Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1000/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4223/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 754A, KOD 30304048 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 5 mart 2006-cı il tarixli, 4-ə-93 saylı alqı-satqı müqaviləsi ilə 0,05 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 27 iyun 2024-cü il tarixli, 3-21-3-34/2-Ə-0193- 39/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən, JN-754A Kod 30304048 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilən 0,05 ha torpaq sahəsinin Torpaqların elektron kadastrı uçotu informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 3-21-3-34/2-Ə-0394-8/2024 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş JN-754 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. Bundan əlavə, JN-754 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 19 may 2025-ci il tarixli, 3-16-5/2-31117/2025 nömrəli məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində 5 mart 2006-cı il tarixdə 4Ə-93 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət X2 27 may 2025-ci il tarixli, 3-48-DA-6F/2-2xx-xx/2025 nömrəli məktubundan görünür ki, vətəndaşlara məxsus torpaq sahələrinə aid şəhadətnamələr X4 filialına təhvil verilməmişdir. Cavabdehin müayinə aktından görünür ki, Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüş, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin daxilində inşaası 2023-cü ildə başa çatan tikintialtı sahəsi 211 kv.m olan fərdi yaşayış evi mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,05 ha təşkil edir. Müayinə zamanı tərəfindən təqdim edilmiş JN754A KOD 30304048 saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır, həmin nömrə (754) DBF siyahısında göstərilməmişdir. Bildirilmişdir ki, JN-754A nömrəli şəhadətnamə TEKUİS-də öz əksini tapmışdır və həmin torpaq sahəsi İddiaçı iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir. Sözügedən torpaq sahəsi (faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində heç bir mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər qoşma şəklində göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3-60/2-4022/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində İddiaçı adına verilmiş JN-754A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər (Quba rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4-ə-93 nömrəli alqı-satqı müqaviləsi daxil olmaqla) aşkar edilməmişdir. Cavabdehin 3-21-3-34/2-15531/2025 nömrəli, 5 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı adına 0.02 ha həyətyanı və ümümi birgə mülkiyyət üzrə 0.2296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Cavabdehin müayinə aktından görünür ki, İddiaçı adına Quba rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 4-Ə-93 saylı alqı-satqı müqaviləsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN:754A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin qeydiyyat kitablarında qeydiyyatı aşkar edilməmişdir, kompleks yerquruluşu xəritələrində (DWJ-islahat xəritə məlumatları) məlumatları əks edilməmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (Tekuis) şəhadətnamənin JN nömrəsi (JN: 754A) və istifadəçi adı vətəndaşın adı (İddiaçı) olmaqla qeyd edilmişdir. Sorğunuzda qeyd edilən “Tekuis-də xüsusi mülkiyyət” anlayışı vətəndaşın əlində olan şəhadətnamənin elektron uçot xəritəsində əks olunması səbəbindən yaranmıışdır. Elektron uçot məlumatlarınn əsası vətəndaşın əlində olan şəhadətnamə olmuşdur. Torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona ünvanlanmış 3-21-3-34/2-7-0394-8/2024 saylı, 28 dekabr 2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və JN-754A KOD 30304048 saylı mülkiyyət hüququ verən şəhadətnaməyə əsasən ona məxsus olan Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatın alınmasının və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvanlanmış 3-21-3-34/2-7-0394-8/2024 saylı, 28 dekabr 2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, JN-754A KOD 30304048 saylı mülkiyyət hüququ verən şəhadətnamə əsasında və ona məxsus olan Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasının və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 mart 2006-cı il tarixli, 4Ə-93 resyter nömrəsilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Tirmiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini almış və həmin torpağa mülkiyyət hüququ verən JN-754A KOD 30304048 saylı mülkiyyət hüququ verən şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi Torpaqların elektron Kadastrı uçotu informasiya sistemində də onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət Reyesterində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün 12 dekabr 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina verilmişdir. Cavabdeh təşkilatın ərizəyə ünvanladığı cavab məktubu qanunsuz və əsassızdır. Ona məxsus olan torpağa mülkiyyət hüququ verən JN 754A nömrəli Kod 30304048 seriyalı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ona 2006-cı ildə verilmişdir. Qeyd olunan Torpaq və Xəritəçəkmə komitəsi 2014-cü ildə ləğv olunmuş və bütün sənədlər Dövlət Reyestr xidmətinə verilmişdir. Əgər bugün Dövlət Reyestr xidmətində iddiaçıya məxsus JN754A kod 30304048 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Reyester xidmətinin arxivində tapılmırsa, bu iddiaçının məsuliyyəti deyildir. Bundan başqa, cavab məktubunda göstərilir ki, qeyd olunan şəhadətnamə cavabdeh orqana təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və şəhadətnamənin arxiv nüsxəsi ərazi idarəsində aşkar edilməmişdir. Bu faktlar iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Ona görə ki, hal-hazırda qeyd olunan torpağa mülkiyyət hüququ verən şəhadətnamə ondadır və onun Dövlət qeydiyyatından keçməsi öz təsdiqini Torpaq və Xəritəçəkmə komitəsinin möhürü ilə təsdiq olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4223/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həqiqətən də hazırkı iddia tələbinin əsasında dayanan JN 754A, KOD 30304048 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmçinin şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Dövlət Notariat Kontorunun 5 mart 2006-cı il tarixli, 4Ə-93 saylı alqısatqı müqaviləsinin mövcudluğu arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən məhkəmənin sorğusuna X4 Filialı və Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən verilmiş cavablara əsaslanmış və nəticədə qeyri qanuni qərar vermişdir. Qeyd olunan cavab məktubunda göstərilir ki,a) Quba rayon dövlət notariat ofisində 5 mart 2006-cı il tarixdə 40-93 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qedə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir.b)JN754A KOD 30304048 saylı şəhadətnamə baza məlumatlarda olan DVJ xəritələri üzərində öz əksini tapmamışdır,həmin nömrə (754) DBF siyahısında göstərilməmişdir. Qeyd olunan cavab məktublarına və cavabdeh təşkilatın cavab məktubunu əsas götürən məhkəmə belə qənaətə gəlmişdir ki, dövlət orqanları tərəfindən buraxılmış səhvlər onun məsuliyyət dairəsinə aid edilməli və bu kimi hallar onun tərəfindən sübuta yetirilməlidir. Bu yanlış nəticədir və məhkəmənin bu qənatə gəlməsi qanuni hesab edilə bilməz. 2006 ildə qanuni əsaslarla mübahisəsi olunan torpaq sahəsini almış və üzərində fərdi ev tikmişdir. Ayrı-ayrı dövlət orqanlarının hər hansı kitabı və ya hüquqverici sənədləri dövlət arxivinə təhvil verilməməsi və ya 754 saylı şəhadətnamənin DBF siyahısında göstərilməməsi onun təqsiri kimi qiymətləndirılməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasna müraciət edərək, JN-754A KOD 30304048 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, habelə iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. aşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçıya verilmiş 0,05 ha torpaq sahəsi üzrərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının adına tərtib edilmiş müvafiq Şəhadətnamə qeydiyyatdan keçmədiyindən, arxiv nüsxəsi aşkar edilmədiyindən, elektron məlumat bazasında şəhadətnamənin xəritə üzərində öz əksini tapmadığından, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu Dövlət Notariat Kontorunun 30 mart 2006-ci il tarixli 4-ə-93 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş JN-754 KOD 30304048 “Torpağın Mülkiyyətə verilməsinə dair“ Şəhadətnamə ilə iddiaçının mülkiyyətinə Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha torpaq sahəsi verilmiş, şəhadətnamənin əsli mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən alqı-satqı müqaviləsi və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Həmçinin, iş materiallarında olan torpaq sahəsinin müayinə aktının və ortofoto görüntüsünün məzmunundan görünür ki, həmin torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair heç bir hal qeyd edilməmiş, torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir, torpaq sahəsi daxilində 2023-cü ildə inşası başa çatan tikintialtı sahəsi 211 kv.m. olan fərdi yaşayış evi mövcuddur, torpaq sahəsinin ölçüsü 0,05 ha təşkil edir, müvafiq şəhadətnamə DVJ xəritə məlumatlarında öz əksini tapmamış, TEKUİS-də öz əksini tapmışdır, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə TEKUİS-də əks olunmuş torpaq sahəsi eynilik təşkil edir, TEKUİS əsasən yaşayış məntəqələri torpaq sahəsi uqodiyası həyətyanı, mülkiyyət xüsusi mülkiyyət kimi əks olunmuş, qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılmaması üçün hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərtinə əsasən torpaq sahəsinin ayrılmasına dair müvafiq şəhadətnamə və alqı-satqı müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyytana alınması üçün əsas qismində çıxış edir. İndiki halda iddiaçının adına tərtib edilmiş müvafiq Şəhadətnamənin əsli mövcud olmuş, hətta cavabdeh inzibati orqan özü həmin sənədi mötəbər sənəd kimi qəbul edərək, TEKUİS məlumatına iddiaçının adına sözügedən torpaq sahəsinə dair həmin sənəd əsasında xüsusi mülkiyyət kimi işləmişdir. Hansı ki cavabdeh inzibati orqan məhz TEKUİS məlumatına əsasən yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını həyata keçirməlidir (bu onun vəzifəsi kimi çıxış edir). Buna baxmayaraq, cavabdeh inzibati orqan hazırda həmin Şəhadətnamənin arxiv nüsxəsinin olmaması, qeydiyyatdan keçməməsi halına istinad edərək, iddiaçının adına TEKUİS də işlənilmiş xüsusi mülkiyyətin dövlət qeydiyyatına alınmasından formal olaraq imtina etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə imtina ilə bağlı hərəkətləri qanunauyğun olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, həmin Şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat kitabında qeydə alınması halı iddiaçının öhdəlik daşıdığı hal kimi deyil, məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsinin səlahiyyətinin icrası ilə bağlı olan hal kimi ortaya çıxmışdır. Göründüyü kimi, müvafiq sənədin qeydiyyat kitabında qeydə alınmaması iddiaçının təqisiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Belə olan halda isə cavabdeh inzibati orqanın müvafiq inzibati orqanın öz səlahiyyətlərini lazimi qaydada icra etməməsinin nəticəsi kimi çıxış edən bir hala istinad edilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi halı onun hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər ki, bu hal özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə, bütövlükdə inzibati icraatın mahiyyətinə ziddir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçıya müvafiq torpaq sahəsinin verilməsinə dair Şəhadətnamənin tərtib edilməsinin əsası qismində məhz Quba rayonu Dövlət Notariat Kontorunun 30 mart 2006-ci il tarixli 4-ə-93 saylı alqı-satqı müqaviləsi çıxış etmişdir. Həmçinin, iş materiallarında olan müvafiq arxiv idarəsinin məktubunun məzmunundan görünür ki, qeyd edilən müqvailə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Bununla bağlı da kollegiya qeyd edir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əks olunduğu reyestr kitabının arxivə təhvil verilməsi iddiaçının öhdəlik daşıdığı hal kimi çıxış etməmiş, bu hal məhz müvafiq notariat ofisinin səlahiyyətinə aid olmuşdur. Göründüyü kimi, qeyd edilən hal da iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, müvafiq dövlət qurumunun öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının mövcud hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmamış, iddiaçı isə qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi halın müvafiq inzibati orqanın səlahiyyətinin lazimi qaydada icrası ilə bağlı olub-olmaması, nəticə etibarilə iddiaçının təqsiri ilə əhatə olunub-olunmaması və onun məsuliyyət daşıdığı hal kimi çıxış edib-etməməsi halı işin halları (bu hallarım iddiaçının mülkiyyət hüququnun yaranmasına və məhdudlaşdırılmasına təsiri, torpaq sahəsinin naturada mövcud olması, iddiaçının faktiki istifadəsində olması, TEKUİS-də xüsusi mülkiyyət kimi tanınması, cavabdehin özü tərəfindən qeydə alınması və digər) baxımından, habelə qanunvericiliyin norma və prinsipləri baxımından təhlil ediməmiş, qeyd edilən əsasın formal olaraq ortaya çıxması halına diqqət yetirməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4223/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. JN-754A KOD 30304048 nömrəli “Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı mülkiyyətinə verilmiş Quba rayonu, Timiryazev kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5n 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1000/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1000/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver