Məhkəmə qərarları › İş №2-1(105)-1/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1/2022 03.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı X2, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərdə aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2-1(85)-647/2016 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərdə aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standart” KB ilə onun arasında bağlanmış 18 mart 2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsi ilə ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipoteka qoyulmuşdur. Sözügedən kredit müqaviləsinin müddəti 12 ay olmuş və həmin kredit müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitmişdir ki, həmin dövrdə də onun Bank qarşısında icra edilməmiş heç bir öhdəliyi qalmamışdır. Öhdəliyin təminatı qismində bağlanmış ipoteka müqaviləsinin də müddəti 12 ay olmuş və həmin müddət 18 mart 2009-cu il tarixdə başa çatmışdır. Lakin ipoteka müqaviləsi onun qüvvədə olduğu müddət ərzində dövlət qeydiyyatına alınmamışdır. QSC “Bank Standart” KB isə sonradan-2010-cu ilin 12 mart tarixində, yəni müqavilə müddəti düz bir il əvvəl bitmiş ipoteka müqaviləsini, daha sonra isə həmin ipoteka müqaviləsinin müddəti bitdikdən 1 il 8 ay, 1 il 11 ay, 2 il 1 ay, 2 il 10 ay və 3 il 2 ay sonra xitam verilmiş və müddəti bitmiş həmin ipoteka müqaviləsinə bağlanmış xx.xx.2010cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli əlavə sazişləri müvafiq olaraq xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2013 və xx.xx.2013-cü illərdə qanunsuz olaraq əlavə qeydiyyata aldırmaqla iddiaçıya məxsus əmlakı əsassız olaraq yüklü etmiş, bununla da mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə, müddəti bitmiş ipoteka müqaviləsi və mövcud olmayan ipoteka müqaviləsinə bağlanmış əlavə sazişlər əsasında cavabdeh tərəfindən əmlakın yüklü edilməsi ilə bağlı aparılmış əməliyyatlar qanunsuz və əsassız olmuşdur. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlak kompleksi kimi iddiaçıya məxsus müəssisə (Şamot tozu istehsal sahəsi üzərində 12 mart 2010-cu il tarixdə QSC “Bank Standart” KB-nin xeyrinə ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Daha sonra isə həmin ipoteka müqaviləsinə bağlanmış xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2013-cü il və xx.xx.2013cü il tarixli əlavə sazişlərə müvafiq olaraq xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2013 və xx.xx.2013-cü il tarixlərdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İpoteka haqqında“ Qanunun 15.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.4-cü maddələrinə əsasən ipotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən aparılır. Hazırkı iş üzrə ipotekanın dövlət qeydiyyatının ləğvi ilə əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilmədiyindən iddiaçının cavabdehin hərəkətləri nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2016-cı il tarixli 2-1(85)-647/2016 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə bununla bağlı mövqeyini belə əsaslandırmışdır ki, X4 ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankı arasında bağlanmış müqavilələr üzrə öhdəliyinin tam şəkildə icra edilib-edilməməsi ilə bağlı “Borcalan” ilə “Borcverən” arasında mübahisə olduğundan, qanunverciliyə görə də ipoteka hüququ öhdəliyin icrasının təmin edilməsi üsulu olduğundan və o, əsas öhdəlikdən asılı olduğundan və Borcalan” ilə “Borcverən” arasındakı həmin hüquq münasibəti mülki hüquq xarakterli olduğundan, həmçinin inzibati orqanın hərəkəti həmin hüquq münasibətinin nəticəsindən asılı olduğundan indiki halda inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edildiyindən iddiaçı tərəfindən ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksinin (Şamot tozu istehsal sahəsinin) üzərində əmlak hüquqlarının məhdudlaşdırılmasına dair aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinə əsas olan (ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı) hər hansı hüquq müəyyənedici sənəd qeydiyyat orqanına təqdim edilmədiyindən, inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 347/2016 saylı, 15 noyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2016-cı il tarixli 2- 1(85)-647/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(105)-347/2016 saylı, 15 noyabr 2016-cı il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün hesab edilərək işin məhkəmə icraatının davam etdirilməsi üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 750/2017 nömrəli, 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 347/2016 saylı, 15 noyabr 2016-cı il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd etdiyi birinci məsələyə (iddiaçı ilə QSC “Bank Standard” Kommersiya Bankı arasında bağlanmış müqavilələr üzrə öhdəliyin tam şəkildə icra edilib-edilməməsi ilə bağlı mübahisə olduğundan) münasibətdə bildirmişdir ki, xx.xx.2016-cı il tarixli iddianın mümkün sayılmaması barədə qərardad tamamilə qanunsuz və əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, AR X1 Kredit Reyestrindən xx.xx.2016-cı il tarixli arayışın borcalanın bağlanmış öhdəlikləri adlanan 4-cü maddəsinin 4.1-ci bəndindən də göründüyü kimi cavabdeh Bankla iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ******* (bir milyon iyirmi bir min) manat məbləğində kredit xətti müqaviləsi üzrə hər hansı ödənilməmiş öhdəlik yoxdur (sözügedən, həmçinin AR Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayış iş materiallarına əlavə edilib). Başqa sözlə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə tərəflər arasındakı əsas öhdəliyə artıq xitam verilmişdir. “İpoteka haqqında” AR Qanununun 48.1.2-ci maddəsinə əsasən də əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Belə olan halda X3 məxsus əmlak kompleksinin yüklülükdən azad edilməməsi üçün hər hansı bir səbəb yoxdur və rəsmi dövlət qurumu olan AR Mərkəzi Bankının, hal-hazırda isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən verilmiş arayışlar da (arayışdan da göründüyü kimi öhdəlik tam icra edildiyindən sözügedən kredit müqaviləsi borcalanın bağlanmış öhdəlikləri adlanan bölmədə qeyd edilmişdir) əmlakın yüklülükdən azad edilməsi üçün bir nömrəli hüquqi əsas kimi çıxış edir. Lakin üçüncü şəxs olan Bank tərəfindən iddiaçıya məxsus olan əmlak qanunsuz olaraq hələ də ipoteka ilə yüklü olaraq saxlanılmaqdadır. Məhz bu səbəbdən də sözügedən müqavilənin təminatı qismində ipotekaya qoyulmuş Şamot tozu əmlak kompleksinin yüklülükdən azad edilməsi üçün əvvəlcə ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin üçüncü şəxs olan Bank tərəfindən aidiyyəti dövlət qurumuna ipotekanın dövlət qeydiyyatının ləğvi üçün ərizə təqdim edilmədiyindən dövlət qurumu tərəfindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bütün bunların nəticəsi olaraq “İpoteka haqqında” AR Qanununun 15.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuşdur. İkincisi də məhkəmənin iddianı qeyri-mümkün hesab etməklə qəbul etdiyi qərardadda istinad etdiyi digər hala (qanunvericilyə görə də ipoteka hüququ öhdəliyin icrasının təmin edilməsi üsulu olduğundan və o əsas öhdəlikdən asılı olduğundan) münasibətdə də aşağıdakıları nəzərə alaraq sözügedən qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, fərz edilsə ki, məhkəmənin də dediyi kimi əsas öhdəliyə xitam verilməyib və hal-hazırda da əsas öhdəliyin yaranmasına əsas olmuş kredit müqaviləsi üzrə tərəflər arasında mübahisə vardır. Belə olduğu halda belə məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini kobud pozmuşdur. Yuxarıda qeyd edilənlərin daha aydın olması üçün bildirmişdir ki, üçüncü şəxs olan Bank xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə xx.xx.2010-cu il tarixdə 01 saylı əlavə saziş bağlamış və guya onlara 24 ay müddətinə, 18 noyabr 2012-ci tarixədək 421.000 (dörd yüz iyirmi bir min) manat məbləğində kredit xətti açmışdır. Daha sonra kreditor Bank xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə 18 fevral 2011-ci il və son olaraq həmin müqaviləyə 05 aprel 2011-ci il tarixli əlavə sazişlərlə xx.xx.2010-cu il tarixli əlavə sazişlə müəyyən edilmiş 421.000 (dörd yüz iyirmi bir min) manat məbləğində kredit xətti limitini müvafiq olaraq 721.000 (yeddi yüz iyirmi bir min) manata və son olaraq guya 1021.000 (bir milyon iyirmi bir min) manatadək artırmış, əlavə sazişin müddətini isə 13 dekabr 2012-ci ilədək uzatmışdır. xx.xx.2012-ci il tarixli əlavə sazişlə (Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidməti tərəfindən verilmiş arayışlardan da göründüyü kimi xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi məhz bu əlavə Sazişdən sonra MKR-ə daxil edilmişdir) kredit xəttinin müddəti xx.xx.2013-cü il tarixədək xx.xx.2013-cü il tarixli 05 saylı əlavə sazişlə isə ******* (bir milyon iyirmi bir min) manat məbləğində kredit xəttinin müddəti guya xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Sözügedən kredit müqaviləsi və ona bağlanmış əlavə sazişlərin təminatı qismində Bankla iddiaçı arasında kredit müqaviləsinə və ona bağlanmış əlavə sazişlərə müvafiq olaraq xx.xx.2008-ci il tarixdə ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylı, xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011-ci il tarixli 3 saylı, xx.xx.2013-cü il tarixli 4 saylı və xx.xx.2013-cü il tarixli 5 saylı əlavə sazişlər bağlanmışdır. İş materiallarında olan cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan, o cümlədən xx.xx.2016-cı il tarixli etiraz ərizəsindən də açıq-aşkar görünür ki, yuxarıda sadalanan ipoteka müqaviləsi və ona bağlanmış xx.xx.2010-cu il tarixli 1 saylı, xx.xx.2011-ci il tarixli 2 saylı, xx.xx.2011ci il tarixli 3 saylı, xx.xx.2013-cü il tarixli 4 saylı əlavə sazişlər qeydə alınmış, lakin xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 5 saylı əlavə saziş (bu saziş konkret olaraq ******* manat məbləğində olan öhdəliyin təminatı qismində bağlanmışdır) dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə ipotekanın əlavə qeydiyyatı aparılmamışdır. xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə bağlanmış xx.xx.2013-cü il tarixli 5 saylı əlavə sazişin dövlət qeydiyyatına alınmaması səbəbi ondan ibarətdir ki, rəsmi dövlət reyestri olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasının (əvvəllər AR Mərkəzi Bankının) Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin verdiyi xx.xx.2016-cı il tarixli arayışdakı məlumatlardan açıq aydın görünür ki, ******* (bir milyon iyirmi bir min) manat məbləğində olan kredit xətti müqaviləsinə öhdəlik borclu (indiki halda biz) tərəfindən xx.xx.2013-cü il tarixdə tam icra edildiyindən xitam verilmişdir. Belə olan halda ipoteka müqaviləsinə bağlanmış xx.xx.2013-cü il tarixli əlavə sazişin dövlət qeydiyyatına alınması qanunvericiliklə qeyri-mümkün olduğundan üçüncü şəxs olan Bank da bunu edə bilməmiş, beləliklə də onların Bank qarşısında icra edilməmiş öhdəliklərinin olmamasını açıq-aşkar etiraf etmişdir. İşin faktiki hallarından da göründüyü kimi üçüncü şəxs olan Bankla aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin müddəti, başqa sözlə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əlavə Sazişlə uzadılmış və bu zaman hətta xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 5 saylı əlavə Saziş də bağlanmışdır. Lakin, ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin məktubundan və iş üzrə təqdim etdiyi etirazdan da göründüyü kimi aralarında bağlanmış ipoteka müqaviləsinə 5 saylı əlavə saziş dövlət qeydiyyatına alınmamışdır. Halbuki “İpoteka haqqında” Qanununun 14.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı aparılmalıdır. İndiki halda ipotekanın əlavə qeydiyyatı aparılmadığından sözügedən kredit müqaviləsi təminatsız kredit statusu almış və belə olduğu təqdirdə ya iş üzrə üçüncü şəxs olan Bankın ərizəsi ilə, ya da məhkəmə qərarı ilə ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Lakin göründüyü kimi məhkəmə işin bu hallarını da araşdırmamış, ümumiyyətlə nəzərə almamışdır. Buna görə də məcburetmə haqqında iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, üçüncü şəxsin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İPM-in 96.11-ci maddəsinin tələblərinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Hazırkı işin materiallarından görünür ki, iddiaçı ona məxsus əmlak kompleksi üzərində əmlak hüquqlarının məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsini və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddianı mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək kollegiya qeyd edir ki, Belə ki, “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsində ipotekanın dövlət qeydiyyatının ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilməsi nəzərdə tutulur. Qeyd edilən qanunun 48.1-ci maddəsinə əsasən isə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1 ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2 əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.4-cü maddəsinə görə isə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Göründüyü kimi qanunvericilik həm hansı hallarda ipotekaya xitam veriləcəyini, həm də ipotekanın dövlət qeydiyyatının hansı qaydada ləğv ediləcəyini təsbit etmişdir. İpotekanın ləğvinin həm ipoteka saxlayanın ərizəsi həm də məhkəmənin qərarı əsasında ləğv edilməsi mümkündür. Hazırkı işdə də iddiaçı ipotekanın dövlət qeydiyyatının məhkəmə qərarı ilə ləğvini tələb etmişdir. İddiaçının məhkəmədə hazırkı iddianı qaldırmazdan əvvəl cavabdehə bununla bağlı müraciəti təmin edilməmiş, cavabdeh əmlak kompleksi ilə bağlı aparılmış ipotekanın ilkin və əlavə qeydiyyatlarını qanunvericiliyin tələblərinə uyğun hesab etmiş, eləcə də həmin qeydiyyatların ləğvinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığına istinad etmişdir. İddiaçı isə əksinə, aparılmış ipotekanın dövlət qeydiyyatlarını qanunsuz hesab etməklə onların ləğvini tələb etmişdir. Beləliklə, işin yuxarıda təsvir olunan hallarına əsasən hazırkı iş iddiaçı ilə cavabdeh inzibati orqan arasında publik hüquqdan irəli gələn mübahisədir. Bu, cavabdehin qanunda nəzərdə tutulmuş əsasların mövcudluğunda ipotekanın aparılmış dövlət qeydiyyatını ləğv etməli olduğuna dair publik hüquqi vəzifəsindən irəli gəlir. İddiaçının gümanına görə cavabdeh özünün bu vəzifəsini bunun üçün müvafiq əsasların mövcudluğuna baxmayaraq qanunsuz olaraq yerinə yetirmir. Odur ki, cavabdehin ipotekanın dövlət qeydiyyatını ləğv etməkdən imtina ilə bağlı hərəkətlərinin qanuniliyi ilə bağlı mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn iş kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisədir. Ona görə də məhkəmənin mübahisənin mülki hüquq xarakterli olduğu ilə bağlı qənaəti düzgün deyildir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının mübahisəli əmlak kompleksinin üzərində əmlak hüquqlarının məhdudlaşdırılmasına dair aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinə əsas olan hüquq müəyyənedici sənəd təqdim edib-etməməsi ilə bağlı hallar iddianın mümkünlüyü ilə əlaqədar deyil, onun əsaslılığının yoxlanılması zamanı ortaya çıxan və qiymət verilməli olan hüquqi məsələlərlə bağlıdır. Bununla əlaqədar olaraq iddiaçı ilə üçüncü şəxs arasında mülki məhkəmə icratı qaydasında baxılmış və iş materiallarında olan qətnamələr üzrə müvafiq əmlak kompleksi üzərində üçüncü şəxsin ipoteka hüququnun mövcud-olub olmamasına, bununla da cavabdeh inzibati orqanın imtinasının qanuniliyinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2-1(85)- 647/2016 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar