Məhkəmə qərarları › İş №2-1(104)-94/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-94/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-94/2023 22.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkilləri X3 və Vəkil1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və İddiaçı vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148345 nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergilərin və məcburi sosial ödənişlər üzrə kənarlaşma ümumilikdə 550237,49 manat müəyyən edilmişdir. Buna uyğun olaraq 281875,72 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152067 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat (səkkiz yüz otuz bir min doqquz yüz on səkkiz manat iyirmi bir qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152067 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdən ƏDV ödəyicisidir. Fiziki şəxsin əsas fəaliyyəti ərzaq mallarının Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektində pərakəndə satışından ibarətdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin tarixli “Səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2021-сi il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı gəlir vergisi 351660.45 manat, əlavə dəyər vergisi 195848.17 manat, ödəmə mənbəyində tutulan vergi 42.00 manat, sadələşdirilmiş vergi 2491.88 manat və məcburi dövlət sosial sığorta haqqı 195.00 manat olmaqla 550237.47 manat əlavə vəsait hesablanmış, 281875.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın aparılması ilə bağlı tələbnaməyə əsasən pərakəndə satışını apardıqları malların dəyər ifadəsində hərəkət cədvəlləri, əmək haqqı və DSMF hesablamaları barədə cədvəllər, ƏDV və Gəlir vergisi bəyannamələri, NKA-nın “Z” hesabatları və digər bütün sənədlər və izahatlar yoxlamaya təqdim edilmişdir. Lakin Aktın 1.11 bəndində əsasız olaraq qeyd edilmişdir ki, mühasibat uçotu aparılmamışdır. Aktın 2.1 bəndində ƏDV bəyannamələrinin vaxtında təqdim edildiyi, vergi tutulan əməliyatların dəyərinin (VM 161 maddəsi) və vaxtının (VM 166 maddəsi) müəyyənləşdirilməsinin qanuna müvafiqliyinin təmin edildiyi qeyd edilmiş, lakin sonrakı cümlədə guya 175.4 maddənin tələblərinin pozulduğu, e-VHF üzrə təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldığı qeyd edilməklə, ümumilikdə 195848.17 manat əlavə ƏDV hesablanmışdır. Vergilər Nazirliyinin AVİS proqramı təkrar və artıq əvəzləşməyə yol vermir. Hər ay üzrə belə hallar olduqda kameral hesablamalar aparılmışdır. Ona görə ƏDV üzrə əlavə hesablanmış vergiləri əsassız hesab edir. Aktın gəlir vergisinə aid olan hissəsində bəyannamələrin vaxtında vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Sonra isə əsassız olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan (sənədlər yoxlamaya təqdim edilmədikdə, mühasibat uçotu aparimadıqda, bəyannamələr vergi orqanına təqdim edilmədikdə, yoxlayıcı əraziyə buraxılmadıqda və s.) tələblər yerinə yetirilmədikdə, 67.14cü və 83.9-cu maddələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilə bilər. Lakin Aktda qeyd edildiyi kimi bəyannamələr vaxtında vergi orqanına təqdim edilmiş, əldə edilmiş gəlirlərə müvafiq olaraq gəlir vergisi hesablanıb büdcəyə ödənilmişdir. Yoxlama zamanı isə əsassız olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsaslanmaqla gəlirlər və xərclər təhrif olunmuş, 20% rentabellik səviyyəsi götürülməklə əsassız olaraq 351660.64 manat əlavə gəlir vergisi hesablanmışdır. Topdansatış qiymətinə pərakəndə satışla məğul olmaqla, malların üzərinə cüzi faiz əlavə etməklə satış edilmişdir. Gəlir vergisinin hesablamasında yuxarıda qeyd edilmiş qərarın müddəalarının tətbiq edilməsi qeyriqanunudir və əlavə hesablanmış 351660.64 manat gəlir vergisi əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022ci il tarixli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin 2019-cu il üzrə ümumilikdə 18722,15 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində isə ƏDV-nin mart ayında 24347,44 manat, aprel ayında 1018,41 manat olmaqla ümumilikdə 25365,85 manat azaldılması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 2019-cu il üzrə 44088 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəzərə alınmaqla il ərzində 44087,83 manat azaldılması müəyyən olunmuşdur. 2020-ci il üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin ümumilikdə 55984,92 manat azaldılması müəyyən edilmişdir. Bunlardan e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsinə görə ƏDV-nin ümumilikdə 15112,36 manat azaldılması, beləliklə də, 2020-ci il üzrə ƏDV-nin 71097,28 manat azaldılması, 144,43 manat isə artıq hesablanması nəzərə alınmaqla ümumilikdə il ərzində büdcəyə ödənilməli olan ƏDV-nin 70952,85 manat azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə isə büdcəyə ödənilməli olan ƏDV-nin ümumilikdə 80807,49 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisinə 2019 və 2020-ci illər üzrə ümumilikdə 351.660,64 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan əlavə 42,00 manat məbləğində büdcədən yayındırılmış ÖMV, 2491,88 manat məbləğində azaldılmış sadələşdirilmiş vergi məbləği, MDSS haqlarının 195 manat azaldılması müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Məhkəmə ekspertin rəyi ilə razılaşır və bu yanaşmanı onunla əsaslandırır ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52817,02 manat müəyyən edilmişdir. Odur ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarı qismən, yəni 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın “11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəyi onunla əsaslandırılmışdır ki, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyi cavabdeh tərəfindən araşdırılarkən rəydə həqiqətə uyğun olmayan məlumatlar, həmçinin ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməz olması barədə kifayət qədər sübutlar aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində həmin sübutlar ətraflı şərh edilməklə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə cavabdeh tərəfindən yazılı vəsatət verilmişdir. Məkəmə tərəfindən isə ümumiyyətlə cavabdehin vəsatətini nəinki araşdırmaq, heç nəzər belə yetirmək ehtiyacı duyulmadan vəsatət təmin edilməmişdir. Məhkəmə tərəfindən həmin gün işlə bağlı yekun qərar qəbul edilsə də cavabdeh orqanın vəsatətinə nə ayrıca olaraq nə də ki, qərarında hər hansı münasibət bildiriləmiş, sanki belə bir vəsatət verilməmişdir. Məhkəmənin mövqeyindəki diqqətəlayiq məqamlardan biri də budur ki, məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edilməlidir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirilir ki, vergi orqanı tərəfindən ekspertiza yalnız ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda təyin edilir. Mütəxəssis isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən dəvət oluna bilər. Hazırkı iş üzrə isə səyyar vergi yoxlaması zamanı dövlət büdcəsinə ödənilməli olan vergilərin hesablanması vergi orqanının biliklərindən kənara çıxmayan, fəaliyyət dairəsinə aid olan sahə olduğundan, mütəxəssisin və ekspertin cəlb edilməsinə zərurət olmamışdır. Məhkəmə isə bu halı tamamilə əsassız olaraq özünün təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizası üzrə alınmış ekspert rəyində gəlinən nəticənin vergi orqanının gəldiyi nəticədən daha mötəbər olmasını əsaslandırmaq üçün istifadə etmişdir. Halbuki, məhkəmənin mötəbər sübut kimi qiymətləndirdiyi ekspert rəyinin mötəbər olmaması, tamamilə yanlış və natamam məlumatlar əsasında verildiyi cavabdeh tərəfindən məhkəməyə təqdim edilən vəsatətdə ətraflı şərh edilmiş, məhkəmə isə ümumiyyətlə həmin vəsatətlə tanış olmağa belə lüzum görməmişdir. Vəsatətdə göstərilən bəzi məsələləri qərarında cavabdeh orqanını izahatı bölməsində göstərən məhkəmə həmin xüsusatlarla bağlı hər hansı mövqe nümayiş etdirməmişdir. Sözügedən vəsatətdə də göstərilən kimi, ekspert rəyində göstərilmiş, ekspertin vəsatətinə əsasən vergi ödəyicisi tərəfindən ekspertizaya təqdim edilmiş usb flaşkartda olan elektron daşıyıcıda məlumatlara istinad etməklə verilmiş rəydə göstərilən vergi ödəyicisi tərəfindən aylar üzrə ödənilmiş və tam əvəzləşdirmə hüququ alınmış ƏDV məbləğlərinin haradan alındığı məlum deyil və bu məbləğlərin heç biri real məbləğlərə uyğun gəlmir. Göründüyü kimi ilk növbədə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli ƏDV məbləği hesablanarkən mallar alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmək hüququnun yaranması üçün 2 şərt mövcuddur: 1. malların (işlərin, xidmətlərin) alışı zamanı əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməlidir. 2. ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir. Göründüyü kimi, ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmə hüququnun yaranması şərtlərindən biri həmin ƏDV məbləğinin mütləq qaydada ƏDV-nin depozit hesabına ödənilməsidir. Lakin, ƏDV depozit hesabında çıxarışa əsasən ƏDV-nin aylar üzrə ƏDV depozit hesabına ödənilmiş məbləğləri ilə ekspert rəyində göstərilən məbləğlərdə kəskin fərqlər mövcuddur. Ekspertin göstərdiyi ödənilmiş və tam əvəzləşdirmə hüququ yaranmış ƏDV məbləğləri həqiqətə uyğun deyil və bu hal təkcə ƏDV depozit hesabından çıxarışla tam sübuta yetirilir. Cədvəldən göründüyü kimi ümumilikdə yoxlanılan dövr üzrə ekspert tərəfindən əvəzləşdirilən ƏDV məbləğinin 66189,22 manat artıq göstərilməsi həmin məbləğdə ƏDVnin az müəyyən edilməsi ilə nəticələnmişdir. Ümumiyyətlə ekspert tərəfindən ƏDV depozit hesabından çıxarışla ziddiyyət təşkil edən, ödənilmiş ƏDV-nin dəyərinin hansı mənbəədən alınması məlum deyil. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması ilə əhatə olunmuş 2021-ci ilin may ayı üzrə hesablanmış ƏDV məbləğinin düzgünlüyü barədə təqdiqat aparılmamış və həmin ay üzrə ƏDV hesablanmamışdır. Halbuki səyyar vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün 20644,05 manat əlavə ƏDV hesablanmışdır. Eskpert tərəfindən isə yayındırılmış ƏDV məbləği ilə bağlı rəy verilərkən 2021-ci ilin may ayı üçün hesablanmalı olan ƏDV məbləği ümumiyyətlə tədqiq edilməmiş və həmin ay üçün hesablama aparılmamışdır. ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotu Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətində açılmış uçot vərəqələrində aparılır. Hazırkı iş üzrə isə ekspert tərəfindən ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisi İddiaçı (VÖEN:**********) adına açılmış ƏDV sub-uçot hesabındakı məbləğlərə uyğun gəlməməklə həqiqəti əks etdirmir və ekspertin həmin məbləğləri haradan götürdüyü məlum deyil. Bu hal isə İddiaçı tərəfindən mübahisələndirilən qərar üzrə hesablanmış ƏDV məbləğlərinə aid hissədə ekspert rəyinin yanlış olmasını birbaşa sübut edir. Ekspert tərəfindən rəyində göstərilmiş, yuxarıda qeyd edilən həqiqətə uyğun olmayan məlumatların əsasında İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə 58.184.80 manat məbləğində ƏDV-nin artıq hesablanması nəticəsinə gəlinmişdir. Daha sonra ekspert Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə istinad edərək qeyd etmişdir ki, vergi ödəyicisinin elektron uçot məlumatlarında mal qalığı kimi gəstərilmiş, 586.713,15 manat məbləğində ƏDV-yə cəlb olunan malları satış kimi nəzərə aldıqda, həmin mal qalığına görə 105.608,37 manat məbləğində ƏDV hesablanır. Hazırkı ekspertiza tədqiqatı zamanı təqdim olunmuş vergi ödəyicisinin elektron daşıyıcıda olan uçot məlumatlarına əsasən fərdi sahibkar İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə (105.608,37-58.184,80)=47.423,57 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Əlavə olaraq ekspert rəyində qeyd etmişdir ki, əlavə materilların zəruriliyi ilə əlaqədar vəsatət verilmiş, mərkəzə bir ədəd usb daşıyıcı-flaşkart təqdim olunmuşdur. Bununla bağlı bildirilir ki, ekspertizaya təqdim olunmuş həmin flaşkartdakı məlumatlar cavabdeh orqana təqdim olunmamış, həmçinin məhkəmə araşdırmasının predmeti olmamış və sübut kimi qiymətləndirilməmişdir. Bir halda ki, ekspertizaya təqdim olunmuş həmin məlumatlar əsasında hesablanmış vergilərin məbləği azaldılaraq 52.817,05 manat müəyyən edilir və bu vergi ödəyicisinin xeyrinə olan haldır, onda həmin məlumatların səyyar vergi yoxlaması zamanı yoxlamaya təqdim olunmaması həmin elektron daşıyıcıda uçot məlumatları əsasında həqiqətən vergilərin ekspert rəyində göstərilən məbləğdə müəyyən olummasının düzgünlüyünü şübhə altına alır. Ekspert rəyində 2019 və 2020-ci illərin gəlir vergisinin müəyyən edilməsi ilə əlaqədar göstərmişdir ki, fərdi sahibkar İddiaçı səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən elektron daşıyıcıda təqdim edilmiş elektron vergi hesab-fakturaları (EVHF), elektron qaimə-fakturaları (EQF) və uçot məlumatlarının tədqiqi zamanı müəyyən edildi ki, həmin məlumatlar fərdi sahibkar tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2019-cu ildə ümumi gəlir və gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Ekspertin istinad etdiyi bir ədəd usb daşıyıcı-flaşkart cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək xx.xx.2022-ci il tarixdə əldə edilmiş, həmin flaşkartda olan məlumatların əslində vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qoşma edilmiş məlumatların bir hissisini təşkil etdiyi müəyyən edilmişdir. Yəni, həmin elektron daşıyıcıda olan məlumatlarda yalnız vergi ödəyicisinin aldığı və təqdim etdiyi elektron qaimələr barədə məlumatlar mövcuddur. Vergi ödəyicisinin elektron qaimə təqdim etmədən və pərakəndə qaydada təqdim etdiyi malların dövriyyəsi barədə məlumat həmin elektron məlumatlar içərisində mövcud deyildir. Elektron daşıyıcıda olan fayllara nəzər saldıqda görünür ki, onlar yalnız elektron qaimə əsasında təqdim edilmiş və alınmış malların siyahısıdır, cavabdeh tərəfindən etiraza əlavə edilmiş elektron qaimələr barədə məlumatların bir hissəsinin təkrarıdır və vergi ödəyicisinin elektron qaimə təqdim etmədən satdığı mallar barədə məlumatlar mövcud deyil. Belə ki, məsələn, ekspertin istinad etdiyi bir ədəd usb daşıyıcı-flaşkartda olan məlumatlara əsasən 2020-ci ildə vergi ödəyicisinin ümumi gəliri təqdim etdiyi elektron qaimələrə əsasən 71271.45 manat olduğu müəyyən olunur. Halbuki, ekspert 2020-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirlərinin 5502123,68 manat olduğunu qeyd etmişdir. Göründüyü kimi ekspert tərəfindən 2020- ci il üzrə vergi ödəyicisinin gəlirlərinin təqdim olunmuş usb daşıyıcı-flaşkartda daşıyıcıda olan 71271.45 manat məbləğindən artıq olan (71271. 45-5502123 .68)=-5430852,23 manat məbləğinin haradan alındığı məlum deyil. Analoji vəziyyət 2019-cu ilin gəlir vergisi üzrə də ekspertin gəldiyi nəticədə mövcuddur. Göründüyü kimi ekspert rəyində bir ədəd usb daşıyıcıflaşkartda olan məlumatlara əsasən dövriyyənin müəyyən edildiyini qeyd etməklə, maraqlar daxilində guya iş üçün hansısa əhəmiyyətli sənədə istinad edərək rəy verdiyi görüntüsü yaradaraq məhkəməni inandırmağa çalışmış və ekspertin həmin cəhdi məhkəmənin araşdırma aparmadan və iş üzrə sübutları qarşılıqlı surətdə qiymətləndirməməsi nəticəsində uğurlu alınmışdır. Göstərilən faktlardan belə nəticəyə gəlmək olur ki, ekspert usb daşıyıcı-flaşkartda olan sənədin adını rəyində göstərməklə həqiqəti əks etdirən sənədləri kənara qoyaraq usb daşıyıcı-flaşkartın arxasında gizlənmiş, məhkəmə isə ümumiyyətlə flaşkartda olan sənədin nədən ibarət olmasını belə araşdırmağa maraqlı olmamışdır. Halbuki ekspertin usb daşıyıcı-flaşkartda olan sənədlər dediyi sənədləri cavabdeh vergi orqanı etirazın 12-ci qoşmasında məhkəməyə təqdim etmişdir. Həmin səndlə yoxlanılan dövrdə vergi ödəyicisinin ümumilikdə təqdim etdiyi eqaimələr üzrə malın dəyərinin ƏDV-siz məbləği 213990,72 manat olduğu, ƏDV məbləğinin isə 36848,39 manat olduğunu müəyyən olunur. Ancaq ekspertin xəyali olaraq müəyyən etdiyi məbləğlərin hansı mənbədən əldə olunduğunun naməlum olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə tərəfindən vəsatətimizdə göstərilənlərə əhəmiyyət verilməmiş, qeyd edilən ziddiyətli məqamların aydınlaşdırılması üçün təkrar ekspertizanın keçirilməsinə zərurətin olmadığı qənaətinə gəlinsə də qəbul edilmiş qərardan da göründüyü kimi həmin hallara qərarda aydınlıq gətirilməmiş və heç bir halda əsaslandırılmamışdır. Bildirilir ki, İddiaçı 2019 və 2020-ci illər üzrə gəlir vergisinin hesablanması zamanı ekpert rəyində, vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisi bəyənnamələrində və səyyar vergi yoxlaması ilə müəyyən edilmiş məlumatların heç biri bir-birinə uyğun gəlmir. Göründüyü kimi ekspert vergi ödəyicisi tərəfindən ekspertizaya elektron daşıyıcıda təqdim olunmuş məlumatlara əsaslanaraq verdiyi rəydə 2019-cu ilin gəlir vergisi üzrə xərclərinin məbləğini hətta vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğdən (3.525.170,75-3.720.981,90)=195.811,15 manat çox göstərərək vergi ödəyicisinin ili 175.696,35 manat zərərlə başa vurduğunu qeyd etmişdir. Ekspert rəyi bütövlükdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş, mənbəyi bəlli olmayan elektron daşıyıcıda məlumatlara əsaslanmışdır ki, həmin məlumatlar əsasında verilmiş rəy mötəbər hesab oluna bilməz. Beləliklə də ekspert tərəfindən mənbəyi bəlli olmayan, vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron daşıyıcıda olan məlumatlara əsaslanaraq ekspert tədqiqatı aparmadan rəy verilmiş və rəyin tədqiqat hissəsində hər hansı tədqiqat məlumatları göstərilməmişdir. Yuxarıda göstərilənlər 25 iyul 2022-ci il tarixli 9/2182 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna etdiyindən tərəfimizdən iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatətlə tanış olmağa hər hansı lüzum görməmişdir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi iş üzrə lazımi araşdırma aparılması barədə üzərinə düşən vəzifələri qəti icra etməmiş, mənbəyi bəlli olmayan və həqiqətə uyğun olmayan məlumatlar əsasında verilmiş ziddiyyətli ekspert rəyini mötəbər sübut hesab etməklə qərarını əsaslandırmışdır. Beləliklə, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməməklə iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Dahga sonra İddiaçı vəkili Vəkil2 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını onunla əsaslandırmısdır ki, iş üzrə ekspert rəyinə əsasən İddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ödəmə mənbəyindən vergilər üzrə 42,00 manat müəyyən edilmişdir və məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab etmişdir. Lakin hesab edilir ki, məhkəmə tərəfindən iddianın təmin olunmayan hissəsində sübutlar tam və hərtərəfli araşdırılmamış, məhkəmə qərarı məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlara əsaslanmamışdır. Vergi orqanı iddiaçının əvvəlki dövr üzrə zərərlə işləməsini nəzərə almadan əlavə vergi hesablamış, birinci instansiya məhkəməsi də ekspert rəyində göstərilən məbləğlə kifayətlənmişdir. Halbuki, gəlir vergisi sahibkarın bütün xərcləri çıxıldıqdan sonra əldə etdiyi təmiz qazanc hesab edilir. Halbuki, vergi orqanının kameral və digər qaydada iddiaçının təqdim etdiyi bəyannamələri vaxtı-vaxtında yoxlamaq və nəzarət etmək səlahiyyəti olmuş, bu zaman ərzində heç bir nöqsan aşkar olunmadığı hada, vergi orqanı sonrandan iddiaçıya əlavə vergi hesablanmış, bununla da iddiaçının sahibkar kimi fəaliyyətinə müdaxilə etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, iddiaçının təqdim etdiyi sənədlərin qanuniliyini və təqdim olunan qaimə fakturalar üzrə vaxtında ƏDV hesablayıb dövlət büdcəsinə ödəməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, xx.xx.2022-ci il tarixli 9/2182 saylı ekspert rəyinin nəticələrini mübahisələndirilən qərarla və iş materialları ilə birgə tədqiq etməmişdir. Belə ki, vergi orqanı 2020-ci il üzrə əlavə sadələşdirilmiş vergi hesablamadığı və bu hal tərəflər arasında mübahisə predmeti olmadığı halda, birinci instansiya məhkəməsi əlavə olaraq ekspert rəyinin nəticə hissəsində qeyd olunan 2020-ci il üzrə azaldılmış 2491,88 manat vergini və ona hesablanmış 50 faiz maliyyə sanksiyasını iddiaçıya hesablamışdır. Eləcə də, 2020-ci il üzrə vergi orqanı əlavə vergi hesablamamış və bu hal tərəflər arasında mübahis predmeti olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən 2020-ci ildə hesablanmayan, lakin ekspert rəyi ilə müəyyən olunan 42 manat ödəmə mənbəyində vergini və ona hesablanmış 21 manat maliyyə sanksiyasını iddiaçıya hesablamışdır. Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 tərəflərindən verilmiş şikayətin təmin edilməsini və iddiaçı tərəfin verdiyi şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkilləri X3 və Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; ... 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilərək İddiaçı 01 yanvar 2018-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan vergi dövrü üzrə, gəlirlərinin və ya vergitutma obyektinin azaldılmasına görə 550237,66 manat və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat, ümumilikdə 832113.38 manat (səkkiz yüz otuz iki min yüz on üç manat otuz səkkiz qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini tələb etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, **********148345 saylı səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550237,66 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. Vergilər və məcburi sosial ödənişlər üzrə kənarlaşma ümumilikdə 550237,66 manat müəyyən edilmiş, 281875,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2118 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən: gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat; ƏDV üzrə 47.423,57 manat; sadələşdirilmiş vergi üzrə 2.491,88 manat; ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Daha sonra iş məhkənin icraatımda olan zaman cavabdehin nümayəndəsinin vəsatəti nəzərə alınaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təyin edilmiş təkrar ekspertiza əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/1339 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859.57 manat, əlavə dəyər vergisi üzrə 47.423.57 manat, sədələşdirilmiş vergi üzrə 2.491.88 manat, ödəmə mənbəyindən tutulan vergilər üzrə 42.00 manat müəyyən edilir. Göründüyü kimi hər iki ekspert rəyi eynilik təşkil edir, yəni həm birinci instansiya məhkəməsində, həm də kollegiya tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyləri arasında fərq müəyyən edilmir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52817,02 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd olunmalıdır ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar