Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-10/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(118)-665/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) xx.xx.2020-ci il tarixdə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-5158A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Quba şəhərində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh **********75 saylı, 29 yanvar 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus JN-5158 A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Verilən imtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5158A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 5158A kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin şəhadətnamədə mülkiyyətinə verilmiş 0.12 ha torpağın sxemi qeyd edilmiş və DTXK-nın Quba şöbəsinin müdiri A.Xudaverdiyevin və Dövlət Yerquruluşu Layihə İnstitunun direktoru F.Cəfərovun imzaları və möhürləri ilə təsdiq edilmişdir. Hesab edir ki, həmin sənədin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin bazasında öz əksini tapmaması və DTXK-nın Quba şöbəsinin təhvil verməməsi, arxivdə olan Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının bu qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(118)-665/2020 nömrəli qərardadı ilə Quba şəhər Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. (hakim İ. Quliyev) Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(118)-665/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ. Quliyev) İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsləri iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ........ 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinə aid ilkin sənədlərin olması və dövlət reyestrində torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilmir. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat olmadığına və iddiaçının təqdim etdiyi sənədin arxiv məlumatları olmadığına görə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmur və imtina əsaslı olduğuna görə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair JN5158A seriyalı, KOD 30301004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Hazırda iddiaçı qeyd edilən şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu, şəhadətnamənin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması səbəbindən imtina cavabı vermişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin iddiaçıya Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarına əsasən ayrıldığı qeyd edilsə də, analoji işlər üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün sənədləri araşdırılarkən məlum olmuşdur ki, 2000-ci ildə Quba şəhərində həyətyanı torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir. Bundan əlavə Dövlət Arxivi tərəfindən təqdim edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 5 saylı qərarından görünür ki, həmin qərar şəhadətnamədə qeyd edildiyi kimi 05 may 2000-ci il tarixdə deyil, 25 may 2000-ci il tarixdə qəbul edilmişdir. İclasın gündəliyindən görünür ki, iclasda aşağıdakı qərarların təsdiqi ilə bağlı 4 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir: 1) Torpaq islahatı ilə əlaqədar kompyuter qaydasında aparılmış bölgünün yerə keçirilməsinin yekunu və edilmiş zəruri dəyişikliklər barədə “Nügədi” sovxozu aqrar islahat komissiyasının 24 may 2000-ci il tarixli 55 saylı qərarının təsdiqi; 2) Quba yardımçı təcrübə təsərrüfatı Aqrar İslahat Komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 may 2000-ci il tarixli 17 saylı qərarının təsdiqi; 3) Təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar Respublika Dövlət Kadastr Monitorinqi və İnformasiya Mərkəzindən çıxmış pay bölgü sxeminin Respublika Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerə köçürülmə zamanı edilmiş qismən zəruri dəyişikliklər barədə M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı qərarının təsdiqi; 4) Yer quruluşu Layihə İnstitutunun Kompyuter mərkəzində hazırlanmış Dövlət Aktlarında müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Aşağı Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı saylı qərarının təsdiqi. Protokoldan həmçinin görünür ki, Quba şəhəri ərazisində keçirilən aqrar islahat zamanı vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına dair məsələ iclasda müzakirə predmeti olmamış və bu barədə hər hansı qərar qəbul edilməmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli, **********43 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin arxivində aparılan araşdırma zamanı Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı aşkar edilməmişdir. Eləcə də, kollegiyanın sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 2006cı il tarixdə Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən keçirilmiş aqrar islahat zamanı tərtib edilmiş adlı siyahıda 2763 nömrədə X1 və ailə üzvləri İddiaçı və X2 adları göstərilsə də, onların adına JN-2763 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi idarədə aşkar edilməmiş, həmçinin adlı siyahıda adların qarşısında torpağın sahəsi qeyd olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş C-04 saylı, 03 fevral 2022ci il tarixli mütəxəssis rəyindən isə görünür ki, mübahisəsi gedən 0,12 ha torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqa vahid elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən hüquqi statusuna görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aiddir. Beləliklə, JN5158A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.12 ha torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçıya ayrıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı xx.xx.2000-ci il tarixdə deyil xx.xx.2000-ci il tarixdə qəbul edilmiş və həmin qərarla Quba şəhərində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hər hansı qərar qəbul edilməmiş, hazırda həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan sahədir. Cavabdehin imtina məktubundan da görünür ki, şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, JN5160A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi –həqiqətən də, aqrar islahat zamanı iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı aqrar islahat zamanı 0.12 ha torpaq sahəsinin ona ayrılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Sadalanan hüquq normalarının hazırkı mübahisəyə tətbiqi baxımdan kollegiya hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 5158A seriyalı şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin, 0.12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. ”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89 və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(118)-665/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-10/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-10/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver