Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-99/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X6 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-985/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları « Müharibə veteranı » və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, texniki batareyanın sazlama takelajçısı vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları bölmələrinin raketlərə fasilsiz olaraq təmin edilməsində habelə raketlərin takejlara yüklənməsi, daşınması, boşaldılmasında və döyüş təmimatı üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-9493 nömrəli məktubdan görünür ki, iddiaçı barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Yevlax rayonu Xaldan yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmış və xidmətini N nömrəli hərbi hissədə xidmətdə olmuş və xx.xx.2021-ci il tarixdə tərxis olunmuşdur. Vətən müharibəsində iştirak etmişdir. O, hazırda müharibə veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin mənə imtina verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1427/2024 nömrəli etiraz ünvanlayaraq iddianın təmin edilməməsi xahiş etmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-985/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı adı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan imtinasında arayış məlumatın 8-ci (iştirak etdiyi ərazilər: Yevlax rayonu, Xaldan qəsəbəsi) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin arayış məlumatın 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, texniki bataretanın sazlama takelajçısı vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları bölmələrinin raketlərə fasilsiz olaraq təmin edilməsində habelə raketlərin takejlara yüklənməsi, daşınması, boşaldılmasında və döyüş təmimatı üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-985/2024 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına tərtib edilmiş arayış məlumatda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçı həmin tapşırıqları yerinə yetirməmişdir. Hörmətli məhkəmə, arayış məlumatdan görünür ki, döyüş əməliyyatları zamanı iddiaçı N nömrəli hərbi hissənin texniki batareyasının saxlanma heyətinin takelajçısı vəzifəsində, çavuş hərbi rütbəsində hərbi xidmət keçmişdir. İddiaçı adına tərtib edilmiş arayış məlumatda onun döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi qeyd edilsə də faktiki olaraq o, həmin tapşırığı yerinə yetirməmiş, hətta həmin tapşırıqları yerinə yetirmə iqtidarında olmamışdır. Belə ki, iddiaçının tutduğu vəzifəyə və döyüş əməliyyatları zamanı icra etdiyi fəaliyyətlərə nəzər yetirsək görünür ki, o, Döyüş tapşırığı üzrə tapşrıqları deyil, maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Çünki döyüş təminatı üzrə tapşırıq anlayışı bölmənin döyüş vasitələrinə fasiləsiz elektrik enerjisi verilməsindən ibarət deyildir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 2023-cü il tarixli 243 nömrəli əmrində "döyüş təminatı ilə bağlı tapşırıqlar" anlayışına izah verilmişdir. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqlar döyüş dəstəyi və döyüş xidmət dəstəyi olmaqla iki hissəyə bölünmüşdür. Döyüş dəstəyi bölmələrinə aid olan hava hücumundan müdafiə bölmələrinin tapşırıqları aşağıdakılardan ibarətdir: Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması, o cümlədən hava məkanını mühafizə və müdafiə etmək məqsədi ilə yerinə yetirilən kompleks tədbirlərdir. Düşmənin hava hücumu vasitələrinin vaxtında aşkarlanması; Hava məkanında Azərbaycan Respublikasının dövlət hava sərhədlərinin müdafiə və mühafizə, ölkənin inzibati, sənaye və Azərbaycan Ordusunun obyektlərinə düşmənin hava hücumu vasitələrinin zərbələrini dəf etmək. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları zamanı icra fəaliyyətlərinin yuxarıda qeyd edilən döyüş təminatı ilə əlaqəsi olmamış, icra etdiyi fəaliyyətlər döyüş əməliyyatlarının digər növ təminatlarına sırasına daxildir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı" adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Gəncə, Şəmkir, Samux və Göygöl şəhərlərində hava hücumundan müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və hava hücumundan müdafiə bölmələrinin bölmənin döyüş vasitələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında iştirak etmişdir. Göründüyü kimi Yevlax rayonu, Xaldan qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbin bildirməmişlər. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-cu yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 10-cu yarımbənd. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsi (2): bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Yevlax rayonu Xaldan yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İş materiallarında olan « Müharibə veteranı » və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, texniki batareyanın sazlama takelajçısı vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları bölmələrinin raketlərlə fasiləsiz olaraq təmin edilməsində habelə raketlərin takelajlara yüklənməsi, daşınması, boşaldılmasında və döyüş təmimatı üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. Həmçinin surəti işə əlavə edilmiş iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin “Döyüş əməliyyatlarında və xüsusi təyinatlı bölmələrdə iştirakı” barədə 14. bəndində qeyd edilmişdir ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Zəngilan, Füzuli, Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı N saylı hərbi hissənin tərkibində “takelajçı” vəzifəsində xidmət edib. Bundan əlavə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-8036/24 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, N saylı hərbi hissənin Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları bölmələrinin raketlərlə fasiləsiz olaraq təmin edilməsində habelə raketlərin takelajlara yüklənməsi, daşınması, boşaldılmasında və döyüş təmimatı üzrə tapşırıqları yerinə yetirmiş olması və iddiaçının Vətən müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində xidmət etməsi, həmçinin qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fəaliyyətləri (raketlərin yüklənməsi, daşınması, boşaldılması və təminatı) birbaşa cəbhə xəttində döyüşən qoşunların effektivliyini və müdafiəsini təmin edib. Bu fəaliyyətlər olmadan döyüş əməliyyatlarının həyata keçirilməsi mümkün olmazdı. İddiaçı döyüş əməliyyatlarını təmin edən qüvvələr sırasında xidmət etmişdir. Ona görə də, hüququn məqsədinə əsasən, bu xidmət "döyüş əməliyyatlarında bilavasitə iştirak" kimi qiymətləndirilə bilər. Bundan əlavə kollegiya qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 2-1(104)-45/2025 saylı işdən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X7 da hazırki iş üzrə İddiaçı kimi xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçmişdir. Məhkəmə kollegiyası 2-1(104)-45/2025 saylı iş üzrə həmçinin X4 onunla birlikdə İİ Qarabağ müharibəsinə cəlb edildiyini qeyd etdiyi baş leytenant X11, əsgər X3 və əsgər X9 “Müharibə veteranı” adı və vəsiqəsinin verilib-verilməməsinin aydınlaşdırılması məqsədilə cavabdeh orqana sorğu vermiş, Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X10, X2 və X9 “Müharibə veteranı” adı verilmişdir. Buna hüquqi qiymət verən məhkəmə tərkibi qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1 və 13.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı N saylı hərbi hissədə döyüş əməliyyatlarının aparıldığı zaman əks hücum əməliyyatları bölmələrinin raketlərlə fasiləsiz olaraq təmin edilməsində habelə raketlərin takelajlara yüklənməsi, daşınması, boşaldılmasında və döyüş təmimatı üzrə döyüş tapşırıqları yerinə yetirmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsindən imtina olunması əsassız olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önə çəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-985/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-99/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-99/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver