Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1000/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: kirayə haqqı məbləğinin müəyyən edilməsi və kompensasiyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ev 26 ünvanında yaşadığı üçün kirayə haqqının 10 mart 2021-ci il tarixindən 150 manat məbləğində müəyyən edilməsi və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-624/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X2 ilə İddiaçı ilə mənzilə dair kirayə müqaviləsi bağlanmış, kirayə haqqının məbləği 230 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunun surətindən görünür ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş ehtiyata və ya istefaya buraxılmış şəxslərə Bakı şəhərində 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonlarında 100 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, ərizənizdə qaldırdığınız məsələnin müsbət həlli mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ev 26 ünvanında yaşadığı üçün kirayə haqqının 10 mart 2021-ci il tarixindən 150 manat məbləğində müəyyən edilməsi və kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, o, 2000-2021-ci ilərdə Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və hazırda mayor rütbəsində zabitdir. Vətən Müharibəsi iştirakçısıdır. Xəstəliyi ilə əlaqədar olaraq istefaya buraxılmış və hal-hazırda təqüddədir. Eyni zamanda, Abşeron rayonu, Xırdalan şəhəri, N saylı hərbi hissədə daimi qeydiyyatdadır. Abşeron rayonu, Xırdalan şəhəri, N saylı hərbi hissədə daimi qeydiyyatda olsa da onun yaşayış yeri olmadığından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ev 26 ünvanında yaşamaq üçün X2 ilə arasında 10 mart 2021ci il tarixində Kirayə müqaviləsi bağlamış, Kirayə müqaviləsinin müddəti xx.xx.2031-ci il tarixinədək müəyyən edilmişdir. Eyni zamanda hərbiçi olaraq ev növbəsində uçota alınmışdır. Qeydiyyatda olduğu hərbi hissə Abşeron rayonunun inzibati ərazisində yerləşdiyi üçün müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləği Cavabdeh tərəfindən ödənilir. Kompensasiya məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarına uyğun düzgün hesablanmamışdır. Belə ki, Cavabdeh nağdsız qaydada 100 manat kompensasiya məbləğini ödəyir. Tərəfindən Cavabdehnə müraciət olunaraq kompensasiya məbləğinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi 26 ünvanında yaşadığı üçün hər ay 150 manat ödənilməsi xahiş olunmuşdur. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ev 26 ünvanında yaşadığı üçün hər ay 150 manat kompensasiyanın ödənilməsindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 nömrəli Qərarına əsasən Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, başqa şəhər və rayon mərkəzlərində 75 manat, digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.Göründüyü kimi Abşeron rayonunda - 100 manat, o cümlədən uçota götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Dövlət tərəfindən ayrılan vəsait iddiaçının hansı ərazidə kirayədə yaşaması ilə deyil hansı rayonda mənzil uçotuna götürülməsi ilə tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-624/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın imtinası qanuni olmuşdur. Belə ki, imperativ xarakter daşıyan “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il 174 nömrəli Qərarına əsasən Abşeron rayonunda - 100 manat, o cümlədən uçota götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə kompensasiya ödənilir. Sözügedən qərardan da göründüyü kimi dövlət tərəfindən ayrılan vəsait iddiaçının hansı ərazidə kirayədə yaşaması ilə deyil hansı rayonda mənzil uçotuna götürülməsi ilə tənzimlənir. Belə olan halda iddiaçının tələbinin təmin edilməsi qanuvericiliyə əsasən mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən sənəddən görünür ki, o, xx.xx.2021-ci il tarixdə ehtiyyata buraxılmışdır. Bundan əlavə məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evini kirayələmişdir və o aylıq 230 manat kirayə haqqı ödəyir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu İcra Hakimiyyətinin Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, kirayələdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilən 114 nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, hər ay mənzilin müvəqqəti kirayəsi üçün ehtiyyata buraxılana qədər 150 manat mənzil kirayə haqqı almışdır. Göründüyü kimi, 150 manat kirayə haqqını hərbi xidmətdən ehtiyyata buraxılana qədər almışdır. Ehtiyyata buraxılanda da Abşeron rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir. O həmin hərbi hissədə qeydiyyatda olsa da, yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X5 küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evi olmuşdur. Ehtiyata buraxıldıqdan sonra Cavabdeh alınan 150 manat kirayə haqqını əsassız olaraq 100 manata endirmişdir və mübahisə də buradan yaranmışdır. İddia tələbi haqlıdır, təmin edilməlidir. Məhkəmə bu sahəni tənzimləyən normativ hüquqi aktlara istinad etsə də, fərqli qərar qəbul etmişdir və qərar ləğv edilməlidir. Sumqayıt İnzibati Məhkəməsi iş üçün əhəmiyyətli olan halları müəyyən edə bilməmişdir. Halbuki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etmişdir, sübutları toplamışdır, lakin məhkəmə toplanmış sübutları qərarında qiymətləndirməmişdir. Belə ki, xidmətdə olduğunu, xidmətdən ehtiyata buraxıldığını, müvəqqəti yaşayış yeri barədə kirayə müqaviləsini, müvəqqəti yaşadığı ünvanda həqiqətən qeydiyyatsız yaşamasını, Abşeron rayonunda hərbi hissədə qeydiyyatda ola-ola qanuni olaraq aldığı kirayə məbləğini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ .... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 nömrəli Qərarı ..... Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: -Bakı şəhərində - 150 manat, -Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, -başqa şəhər və rayon mərkəzlərində 75 manat, -digər yaşayış məntəqələrində 55 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi kirayə haqqının 10 mart 2021-ci il tarixindən 150 manat məbləğində müəyyən edilməsi və kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə müvafiq qərara əsasən yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş ehtiyata və ya istefaya buraxılmış şəxslərə Bakı şəhərində 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonlarında 100 manat məbləğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi qulluqçu olmuş və istefaya buraxılmış, Abşeron rayonu, Xırdalan şəhərində müvafiq hərbi hissədə daimi qeydiyyatdadır. Qeydiyyatda olduğu hərbi hissə Abşeron rayonu inzibati ərazi vahidində yerləşdiyindən, Cavabdeh tərəfindən hər ay kirayə xərclərinə görə 100 manat məbləğində ona kompensasiya ödənilir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı məhz kirayə müqaviləsinə əsasən Bakı şəhəri ərazisində yerləşən mənzildə yaşadığından, müvafiq Qərara əsasən Bakı şhəri üzrə ödənilməli olan kompensasiya məbləğinin 150 manat olması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaçının Abşeron rayonu üzrə qeydiyyatda olması və müvafiq Qərara əsasən Abşeron rayonu üzrə kompensasiya məbləğinin 100 manat olması halına istinad edərək, imtina etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən kompensasiya məbləği məhz uçota götürülmüş şəxslər hansı inzibati ərazi vahidi üzrə uçota götürülmüşdürsə, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin inzibati ərazi vahidi üçün müəyyən edilmiş norma əsasında müəyyən edilir. Göründüyü kimi, müvafiq kompensasiyanın hansı məbləğdə və kim tərəfindən öədnilməsi halı məhz şəxsin mənzil uçotuna götürülməsi ilə bağlı hallarla şərtləndirmişdir. İndiki halda isə iddiaçının mənzil uçotuna götürüldüyü və qeydiyyatda olduğ hərbi hissənin yerləşdiyi ərazinin Abşeron rayonu ərazisi olması, habelə məhz həmin əsasa görə də kompensasiyanın məbləği yerli icra hakimiyyəti orqanı qismində Abşeron Rayonu İcra Hakimiyyəti tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği də məhz onun mənzil uçotuna götürüldüyü Abşeron rayonu üzrə müəyyən edilmiş norma əsas götürülməklə, müəyyən edilməlidir. Qeyd edilən kompensasiya məbləğinin müəyyən edilməsinə dair müvafiq Qərarda Abşeron rayonunda ödənilməli oan kompensasiyanın məbləğinin 100 manat olması qeyd edilmişdir. İndiki halda iddiaçı məhz kirayə müqaviləsinin predmeti olan yaşayış sahəsinin Bakı şəhəri ərazisində olması halına istinad edərək, kompensasiyanın məbləğinin Bakı şəhəri üzrə müəyyən edilmiş norma əsas götürülməklə, müəyyən edilərək, ödənilməsini istəyir. Lakin qanunvericilik normasında həmin kompensasiyanın məbləğinin kirayə müqaviləsinin predmeti olan yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə deyil, məhz mənzil uçotuna götürüldüyü inzibati ərazi vahidi ilə bağlı müəyyən edilmişdir. Başqa sözlə desək, həmin kompensasiya məbləği istənilən yerdə kirayə mənzil götürülməsi ilə bağlı deyil, məhz mənzil uçotuna götürüldüyü ərazi ilə bağlı müəyyən edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş ürzə iddiaçının iddia tələbi qanunvericiliyin qeyd edilən normasının dispoztiv şərtləri ilə uzlaşmır. Nəticə etibarilə iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1000/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1000/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver