Məhkəmə qərarları › İş №2-1(104)-96/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-96/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-96/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının universitetə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “dövlət nümunəli diplom blankının universitetə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 2010-cu il tarixli, 002705 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdir.

2. 2010-cu il tarixli, 003058 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında « tarix müəllimi » ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir.

3. Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2016-cı il tarixli, 506 nömrəli «Təkrar ali ixtisas təhsilinə qəbul haqqında » əmrindən xx.xx.2022-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı X1 Tibb İnstitutunun bakalavriat səviyyəsini "tarix müəllimliyi" ixtisasının 2009-cu il məzunu, təkrar ali ixtisas təhsili almaq üçün 2016/2017-ci tədris ilindən qiyabi təhsil formasının "iqtisadiyyat" ixtisası üzrə (ödənişli) ikinci kursuna qəbul edilmişdir.

4. Vətəndaş haqqında «Tələbə-məzun» dövlət elektron məlumat sistemindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində əlavə təhsil almışdır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 dekabr 2020-ci il tarixli, xx-xx- 1326/15 nömrəli məktubunda qeyd olunur ki, əlavə təhsil üçün müraciət etmiş 37 nəfərdən X4, X16, İddiaçı və X5 istisna olmaqla digər şəxslərin təqdim etdiyi baza təhsili diplomlar dövlət nümunəlidir.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin 05 may 2022-ci il tarixli, MİHO/1.2,L-5-2-2022-419 nömrəli “müraciətə cavab haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 29 dekabr 2020-ci il tarixli xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edərək İddiaçı təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində “tarix-hüquq” ixtisasının 2009cu il məzun olmağına dair təqdim edilən X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHMİ 44 nömrəli diplomun nostrifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığı bildirilmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən ona diplom blankı ayrılmamışdır.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, P- 16884/31-24 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq diplom blankının verilməsi onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbindən mümkün hesab olunmamışdır.

8. Təhsildə Keyfiyyət Təminat Agentliyinin 14 sentyabr 2023-cü il tarixli, 3-29-61/2- 710/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanına əsasən Elm və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə X3nə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Sorğuda göstərilən müddətdə vətəndaşların müraciətlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən Elm və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən baxılmışdır. Sözügedən qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramlarının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı ali təhsil haqqında sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentiyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların İV hissəsinin 1 (bir) və 2 (iki) nömrəli əlavələrinə əsasən, müraciətinə müsbət baxılmış şəxsə hərfi işarələri müxtəlif olan həm ixtisasının ölkə ərazisində tanınması, həm də ixtisas ekvivalentliyinin müəyyən edilməsi barədə müvafiq qeydiyyat nömrəli şəhadətnamə verilirdi. Sorğuda göstərilən 003058T və 002705İ qeydiyyat nömrəli şəhadətnamələr xx.xx.2010- cu il tarixdə X9, 002705T nömrəli şəhadətnamə xx.xx.2010cu il tarixdə X8, müvafiq olaraq 003058İ nömrəli şəhadətnamə isə xx.xx.2011 -ci il tarixdə X11 təqdim edilmişdir.

9. Təhsildə Keyfiyyət Təminat Agentliyinin 30 oktyabr 2023-cü il tarixli, 3-29-61/2- 808/2023 nömrəli məktubunda qeyd olunur ki, Agentlik tərəfindən əvvəlki sorğunun cavablandırılması zamanı Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda göstərilən şəhadətnamələrdən başqa həmin nömrələr ilə digər şəhadətnamələrin vətəndaşlara verilməsi müəyyən edilməmişdir. Həmin dövrdə hərfi işarələri müxtəlif olan ixtisasının ölkə ərazisində tanınması, həm də ixtisas ekvivalentliyinin müəyyən edilməsinə dair sorğuda göstərilən 003058T və 002705İ qeydiyyat nömrəli şəhadətnamələr Elm və Təhsil Nazirliyinin emblemi əks olunan möhür vurulmaqla müəyyən olunmuş formada orijinal tək nüsxələrdə tərtib edilən rəsmi blanklarda xx.xx.2010-cu il tarixdə X9, 002705T nömrəli şəhadətnamə xx.xx.2010-cu il tarixdə X8, müvafiq olaraq 003058İ nömrəli şəhadətnamə isə xx.xx.2011-ci il tarixdə X11 təqdim edildiyindən, surətlərinin məhkəməyə təqdim edilməsi obyektiv səbəblərdən mümkün deyildir. Əlavə olaraq bildirilir ki, qeyd olunan nömrələr ilə təqdim edilmiş şəhadətnamələr qüvvədədir və onların ləğv və ya etibarsız hesab edilməsi barədə qanuni qüvvəsini almış inzibati və məhkəmə aktı mövcud deyildir.

10. Təhsildə Keyfiyyət Təminat Agentliyinin 18 dekabr 2023-cü il tarixli, 3-29-61/2- 919/2023 nömrəli məktubunda qeyd olunur ki, həmin saxta şəhadətnamələrin birinci və apellyasiya instansiya məhkəmələrinin icraat materiallarında yer alması faktına görə həmin sənədlərin kim tərəfindən və hansı əsasla, üsulla və nə vaxt təqdim edilməsinin araşdırılması dövlət orqanının ictimai nüfuzunun və maraqlarının müdafiəsi baxımından əhəmiyyəti nəzərə alınaraq, qeyd olunan faktlara hüquqi qiymət verilməsi üçün Agentlik tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-29- 61/2-856/2023 nömrəli müraciət ünvanlanmışdır.Agentliyin mövcud inzibati məhkəmə mübahisəsində tərəf və ya üçünçü şəxs qismində iştirakı olmadığı üçün, İddiaçı əldə etdiyi etibarsız şəhadətnamələrin mövcudluğundan xəbərsiz olmuş və aşkar olunmuş faktların araşdırılması barədə xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə aid hüquq-mühafizə orqanlarına hər hansı müraciəti olmamışdır.

11. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08 yanvar 2023-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, Təhsildə Keyfiyyət Təminat Agentliyinin İddiaçı məxsus xarici kvalifikasiyaların tanınması haqqında saxta şəhadətnamələrə dair müraciəti Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə əlavə edilərək araşdırıldığı üçün hazırda müvafiq müraciət üzrə yekun qərar qəbul edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Tibb İnstitunun "tarixhüquq" ixtisasının bakalavriat səviyyəsindən ali ixtisas təhsili almışdır. Həmin institutunun 2009-cu il məzunu olaraq, ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qediyyat nömrəli şəhadətnamə ilə notifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X2 Tibb İnstitunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun notifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır. Həmçinin İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2017-ci tədris ilində təkrar ali ixtisas təhsili almaq üçün xx.xx.2022-ci il tarixli ərizə ilə universitetə müraciət etmiş, 2016-2017-ci tədris ilindən universitetin 9 sentyabr 2016-cı il tarixli 506 nömrəli əmri ilə qiyabi təhsil formasının "iqtisadiyyat" ixtisası üzrə ödənişli olaraq ikinci kursuna qəbul olunmuşdur. Universitetinin 20 iyul 2020-ci il tarixli 275 nömrəli əmri ilə ADAU-nun "iqtisadiyyat" ixtisasının tədris planının bütün şərtlərini yerinə yetirdiyinə görə, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyadan) müvəffəqiyyətlə keçdiyinə görə, X12 Göstəricisinə uyğun olaraq, X15 Attestasiya Komissiyasının müvafiq qərarına ( 04 iyul 2020-ci il tarixli 88 nömrəli protokol) əsasən, ona "bakalavr" ali-peşə ixtisas dərəcəsi və adi diplom verilməsi haqqında əmr verilmişdir. Daha sonra Universitet xx.xx.2020-ci il tarixli 10-554 nömrəli məktubla Azərbaycan Respublikasının Təhsil Nazirliyinə diplom blanklarının verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 03-11- 1326/15 nömrəli məktubla müraciətə imtina olunmuş və ona diplom blankı ayrılmamışdır. İddiaçının ilkin ali təhsil barədə aldığı şəhadətnamə heç bir qurumla mübahisələndirilmir və qanuniliyi aşkardır. Sözügedən şəhadətnamənin qanunsuzluğu ilə bağlı heç bir qanuni qüvvəyə minmiş qətnamə yoxdur. Ərizəçinin aldığı ilkin ali təhsil mübahisələndirilmiş, xarici təhsilinin tanınması və ixtisasının akrreditasiya olunaraq ekvivalentliyinin müəyyən edilməsi mərhələsi başa çatmış, müvafiq şəhadətnamə verilmişdir. Bununla belə, ikinci ali təhsilinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində tələbə qəbulu sessiyasının həyata keçirilməsi zamanı baş tutması faktı ona müvafiq quruma müraciət edərək, diplom blankının təqdim olunmasını xahiş etmək hüququ verir. Çünki ikinci təhsili tamamilə qanunvericiliyin tələblərinə tamamilə uyğun həyata keçirilmişdir və təhsil haqqı onun tərəfindən tədris müddəti ərzində davamlı və gecikdirmə olmadan ödənilmişdir. Təhsil haqqı ödədiyi müddət ərzində ona heç bir irad tutulmamış və ya təhlilinə heç bir məhdudiyyət qoyulmamışdır. Lakin hal-hazırda İddiaçı konstution hüquqları pozulur və təhsili ilə bağlı müvafiq qurumlara müraciət etmək hüquqları məhdudlaşdırılır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək, dövlət nümunəli diplom blankının şəxsən verilməsini xahiş etmişdir. Lakin müraciətə aidiyyəti qurum tərəfindən yox, Azərbaycan Respublikasının Təhdildə X3 tərəfindən cavab verilmişdir. Cavab məktubunda isə müraciətlə bağlı olmayan bir məsələyə müraciət bildirilmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. ADAU-ti fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2016-cı il tarixli, 506 nömrəli « Təkrar ali ixtisas təhsilinə qəbul haqqında » əmrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, həmin əmrin verilməsinə əsas olmuş sənədlərdən biri də Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 nömrəli Şəhadətnamədir. Deməli iddiaçının xarici ölkədə aldığı təhsillə bağlı diplom cavabdeh tərəfindən tanınmaqla müvafiq şəhadətnamə verilməsinə baxmayaraq, hazırda Azərbaycan Respublikasında almış olduğu təhsillə bağlı imtinada qeyd olunan əsasla diplom blankı verməkdən imtinası əsaslı sayıla bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, P-16884/31-24 saylı məktubunun məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçı xarici dövlətin ali təhsil sahəsində aldığı ixtisasın tanınması məqsədilə Təhsil Nazirliyinin müvafiq struktur bölməsinə müraciət etməmişdir. İddiaçı ixtisasının tanınması ilə bağlı müraciət etmədiyi halda məhkəmə onun təqdim etdiyi şəhadətnaməni dövlət nümunəli sənəd kimi qiymətləndirmişdir. Məhkəmə sübut kimi təqdim olunan şəhadətnamənin iddiaçı tərəfindən necə və hansı qaydada əldə olunmasını araşdırmaq əvəzinə bu məsələyə heç bir münasibət bildirməmişdir. Nazirliyin bu məktubunun məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə şəhadətnamələrin həqiqiliyi və əsaslığı barədə nazirliyə sorğu vermişdir. Nazirliyin məktubunda iddiaçının tanınma ilə bağlı müraciət etmədiyi bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Bildirilir ki, qanunvericiliklə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi bilavasitə Təhsil Nazirliyinin funksiyasına daxildir. Hər hansı bir digər orqana belə bir səlahiyyət verilməmişdir. İddiaçının adına yazılmış Şəhadətnamələrin Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar görünür. Lakin işə baxan məhkəmə bunu nəzərə almamışdır. Qüvvədə olan təhsil qanunvericliyə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini Nazirlər Kabineti təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsili Nazirliyi verir. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2020-ci il tarixli, 10-554 saylı məktubuna cavab olaraq, Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli xx-xx-1326/15 saylı məktubunda iddiaçının adına diplom blankının verilməməsinin əsası qeyd edilmişdir. Lakin işə baxan məhkəmə nazirliyin məktubunda göstərilən əsasa sübut kimi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 5.1.3-ci bəndində qeyd edilir ki, Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Yəni təkrar ali təhsilə qəbulun əsas şərtlərindən biri ərizəçinin ilkin ali baza təhsilinin olmasıdır. Hazırkı halda iddiaçının ilkin ali baza təhsilinin olmasını təsdiq edən rəsmi sənəd mövcud deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. ADAU-ti fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki, ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində və AMEAda saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisəsinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə müvafiq tələb məzunlar tərəfindən Təhsil Nazirliyinə qarşı irəli sürülə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, diplom blankları Təhsil Nazirliyi tərəfindən yalnız təhsil müəssisələrinə verilir. Universitetin fəaliyyətdə olmasını nəzərə alaraq və qanunvericliyə əsasən bu kateqoriyadan olan iddia tələbləri diplom verən ali təhsil müəssisəsinə qarşı irəli sürülməlidir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 003058 və 002705 nömrəli şəhadətnamələr Elm və Təhsil Nazirliyi tərəfindən verilmədiyindən, habelə onun necə və hansı qaydada əldə edilməsinin və kim tərəfindən hazırlanmasının araşdırılması məqsədi ilə sənədlərin prokurorluğa göndərilməsinə zərurət yaranmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Cavabdehin apellyasiya şikayətinə dair iddiaçı tərəfin mülahizəsi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi İ.Quliyeva apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, blank cavabdeh orqanın blankdır. Lakin vətəndaşın təqdim etmiş olduğu şəhadətnamələr inzibati orqanda qeyd edilməmiş, iddiaçının onlara hər hansı müraciəti belə olmamışdır. İddiaçının təqdim etdiyi şəhadətnamələr onlar tərəfindən verilməmişdir, lakin həmin şəhadətnamələrin ləğv və ya etibarsızlığı ilə bağlı tərəflərindən heç bir akt qəbul olunmamışdır. Universitetə diplom blankı Təhsil Nazirliyi tərəfindən təqdim edilir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxsin nümayəndəsi T.Rzayeva apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, vətəndaş şəhadətnaməni onlara təqdim etmiş və bunun əsasında ikinci ali təhsilə qəbul olunmuşdur. Həmin şəhadətnamələr Təhsil Nazirliyinin blankında tərtib olunduğundan və təsdiqləndiyindən nəzərə alınmışdır. Universitetin şəhadətnamənin qanuniliyinin yoxlanılması ilə bağlı heç bir öhdəliyi yoxdur. Şəxs universitetə qanuni əsaslarla qəbul olunub və təhsilini almışdır.

23. Hazırki məhkəmə iclası barədə tərəflərə məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 42. Təhsil hüququ. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair” 1 saylı Protokol (20 mart 1952-ci il) Maddə 2. Təhsil hüququ: Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

26. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.7-ci maddəsinə əsasən bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşəixtisas dərəcəsidir. 1.0.17-ci maddəsinə əsasən əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının: 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş, lakin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

31. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı X2 Tibb İnstitunun "tarix-hüquq" ixtisasının bakalavriat səviyyəsi üzrə ali ixtisas təhsili almış və ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qediyyat nömrəli şəhadətnamə ilə notifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Daha sonra iddiaçı qeyd olunan şəhadətnaməyə əsasən 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində əlavə təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edilərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X2 Tibb İnstitunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun notifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirilmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır.

32. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin 05 may 2022-ci il tarixli, MİHO/1.2,L-5-2-2022-419 nömrəli “müraciətə cavab haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 29 dekabr 2020-ci il tarixli xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edərək iddiaçının təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində “tarixhüquq” ixtisasının 2009-cu il məzun olmağına dair təqdim edilən X1 Tibb İnstitutunun 000003 qeydiyyat nömrəli, PHMİ 44 nömrəli diplomun nostrifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığı bildirilmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən ona diplom blankı ayrılmamışdır.

33. Göründüyü kimi hazırki mübahisə iddiaçının ikinci ali təhsilini başa vurması səbəbindən ona diplom blankının cavabdeh inzibati orqan tərəfindən ayrılmamasından irəli gəlmişdir. Cavabdeh orqanın imtinasına əsas iddiaçının ilk ali təhsilinə dair diplomun qanuni əsasla nostrifikasiya edilməməsi və təqdim edilən şəhadətnamənin qanuniliyinin mübahisələndirilməsidir.

34. İşdə olan 2010-cu il tarixli, 002705 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır və sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir.

35. 2010-cu il tarixli, 003058 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında « tarix müəllimi » ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh orqan imtinasını əsaslandırdığı halı sübut edə bilməmiş, iddiaçının hüquqlarının həyata keçirilməsinə suni maneə xakarteri daşımışdır.

37. Belə ki, iddiaçının adına verilmiş şəhadətnamələr hazırda qüvvədədir, onların saxta və ya qanunvericiliyə uyğun olmamasına, ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı bir qərar (inzibati akt) mövcud deyildir. Məhkəmə tərəfindən verilmiş sorğular üzrə həmin şəhadətnamələrin ləğv və ya etibarsız sayılmasına dair cavabdeh tərəfindən heç bir sənəd təqdim olunmamışdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair» 30 iyun 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Qeyd olunmalıdır ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.

39. Belə olan halda cavabdeh inzibati orqanın imtinasının əsaslandırdığı hal subyektin konstitusion hüququ olan təhsil hüququnun pozulmasına və qeyri-adekvat məhdudiyyət tətbiq edilməsinə gətirib çıxarır.

40. Belə ki, inzibati orqanın imtinası şəxsin pozulan hüququna mütənasib olmalı və hakimiyyət səlahiyyətini həyata keçirən subyekt bununla bağlı hüququndan sui-istifadə etməməlidir.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

42. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

43. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 4 dekabr 1960-cı il tarixli BMT Baş Assambleyası tərəfində qəbul edilən (2 dekabr 2006-cı il tarixli qanunla Azərbaycan Respublikası MM tərəfindən təsdiq edilmişdir) Konvensiyanın 1-ci madəsində qeyd olunur ki, bu Konvensiyada “ayrı-seçkilik” ifadəsi məqsədi və ya nəticəsi təhsil sahəsində rəftara münasibətdə bərabərliyi ləğv etmək, yaxud pozmaq olan irq, dərinin rəngi, cins, dil, din, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, iqtisadi vəziyyət, yaxud doğum əlamətinə görə hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutmanı, o cümlədən: a) hər hansı bir şəxsin və ya şəxslər qrupunun təhsilin hər hansı bir dərəcəsindən, yaxud tipindən məhrum edilməsini; b) hər hansı bir şəxs və ya şəxslər qrupu üçün təhsili onun aşağı səviyyəsi ilə məhdudlaşdırmağı; c) bu Konvensiyanın 2-ci maddəsinin müddəalarında nəzərdə tutulan hallardan başqa, hər hansı şəxslər, yaxud şəxslər qrupu üçün ayrı təhsil sisteminin və ya tədris müəssisələrinin yaradılması, yaxud saxlanmasını; yaxud d) hər hansı şəxsin, yaxud şəxslər qrupunun insan ləyaqəti ilə bir araya sığmayan vəziyyətə salınmasını əhatə edir.

44. Avropa Məhkəməsinin “Lautsi və başqaları İtaliyaya qarşı” iş üzrə xx.xx.2011ci il tarixli qərarında qeyd olunur ki, Konvensiya 1 saylı Protokolun 2-ci maddəsindəki “hörmət etmək” ifadəsi, “tanımaq” və “nəzərə almaq” ifadəsindən daha çox şeyi ifadə edir; özünün neqativ əsaslı öhdəliyindən əlavə o, dövlət tərəfindən bəzi pozitiv öhdəlikləri də nəzərdə tutur (Bax: Avropa Məhkəməsinin “ Kempbell və X6rşı” iş üzrə qərarı). Bununla belə, Konvensiyanın 8-ci maddəsində də rast gəlinən “hörmət etmək” ifadəsinin anlayışının tələbi müxtəlif işlərdə tətbiq olunan təcrübənin müxtəlifliyi və iştirakçı dövlətlərdə yaranmış situasiyalar nəzərə alınmaqla əhəmiyyətli dərəcədə dəyişir. Nəticədə, iştirakçı dövlətlər cəmiyyət və ayrı-ayrı şəxslərin tələbat və ehtiyaclarını lazımi qaydada nəzərə almaqla Konvensiyaya riayət edilməsinin təminatı üçün hansı tədbirlərin qəbul edilməsini müəyyən edərkən geniş mülahizə sərbəstliyindən istifadə edirlər.

45. Apellyasiya şikayətinin dəlilində həmçinin iş üzrə cavabdehin əsl cavabdeh olmadığını qeyd edilmişdir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”

47. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir.

48. 3.1. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir.

49. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

50. 3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır.

51. 3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar.

52. Göründüyü kimi ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

53. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 dekabr 2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubunda qeyd olunur ki, əlavə təhsil üçün müraciət etmiş 37 nəfərdən X4, X16, İddiaçı və X5 istisna olmaqla digər şəxslərin təqdim etdiyi baza təhsili diplomlar dövlət nümunəlidir. Təkrar ali təhsil almaq üçün sənəd təqdim etmiş 37 nəfər namizəddən 33-nün universitetə qəbulunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 163 nömərli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunun, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın tələbləri gözlənilməklə həyata keçirilməsinə Təhsil Nazirliyi etiraz etmir.

54. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, P- 16884/31-24 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq diplom blankının verilməsi onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması səbəbindən mümkün hesab olunmamışdır.

55. Məhkəmə tərkibi qeyd edir ki, Qaydalarda da diplom blankının verilməsinin hazırki cavabdeh tərəfindən həyata keçirilməsi təsdiq olunur.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1696/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar