Məhkəmə qərarları › İş №2-1(105)-100/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-100/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-100/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx xxx 2019-cu il tarixli **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməsi və məcburi işdən kənarlaşdırma vaxtının iş staı kimi hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və son olaraq cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxx 2019-cu il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.(səh 161-162) İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Əhalinin Sosial Müdafiəsi üzrə Ünvanlı Sosial Yardım və Müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində işləmişdir. xx xxxxxxx 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun baş məsləhətçisi X7 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldüyündən o, öz təşəbbüsü ilə həmin idarəyə gedib işlə maraqlanmışdır, elə həmin gün onu da əsassız olaraq həbs etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından iddiaçıya bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndini rəhbər tutaraq özünün xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçını tutduğu vəzifədən kənarlaşdırmış, xx.xx.2019-cu il tarixli əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır. Belə ki, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərək əmr barədə məlumat vermişdir. Nəticədə iddiaçının hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. İddiaçı əsassız olaraq həbs edildiyindən və onun barəsində bəraət hökmü qəbul edildiyindən hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx xxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində nazirliyin xx.xx.2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu əsasında xx.xx.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin xx.xx.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Nazirliyin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər (25.2.6). Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göstərilənləri nəzərə alaraq cavabdeh iddiaçının barəsində verilmiş əmri tam qanuni hesab etmiş və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxx 2019-cu il tarixli **********2 saylı əmrinin qismən, İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının təmin edilən hissədə ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı xx xxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir (əmrin surəti təqdim edilmişdir). İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxx 2019-cu il tarixli, ********* nömrəli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur (surətləri təqdim olunmuşdur). İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2018-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx xxxxxxx 2018-ci il tarixli ********* nömrəli məktubuna əsasən Nazirliyin xx xxxxxxx 2018-ci il tarixli **********1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə işdən kənarlaşdırılmışdır (surəti təqdim olunmuşdur). Həmin dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxxxx 2018-ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılma aparılmış və Sosial yardım və müavinət sektorunda (həmin dövr ərzində İddiaçı rəhbərlik etdiyi) bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyənləşdirilmişdir ki, Şöbənin ünvanlı dövlət sosial yardımı, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına yol verilmişdir (surəti təqdim edilmişdir). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Bu səbəbdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər. Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Sumqayıt İnzibati Məhkəməsində qeyd edilənlər nəzərə alınmamış və belə qənaətə gəlinmişdir ki, Nazirlik iddiaçının əməllərində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etirazdan göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürənin intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmçinin, məhkəmə cavabdehin prosessual müddəti ötürülmə səbəbi ilə iddia mümkün sayılmaması ilə bağlı vəsatətini də qəbul etməmişdir. Halbuki, vəsatətdə qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmçinin, həmin Məcəllənin 296-cı maddəsinə istinadən qeyd edirlər ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2019-cu il tarixli, ********** nömrə ilə və xx.xx.2020-ci il tarixli, **********1 nömrə ilə qeydə alınmış müraciətlərinin tarix və məzmunundan göründüyü kimi, iddiaçının iddia etdiyi tələbə münasibətdə hüququnun pozulduğu ona 1 təqvim ayı öncədən bəlli olmuşdur (surətləri təqdim edilmişdir). İddiaçı həbsdən azad ediləndən sonra Nazirlikdə olmuş və ona əmrin verilmə səbəbləri izah edilmişdir, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, İddiaçı xx xxx 2019-cu il tarixdən həbsdən azad edilməsinə baxmayaraq məlumatlı olduğu halda məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001 -ci il tarixli qərarından göründüyü kimi, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmçinin, iddianın yalnız birinci hissəsi qismən mümkün sayıla bilməsi ilə bağlı Nazirliyin vəsatəti də təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 33-cü maddəsi məcburetmə haqqında iddianın mümkünlüyü hallarını müəyyən edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin müvafiq maddələrinə istinadən qeyd edirlər ki, iddiaçı tərəfindən iddia olunan məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdeh təşkilat tərəfindən ödənilməsi tələbi məcburetmə haqqında iddianın predmetini təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 9-cu hissəsində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, Sumqayıt inzibati məhkəməsi tərəfindən bu prosedur normalar da pozulmuşdur. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissədə ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını, onun vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi, xx.xx.2006-cı ildə baş məsləhətçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunin Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə həmin sektorun müdiri təyin edilmiş və xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azadd edilmiş; Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunda sahə məsləhətçisi işləmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, hökm İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018ci il tarixli əmrindən görünür ki, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi Sosial Yardım və Müavinətlər sektorunun müdiri İddiaçı və həmin sektorda sahə məsləhətçisi vəzifəsində qulluq keçən X7 işdən kənarlaşdırılmışlar. Əmrin verilməsi üçün əsas kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018ci il tarixli əmrindən görünür ki, Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin araşdırılması məqsədi ilə araşdırma qrupu yaradılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018ci il tarixli əmrindən görünür ki, Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılması zamanı bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında ardıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilmiş pensiya və sosial müavinət işləri üzrə ödənişlərin aparılmasına yol verildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2018-ci il tarixli məktubuna və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndinə əsasən xx.xx.2018-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırılmış, xx.xx.2019-cu il tarixli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, cavabdeh nazirlik iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir; audit araşdırmanın nəticələrinə görə tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq İddiaçı adı qeyd olunmamışdır; iddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsnin məktubu göstərilmişdir; iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə həmin sektorun əməkdaşı X7 ilə birlikdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2018-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxx 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh inzibati orqan iddiaya etirazında və apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxx 2019-cu il tarixli, ********* nömrəli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019cu il tarixli əmrindən görünür ki, İddiaçı və X6 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduqları vəzifədən azad edilmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, həmin İdarə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri H.Abdullayevin xx.xx.2019-cu il tarixli sorğusuna cavab vermişdir ki, İddiaçı və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olunmuş cinayət işinin istintaqı tamamlanaraq xx.xx.2019-cu il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxlmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, əmrin verilməsinə əsas kimi göstərilən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu ilə iddiaçı barəsində cinayət işinin istintaqının tamamlanaraq xx.xx.2019-cu il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxlmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. İddiaçı işdən azad edilməsinə əsas kimi gətirilən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması ilə bağlı kollegiya qeyd edir ki, həmin yoxlamadan əvvəl artıq iddiaçı həbs olunmuş və həmin yoxlama ilə iddiaçının müdiri olduğu sektor əməkdaşlarına münasibətdə intizam tənbeh tədbiri tətbiq olunsa da, iddiaçıya münasibətdə heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. Apelyasiya şikayətinin digər bir dəlili onunla bağlıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Kollegiya bununla bağlı qeyd edir ki, əmrin qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu olduğu üçün və Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 33.1.6 və 25.11-ci maddələri rəhbər tutulmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün cavabdeh inzibati orqanın Əmək Məcəlləsinin normalarına istinad etməsi əsassızdır. Apelyasiya şikayətinin bir dəlili cavabdehin vəsatətələrinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsi olmuşdur. Belə ki, cavabdeh müvafiq vəsatətlərdən biri ilə prosessual müddətn ötürülmə səbəbi ilə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin həmin yazılı vəsatətində qeyd olunur ki, iddiaçının əmək kitabçası DSMF-nun Sumqayıt şəhər şöbəsinə təqdim edilmiş və iddiaçı əmək kitabçasını həmin şöbədən təhvil almışdır. Lakin iş materiallarında iddiaçının əmək kitabçasını nə zaman aldığı müəyyən olunmadığı üçün və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün həmin vəsatəti məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş materiallarında olan və xx.xx.2019-cu il tarixdə çap edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, həmin bildiriş xx.xx.2019-cu il tarixdə qüvvədə olmuşdur. Yəni, xx xxx 2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu il tarixdə isə iddiaçıya aid həmin əmək müqaviləsi qüvvədə olan kimi qeyd edilmişdir. Baza məlumatlarından görünür ki, həmin məlumatlar iddiaçının əmək kitabçası məlumatları ilə üst-üstə düşür. (iş mat səh 114-115) Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, dəfələrlə nazirliyə müraciət etsə də, əmrin surətini əldə edə bilməmiş, nazirliyin portalında isə onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu qeyd edilmişdir. Yalnız xx.xx.2020-ci il tarixli məktubunda cavabdeh ona ünvanladığı məktubla iddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə **********2 nömrəli əmrlə xitam verildiyini bildirmişdir və yalnız bundan sonra iddiaçı məhkəməyə müvafiq iddia ilə müraciət etmişdir. Cavabdehin digər bir vəsatəti isə iddianın yalnız birinci hissəsinin qismən mümkün sayıla bilməsi ilə bağlı olmuşdur. Cavabdeh həmin vəsatətində qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia olunan məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinin təmin olunması mövcud iddia ərizəsi ilə əlaqədar məhkəmə icraatının yekun nəticəsindən asılı olduğundan, iddiaçı iddia tələbinin həmin hissəsində haqlı deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə bərpa işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsində bu qəbildən olan işlər üzrə iddia tələbləri adətən əmək haqqının ödənilməsi tələbilə birgə verilir və məhkəmələr həmin tələbə digər tələblərlə birgə baxaraq hüquqi qiymət verirlər. Bu səbəbdən cavabdehin həmin dəlilini də kollegiya əsaslı hesab etmir. İşdən görünür ki, iddiaçı İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu əsasında xx.xx.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. İddiaçı audit yoxlaması keçirilənədək artıq həbs olunmuş, həmin yoxlama ilə bağlı tərtib edilmiş arayışda iddiaçının adı belə çəkilmir. İstinad olunan məhkəmə aktlarından isə görünür ki, Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə iddiaçının təqsiri sübuta yetirilmədiyi üçün bəraət almışdır. Cavabdeh müvafiq əmrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6cı və 25.11-ci maddələrinə istinad etmiş və əsas kimi Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunu göstərmişdir ki, həmin məktubun məlumat xarakterli olduğu görünür. xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, cavabdeh iddiaçını “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Qanunun 25.2.6-cı maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: dövlət qulluğundan azad edilməsi. Qanunun 18-ci maddəsi Dövlət qulluqçularının vəzifələrini sadalayır, Qanunun 20-ci maddəsi Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətləri sadalayır, Qanunun 25.11-ci maddəsinə əsasən isə Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim etməli olduqları məlumatları əks etdirir. Həmin Qanunun 9-cu maddəsində isə korrupsiya ilə əlaqədar hüquqpozmalar sadalanır. Cavabdeh əmrdə iddiaçını “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad etməsinə əsaslansa da, həmin qanunun tələblərinin iddiaçı tərəfindən pozulması iş materialları ilə təsdiqlənmir. Əksinə iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə hökm İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar