Məhkəmə qərarları › İş №2-1(105)-10/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-10/2025

06.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-10/2025 06.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdehin nümayəndəsi Baxışlı Elmin Müqabil oğlunun iştirakı ilə, İddiaçı Babayev Mirzəbaba Xanbala oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə) qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2- 1(118)-996/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Babayev Mirzəbaba Xanbala oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(105)-682/2023 nömrəli qərardadı ilə iddiaçı Babayev Mirzəbaba Xanbala oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondundan (xüsusi təyinatlı mənzil fondu) çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-674/2025 nömrəli qərarı ilə iddiaçı Babayev Mirzəbaba Xanbala oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-438/2025 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025ci il tarixli, 2-1(118)-674/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2026cı il tarixli, 2-1(102)-2698/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-438/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2026-cı il tarixli, 2-1(105)-10/2025 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.05.1969-cu il tarixdən 05.05.1972-ci il tarixə qədər, 26.02.1974-cü il tarixdən 18.08.1992-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, 18.08.1992-ci il tarixdən 12.09.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxtlarda digər hərbçi ailələri kimi ona ailəsi ilə birlikdə yaşamaq üçün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi şəhərciklərindən xidməti yaşayış sahəsi verilmişdir. Ona müxtəlif vaxtlarda belə mənzillər verilmişdir. Lakin 2002-ci ildən 2013-cü ilə qədər hərbi xidmət yeri H.Z.Tağıyev qəsəbəsində olduğu üçün 08.12.1977-ci il tarixli 15/398 nömrəli order əsasında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14 ünvanında yerləşən sahəsi 33.0 kv.metr, 2 otaqdan ibarət olan 1 saylı mənzil verilmişdir. Orderdə "Tağıyev-3" bağlı hərbi şəhərciyindən mənzilin verildiyi və ailə tərkibi barəsində məlumatlar görünür. İndiyə qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 24.09.2022-ci il tarixdə cavabdeh təşkilata daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar müraciət etmiş, 03.10.2022-ci il tarixli, 223120202968 nömrəli məktubu ilə müraciətinə müsbət cavab verilməsindən imtina edilmişdir. AR Müdafiə Nazirinin 05.04.2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 1.15-ci bəndinə əsasən qapalı hərbi şəhərcik anlayışı müəyyən edilir və göstərilir ki, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı şəhərciklərə aiddirlər. Yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmir. Hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilmişdir, bu ona naməlum olaraq qalır, belə ki yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmədiyi halda, eyni zamanda mülki əhalinin yaşadığı ərazidə yerləşdiyi halda, belə bir statusu daşıyan mənzillərin siyahısına daxil edilməsi hüquqi nöqteyinəzərdən tamamilə hesab edir ki, ona qarşı yol verilmiş diskriminasiyadır. İddiaçı qapalı şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilmiş xidməti yaşayış sahələrinin sakini olaraq mənzil hüquqlarının pozulduğunu hesab edir. Belə ki, qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin yerləşdiyi ərazi hasara alınmaqla həmin ərazidə yaşamayan vətəndaşların girişinin qadağan olunduğu və giriş-çıxış üçün xidməti vəsiqənin tətbiq olunduğu hərbi təyinatlı yaşayış məntəqəsidir. 1995-ci ilədək iddiaçının yaşadığı xidməti yaşayış sahələri özəlləşdirilmə yolu ilə vətəndaşlar tərəfindən öz mülkiyyətinə alınırdı, lakin 1995-ci ildə həmin proses dayandırılmışdır. Sabiq nazir əmr (02.03.1995 tarixli,49 nömrəli) vermişdir ki, sözügedən xidməti yaşayış sahələri qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilsin, nəticədə bu günədək onlar digər vətəndaşlardan fərqli olaraq dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi yolu ilə yaşadığı xidməti yaşayış sahələrini özəlləşdirə bilmir. Qüvvədə olan hərbi qanunvericilik buna imkan vermir. İddiaçı digər vətəndaşlar kimi dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hüququndan faydalanmaq istəyir. İddiaçının yaşadığı xidməti yaşayış sahələri mülki əhalinin yaşadığı mənzillərlə qonşudur, yanbayan yerləşir. AR Müdafiə Nazirliyi Mİİ-nin H.Z.Tağıyev rayonu Mənzil İstismar Hissəsinin 09.03.2022-ci il tarixli məktubunda qeyd olunur ki, AR Müdafiə nazirinin müvafiq əmrləri ilə "Tağıyev-3" hərbi şəhərciyi açıq hərbi şəhərciklər siyahısına daxil edilmişdir. Belə olan halda yaşadığı mənzilin geri alınma mexanizmi olmadığı üçün həmçinin, yaşadığı ərazinin qapalı şəhərcik olmaması səbəbindən iddiaçının adına özəlləşdirilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 1/08 nömrəli, 14 mart 2002-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, ünvanında yerləşən 1 nömrəli mənzilin xidməti rejimdə verildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edirlər ki, sözügedən order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Habelə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-996/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-996/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının hüquqi varisi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. .... Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (01.10.2009-cu il tarixdən qüvvədən düşmüş hesab edilmişdir): Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Mənzil Məcəlləsi (hazırda qüvvədə olan): Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; .... 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Eyni zamanda inzibati iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman iddiaçı 28 noyabr 2025-ci il tarixdə öldüyündən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2026-cı il tarixli, 2-1(105)-10/2025 nömrəli qərardadı ilə iddiaçı Babayev Mirzəbaba Xanbala oğlu prosessual hüquqi varisi Babayev Azər Mirzəbaba oğlu ilə əvəz edilmişdir. Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi 08 dekabr 1977-ci il tarixli, 15/398 saylı order əsasında Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzil ailə üzvləri ilə birlikdə Babayev Mirzəbaba Xanbala oğluna verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən ünvanlanmış 03 mart 2023-cü il tarixli, 242 nömrəli məktubdan görünür ki, 1 nömrəli Mənzil-İstismar sahəsində Babayev Mirzəbaba Xanbala oğlunun həmin mənzildə (ünvanda) yaşaması və qeydiyyatda olması barədə müvafiq qeydlər aparılsa da, Mənzil-İstismar hissəsinin arxivində Babayev Mirzəbaba Xanbala oğlunun hal-hazırda yaşadığı mənzilə dair heç bir sənəd aşkar edilmədi. Babayev Mirzəbaba Xanbala oğluna məxsus order xidməti rejimlidir və Oktyabrskaya (hal-hazırda dəyişdirilərək adı Fətəlixan) küçəsi, ev 14, mənzil 1 ünvanı Tağıyev-3 açıq hərbi şəhərciyinə məxsusdur. Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi tərəfindən ünvanlanmış 18 aprel 2023-cü il tarixli, 385 nömrəli məktubdan görünür ki, Babayev Mirzəbaba Xanbala oğluna verilmiş Fətəlixan (əvvəlki adı Oktyabrskaya) küçəsi ev 14 ünvanında yerləşən 1 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanan 06 noyabr 2023cü il tarixli, 5071 nömrəli məktubdan görünür ki, Babayev Mirzəbaba Xanbala oğlunun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, 1 nömrəli mənzilə verilmiş order Müdafiə Nazirliyi tərəfindən verildiyi üçün xidməti mənzil statusu daşıyır. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, artıq mənzilin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fondundan (xüsusi təyinatlı mənzil fondu) çıxarılması öhdəliyinin həmin quruma həvalə edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, iş hal-hazırda həmin məhkəmənin icraatındadır. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-674/2025 nömrəli qərarı ilə iddiaçı Babayev Mirzəbaba Xanbala oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-438/2025 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025ci il tarixli, 2-1(118)-674/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 fevral 2026cı il tarixli, 2-1(102)-2698/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2025-ci il tarixli, 2-1(105)-438/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçıya məxsus mənzilin xidməti mənzil statusunda olması iddiaçı tərəfindən də qəbul edilməklə yuxarıda istinad olunan yekun məhkəmə aktları ilə bir daha öz təsdiqini tapmış və işin mübahisəsiz halını təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən müvafiq mənzil xidməti yaşayış sahəsi kimi verildiyindən həmin mənzilin özəlləşdirilməsinə yol verilmir. İşin qeyd olunan hallarından göründüyü kimi iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan məhdudiyyətlər mövcud olduğundan, kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Eləcə də Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar və ya qanunvericilikdən irəli gələn digər əsaslar mövcud deyil. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(118)-996/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar