Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-100/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(118)-1999/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı iddiaçıya 0,10 ha torpaq sahəsinin Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 saylı sərəncamı ilə ayrıldığı halda, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə olunmadığı aşkar edilmişdir. Daha sonra iddiaçı yenidən eyniməzmunlu ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kv.t) mühafizə zolağında yerləşməsi və təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,10 ha göstərilsə də, faktiki vəziyyətdə 0,086 ha olması müəyyən olunmuşdur. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək iddiaçıya Abşeron rayon X5 10 iyul 1990cı il tarixli, 166 nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli qəsəbəsində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron Rayon X5 10 iyul 1990-cı il tarixli, 166 saylı qərarı ilə Abşeron rayonu, Məmmədli qəsəbəsindən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı dəfələrlə cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtina cavabları əsassızdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayon X5 10 iyul 1990-cı il tarixli, 166 saylı qərarı ilə Abşeron rayonu, Məmmədli qəsəbəsindən ona ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki vəziyyətdə olan 0,086 ha hissəsi üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(118)-1999/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya Abşeron rayon X5 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarı ilə Abşeron rayonu, Məmmədli qəsəbəsində ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki vəziyyətdə olan 0,086 ha hissəsi üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Burcayev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS tərəfindən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. İddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin yerquluşu planı təqdim edilmişdir. Həmçinin, məhkəmənin sorğusu nəticəsində əldə edilmiş müayinə aktında da qeyd olunmuşdur ki, torpaq sahəsinə dair yerquruluşu planı mövcuddur, həmin plan sxemdə torpaq sahəsinin yerləşdiyi yer və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubları və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu planından çıxarış müvafiq bələdiyyə, eləcə də İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlərin bir qismində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli möhürü ilə təsdiq edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cu il tarixli, 156 nömrəli qərarında iddiaçının adı qeyd olunsa da, arxivin xx.xx.2022-ci il tarixli, 730 nömrəli arayışında XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cu il tarixli, 156 nömrəli qərarı ilə vətəndaşlara torpaq sahəsinin ayrıldığı, lakin sərəncam ümumi olduğundan adlı siyahısının daxil edilmədiyi qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş arayışla torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kv.t) mühafizə zolağında yerləşməsi dəlilinə aydınlıq gətirilmişdir, bu səbəbdən qeyd olunan dəlil apellyasiya şikayətinin əsası kimi qeyd edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınaraq torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki vəziyyətdə isə 0,086 ha olması dəlili şikayətin əsası kimi qeyd edilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üzrə əhəmiyyətli olan hallar sübut olmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, iddiaçının qızıdır. Anasına mübahisəli torpaq sahəsi ayrıldığı dövrdə anası onunla birlikdə Rusiyada yaşayırdı, torpaq sahəsinə dair müvafiq sənədləşmə işləri etibarnamə əsasında atası tərəfindən aparılırdı. Anası heç vaxt sovxozda işləməmiş və onlar Azərbaycan Respublikasına 1997-1998-ci illərdə qayıtmışdılar. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən 0,086 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi hüquqmüəyyənedici sənəd kimi iddiaçıya Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarına istinad edərək torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsinin iddiaçının təqsiri olmaması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə adiyyəti orqana edilmiş sorğu nəticəsində iddia ərizəsində sadalanan xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi Abşeron rayon X5 İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarına istinad edərək həmin aktla ona 0,10 ha torpaq sahəsinin ayrıldığını qeyd etmişdir. İş materiallarında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarının (XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1989-cu il tarixli, 250 nömrəli qərarına qismən dəyişiklik edilməsi haqqında) 2-ci bəndində .................... asudə qalmış 0,10 ha torpaq sahəsinin İddiaçı verilməsi haqqında Abşeron rayon meyvə-tingliyi sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 08 dekabr 1989-cu il tarixli, 129 nömrəli və 22 may 1990-cu il tarixli, 52 nömrəli əmrlərinin nəzərə alınması qeyd edilmişdir. Həmin torpaq sahəsinə dair Məmmədli bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilsə də, həmin sənəd səlahiyyətli şəxs tərəfindən imzalanmamış, eləcə də inzibati orqanın möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə kollegiyasının mübahisəli 0,086 ha torpaq sahəsinə dair qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş yerquruluşu planından çıxarışın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Məmmədli bələdiyyəsi 04 noyabr 2023-cü il tarixli məktubla bildirmişdir ki, İddiaçı ayrılmış və ya onun istifadəsində olan torpaq sahəsinə dair bələdiyyədə heç bir məlumatın olmaması səbəbindən yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməsi mümkün deyildir. Həmçinin, kollegiyanın Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarının tam mətninin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən 11 dekabr 2023-cü il tarixli məktubla XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarı məhkəməyə təqdim edilmiş və əlavə olaraq bildirilmişdir ki, qərara adlı siyahı əlavə edilmədiyindən iddiaçının adının araşdırılması mümkün olmamışdır. Sorğuya cavaba əlavə edilən sözügedən qərardan görünür ki, həmin qərarla: 1) Rayon İcraiyyə Komitəsinin 20 sentyabr 1989-cu il tarixli, 250 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında; 2) RİK-nin 27 aprel 1990-cu il tarixli, 90 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında; 3) RİK-nin 28 oktyabr 1989-cu il tarixli, 279 nömrəli qərarında qismən dəyişiklik edilməsi haqqında məsələlər üzrə müvafiq qərarlar qəbul edilmişdir. Birinci məsələ üzrə - 1) Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1989cu il tarixli, 250 nömrəli qərarı ilə Natiq Nəcəfov, Cəmil Musayev və Hənifə Həşimova verilmiş torpaq sahələrinin öz xahişləri ilə Abşeron rayon meyvə-tingliyi sovxozu tərəfindən geri alınmasının nəzərə alınması; 2) həmin torpaqların X6, X2 və X4, asudə qalmış 0,10 ha torpaq sahəsinin X3 verilməsi haqqında sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 08 dekabr 1989-cu il tarixli, 129 nömrəli və 22 may 1990-cu il tarixli, 52 nömrəli əmrlərinin nəzərə alınması qərara alınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarında Abşeron rayon meyvə-tingliyi sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 08 dekabr 1989-cu il tarixli, 129 nömrəli və 22 may 1990-cu il tarixli, 52 nömrəli əmrləri əsasında iddiaçıya asudə qalmış 0,10 ha torpaq sahəsi ayrılması göstərilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin qərarla Abşeron rayon meyvə-tingliyi sovxozu üzrə torpaq sahəsi ayrılan vətəndaşların sırasında iddiaçının adı göstərilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi – qızı məhkəmə iclasında izahatında, hazırki iş üzrə iddiaçının ona mübahisəli torpaq sahəsi ayrıldığı dövrdə Rusiyada yaşadığını, müvafiq sənədləşmə işlərinin etibarnamə əsasında onun əri tərəfindən aparıldığını, iddiaçının, ümumiyyətlə, heç vaxt sovxozda işləmədiyini və onun Azərbaycan Respublikasına 1997-1998-ci illərdə qayıtdığını bildirmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarı ilə ona torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən müəyyən edildi ki, əslində 10 iyul 1990-cı il tarixdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə 166 nömrəli qərar qəbul edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısında nəzərdə tutulan əsaslar yoxdur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 10 iyul 1990-cı il tarixli, 166 nömrəli qərarında göstərilən məlumatların həqiqiliyi – həqiqətən də, həmin tarixdə iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(118)-1999/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-100/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-100/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver