Məhkəmə qərarları › İş №2-1(105)-100/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-100/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-100/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşd Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1407/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmiş və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi illəri sığorta stajına daxil etməklə, iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-ci ildə anadan olmuşdur. xx.xx.1973-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək Şirvan (Əlibayramlı) şəhərində yerləşən Pedaqoji texnikumunda təhsil almışdır. xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək Quba rayonu Püstəqasım kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Yelfi kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək Xaçmaz rayonu Hülövlü kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Xaçmaz rayonu Sərkərli kənd tam orta məktəbində sinif müəllimi işləmiş və həmin tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra xx.xx.1996-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Fuad ANR” kiçik müəsissəsində sürücü işləmişdir. xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olanda ona yaşa görə yox, sosial pensiya təyin edilmişdir. Buna aydınlıq gətirilməsi üçün tələb olunan sənədləri toplayıb ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialına müraciət etmişdir. İddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Orada onun müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla ona cavab verilərək, yaşa görə əmək pensiyasının təyin edilməsində imtina edilməklə bildirilmişdir ki, təqdim etdiyi ИТ-1 nömrə ******* saylı əmək kitabçasına, təhsil alması barədə diplomu və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1973-ci il tarixindən xx.xx.1975-ci il tarixənədək təhsil alması və xx.xx.1976-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək olduğu dövrlər) 23 il təşkil edir. Eləcə də, xx.xx.2006cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı göstərilmişdir. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının sözügedən qurumunda xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinq nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş, xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bununla da ümumi sığorta stajının qanunla nəzərdə tutulmadığından (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və həmin qərardan məhkəməyə şikayət etmək hüququnun olması ona bildirilmişdir. İddiaçı həmin qeyd olunan 8 il 2 ay 4 gün müddətinin sığorta stajına daxil edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarının onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ıl iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qayda da təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsi ilə müyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 25 il hesablanır. Beləliklə, iddiaçının təqdim etdiyi ИТ-İ №1064157 saylı əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil dövrü və xx.xx.1976c il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 23 il təşkil edir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa, HT-İ №1064157 saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış və “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, bununla da, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1407/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. “Əmək pensiyaları haqqında” qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırimış qayda da təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 25 il hesablanır. Belə ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə 23 il 5 gün mübahisətəndirilməyən sığorta stajı müəyyən edilmişdir. X2, Daxili Nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin 27.01 2022-ci il tarixli aktına əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi “Fuad ANR” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin (8 il 2 ay 4 gün) araşdırılıb sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Vətəndaşın 01,01.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 gün sığorta stajına uyğun olaraq pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixi üçün 17538,06 manat, 01.01,2022-cı il tarixi üçün 18713,05 manat təşkil edir: (23+5/30/12)x306=7042,25manat,7042,25+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1% +2,4%+1,4%+4%+12,4%+5,7%+3%+2,6%+2,8%+6,7%=18713,05 manat. Həmçinin vətəndaşın xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...

Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

14. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti...

15. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

16. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

21. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.

22. Hazırkı işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, iddiaçının təqdim etdiyi ИТ-1 nömrə ******* saylı əmək kitabçasına, təhsil alması barədə diplomu və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1973-ci il tarixindən xx.xx.1975-ci il tarixənədək təhsil alması və xx.xx.1976-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək olduğu dövrlər) 23 il təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinq nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş, xx.xx.1996-cı il tarixdən xx.xx.2005ci il “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bununla da ümumi sığorta stajının qanunla nəzərdə tutulmadığından (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və həmin qərardan məhkəməyə şikayət etmək hüququnun olması ona bildirilmişdir.

23. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının sığorta stajının yoxlanılması zamanı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığının müəyyən edildiyinə, bu səbəbdən göstərilən dövrlərin əmək stajı kimi nəzərə alınmamasına istinad edərək və iddiaçının 25 ildən az əmək stajı olduğunu əsas gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

25. İş materiallarında olan ИТ-İ №1064157 saylı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

26. НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

27. E № 007327 saylı, 05 iyul 1975-ci il tarixli “Diplom”un surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək X1 təhsil almışdır.

28. Azərbaycan Respublikası Abşeron rayonu kiçik müəssisə “Fuad-ANR” tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 saylı əmək haqqı barədə arayışda İddiaçı 17 nömrəli 04 dekabr 1996-cı il tarixli əmrlə müəssisədə sürücü işlədiyi və 1996-cı ilin dekabr ayından 2005-ci il tarixədək əmək haqqı aldığı və həmin əmək haqlarının aylar üzrə məbləği qeyd edilmişdir.

29. “Hüquqi şəxsin qeydə alınması haqqında” 26 aprel 1994-cü il tarixli, № 8957 saylı şəhadətnamənin surətindən görünür ki, hüquqi ünvanı ünvan 1əhəllə, ev 21, mənzil 39 olan “Fuad-ANR” kiçik müəssisəsi 26 aprel 1994-cü il tarixdə qeydiyyata alınmışdır.

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşın xx.xx.2006-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 gün sığorta stajına uyğun olaraq pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixi üçün 17538,06 manat, xx.xx.2022-ci il tarixi üçün 18713,05 manat təşkil edir: - (23+5/30/12)x306=7042,25 manat; - 7042,25+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3 %+2,6%+2,8%+6,7%=18713,05 manat. Həmçinin vətəndaşın xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

31. Mübahisələndirilən dövr ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş stajının müəyyən edilməsi üçün əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olduğu halda iş stajının təsdiq edilməsi üçün hər hansı digər sənəd və ya arxiv arayışının olmasına ehtiyac yoxdur. Əmək kitabçası olmadıqda isə şəxsin iş stajı arxiv arayışına əsasən müəyyən edilə bilər.

32. İddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

33. Göründüyü kimi, mövcud Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir.

34. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini göstərsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

35. xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır.

36. Beləliklə də, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı dövrlər və işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1407/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar