Məhkəmə qərarları › İş №2-1(104)-97/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-97/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-97/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “avtomobil qoşqusunun qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-388/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə müraciət edərək özü tərəfindən hazırlanmış minik avtomobili üçün qoşqunun qeydiyyata alınıb dövlət nişanının verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qanunvericiliyə görə fiziki şəxs tərəfindən düzəldilmiş minik avtomobili üçün qoşqu ekspertdən keçdikdən sonra qeydiyyata alına bilər. Odur ki, ekspertdən keçməsi üçün ona göndəriş verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinin 3 iyun 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən, istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinə qarşı avtomobil qoşqusunun standartlara uyğun olub-olmaması barədə baxış keçirərək akt verilməsi, uyğun olduğu təqdirdə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qoşqunu bu sahədə fəaliyyət göstərən mütəxəssis yardımı ilə özü düzəltmişdir. Qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş, sözügedən qoşquya baxış keçirilməmişdir.

5. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli etirazında imtina məktubunda qeyd olunanları müdafiə edərək bildirmişdir ki, vətəndaşın müraciətinə qanunamüvafiq qaydada baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması" haqqında Əsasnamənin 2.12-ci bəndinə əsasən, istehsalçı zavod tərəfindən buraxılmış, müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrindən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-388/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia tələbi təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(104)-205/2022 nömrəli qərarı ilə (hakimlər A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

Kassasiya instansiya məhkəməsində icraat:

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1337/2022 nömrəli, xx.xx.2022-c il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim: İ.Hüseynov, hakimlər: N.Rəsulbəyova, X.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2-1(104)-205/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, istər cavabdehin məktubunda, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının qeydə aldırmaq istədiyi qoşqunun məhz hansı standartlara uyğun gəlmədiyi müəyyən edilməmişdir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

14. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinin üzərinə ümumi çəkisi 750 kq olan, qabarit ölçüləri: uzunluğu 0,92 m qoşqu qolu ilə birlikdə 4,5 m, eni 1,82 m, bortları 0,4 m olmaqla, 1,0 m hündürlüyə malik olan minik avtomobili üçün qoşqunun qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

15. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Cavabdeh inzibati orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu:

17. 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə: 2.Nəqliyyat vasitələrinin qeydiyyati

18. 2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır...

19. 2.12. Bu Əsasnamənin 2.11-ci bəndində uyğun sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitələri mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyinə təsdiq edən sənədlər əsasında "Avtomobilçi" cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini və DYP İdarəsi ilə razılaşdırılmış "Fərdi qaydada hazırlanmış nəqliyyat vasitələrinə texniki tələblər"ə uyğun olarsa bu Əsasnamənin 2.8.-ci bəndində göstərilən qaydada həmin nəqliyyat vasitələri qeydiyyata alınır. İstehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X1 nəzarəti qaydaları barədə” Təlimat (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir):

20. 10. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasına dair tələblər.

21. 10.1. Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısı (Təlimata 6 №-li əlavə) Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən müəyyən edilir. Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ ilə razılaşdırılması üçün vətəndaşlar ərizə (Təlimata 3 nömrəli əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər.

22. 10.2. Layihə sənədlərinin işlənib hazırlanması və razılaşdırılması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə fərdi qaydada hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl, motorollerlər və onların yanına qoşulmuş kolyaskalar, habelə sadə formada yenidən quraşdırılan nəqliyyat vasitələri aiddir.

23. 10.3. Fərdi qaydada hazırlanmış minik avtomobillərinin, motosikl və qoşquların konstruksiyalarının şəhər (rayon) “Avtomobilçi” Cəmiyyətinin texniki komissiyaları və yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki tələblərə (Təlimata 4 nömrəli əlavə) uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər və qoşqular texniki tələblərə uyğun gəldikdə, komissiya və ya institut (laboratoriya) tərəfindən X2 İdarəsinə təqdim edilmək üçün rəy (cizgi, sxem və fotoşəkillər əlavə edilmək şərti ilə) yazılır və həmin rəy (Təlimata 5 nömrəli əlavə) avtonəqliyyat vasitələrini qeydiyyata götürmək və istismar etmək üçün əsas sayılır.

24. 10.4. Avtomobil zavodları tərəfindən kütləvi istehsal olunan nəqliyyat vasitələrinin ehtiyat hissələrdən (aqreqat və qovşaqlardan) fərdi qaydada yığılmasına icazə verilmir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

25. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

26. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

27. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

29. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:

30. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

32. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

35. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

38. Göründüyü kimi iddiaçı özü tərəfindən minik avtomobili üçün qoşqu hazırlamış, müvafiq dövlət qeydiyyatına alınmasına dair cavabdeh inzibati orqana müraciət etsə də, inzibati orqan tərəfindən inzibati icraat və araşdırma aparılmadan bundan imtina edilmişdir.

39. İnzibati orqan tərəfindən 03 iyun 2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə əsasən, istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

40. xx.xx.2021-ci il tarixli etirazında qeyd edilmişdir ki, vətəndaşın müraciətinə qanunamüvafiq qaydada baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması" haqqında Əsasnamənin 2.12-ci bəndinə əsasən, istehsalçı zavod tərəfindən buraxılmış, müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrindən nəqliyyat vasitələrinin yığılmasına icazə verilmir.

41. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş məktubda bildirilmişdir ki, iddiaçı qeyri-zavod üsulu ilə hazırladığı 4 (dörd) təkər üzərində olan uzunluğu 3 metr 60 sm (3.60), eni 1 metr 82 sm (1.82), hündürlüyü 1 metr, bortun hündürlüyü 0.40 sm olan qoşqunun qeydiyyata aldırmaq üçün baxışa təqdim etmişdir. Təqdim edilmiş qoşquda quraşdırma işləri adi metal, mənşəyi bilinməyən, sertifikatı olmayan profil üzərində aparılmış, təkərlərin ikisi 0.50 sm olan metal borunun uclarına qaynaq edilmiş diyircəkli diskə bərkidilmiş, digər ikisi isə metal ötürücü ilə markası məlum olmayan minik avtomobilinin ehtiyat hissəsi, ressorları və amortizatorlarına qaynaq yolu ilə xamıtla bərkidilmişdir. Tormoz sistemi qeyri-zavod üsulu ilə tənzimlənmişdir. Döngə bucağı və mexaniki dairənin tənzimlənməsi təmin edilməmişdir. Odur ki, kustar üsulu ilə hazırlanmış qoşqu hərəkətdə olan digər nəqliyyat vasitələrinə, hərəkət iştirakçılarına, təhlükə yaradıb, yol nəqliyyat hadisələrinə səbəb ola bilər.

42. Göründüyü kimi imtinanın dəlili istehsalçı zavod tərəfindən buraxılmış, müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunmuş hissələrindən nəqliyyat vasitələrinin yığılmasına icazə verilməməsi və kustar üsulu ilə hazırlanmış qoşqu hərəkətdə olan digər nəqliyyat vasitələrinə, hərəkət iştirakçılarına, təhlükə yaradıb, yol nəqliyyat hadisələrinə səbəb olma ehtimalı olmuşdur. Lakin cavabdeh inzibati orqan sərbəst quraşdırılmış və hazırlanmış nəqliyyat vasitəsinin mülkiyyətçilərinin adına aqreqatların, dəstlərin (qovşaqların), hissələrin və materialların alınmasının qanuniliyinə təsdiq edən sənədlər əsasında "Avtomobilçi" cəmiyyətinin texniki nəzarət komissiyasının rəyini almamış, heç bir inzibati icraat aparmamış, istər iddiaçının müraciəti zamanı, istərsə də məhkəmə icraatı zamanı iddiaçının qeydə aldırmaq istədiyi qoşqunun məhz hansı standartlara uyğun gəlməməsinə dair heç bir sənəd təqdim etməmişdir.

43. Məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikası “Gəncə Avtomobil zavodu” İstehsalat birliyinin 24 fevral 2023-cü il tarixli, 13-21/2-110/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ilk baxışdan qoşqunun yeni olmaması təsbit olunmuş, sahibkar isə öz növbəsində qoşqunun 2 (iki) ildir ki, istifadə etdiyini söyləmişdir. İlin müvafiq aylarında mövsümi olaraq ancaq öz şəxsi arı qutularını daşıdığını və başqa yükdaşımaya istifadə etmədiyini bildirmişdir. Qabarit ölçüləri: uzunluğu 0,92 m qoşqu qolu ilə birlikdə 4,5 m, eni 1,82 m, bortları 0,4 m olmaqla, 1,0 m hündürlüyə malik olmaqla, — 380 kq çəkiyə malikdir.Qoşqu başlığı A50-1-İƏ düzbucaqlı profillərdən qaynaqla yığılmış çərçivəli platformadan (bortlu) yayğm 350 kq yükün daşınmasına uyğundur.Konstruksiyada həmçinin nəqliyyat vasitələrinin istehsalı üçün nəzərdə tutulmuş 10 qatlı 1200 x 45 x 6,5 (mm) ressorlar, 3102-2915 402-02 amortizatorlar, standart stabilizator çubuğu, balansir və 4 ədəd yük götürmə qabiliyyəti 470 kq-a (hər biri) hesablanmış 175/70 R13 Kama-208 şinləri ilə və tarazlığı təmin edən domkratla, 2 ədəd başmaqla təchiz olunmuşdur.Yarımqoşqunun hazırlanması zamanı açıq qalmış profil başlarının qapadılmasını, zəif və yarımçıq qalmış qaynaq tikişlərinin möhkəmləndirilməsini, sığorta-qoruyucu halatın başlantılarının daha güvənli hala gətirilməsini, əlavə olaraq işıq əksetdirici nişanların ön və yanlarda quraşdırılmasını, eləcə də maksimal hərəkət sürəti 60 km/s nişanının olmasını, təkəraltı “başmaqların” eninin az olduğunu təsbit etmişlər. Təsnifat kateqoriyasına görə ümumi çəkisi 750 kq olan yarımqoşqular Tun-01-ə aid edilir ki, onlar da əyləc sisteminin quraşdırılmasına dair net qərar bildirilmir. Çəkisi avtomobilin ümumi çəkisinin 4-dən artıq olmaması şərtinə əməl olunmalıdır. OCT 37.001.220-80 n.n.1.1, n.n.1.2. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il 39 №-li qərarının 2.8-ci bəndində məktubda göstərilən imtina səbəbinə dair heç bir uyğunluq olmadığını da vurğulamışlar.Göründüyü kimi kustar üsulla yığılsa da, standart avtomobil hissələrindən hazırlanmış qoşqu ekoloji cəhətdən təhlükəsizdir. Qoşqu hərəkət zamanı başqa nəqliyyat vasitələrinə təhlükə ola bilməz, qəza şəraitinin yaranması və baş verməsi isə böyük əksəriyyət hallarda idarə edən sürücü tərəfindən edilir. Təbii ki, ixtisaslaşdırılmış emalatxana və ya zavod şəraitində hazırlansaydı təhlükəsizliyinə tam zəmanət verilərdi.

44. Məhkəmə kollegiyası hesab edir ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X1 nəzarəti qaydaları barədə” Təlimatın 10.3-cü bəndində qeyd edilən fərdi qaydada hazırlanan qoşqulara dair standart tələblərə uyğun olaraq hazırlanmış qoşqu vasitəsi olması səbəbindən iddiaçının hazırladığı qoşqunun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası əsassızdır.

45. Belə ki, imtinanın istehsalçı zavod tərəfindən buraxılmış müəyyən tipli nəqliyyat vasitələrinin ehtiyat hissələrindən, yaxud çıxdaş edilərkən yenidən bərpa olunan hissələrdən nəqliyyat vasitələrinin yığılmasına icazə verilməməsi qeyd olunsa da heç bir əsaslandırılma qeyd edilməmişdir.

46. Məhkəmə kollegiyasına təqdim olunmuş mütəxəssis rəyində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il 39 №-li qərarının 2.8-ci bəndində məktubda göstərilən imtina səbəbinə dair heç bir uyğunluq olmadığı vurğulanmış, kustar üsulla yığılsa da, standart avtomobil hissələrindən hazırlanmış qoşqunun ekoloji cəhətdən təhlükəsiz olması, qoşqu hərəkət zamanı başqa nəqliyyat vasitələrinə təhlükə ola bilməməsi, qəza şəraitinin yaranması və baş verməsi isə böyük əksəriyyət hallarda idarə edən sürücü tərəfindən olması müəyyən edilmişdir.

47. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddiaçının tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-388/2022 nömrəli qərarı ləğv edilsin. Yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Gəncə şəhəri 9 saylı rayonlararası qeydiyyat- imtahan və texniki baxış şöbəsinin üzərinə İddiaçı məxsus ümumi çəkisi 750 kq olan, qabarit ölçüləri: uzunluğu 0,92 m qoşqu qolu ilə birlikdə 4,5 m, eni 1,82 m, bortları 0,4 m olmaqla, 1,0 m hündürlüyə malik olan minik avtomobili üçün qoşqunun qeydiyyata alınması öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər İslam Həsənov, Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar