Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-98/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2977/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2/2-5228 nömrəli məktubdan görünür ki, iddiaçı barəsində təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının vəvəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 764 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 062 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 022 nömrəli əmrlərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Vətən Müharibəsində iştirak etmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə təqdim edilmiş xx.xx.2024-cü i tarixli 2/2-4432 nömrəli məktubda qeyd edilmişdir ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci İl tarixdən 10 noyabr 2020-ci İl tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstənlən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2024-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
4. “Müharibə veteranı” və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, çavuş rütbəsində olmuş, 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş, döyüş atışları həyata keçirməmiş, Gəncə, Şəmkir, Samux və Göygöl ərazilərində iştirak etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasını və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində iştirak etmişdir. Tam və qısaldılmış döyüş heyətləri tərkibində döyüş növbətçiliyinə cəlb olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizion tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etmişdir. Həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmişdir.
5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Mikayıl-zadə Səxavət Arzuman oğlu ilə bağlaşma əsasında, 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2015ci il tarixdən şəxsi heyətin siyahısının bütün növ təminatına daxil edilmiş, 7-ci S-125-2TM zenit raket divizionunun idarəetmə bölməsinin radiorele stansiyasının (R-409. R-415) sürücü-elektriki vəzifəsinə təyin edilmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 71 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Mikayıl-zadə Səxavət Arzuman oğlu ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Gəncə şəhəri Nizami rayon Şöbəsinə göndərilmişdir.
7. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 238 nömrəli arayışdan görünür ki, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli döyüş əmrləri ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş və yaralanmamışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-14/2-vət-1xx/xx/2025 nömrəli məktubundan görünür ki, 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X5, X6 və X3 “Müharibə veteranı” adı verilmişdir. Həmçinin qeyd edir ki, adları qeyd olunan vətəndaşlara “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetindədir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 149 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət edən X8, X9 və X7 27.09-xx.xx.2020-ci il tarixlərdə hərbi hissədə xidmət etmişlər. Adı göstərilən hərbi qulluqçular 27.09-xx.xx.2020-ci il tarixlərdə aşağıda göstərilən vəzifələrdə olmuşdurlar: - X8 N nömrəli hərbi hissənin 3-cü divizionun radiotexniki batareyasının Qəbuledici və Ötürücü qurğular bölməsinin rəisi vəzifəsində xidmət edib və düşmənin hava hədəflərinin vaxtında aşkarlanmasında, divizionun düşmənin atəş zərbələrinin altından vaxtında çıxarılmasında iştirak edib; - X9 - N nömrəli hərbi hissənin 3-cü divizionun radiotexniki batareyasının Qəbuledici və Ötürücü qurğular bölməsinin heyət rəisi vəzifəsində xidmət edib və düşmənin hava hədəflərinin vaxtında aşkarlanmasında, divizionun düşmənin atəş zərbələrinin altından vaxtında çıxarılmasında iştirak edib; - X7 N nömrəli hərbi hissənin 3-cü divizionun döyüşü idarəetmə bölməsinin P-18MA radiolokasiya stansiyasının baş operatoru vəzifəsində xidmət edib və düşmənin hava hədəflərinin vaxtında aşkarlanmasında və P-18MA radiolokasiya stansiyasının vaxtında manevr etdirilməsində iştirak edib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın imtinasının qanunsuz hesab olunması və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 062 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 022 nömrəli əmrlərə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci Eşalonun tərkibində Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilən siyahıya əlavə edilmişdir. O, hazırda müharibə veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona imtina verilmişdir.
12. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 2977/2024 nömrəli qərardadı ilə həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-4769/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dıspozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi - Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi - Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan sənədlərdən də görüyündüyü kimi iddiaçının iştirak etdiyi ərazilər (Gəncə, Şəmkir, Samux, Göygöl rayonları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli, 216 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadıgına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Muharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
15. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü tarixli, 2-1(114)- 2977/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan imtinasında arayış məlumatın 8-ci (iştirak etdiyi ərazilər: Gəncə, Şəmkir, Samux, Göygöl rayonları) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2977/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda onun döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilsə də, faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. Belə ki, İddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə döyüş tapşırığı üzrə tapşırıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki, döyüş təminatı üzrə tapşırıq anlayışı bölmənin döyüş vasitələrinə fasiləsiz elektrik enerjisi verilməsindən ibarət deyildir. İşin faktiki hallarından görünür ki, iddiaçı Gəncə, Şəmkir, Samux və Göygöl şəhərlərində hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
23. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: - Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir
26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
27. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
28. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
30. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
41. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
45. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqanın imtinasının əsası kimi, iddiaçının xidmət keçdiyi hərbi hissənin yerləşdiyi yerin aktiv döyüş gedən ərazi meyarlarına uyğun gəlməməsi olmuşdur.
46. Məhkəmə kollegiyası ilk əvvəl “müharibə veteranı” statusunun verilməsi ilə bağlı qeyd edir ki, “Müharibə veteranı” statusu hərbi hissə (bölmə) və ya orqanların tərkibində aktiv döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara yanaşı, həmçinin həmin əməliyyatların bütün təminat növləri, o cümlədən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmuş şəxslərə də verilir.
47. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinasının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” N nömrəli hərbi hissə tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2015-ci il tarixdə, 15 nömrəli əmrlə daxil olmuş, MAHHXHQ çavuş rütbəsində, 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmrinə və Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0113 nömrəli döyüş əmrinə əsasən bütün bölmələr ehtiyyat mövqelərini manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər Ömər aşırımı istiqamətində əkshücum aparan qoşun qruplaşmasını və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təminində iştirak etmişdir. Tam və Qısaldılmış döyüş heyətləri tərkibində döyüş növbətçiliyinə cəlb olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizionun tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etmişdir. Həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmişdir.
48. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsi “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə Arayış-məlumat ilə öz təsdiqini tapır.
49. Qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər də müharibə veteranı hesab edilirlər.
50. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndə qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.
52. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndində isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır.
53. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin arayış-məlumatından görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə xx.xx.2015-ci il tarixdə, 15 nömrəli əmrlə daxil olmuş, MAHHXHQ çavuş rütbəsində, 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmrinə və Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0113 nömrəli döyüş əmrinə əsasən bütün bölmələr ehtiyyat mövqelərini manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun qruplaşmasını və Gəncə, Şəmkir, Samux və Göygöl istiqamətində yerləşən mühüm obyektlərin hava hücumundan müdafiəsinin təşkili zamanı bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı divizionun tərkibində döyüş əməliyyatlarının aparılmasında iştirak etmişdir. Həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmişdir.
54. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 238 nömrəli arayışdan görünür ki, İddiaçı Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0113 nömrəli döyüş əmrləri ilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş və yaralanmamışdır.
55. Göründüyü kimi, Vətən müharibəsi zamanı iddiaçının hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının N nömrəli hərbi hissənin təkibində hərbi xidməti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinin təsir dairəsinə düşür.
56. Digər tərəfdən, iddiaçı məhkəmə kollegiyasının iclasında onunla eyni hərbi hissənin eyni divizonunda xidmət etmiş şəxslərə müharibə veteranı statusunun verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubundan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X4, X5, X6 və X3 “Müharibə veteranı” adı verilmişdir.
57. İş materiallarından göründüyü kimi iddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, çavuş rütbəsində 3-cü divizionun enerji təminat bölməsinin manqa komandiri vəzifəsində olmuş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş məktubda yuxarıda qeyd edilən şəxslərin N nömrəli hərbi hissənin 3-cü divizionunda xidmət etmələri və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmələri qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə eyni hərbi hissədə, eyni divizionda xidmət etmiş və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş digər şəxslərə münasibətdə cavabdeh inzibati orqanın fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi məqbul sayıla bilməz.
58. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
59. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
60. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
61. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
62. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
63. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, cavabdeh orqanın müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi əsassız olmuşdur.
64. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə məlumatlar, onun hərbi əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi və hərbi hissənin döyüş əməliyyatlarında iştiraka cəlb edilməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır.
65. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2977/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.