərəfindən təmin edilmişdir.
6. Maliyyə Nazirliyi tərəfindən dövlət aksiz markalarının alınması haqqında verilmiş 449 nömrəli, 10 dekabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC dəyəri 6250 manat olan 125 000 ədəd aksiz markası ilə təmin edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 fevral 2023-cü il tarixli, **********014500 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 14 yanvar 2002-ci il tarixli, 009 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın 3.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi növbəti ilin başlanmasına ay qalmış markalanmalı məhsulları istehsal edən şəxslərdən növbəti ilə aksiz markalarına olan təlabatları haqqında məlumat almalıdır. NMR ərazisində bu məlumatı NMR Maliyyə Nazirliyi həmin şəxslərdən alaraq cəmləşdirib növbəti ilin başlanmasına 3 ay qalmış Maliyyə Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 414 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsanamə”də və 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsanamədə dəyişiklik edilməsi barədə 415 nömrəli Fərmanların icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat nazirlikləri arasında imzalanmış razılaşma protokollarında aksiz markaların sayının əsası qismində sahibkarlıq subyektlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdikləri proqnoz məlumatları çıxış edir və qeyd edilən proqnoz məlumatları üzrə rəsmi sənədlər Dövlət Vergi Xidmətinə təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı, İddiaçı MMC-nin 10 dekabr 2022-ci il tarixdə 125 000 ədəd aksiz markası ilə təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyindən müraciət üzrə inzibati icraat materiallarının Dövlət Vergi Xidmətində olmadığı bildirilmişdir.
8. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 fevral 2023-cü il tarixli, 3-23/2- 1239/2023 nömrəli məktubunda qeyd olunur ki, "xxxx" MMC-nin 10 dekabr 2020-ci il tarixdə 125 000 ədəd aksiz markası verilən zaman toplanmış sənədlər məhkəmə araşdırması təqdim olunmuş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin əsasnamələrinə edilmiş dəyişikliyə əsasən aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə, istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Vergilər Nazirliyinə həvalə edilmişdir. Hazırda qeyd olunan fərmanın 4-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi idxalçıların və istehsalçıların təqdim etdiyi aksiz markalarına olan təlabatı barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir və sifariş olunacaq aksiz markalarının sayını, növünü, təyinatını Xidmətlə razılaşdırır. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun çapı barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirlikləri arasında Pazılaşma Protokolu imzalanmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan 3.800000 (üç milyon səkkiz yüz min) ədəd aksiz markalarının sifariş edilməsi üçün rəyin və aksiz markalarının sifarişi üçün razılaşdırma protokolunun 3-cü şəxslə birgə hazırlanaraq imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5325/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə inzibati Məhkəməsinə göndərilmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Belarus Respublikası Qrodno X4 "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən həmin fabrikin istehsalı olan tütün məmulatlarının (tütündən hazırlanan filtrli siqaretlər) alınaraq idxal edilməsi üçün lazım olan aksiz markalarının sifarişi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 23 dekabr 2020-ci il tarixli 17 nömrəli məktubla müraciət etmişdir. Bu müraciətimizin əsasında aksiz markalarının sifariş edilməsi ilə bağlı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 3.800.000 ədəd aksiz markalarının şirkətimiz tərəfindən alınması üçün müvafiq olaraq razılaşma protokolunun və rəyin verilməsi ilə bağlı məktub göndərilsədə, Dövlət Vergi Xidməti tərəfindən heç bir əsas olmadan müvafiq rəyin vərazılaşma protokolunun verilməsi təmin edilməmişdir. Qeyd olunan rəy və razılaşma protokolunun 3-cü şəxsə verilməsi üçün dəfələrlə müraciət edilsədə, Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraciətləri ilə bağlı heç bir qanuni əsas göstərilməmiş, və məktubların cavablandırılması təmin edilməmişdir. Hansı ki, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində şirkət əhəmiyyətli dərəcədə maddi zərərlə üzləşmişdir. Cavabdeh tərəfindən etdiyimiz müraciətimizlə bağlı iddiaçı olaraq saxlanc anbarımıza baxış keçirilməklə ardıcıl olaraq 2 dəfə vergi yoxlaması da aparılmış və yoxlama nəticəsində şirkətdə heç bir qanuna uyğunsuzluq aşkar edilməməsi ilə bağlı aktlar tərtib edilmiş, cavabdeh tərəfindən şirkət barəsində heç bir maliyyə sanksiyası və ya tələbi qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 415 nömrəli fərmanı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə"də və Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də edilmiş dəyişikliklərə əsasən aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Qeyd olunan fərmanın qüvvəyə mindiyi sonrakı müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla aksiz markalarının sifarişi və hazırlanması Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat Nazirlikləri arasında bağlanmış razılaşma protokoluna əsasən aparılır. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur.
11. xx.xx.2022-ci il tarixli qərardad ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsi ilə əvəz edilmiş, bundan sonra Məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində prosesual statusuna xitam verilərək cavabdeh qismində məhkəmə icraatına cəlb edilmiş, Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsinin isə cavabdeh qismində prosesual statusuna xitam verilərək iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “tütün məmulatı idxalı üçün aksiz markalarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1608/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, tütün məmulatı idxalı üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəfin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının maliyyə və iqtisadiyyat nazirlikləri arasında Razılaşma protokolları imzalanmışdır. İş materiallarına əlavə edilmiş razılaşma protokollarının məzmunundan görünür ki, idxalçıların aksiz markalarına olan tələbatlarına uyğun ölkəyə idxal edilən malların aksiz markalarının Maliyyə Nazirliyi tərəfindən hazırlanması (sifarişi) nəzərdə tutulmuşdur. İddiaçıya tütün məmulatı idxalı üçün İddiaçı MMC-yə aksiz markalarının verilməsi öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli, 401-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1526 nömrəli Fərmanının 7.4-cü bəndinə əsasən həmin Fərmanın 1.12.4.4.6-cı ( Aksiz və nəzarət markalarının sifarişi və onların dövriyyəsinə nəzarət sisteminin tətbiqi ilə bağlı tədbirlər ) yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsünün həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Həmin vəsait bölgüsünün İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirildiyini, vəsait üzrə hazırlanmalı aksiz markalarının sayının isə Protokolda təsbit edildiyini nəzərə alaraq iddia tələbi üzrə öhdəliyin Maliyyə Nazirliyinin üzərinə qoyulması tamamilə əsassız olmaqla yanaşı məhkəmə qərarı qüvvəyə mindiyi təqdirdə onun icrası mexanizmi mümkünsüz olacaqdır. Belə ki, həmin aksiz markaları xarici dövlətdən sifariş verilməklə ölkəyə idxal olunur. Göründüyü kimi məhkəmə tərəfindən yalnız formal tənzimləməyə istinad edilərək ətraflı araşdırma aparılmamış, əsassız qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edilir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1608/2022 nömrəli qərardadla iddia tələbini dəyişdirərək elə həmin gün də qərar qəbul etməklə səthi, formal mülahizələrə əsaslanan araşdırma aparmışdır. Dəyişmiş iddia tələbi barədə heç bir məlumat təqdim etmədən yekun qərar qəbul etmişdir. Qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə tərəfindən qəbul edilən qərarın səthi olduğunu şərtləndirən halların dairəsinə eyni zamanda qərarın nəticəvi hissəsində istinad edilən normalarla bağlıdır. Belə ki, məhkəmənin istinadları üzrə müəyyən olunur ki, məhkəmə heç iddia növünü belə düzgün müəyyən etməmişdir. Beləliklə, məhkəmə qərarı formal və əsassız mülahizələrə istinad edilməklə qəbul olunmuşdur. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Sübutetmə yükünün cavabdehdə olmasını əsas gətirməklə məhkəmə vəzifəsinin icrasını bitmiş saymışdır. Aksiz markalarının verilməsinin prosessual əsası qismində isə Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən rəy çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci 20 dekabr tarixli, 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının maliyyə və iqtisadiyyat nazirlikləri arasında Razılaşma protokollarının 2-ci hissəsinə müvafiq olaraq tərəflər həmin protokolun 1-ci hissəsindən irəli gələn məsələləri yazışmalar və görüşlər formasında həyata keçirirlər. Qeyd edilən yazışmalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan təhlillər üzrə təqdim edilmiş məlumatlardan ibarətdir. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən, vergi ödəyicilərinin proqnoz məlumatları əsasında müəyyən edilmiş say əsasında həmin Protokol tərtib edilir. Qeyd edilən protokol üzrə müəyyən edilmiş aksiz markalarının sayı məhdud olduğundan aksiz markalarının verilməsi öhdəliyinin Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə məhkəmə qərarı əsassız və qanunsuzdur. Protokol aksiz markalarının verilməsinin hüquqi əsası qismində çıxış etdiyindən, həmin protokolda qeyd edilən saydan əlavə aksiz markalarının alınması mümkünsüzdür.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. İddiaçı MMC-nin apellyasiya şikayətinə etiraz ərizəsində qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən DVX-nə aksiz markalarının sifariş edilməsi üçün rəyin və aksiz markalarının sifarişi üçün araşdırma protokolunun hazırlanması prosedurunun hansı qurum tərəfindən həyata keçirilməsi və hansı normativ hüquqi aktla tənzimlənməsi barədə sorğu göndərilmişdir. Sorğuya verilən cavab məktubunda aksiz markalarının verilməsinin Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilmişdir. Eyni məzmunlu DVX tərəfindən məhkəməyə də təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclası zamanı məhkəmə İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə göndərdiyi sərəncamda Dövlət Vergi Xidməti Aksizli və X1 nəzarət baş idarəsinin məktubunda qeyd edildiyi 8 razılaşdırma protokollarının surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyi 01 sentyabr 2022-ci il tarixli məktubla eyni protokolları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası barədə müvafiq bildirişlər tərəflərə göndərilmiş, habelə, şirkətin baş direktoru tərəfindən cavabdeh inzibati orqana zəng edilərək məhkəmə iclasında nümayəndəsinin iştirakı xahiş edilmişdir. Bundan sonra məhkəmə müvafiq yekun qərar qəbul etmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti əsassızdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların müraciəti əsasında cavabdeh tərəfindən 2020-ci ildə 125.000 ədəd aksiz markası verilmiş, sonradan 2021-ci ildə hazırki tələb üzrə, yəni 3.800.000 ədəd aksiz markasının verilməsinə dair müraciət olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq tələbləri icra olunmamış və buna dair hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa onların müraciətlərinidən sonra bir neçə razılaşma protokolları imzalanmış, lakin onlara aksiz markası təqdim edilməmişdir.
20. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
22. 14 fevral 2023-cü il tarixədək qüvvədə olan “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı: 2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır: 2.1.4. tütün məmulatları. 4.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən, həmçinin müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı olan mallara (bundan sonra — markalanmalı mallar) aksiz markaları bu Qaydalarda göstərildiyi kimi tətbiq olunmalıdır. 4.4. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları, həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılır. 4.10. Tütün məmulatının qutusundan asılı olaraq aksiz markası aşağıda göstərilən şəkildə yapışdırılmalıdır: 4.10.1. tütün məmulatının qutusu bərk olduqda, aksiz markası onun arxa tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfindən əhatə etməlidir: 4.10.2. tütün məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və hər iki tərəfin hissələrinə yapışdırılmalıdır.
23. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir, qərarın ləğv və ya dəyişdirilməsi üçün hüquqi və ya faktiki əsas müəyyən edilməmişdir.
27. İşin faktiki halları ilə müəyyən olunur ki, tütün məmulatlarının idxalı ilə məşğul olan hazırki iş üzrə İddiaçı MMC tərəfindən əvvəldə Azərbaycan Respublikasına tütün məmulatları idxal edilmiş və qeyd edilən idxal malları hazırki tərəf üzrə cavabdeh inzibati orqan olan Maliyyə Nazirliyi tərəfindən aksiz markaları ilə təmin olunmuşdur.
28. Belə ki, aksiz markası ilə təmin olunmaq üçün müraciət edən iddiaçı eyni inzibati orqan tərəfindən 449 nömrəli, 10 dekabr 2020-ci il tarixli arayışdan da göründüyü kimi dəyəri 6250 manat olan 125 000 ədəd aksiz markası ilə təmin edilmişdir.
29. Bundan sonra, iddiaçı aksiz markası ilə yenidən təmin edilməsinə dair müvafiq razılaşma protokolunun bağlanması üçün cavabdeh inzibati orqan olan Maliyyə Nazirliyinə müraciət etmiş, sonuncu isə Dövlət Vergi Xidmətinə 2021-ci il 17 mart tarixli 03/03-03-172- 1835 nömrəli məktubla müraciət olunduğunu, lakin bu günə kimi layihənin təqdim edilmədiyini bildirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.
30. İş materiallarına əlavə edilən Maliyyə Nazirliyinin 07 may 2021-ci il tarixli, MİHO/11-2-2021-878 nömrəli, eyni zamanda 02 iyun 2021-ci il tarixli, MİHO/11-2-2021-125 nömrəli məktublarından görünür ki, Razılaşma Protokolunun layihəsinin təqdim edilməsi üçün DVX-nə 2021-ci ilin 17 mart, 03/03-03-172-1835 nömrəli məktubla müraciət olunmuş, lakin bügünə qədər layihə təqdim edilməmişdir.
31. "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi vəzifələrin sırasından "aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək" vəzifəsi çıxarılmış və həmin Fərmanla qeyd edilən vəzifə Vergilər Nazirliyinə həvalə edilmişdir. Qeyd edilən Fərmanın 4-cü hissəsinə əsasən aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Naziliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməsi hər iki quruma tapşırılmışdır.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi" təsdiq edilmişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 414 nömrəli və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanlarının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Qeyd edilən normativ hüquqi akt üzrə tənzimləmə qəbul edilənədək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 və 415 nömrəli Fərmanlarının icrası məqsədilə Azərbaycan Respublikasının maliyyə və iqtisadiyyat nazirlikləri arasında Razılaşma protokolları imzalanmışdır.
33. Hazırki halda əvvəlki müraciətlə eynilik təşkil edən müraciətin müsbət həllinə maneə ola biləcək hər hansı xüsusat mövcud olmamış, iddiaçı hüquqi şəxs mövcud prosedur qaydalarına tam riayət etməklə razılaşma protokolunun imzalanması üçün müraciət etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətindən sonra cavabdeh inzibati orqan ilə digər inzibati orqan olan Dövlət Vergi Xidməti arasında razılaşma protokolunun bağlanması, həmin protokolların iddiaçıya aid olmaması və bu ya bu istiqamətdə ləngimələr subyektin gözlənilən hüququnun birbaşa məhdudlaşmasına gətirib çıxarır. İstər iş materiallarına əlavə edilən Maliyyə Naziliyi ilə Dövlət Vergi Xidməti arasında yazışmalar, istərsə də məhkəmə icraatı zamanı verilmiş izahatlar iddiaçının aksiz markası ilə təmin olunması öhdəliyinin icrasına maneənin olmasını əks etdirir.
35. Digər tərəfdən apelyyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 fevral 2023-cü il tarixli, **********014500 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 14 yanvar 2002-ci il tarixli, 009 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən alkoqollu içkilərə, pivəyə, etil (yeyinti) spirtinə və tütün məmulatlarına tətbiq olunan dövlət aksiz markalarının sifarişi, satışı, uçotunun aparılması və onlardan istifadə olunması Qaydaları”nın 3.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi növbəti ilin başlanmasına ay qalmış markalanmalı məhsulları istehsal edən şəxslərdən növbəti ilə aksiz markalarına olan təlabatları haqqında məlumat almalıdır. NMR ərazisində bu məlumatı NMR Maliyyə Nazirliyi həmin şəxslərdən alaraq cəmləşdirib növbəti ilin başlanmasına 3 ay qalmış Maliyyə Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 414 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsanamə”də və 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsanamədə dəyişiklik edilməsi barədə 415 nömrəli Fərmanların icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə və İqtisadiyyat nazirlikləri arasında imzalanmış razılaşma protokollarında aksiz markaların sayının əsası qismində sahibkarlıq subyektlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdikləri proqnoz məlumatları çıxış edir və qeyd edilən proqnoz məlumatları üzrə rəsmi sənədlər Dövlət Vergi Xidmətinə təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı, İddiaçı MMC-nin 10 dekabr 2022-ci il tarixdə 125 000 ədəd aksiz markası ilə təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyindən müraciət üzrə inzibati icraat materiallarının Dövlət Vergi Xidmətində olmadığı bildirilmişdir.
36. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 fevral 2023-cü il tarixli, 3-23/2- 1239/2023 nömrəli məktubunda qeyd olunur ki, "xxxx" MMC-nin 10 dekabr 2020-ci il tarixdə 125 000 ədəd aksiz markası verilən zaman toplanmış sənədlər məhkəmə araşdırması təqdim olunmuş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli, 415 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin əsasnamələrinə edilmiş dəyişikliyə əsasən aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə, istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək Vergilər Nazirliyinə həvalə edilmişdir. Hazırda qeyd olunan fərmanın 4-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi idxalçıların və istehsalçıların təqdim etdiyi aksiz markalarına olan təlabatı barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir və sifariş olunacaq aksiz markalarının sayını, növünü, təyinatını Xidmətlə razılaşdırır. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun çapı barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirlikləri arasında Pazılaşma Protokolu imzalanmışdır.
37. Bundan sonra, məhkəmə kollegiyası iddiaçı tərəfindən 3,8 milyon ədəd aksiz markalarının sifariş edilməsi ilə bağlı rəyin verilməsi və razılaşma protokolunun hazırlanaraq imzalanmasına dair 2020-2021-ci il üzrə müraciəti əsasında toplanmış bütün inzibati iş materiallarının təsdiqlənmiş surətinin məhkəmə araşdırmasına təqdim olunması tələb olunsa da, inzibati orqanlar tərəfindən tələb edilən sənədlər təqdim edilməmiş, eyni məzmunlu məktubla cavab verilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat materiallarının təqdim edilməməsi iddiaçı tərəfindən 125 000 aksiz markasının alınmasına dair müraciət və bununla bağlı inzibati icraat ilə 3.800.000 aksiz markasının alınmasına dair inzibati icraatın eynilik təşkil etməsi kimi qiymətləndirilməlidir.
39. Digər tərəfdən məhkəməyə təqdim olunmuş razılaşma protokollarında da konkret müraciət edən idxalçıların adı və ya hər hansı rekvizitləri qeyd olunmamış tələbə uyğun say müəyyən edilməklə protokol imzalanmışdır.
40. İnzibati orqanda həmin protokollarda iddiaçının müraciətinin nəzərə alınmamasını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Cavabdehin inzibati praktikası yoxlanarkən müəyyən edilmişdir ki, 125.000 aksiz markasının verilməsi zamanı toplanan sənədlərdə hər hansı protokol və ya digər sənəd aşkarlanmamış, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən əlavə sənəd tələb edilməmişdir.
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati icraatın və bilavasitə inzibati orqanın fəaliyyətinin əsas prinsiplərindən biri kimi qeyd olunan etimad hüququnun qorunması prinsipinin tətbiqi əsası kimi müəyyən olunur: “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Sözügedən prinsipin inzibati orqanın fəaliyyətindəki əksi onu qeyd etməyə əsas verir ki, inzibati orqanın birbaşa səlahiyyətində olan istər hüquqi, istərsə də qadağan olunmamış faktiki fəaliyyəti və həmin fəaliyyətin dəfələrlə tətbiqi zamanı yaranan inzibati təcrübə zamanı digər tərəf olaraq hüququnu müdafiə və yaxud realizə edən fiziki və ya hüquqi şəxs inzibati orqanın praktikasına etimad edir və həmin praktikanın yaradacağı hüquqi nəticənin əvvəlcədən hər hansı əlverişsizliyinə şübhə ilə yanaşmır.
43. Hazırki iş üzrə iddiaçı tərəfin daha əvvəl də realizə olunan hüququnun-aksiz markası ilə təmin edilmənin həyata keçirilməsi üçün cavabdeh inzibati orqana eyni qaydada müraciəti inzibati orqanın hərəkətsizliyi səbəbindən mümkün olmamışdır.
44. Belə olan halda iddiaçının tələbi əsaslı qiymətləndirilir və cavabdeh inzibati orqanın üzərinə aksiz markası ilə iddiaçının təmin edilməsi öhdəliyinin qoyulmasına dair birinci instansiya məhkəməsinin qərarı əsaslı hesab edilir.
45. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd olunan birinci instansiya məhkəməsinin qərarının cavabdehin yalnız Maliyyə Nazirliyi tanınması səbəbindən icrasının mümkün olmaması ilə bağlı şikayət dəlilinə münasibət bildirərək hesab edir ki, hazırki halda istər yuxarıda qeyd edilən maddi hüquq normlarından irəli gələrək, istərsə də praktiki fəaliyyət nəticəsində qərarının icrasını qeyrimümkün edəcək hal mövcud deyildir.
46. Belə ki, hazırki tələb üzrə razılaşma protokolunun bir tərəfi-Maliyyə Nazirliyi cavabdeh qismində qeyd edilmiş və aksiz markalarının uçotu, sifarişi və təmini məhz həmin inzibati orqanın səlahiyyətində olmuşdur. Digər tərəfdən 125000 aksiz markanın verilməsi də səlahiyyətin məhz Maliyyə Nazirliyinə aid olmasını təsdiq etmişdir.
47. Həmçinin iş materiallarına əlavə edilən daha əvvəl bağlanmış razılaşma protokollarının 1.3-cü bəndlərində aksiz markaları ilə təmin etmə Maliyyə Nazirliyinin səlahiyyəti kimi qeyd olunmuşdur.
48. Razılaşma protokolunun digər tərəfi olaraq Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) məlumat və razılıq yazışmalarını həyata keçirmək səlahiyyətlidir. Hazırki halda Dövlət Vergi Xidmətinin Aksizli və X1 Nəzarət Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə mövcud və ya gözlənilən maraqları məhkəmə qaydasında qorunmuşdur.
49. Apellyasiya şikayətinin digər dəlili olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə barədə cavabdeh inzibati orqanın məlumatının olmaması hissəsinə qiymət verərkən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda məhkəmə qərarı ilə qiymət verilən tələbaksiz markalarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İlkin iddia tələbi ilə müqayisədə son olaraq icraata qəbul edilən tələb daha konkret olmuş və bilavasitə özündən əvvəlki məhkəmə iclaslarında və məhkəmə araşdırmasında müəyyən edilən halları ehtiva etmişdir.
50. Həmçinin «Poçt göndərişinin verilməsi haqqında» xəbərnamədən məlum olur ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilmiş, sonuncu nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
51. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1608/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov