Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-100/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.23 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1612/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.23 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.23 hektar torpaq sahəsi Qusar Rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli 2-224a saylı qətnaməsi ilə İddiaçı verilmişdir. Dövlət aktı iki nüsxədən tərtib edilmiş, onun bir nüsxəsi torpağın mülkiyyətçisi İddiaçı verilmiş, ikinci nüsxəsi isə DT və XK Quba rayon şöbəsində saxlanılmış, dövlət aktı qeydiyyat kitabında 1964 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin 23 avqust 2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtina səbəbi kimi qeyd etdiyi bu hissədə göstərdiyi əsasları tamamilə qanunsuz və əsassız hesab edir. İlk öncə onu qeyd edir ki, “Dövlət Aktı”-nın əsli ondadır və yuxarıda da göstərdiyi kimi həmin aktda sözügedən sənədin 1964 nömrə ilə qeydə alındığı qeyd edilmişdir. Necə ola bilər ki, cavabdehə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında aşkar edilməmişdir?! Əgər aşkar edilməmişdirsə də bu vətəndaşın məsuliyyətidirmi?! Hər hansı vəzifəli və ya digər şəxslərin öz işlərinə laqeydliyinə görə vətəndaşın mülkiyyət hüququ nəyə görə məhdudlaşdırılır?! İkinci olaraq göstərmək istəyir ki, o, mübahisə predmeti olan torpaq sahəsini X3 adlı vətəndaşdan alqı-satqı müqaviləsinə əsasən almışdır. Belə ki, həmin ərazidə yerləşən 1.15 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X2 ayrılmış və JN-174 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə onun mülkiyyətinə verilmişdir. X4 yuxarıda qeyd olunan dövlət aktının təsdiq olunmuş surətinin verilməsi ilə bağlı hazırki iş üzrə cavabdehə müraciət etmiş, cavabdeh isə 10 oktyabr 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki: “Bildiririk ki, 1.15 ha torpaq sahəsinə verilmiş JN-174 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı və Qusar Rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sizin və ailə üzvlərinizin adına 0.92 ha torpaq sahəsinə verilmiş JN-3289 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənilmişdir. Qeyd olunan eləcə də torpağın qalan sahələrinin özkəninkiləşdirilməsi və bağışlanması səbəblərindən dövlət aktlarının təsdiq olunmuş surətlərinin verilməsindən imtina edilmişdir. Buradan belə bir sual ortaya çıxır ki, necə ola bilər ki, cavabdeh onun ərizəsinə cavab olaraq yazdığı məktubda heç bir məlumatın aşkar edilmədiyini qeyd edir, lakin Rövşən İbrahimova ünvanladığı məktubda isə onun iddiaçıya satdığı torpaq sahəsinin hətta məhkəmənin qətnaməsini belə göstərməklə özkəninkiləşdirildiyi və bu səbəbdən də qalan 0.92 ha torpaq sahəsinə JN- 3289 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işləndiyini bildirir. Buradan da cavabdehin imtinaya əsas kimi yuxarıda göstərdiyi səbəbin qanunsuz və əsassız olduğu öz təsdiqini tapır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Quba rayonu Amsar kəndi ərazisində yerləşən 0. 23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-T-0070-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyiniz, 0.23 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-3288 nömrəli ( KOD ********) seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir.Bundan əlavə, JN- 3288 nömrəli Dövlət aktının nömrəsi elektron məlumat bazarında olan xəritə üzərində öz əksini tapmamışdır.Bildiririk ki, torpaq sahəsinin cizgisi elektron kadastr uçotu informasiya sistemində 174 nömrə ilə göstərilmişdir.Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur”.Yuxarıda qeyd edildiyi kimi, JN-3288 nömrəli ( KOD ********) seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında da öz əksini tapmamışdır.Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-T-0070-8/2023 nömrəli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən, 0.23 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-3288 nömrəli ( KOD ********) seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bundan əlavə, JN- 3288 nömrəli Dövlət aktının nömrəsi elektron məlumat bazarında olan xəritə üzərində öz əksini tapmamışdır. Bildirilir ki, torpaq sahəsinin cizgisi elektron kadastr uçotu informasiya sistemində 174 nömrə ilə göstərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-3288 nömrəli ( KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın surətindən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya Qusar rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsi əsasında verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 3-21-3-02/2-8282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, arxivdə JN-3288 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1612/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.23 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktının idarənin arxivində və elektron məlumat bazasında aşkar olmamasıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Dövlət aktının mövcudluğu DƏDKR tərəfindən verilmiş 3-21-3-02/2-8282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, X9 iddiaçıya 0.23 ha torpaq sahəsinin ayrılması rəsmiləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda cavabdeh təşkilat mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verməlidir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması və texniki müayinənin keçrilməməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi illə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında fərqli olması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, sübutlara düzgün qiymət verilməmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı iddia tələbi “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.23 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. (Qanunun 8.0.5-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına istinad edir. X9 isə mübahisəli torpaq sahəsinin Qusar rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsinə əsasən verildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qusar rayon Məhkəməsinin G(029)-620/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-224a/2006 saylı mülki iş mövcud olmadığından hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Əlavə olaraq bildirilir ki, 2006-cı ildə İddiaçı iddia tələbi əsasında torpaq sahəsi ilə bağlı hər hansı mülki işə baxılmamışdır. Göründüyü kimi Dövlət Aktında istinad olunan qətnamənin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək yalnış nəticəyə gəlmişdir. Əlavə olaraq iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 03 iyul 2024-cü il tarixli, 3-21-3-02/2- 8282/2024 nömrəli məktubundan görünür ki, arxivdə JN-3288 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Beləliklə də, mübahisəli torpaq sahəsinin ayrılmasına əsas olmuş Qusar rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsi nə məhkəmədə, nə də cavabdeh inzibati orqanda mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının istinad etdiyi “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktında mübahisəli torpaq sahəsinin ayrılması əsası kimi qeyd olunan Qusar rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsi məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təcrübəsində bu kateqoriya işlərdə bəzən kökü olmasa da, istinad olunan məhkəmə aktının surəti mövcud olur. Hazırki işdə isə məhkəmə aktının mövcudluğu barədə məlumat yoxdur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-3288 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, mübahisəli torpaq sahəsinin İddiaçı ayrılması barədə Qusar rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2- 224a saylı qətnaməsinin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, iddiaçının təqdim etdiyi Dövlət Aktındakı göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Lakin məhkəmə kollegiyası bir məqama münasibət bildirməyi vacib sayır. Hazırki işin fərqli xüsusiyyəti ondan ibarətdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı mübahisə mövcud deyil. İddiaçı ərizəsində qeyd edir ki, ikinci olaraq göstərmək istəyir ki, o, mübahisə predmeti olan torpaq sahəsini X3 adlı vətəndaşdan alqı-satqı müqaviləsinə əsasən almışdır. Belə ki, həmin ərazidə yerləşən 1.15 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X2 ayrılmış və JN-174 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə onun mülkiyyətinə verilmişdir. X4 yuxarıda qeyd olunan dövlət aktının təsdiq olunmuş surətinin verilməsi ilə bağlı hazırki iş üzrə cavabdehə müraciət etmiş, cavabdeh isə 10 oktyabr 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki: “Bildiririk ki, 1.15 ha torpaq sahəsinə verilmiş JN-174 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı və Qusar Rayon Məhkəməsinin 21 aprel 2006-cı il tarixli, 2-224a saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sizin və ailə üzvlərinizin adına 0.92 ha torpaq sahəsinə verilmiş JN- 3289 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənilmişdir. Qeyd olunan eləcə də torpağın qalan sahələrinin özkəninkiləşdirilməsi və bağışlanması səbəblərindən dövlət aktlarının təsdiq olunmuş surətlərinin verilməsindən imtina edilmişdir. Buradan belə bir sual ortaya çıxır ki, necə ola bilər ki, cavabdeh onun ərizəsinə cavab olaraq yazdığı məktubda heç bir məlumatın aşkar edilmədiyini qeyd edir, lakin Rövşən İbrahimova ünvanladığı məktubda isə onun iddiaçıya satdığı torpaq sahəsinin hətta məhkəmənin qətnaməsini belə göstərməklə özkəninkiləşdirildiyi və bu səbəbdən də qalan 0.92 ha torpaq sahəsinə JN-3289 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işləndiyini bildirir. Buradan da cavabdehin imtinaya əsas kimi yuxarıda göstərdiyi səbəbin qanunsuz və əsassız olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın bu cür yanaşması qəbuledilməzdir. Kollegiya hesab edir ki, iddiaçının mülki hüquq münasibətləri mübahisəsiz olduğu halda daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlar əsasında onun mümkün hüquq müdafiə imkanlarından istifadəsinin qarşısının alınması yolverilməzdir. Tərəflərə izah olunsun ki, hazırkı iddianın rədd edilməsi daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlar əsasında hüquqlar irəli sürülməsinə əsas yaradır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1612/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN 3288 nömrəli (KOD ********) Dövlət aktına əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.23 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.