Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1006/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(118)-3548/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamından görünür ki, Abşeron rayonu AİKnin 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən X3 və ailə üzvlərinə ayrılmış bağ və əkin sahəsində ibarət 0,53 ha pay torpaq sahəsinin onun müraciəti əsasında 1485,53 kv.m. bağ sahəsindən qohumu İddiaçı 0,10 ha ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır.
2. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh 31 oktyabr 2024-cü il tarixli, 321332/2-14-0476-8/24 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamından çıxarışla ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, Saray qəsəbəsi üzrə nümayəndənin 14 nömrəli sərəncamından çıxarışın 17 sentyabr 2001-ci il tarixdə verildiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən olunmuşdur.
4. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci tarixli, 14 nömrəli sərəncamı ilə ona Saray qəsəbəsi ərazisindən ayrılmış 0,10 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 0,10 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, nəticə etibarilə iddiaçıya 0,10 hektar torpaq sahəsinin ayrılması və həmin sahədə yaşayış evinin tikilməsinə icazə verilməsi barədə sərəncam verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən evin tikintisi üçün icazə verilməsinə baxmayaraq, cavabdeh onun müraciətindən əsassız şəkildə imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(118)-3548/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamı əsasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron RİHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamı əsasında ayrılmışdır, sərəncam qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Torpaq sahəsi iddiaçıya təhkim edilmiş və həmin vaxtdan hal-hazıradək onun istifadəsindədir. Məhkəmə cavabdehin sərəncamdan çıxarışın 17 sentyabr 2001-ci il tarixdə verilməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarını təsdiqləyən Saray qəsəbəsi üzrə nümayəndənin 17 sentyabr 2001ci il tarixli, 14 nömrəli sərəncamı ilkin torpaq ayırma sənədi hesab olunmamalıdır. Həmin sərəncamla ilkin torpaqayırma həyata keçirilsə idi, bu həmin dövrdə qüvvədə olan qanunvericilik baxımından səlahiyyətsiz şəxs tərəfindən verilmiş qərar kimi etibarsız hesab edilməli idi, lakin hazırki işdə iddiaçının hüquqlarının qeydiyyat əsası yalnız sərəncam deyil, eyni zamanda, dövlət tərəfindən vətəndaşa hüquq tələb etmə əsası yaradan Abşeron rayonu AİK-nin 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarıdır. Digər tərəfdən, hazırki mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarında mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən və üzərində hüquqların qeydiyyata alındığı torpaq sahələrinin təyinatına görə yaşayış məntəqələrinin torpaqları olduğu qeyd edilsə də, bu həqiqəti tam əks etdirmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrindən pay torpaqları kimi ayrılmış və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də yerləşdiyi nəzərə alınmamışdır. Bu isə öz növbəsində mübahisə predmeti olan torpaq sahəsinin pay torpaqlarının daxilində yerləşməklə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayıra biləcəyi ərazidə yerləşmədiyinin sübutudur.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (nümayəndəliyin sərəncamı qəbul edilən zaman qüvvədə olan redaksiyası): Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...
14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (nümayəndəliyin sərəncamı qəbul edilən zaman qüvvədə olan redaksiyası): Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
17. AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı: ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar
18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
22. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
24. Hazırkı mübahisənin predmetini Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində idiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir.
25. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) Torpaq sahəsinin ayrıc aktının təqdim olunmaması; 2) Saray qəsəbəsi üzrə nümayəndənin sərəncamının 17 sentyabr 2001-ci il tarixdə verildiyi, bununla da, 439 nömrəli Fərmanla təsdiq edilmiş siyahıda göstərilən sənədlərə aid edilmədiyi; 3) Torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması.
26. Birinci instansiya məhkəməsi cavabdehin həmin dəlillərini əsassız hesab edərək, iddiaçıya torpaq sahəsi ayrılması barədə nümayəndəliyin sərəncamının qüvvədə olması, eləcə də, qonşu torpaqlar üzərində hüquqların reyestrdə qeydiyyata alındığı, bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulduğunu əsas gətirərək iddia tələbini təmin etmişdir.
27. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sərəncamın qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərə aid olub-olmamasını müəyyən etmədən, eləcə də, torpaq sahəsinin iddiaçıya buna səlahiyyətli orqan tərəfindən ayrılıbayrılmaması istiqamətində araşdırma aparmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
28. İddiaçı hazırkı tələbinin əsası kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 17 sentyabr 2001-ci il tarixli, 14 nömrəli sərəncamına istinad edir.
29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2.7-ci bəndindən göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən yalnız 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatı üçün əsasdır.
30. Hazırkı halda, iddiaçı tərəfindən təqdim edilmiş nümayəndəlik sərəncamı qeyd olunan tarixdən sonra - 17 sentyabr 2001-ci il tarixdə qəbul edildiyindən kollegiya hesab edir ki, Siyahının 2.7-ci bəndində göstərilən hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
31. Bundan başqa, sərəncamın məzmunundan göründüyü kimi iddia olunan torpaq sahəsinin də daxil olduğu 0,53 ha torpaq sahəsinin ilkin mülkiyyətçiləri X3 və onun ailə üzvləri, onlara həmin sahənin ayrılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd isə Abşeron rayonu AİK-nin 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı olmuşdur.
32. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı da Abşeron rayonu AİK-nin 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə həqiqətən də Ş.S.Allahverdiyeva və onun ailə üzvlərinə aqrar islahat zamanı torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir (hazırkı qərarın sonrakı bəndlərində bu barədə ətraflı məlumat veriləcəkdir).
33. Bununla da müəyyən edilir ki, nümayəndəliyin sərəncamında iddiaçıya ayrılması qərara alınan 0,10 ha bağ torpaq sahəsi sərəncamın qəbul edildiyi dövrdə dövlət və bələdiyyə mülkiyyətində olmamış, həmin sahə Şərqiyə Allahverdiyeva və onun ailə üzvlərinin mülkiyyətində olmuşdur.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
35. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən məhz dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, o cümlədən, icarəsinə dair qəbul edilmiş aktlar daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır.
36. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, eləcə də, “Torpaq islahatı haqqında” Qanunun Abşeron RİH-nin Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən həmin sərəncam qəbul edilən zaman qüvvədə olan redaksiyasının yuxarıda qeyd olunan normalarından görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir.
37. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə (iddiaçıya) fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Belə ki, həmin sərəncamın mətnindən göründüyü kimi sərəncamla tənzimlənən məsələlər “vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” adlandırılmaqla, sərəncamda torpaq sahəsinin Saray qəsəbə sakini X3 və ailə üzvlərinə aqrar islahat zamanı ayrılmaqla onlara məxsus olduğu, başqa sözlə xüsusi mülkiyyətdə olduğu qeyd olunmuşdur.
38. Xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində sərəncam vermək, həmin sahəni üçüncü şəxsin mülkiyyətinə keçirmək yalnız mülkiyyətçinin öz iradəsi əsasında və qanunla nəzərdə tutulmuş mülki-hüquqi əqdlər (alqı-satqı, bağışlama, dəyişmə və s.) əsasında mümkündür. Göründüyü kimi Abşeron Rayon İH Saray qəsəbəsi üzrə nümayəndəliyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin bir şəxsdən digər şəxsə verilməsi barədə qərar qəbul etməklə, faktiki olaraq notariat orqanlarının funksiyalarını yerinə yetirmişdir.
39. Mübahisələndirilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsində kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri təsbit edilmişdir. Belə ki, həmin maddədə icra hakimiyyəti başçısının torpaqdan istifadə ilə bağlı səlahiyyətlərində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyəti nəzərdə tutulmşdur.
40. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.
41. “İnzibati icraat haqqında” Qanunun 65.1-65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
43. Qeyd edilənlərdən başqa, kollegiyanın cavabdeh orqana sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, 0,10 ha torpaq sahəsinin də daxil olduğu 0,53 ha torpaq sahəsi həqiqətən də aqrar islahat zamanı Ş.S.Allahverdiya və onun ailə üzvlərinə ayrılmış, daha sonra onlar tərəfindən həmin 0,53 ha sahə bütünlüklə (müvafiq olaraq 0,3 ha və 0,23 ha hissələri) başqa şəxslərə satılmışdır.
44. Belə ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən Saray üzümçülük sovxozu yerli aqrar islahat komissiyasının 28 aprel 1998-ci il tarixli, 12 nömrəli qərarı təsdiq edilmiş, Saray üzümçülük sovxozu YAİK-nin sözügedən qərarı ilə sovxozda 2171 ailəyə, 7753 ailə üzvlərinə, ................ bir torpaq payı verilməsi nəzərdə tutulmuşdur.
45. Həmin qərara əlavə edilmiş Abşeron rayonu Saray qəsəbəsi üzrə torpaq payı almaq hüququ olan başçıların püşkatma yolu ilə müəyyənləşdirilmiş ardıcıllıq siyahısının 1843-cü bəndində, eləcə də, Saray qəsəbə inzibati ərazi nümayəndəliyi üzrə pay almaq hüququ olan vətəndaşların ümumi siyahısında X2 adı qeyd edilmiş və ona 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ayrılan həyətyanı torpaq sahəsinin ölçüsü “0,10 ha” göstərilmişdir.
46. AİK-nin həmin qərarı əsasında Ş.S.Allahverdiya və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılıb-aparılmaması ilə bağlı kollegiyanın sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən sənədlərdən görünür ki: - Abşeron rayonu AİK-nin 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Ş.S.Allahverdiyevaya ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,53 ha (1687 nömrəli planşet üzrə 3858,78 kv.m., 1687C nömrəli planşet üzrə 970,44 kv.m., 1687D nömrəli planşet üzrə 515,09 kv.m.) torpaq sahəsinə dair Abşeron rayon torpaq şöbəsi tərəfindən X3, X7, X8, X4 adına 05 iyun 1998-ci il tarixli, JN-1687, KOD 30800086 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. - 10 may 2004-cü il tarixli, 4Ə/9, 4Ə/10 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən qeyd olunan 0,53 ha torpaq sahəsinin 0,3 ha və 0,23 ha hissələri X3 tərəfindən müvafiq olaraq X9 və X1. - Sözügedən torpaq sahələri üzərində daha sonra adıçəkilən şəxslərin adına dövlət reyestrində qeydiyyat aparılmamışdır.
47. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, sənəd üzrə 0,10 ha torpaq sahəsi buna səlahiyyyəti olmayan orqan tərəfindən ayrılmış, həmçinin, ilkin mülkiyyətçi Ş.Allahverdiyeva və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi isə 2004cü ildə tamamilə başqa şəxslərə satılmışdır. İddiaçı hazırda iddia etdiyi torpaq sahəsinə münasibətdə qanunvericiliklə müəyyən edilən heç bir hüquqmüəyyənedici sənədə malik deyildir.
48. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
49. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
50. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilir. Sumqayıt İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-1(118)-3548/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.