Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-95/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-847/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 2/2-9087 nömrəli məktubla bildirilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən, İddiaçı “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında sadalanan ərazilərdə və bu Əsasnamənin onbirinci abzasında qeyd edilmiş döyüş təminatları üzrə əməliyyatlara cəlb olunmadığına görə İddiaçı “Müharivə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
2. AO seriyalı, ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə baş sürücü-çilingər vəzifəsində xidmət etmişdir.
3. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində, baş sürücü vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş və xx.xx.2020-ci il tarixli, 447 nömrəli əmrlə çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonundaxx.xx.2020 xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrinə əsasən İddiaçı 2-cü zenit raket divizionun 2-ci zanit raket batareyasının 2-ci zenit raket heyətinin manqa komandiri-baş operatoru vəzifəsinə təyin edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına İddiaçı da adı daxil edilmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 447 nömrəli əmrə əsasən, kiçik çavuş İddiaçı səfərbərlikdən təxris edilmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından , bütün növ təminatlardan çıxarılmış və çağırıldığı Azərbaycan Respublikasının Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023cü il tarixli, 14/1874 nömrəli və Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2- 3202/2024 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3252/**********021 nömrəli məktubundan görünür ki, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X1 və X5 “Müharibə veteranı” adı verilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışa əsasən, X6 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müharibə veteranlarına verilən 80 manat məbləğində təqaüd alır.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışa əsasən, X2 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müharibə veteranlarına verilən 80 manat məbləğində təqaüd alır.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 44 gün Vətən müharibəsində xidmətdə olmuş və Vətən müharibəsi iştirakçısıdır. Hərbi biletində qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Hərbi xidməti bitənədək həmin ərazilərdə vətənə layiqincə xidmət etmiş və xidməti ilə qürur duymuşdur. Lakin onun adı Müharibə Veteranlarının siyahısına daxil edilməmişdir. Bununla bağlı bir çox sübutları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə" komissiyaya təqdim etsə də, bu günə kimi müraciətinin müsbət həllinə nail ola bilməmişdir.
13. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin həmin tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
14. Cavabdeh iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-5590/2023 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı "Vətən müharibəsi" dövründə iştirakına dair təsdiq edilmiş arayış- məlumatda və ona əlavə edilmiş sənədlərdə xx.xx.2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Bərdə rayon ərazisində divizionun patrul xidmətinin təşkil olunmasında iştirak etmişdir. in Təqdim edilmiş sənədlərə əsasən iddiaçı "Vətən Müharibə" dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında sadalanan ərazilərdə və bu Əsasnamənin onbirinci abzasında qeyd edilmiş döyüş təminatları üzrə əməliyyatlara cəlb olunmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğün hesab edilməmişdir. Hesab edirik ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcüdluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-847/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “hərbi qulluqçular barədə arayış-məlumat”a əsasən, iddiaçı Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı əsasında Bərdə ərazisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizion patrul xidmətinin təşkil olunmasında iştirak etmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. Göründüyü kimi, iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının patrul xidmətində, döyüş əməliyyatları aparılan dövrdə, eyni zamanda Bərdə şəhərində yerləşən xidmət etdiyi bölmədə xidməti vəzifələrini layiqincə yerinə yetirməsi, onun döyüş əməliyyatlarında iştirak etməsinə dəlalət etmir və bununla bağlı məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə işğaldan azad olunmuş ərazi olmayan Bərdə rayonu ərazisində yerləşən xidmət etdiyi bölmədə hərbi xidmət keçərək xidməti vəzifələrini yerinə yetirmişdir. Bərdə rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərə daxil deyildir. Beləliklə görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (2) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərə əsasən, İddiaçı “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında sadalanan ərazilərdə və bu Əsasnamənin onbirinci abzasında qeyd edilmiş döyüş təminatları üzrə əməliyyatlara cəlb olunmadığına görə İddiaçı “Müharivə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
28. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını cavabdehin imtinasının iş materiallarına əlavə edilmiş arayış-məlumatla təkzib edilməsi ilə əlaqələndirmişdir. Belə ki, imtinada iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında sadalanan ərazilərdə və bu Əsasnamənin onbirinci abzasında qeyd edilmiş döyüş təminatları üzrə əməliyyatlara cəlb olunmaması qeyd edilsə də, arayış-məlumatda döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə) iddiaçının Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı əsasında Bərdə ərazisində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizion patrul xidmətinin təşkil olunmasında iştirak etməsi qeyd edilmişdir.
29. İmtinanın və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının patrul xidmətində, döyüş əməliyyatları aparılan dövrdə, eyni zamanda Bərdə şəhərində yerləşən xidmət etdiyi bölmədə xidməti vəzifələrini layiqincə yerinə yetirməsi, onun döyüş əməliyyatlarında iştirak etməsinə dəlalət etmir. Belə ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə işğaldan azad olunmuş ərazi olmayan Bərdə rayonu ərazisində yerləşən xidmət etdiyi bölmədə hərbi xidmət keçərək xidməti vəzifələrini yerinə yetirmişdir və Bərdə rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərə daxil deyildir. Beləliklə görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları yerinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər rütbəsində, baş sürücü vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş və xx.xx.2020-ci il tarixli, 447 nömrəli əmrlə çıxmış, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda xx.xx.2020 xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
31. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 14/1874 nömrəli və Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-3202/2024 nömrəli məktubları ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar.
33. Təqdim edilən Hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumat, həmçinin nizami hissə üzrə əmrlərlə təsdiq olunur ki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə rayonunda xx.xx.2020 - xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.
34. Bundan başqa məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X1 və X5 “Müharibə veteranı” adı verilmişdir.
35. Adıçəkilən şəxslərin təqdim olunmuş hərbi biletlərinin surətindən məlum olur ki, E.Rüstəmov 952№-li hərbi hissənin mexaniki-sürücü elektriki, R.Məlikov isə 952№-li hərbi hissənin batareyasının heyət rəisi vəzifəsində xidmət etmişlər.
36. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.
37. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri).
38. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
39. Göründüyü kimi iddiaçının hərbi xidməti, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərdə öz əksini tapır və bu məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tətbiqi şərtləri ödənilmişdir.
41. Digər tərəfdən adıçəkilən Əsasnamədən məlum olur ki, maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə – 2020-ci ilin sentyabr 27-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyytalarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatın üzrə tapşırıqlarını yerinə yetirmiş; 2. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat üzrə tapşırıqlarını yerinə yetirmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.
42. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
43. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
44. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
45. Hazırki iş üzrə iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirakı müəyyən edilməsə də, təminat tədbirlərinin həyata keçirilməsində -N nömrəli hərbi hissədə xidmət keçməsi, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunması, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması, Bərdə rayonunda xx.xx.2020 - xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etməsi yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır.
46. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-847/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov