Məhkəmə qərarları › İş №2-1(104)-99/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-99/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-99/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və əvvəlki illər üçün ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-1969-cu illərin və həmin musiqi məktəbində 1967-1969-cu illərində müəllim-pedaqoq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə verərək, 1965-1969-cu illərdə Ağdam rayon Musiqi məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, pensiyasının təyin edilməsi və geriyə 3 il pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 saylı qərarı ilə (F.Hüseynov) iddia təmin edilmiş, X2 xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına X11 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1965-1969-cu illərdə Üzeyir Hacıbəyov adına X11 məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-1931/2022 saylı qərarını ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-183/2023 saylı qərarı ilə (hakimlər A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarı İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına X11 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmişdir. İddia tələbinin İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Üzeyir Hacıbəyov adına X11 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 nömrəli qərarının xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi hissəsində dəyişdirilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi (vəkil) Səbinə İsayeva kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 183/2023 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi ilə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində xüsusi olaraq vurğulanmışdır ki, 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı (03 il 09 ay 20 gün) dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1546/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)- 183/2023 saylı qərarı mübahisə olunan hissədə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayon Musiqi Məktəbində həm əyani oxumuş, həm də 1967-1969-cu illərdə müəllim işləmişdir. Həmin iş stajı əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə Ağdam Musiqi Məktəbini bitirməyi barədə diplom almışdır. O, cavabdehə müraciət edərək təhsil illərinin iş stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 23 il 08 ay 23 gün təşkil edir: 1) xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən; xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; 2) xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 il 04 ay 11 gün; 3) xx.xx.1988ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; 4) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 05 il 08 ay 28 gün təşkil edir: 1) 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. 2) xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün: Qeyd edirik ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli **********6 nömrəli imtina məktubu ilə mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.2008-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının ilkin şəxsiyyətini təsdiq edən sənəd xx.xx.2019-cu il tarixdə verildiyindən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq onun yaşa görə əmək pensiyası hüququna baxılmışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı, ümumilikdə, 23 il 08 ay 23 gün təşkil edir: xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətinə əsasən, xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində işlədiyi 01 il 09 ay 19 gün; xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək Gəncə şəhər 1 saylı musiqi məktəbində işlədiyi 18 İl 04 ay 11 gün; xx.xx.1988ci il tarixdən xx.xx.1990-cı il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 02 il 04 ay 23 gün; xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə işlədiyi 01 il 02 ay 03 gün. İddiaçının mübahisələndirilən sığorta stajı, ümumilikdə, 05 il 08 ay 28 gün təşkil edir: 432085 nömrəli diploma əsasən xx.xx.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam rayon musiqi məktəbində təhsil aldığı 03 il 09 ay 20 gün: Sözügedən dövr üzrə iddiaçının əyani təhsil almasını təsdiq edən arayış olmadığı üçün həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Moskva şəhəri uşaq bağçasında işlədiyi 01 il 11 ay 08 gün. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı hər hansı müqavilə olmadığı üçün iddiaçının sözügedən əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətini qəbul etmədi. Ağdam rayonu Musiqi Məktəbində 1965-1969-cu illərdə fortopiano ixtisası üzrə əyani təhsil aldığını, müəllim çatışmazlığı olduğuna, həmçinin bacarığına görə üşüncü kursdan başlayaraq aşağı kurs tələblərinə dərs də demişdir. Yəni 1967-ci ildən 1967-ci ilədək X11 məktəbində (Müsiqi Məktəbində) əyani təhsil alması ilə yanaşı dərsdən sonrakı asudə vaxtında məktəb rəhbərliyinin təşəbbüsü ilə aşağı kurs tələbələrinə həm də fortopiano müəllimi kimi dərs demişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən görünür ki, iddiaçı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, X2 təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 23 il 9 ay 29 gün təşkil edir və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində kapital qeydə alınmamışdır. Ona görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan L 432085 nömrəli diplomdan görünür ki, İddiaçı 1965-ci il tarixdən xx.xx.1969-cu il tarixinədək Üzeyir Hacıbəyov adına X11 məktəbində fortepiano ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan xx.xx.1967-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək məktəbdə 1 stavka dərs yükü ilə ümumi fortopiano müəllimi işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş məktubdan görünür ki, 23 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı X12 Məktəbinin inzibati ərazisindən müvafiq sənədlərin götürülməsi mümkün olmamışdır, bu səbəbdən İddiaçı haqqında tələb edilən sənədlərin təqdim edilməsi imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 daxil olmuş məktuba əsasən Ağdam rayon orta musiqi məktəbinin 1965-1969-cu illərin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də İddiaçı 1965-1969-cu illərdə musiqi məktəbində əyani, yoxsa qiyabi formada təhsil alması barədə heç bir məlumat vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən daxil olmuş 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, X9 təhsili müəssisələri, o cümlədən X8 (əvvəlki adı Üzeyir Hacıbəyov adına Ağdam X9 Məktəbi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahı”na daxil deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 mart 2024-cü il tarixli 3-29/2-1162/2024 saylı məktubuna əlavə edilmiş X7 21 dekabr 2023-cü il tarixli 291 saylı məktubda göstərilmişdir ki, Ağdam rayonunun işğalı ilə əlaqədar arxiv sənədləri məhv olmuşdur. Ona görə də arxiv sənədlərinə baxış keçirilərkən X12 Məktəbində təhsilin 8 illik və 10 illik səviyyəsindən orta ixtisas məktəblərində təhsil müddətinin qiyabi təhsil üzrə və əyani təhsil üzrə neçə il təşkil etməsi, həmçinin 1965- 1969-cu illərdə X12 Məktəbində (orta ixtisas məktəbində) ümumiyyətlə qiyabi təhsilin mövcud olub-olmaması barədə məlumat yoxdur. Yalnız 1965-1969-cu illərdə X12 Məktəbində tələbə olmuş şəxslərdən aldıqları məlumatlara əsasən bildirilmişdir ki, 1965- 1969-cu illərdə X12 Məktəbində qiyabi təhsil mövcud olmamışdır, əyani təhsil müddəti isə 8 illik və 10 illik səviyyəsindən orta ixtisas məktəblərində 4 il təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1965-1969-ci illərdə Üzeyir Hacıbəyov adına X11 məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani, yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilməlidir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin: 1-ci maddəsinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü maddəsinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X1 rayon orta ixtisas məktəbində (Musiqi Məktəbində) 1965-1969-cu illərdə oxumuş, həmçinin xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək həmin məktəbdə müəllim işləmişdir. İş stajı əmək kitabçasında qeyd edilmişdir. Ağdam Musiqi Məktəbini bitirməyi barədə diplom almışdır, lakin diplomda təhsili qiyabi və ya əyani oxuması barədə heç bir məlumat qeyd edilməmişdir. Hazırda iddiaçı təhsil illərinin əyani olması ilə bağlı həmin illərin sosial sığorta stajına daxil edilməsini xahiş edir. Cavabdeh isə iddiaçının Ağdam rayon Musiqi Məktəbində işlədiyi 1967-1969-cu illəri sosial sığorta stajı kimi qəbul edir, lakin Ağdam rayon Musiqi Məktəbində təhsil aldığı 1965-1969-cu illəri qiyabi olması ilə əlaqədar sosial sığorta stajı kimi qəbul etmir. Kollegiya apellyasiya şikayəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı X3 1965-1969-cu illərdə Ağdam X9 Məktəbində oxumuşdur və bu işin mübahisəsiz halıdır. Cavabdehin mübahisələndirdiyi hal iddiaçının 1965-1969-cu illərdə əyani təhsil qaydasında yox, qiyabi təhsil qaydasında oxumasıdır. Cavabdeh gəldiyi qənaəti 1967-1969-cu illərdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlə əsaslandırmışdır və hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı 1967-1969-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeyd onun təhsilinin qiyabi olmasına dəlalət edir. Cavabdehin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, fortepiano ixtisası üzrə X9 Məktəbində təhsilin qiyabi formada olması ilə bağlı işdə hər hansı sübut yoxdur. Əksinə X7in məktubuna görə 1965-1969-cu illərdə təhsilin Ağdam X9 Məktəbində əyani formada olması təsdiqini tapır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı Tahirə Hüseynova xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək Ağdam X9 Məktəbində fortopiano müəllimi işləmişdir. Həmin iş stajı əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh tərəfindən iddaçının işlədiyi 1967- 1969-cu illər sosial sığorta stajı kimi qəbul edilmişdir. Yəni 1967-1969-cu illərin sosial sığorta stajına daxil edilməsi işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə, yəni 1965-1967-ci illərin sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 saylı qərarı mübahisələndirilən hissədə - iddiaçı X2 Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-ci ildən xx.xx.1967-ci ilədək olan müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, həm də 2004-cü ildən əvvəlki illərdə dərs ilinin 01 sentyabr tarixindən başladığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1931/2022 saylı qərarı mübahisələndirilən hissədə - iddiaçı X2 Ağdam rayonu Musiqi Məktəbində əyani təhsil aldığı 1965-1967-ci illərin sosial sığorta stajına daxil edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar