Məhkəmə qərarları › İş №2-1(105)-1005/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1005/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1005/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2- 1(118)-2736/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədən qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında 2 nömrəli siyahısında 28-ci bölməsində 23001000-16878-şifrinə, 23001000-14241-şifrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. 29 iyul 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2005-ci il tarixləri xx.xx.2006-cı ildən 31 dekabr 2022-ci illər arasındakı dövr ərzində də “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında 2 nömrəli siyahısında 28-ci bölməsində 23001000-16878-şifrinə, 23001000-14241-şifrinə əsasən onun güzəştli pensiya hüququ vardır. Onun iş yeri olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X4 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışlardan (xx.xx.2020-cı il tarixli 174, 175, 176 nömrəli) görünür ki, o:- 16 aprel 1985-ci il tarixdən 31 may 1985-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş "Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişir (kod- 23001000-16878; iş stajı 1 ay, 16 gün); 01 fevral 1986-cı il tarixdən 10 noyabr 1994-cü il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş "Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi teplovoz maşinisti vəzifəsində işləmişdir (kod - 23001000-14241; iş stajı 8 il 9 ay 10 gün); 11 noyabr 1994-cü il tarixdən 31 dekabr 2005ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinisti vəzifəsində işləmiş (kod - 23001000- 14241; iş stajı 11 il, 1 ay, 21 gün). Göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək 20 il 18 gün güzəştli iş stajı olmuşdur. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen’ X4 tərəfindən verilən arayışdan görünür ki, o xx.xx.2014-cü il tarixindən hal-hazıra kimi tam iş günü həmin zavodun dəmir yolu sahəsində teplovoz maşinisti peşəsində işləyir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2023cü il tarixli ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 303522/2/2023 nömrəli imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. İş materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddaçı İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-S- 303522/2/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(102)-1930/2021 nömrəli Qərarında İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bildirilir ki, Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(112)-4222/2021 nömrəli qərarı ilə İddiaçı 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1932/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(112)- 4222/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1930/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1932/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2781/2023 nömrəli qərardadında da qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi əvvəlki iddia ilə eynilik təşkil edir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırkı iddia mümkün sayılmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-663/2023 nömrəli qərardadında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1930/2021 saylı qərarı ilə iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası rədd edilmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbi əvvəlki iddia ilə eynilik təşkil edir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olması baxımından iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarına və İddiaçı əvvəlki tarixlərdə də eyni tələblə bağlı müraciətinə əsasən hesab edilir ki, icraatda olan 2-1(118)-2781/2023 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. Bildirilir ki, iddiaçı hazırda 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, artıq yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1930/2021 nömrəli qərarında iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verməməsi müəyyən edilmişdir. Belə ki, onun əmək kitabçasında xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, İddiaçı işlədiyi sahə nəqliyyat sahəsi üzrə dəmiryolu nəqliyyatına aid deyildir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qeyd olunan (********) (Vİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) istehsalat, iş, peşə və vəzifələrlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyildir. Həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut yoxdur. Beləliklə, iddiaçının tələbinə məhkəmədə hüquqi qiymət verildiyinə görə iddia tələbi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 1982-ci ildə başlamışdır. Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 174 nömrəli, 24.001.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixində Sumqayıt 41 №-li Orta Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq xx.xx.1982-ci ildə 41 №-li Sumqayıt Orta Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Tornaçı” ixtisasını əyani bitirmişdir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən verilən 43, 44, 45, 46, 47 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçının işlədiyi teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il il tarixli 12 saylı qərarının 21-ci bölməsinin 21.04 bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-2736/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrıayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 21.4-cü bölməsi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar maşinistlərinə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan maşinistlərə, maşinist köməkçilərinə, qatar tərtibçilərinə də şamil olunmalıdır. Göründüyü kimi, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən verilən 43, 44, 45, 46, 47 nömrəli, xx.xx.2023-cü il tarixli arayışlarında qeyd edilən iddiaçının işlədiyi teplovoz maşinisti vəzifəsi "xxxx" QSC-də işləyən şəxslərin müvafiq vəzifəsi ilə eyni funksiyaya malikdir. Belə olan halda iddiaçının işlədiyi qatar tərtibçisi vəzifəsi güzəştli iş stajı kimi hesablanıb ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)- 2736/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh daha sonra apellyasiya şikayətinə əlavə təqdim edərək anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2053/2024 nömrəli qərardadına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri teplovozlarda maşinist köməkçiləri

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 21 oktyabr 2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajı; 2) azı 12,5 il güzəştli iş stajı. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan hərbi biletin və əmək kitabçasının surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu eyni zamanda işin mübahisə olunmayan halıdır. Cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmiş, eyni zamanda mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə məhkəmə qərarının preyudisiallığına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqanın iddia tələbinə etiraz və apellyasiya şikayətinin əsas dəlili aşağıdakından ibarətdir. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2- 1(112)-4222/2021 nömrəli qərarı ilə İddiaçı 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1932/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(112)- 4222/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1930/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1932/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2781/2023 nömrəli qərardadında da qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi əvvəlki iddia ilə eynilik təşkil edir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırkı iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2781/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “57 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2781/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırki iş üzrə iddia tələbi isə iddiaçının 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi məhkəmə qərarlarında əks olunan mübahisənin predmeti ilə hazırki iş üzrə mübahisənin predmeti tamamilə fərqlidir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı da mübahisələndirildiyindən məhkəmə kollegiyası ona da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı işlədiyi sahə nəqliyyat sahəsi üzrə dəmiryolu nəqliyyatına aid deyildir. Deməli, cavabdeh inzibati orqanın güzəştli stajla bağlı əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodu yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Məhkəmə kollegiyası cavabdehin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən qatarların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və qatarların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi də magistral dəmiryollarının nəqliyyat vasitələrində çalışan teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında həmin vəzifədə işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. İddiaçının çalışdığı “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, iddiaçı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsində çalışmışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı müəssisənin fəaliyyət istiqamətinə istinad edilərək imtina edilməsi və eyni zamanda iddiaçı ilə eyni şəraitdə çalışan şəxslərin stajının güzəştli iş stajı hesab olunması iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı ancaq onun işlədiyi sahə baxımından qəbul edilmir. Beləliklə, iddiaçının xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş - 21. Nəqliyyat. 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrinə uyğundur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının işlədiyi teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsində çalışdığı illər güzəştli iş stajı kimi hesablanıb ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda cavabdeh inzibati orqanın apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1930/2021 nömrəli qərarına istinad edilərək iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verməməsi halı əsas götürülmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair yeni məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-578/2022 nömrəli qərarında da teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi vəzifəsində çalışılan illərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas olması ilə bağlı məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-730/2023 nömrəli qərarında da analoji mövqe ifadə olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(118)-2736/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar