Məhkəmə qərarları › İş №2-1(105)-1008/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1008/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1008/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(118)-2070/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyaiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 aprel 2019-cu il tarixli, 0291 saylı əmrindən çıxarışdan görünür ki, (Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (703 nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) baş leytenant İddiaçı 3 may 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir. Rəis olmaqla tamahkarlıq məqsədilə müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etdiyinə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi döydüyünə, habelə qanunsuz olaraq döyüş sursatını əldə edərək daşıdığına və saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci, 331.3-cü və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əsas: Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-cı il tarixli 1(093)-152/2018 nömrəli hökmü. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı həyata keçirilən cinayət təqibinə bir hissəsinə əməldə cinayət tərkibi olmadığına görə hissəvi, digər hissəsinə isə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. 26 oktyabr 2022-ci il tarixdə İddiaçı ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün xidməti üzrə aylıq qazanc hesablanmaqla kompensasiyanın ödənilməsini xahiş etmişdir (poçt qəbzi əlavə edilir). 26 dekabr 2022-ci il tarixdə İddiaçı cavabdeh Azərbycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, vəzifəyə bərpa və əmək haqqının ödənilməsi” barədə iddia qaldırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 8 sentyabr 1989-cu il tarixdə Şabran rayonunda anadan olmuşdur. 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adina Ali Hərbi məktəbinə qəbul olunmuş və 45 gün ərzində Ələt poliqonunda təlim keçdikdən sonra təhsilini davam etdirmək üçün, Bakı şəhərinə qayıtmışdır. 2012-ci ilin iyunun 26-da həmin Ali Hərbi Məktəbin Qoşun Kəşfiyyatı ixtisası üzrə ali təhsilini bitirib leytenant rütbəsində bu məktəbdən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə dinləyici kursant kimi göndərilmiş, burada həftədə iki dəfə təlimlərə getmiş və ixtisası üzrə poliqon və sinif dərsləri almışdır. Bir il ərzində keçdiyi kursu bitirdikdən sonra hərbi xidmətini davam etdirmək üçün, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissayə göndərilmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, 24 iyun 2015-ci il tarixdə isə baş leytenant rütbəsi ilə təltif edilmişdir. 2016-cı ilin aprel döyüşlərində fəal iştirakçısı olmuşdur. İddiaçı hazırda “Tərtər hadisələri” kimi tanınan iş çərçivəsində 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində olarkən dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. İddiaçı 7 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsin 274-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərar ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən iddiaçının həbsdə saxlanılma müddəti 8 yanvar 2018-ci il tarixə qədər uzadılmışdır. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 331.3, 341.1 və 347- ci maddələri ilə təqsirləndirilməsinə dair daha əvvəlcədən açılmış 19/309453 nömrəli cinayət Azərbaycan Respublikası onun barəsində dövlətə xəyanət ittihamı üzrə aparılan cinayət işinə birləşdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilmiş, 22 sentyabr 2017-ci il tarixdə cinayət işi birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. 20 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə iddiaçının həbsdə saxlanılma müddəti 3 iyun 2018-ci il tarixədək uzadılmışdır. 4 may 2018-ci il tarixdə cinayət işi üzrə iddiaçı barəsində CM-in 274 və 347-ci maddələri ila istintaq olunan hissəsinə CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə iddiaçının əməli CM-in 228.1, 331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. 11 may 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 22 iyun 2018-ci il tarixli hökmü ilə iddiaçı CM-in 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 3 may 2017-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ona təyin edilmiş cəzanı tam çəkdikdən sonra 3 noyabr 2018-ci il tarixdə azadlığa çıxmışdır. Həm iddiaçının, həm "Tərtər hadisələri” zamanı digər çoxsaylı zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin davamlı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə 2017-ci ildə yol verilmiş cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də hərbi xidmətdən ehtiyata buraxılması ilə nəticələnmiş məhkumluğun əsassızlıq ilə bağlı məlumat vermişdir. - Nəticədə iddiaçının məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin 22 iyun 2018- ci il tarixli hökmü va məhkəmənin hazırlıq iclasının 31 may 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. - Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının 22 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələri ila təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. - 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. - İstintaqın nəticəsində 5 avqust 2022-ci il tarixli qərarla iddiaçının barəsində ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.12-ci maddəsinə əsasən xitam verilmisdir. - Beləliklə, iş üzrə iddiaçıya qarşı irəli sürülmüş ittihamlara əlaqədar Bakı Hərbi Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş, onlara bəraətverici əsaslarla xitam verilmiş, bununla da iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. - Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o, 26 oktyabr 2022-ci il tarixdə cavabdehə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi və eyni zamanda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Göndərilmiş ərizəyə cavabdeh tərəfindən heç bir cavab verilməmiş, bununla da faktiki ərizədə qeyd edilən tələblərin yerinə yetirilməsindən imtina olunmușdur. - Hazırda iddiaçının ehtiyata buraxılması barədə əmr qanunsuz və əsassızdır, əmrin ləğv edilməsi, əvvəlki vəzifə və ya ona bərabər vəzifə olmaqla işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. - İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti tapdalanmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin 9cu hissəsinə, 168-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.3, 53-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11, 24, 58.1, 67-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12- ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 8.1.3, 2.2.1, 32.1, 70-ci maddələrinə istinad olunmuşdur Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 aprel 2019-cu il tarixli, 0291 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158- ci maddəsinin “a” bəndinə (törətdiyi ciyanətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (703 nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) baş leytenant İddiaçı 3 may 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdi Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(118)-2070/2024 saylı qərardadı ilə iddiaçının iddia müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmiş və iddia tələbi mümkün sayılmamışdir (hakim Könül Həbibova). Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Belə ki, iddiaçı 3 iyul 2017-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb ilə 22 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək iddia müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilərək iddia müddətinin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatətinin onunla əsaslandırmışdır ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında 5 avqust 2022-ci il tarixli qərar ilə ********* nömrəli cinayət işi üzrə onun həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə hissəvi xitam verilmişdir. Bununla da onun barəsində ittiham hökmünün hər hansı qüvvəsi qalmamışdır. İddiaçı həmin qərarı 2022-ci ilin oktyabr ayında əldə etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, həmin inzibati orqandan hər hansı cavab almadıqda isə müvafiq iddianı qaldırmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisələmndirmə haqqında iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti onun təqsiri olmadan buraxılmışdır. Belə ki, bu hal ondan asılı olmayan səbəbdən, faktiki olaraq müddətin buraxıldığı dövrdə qarşısıalınmas hal nəticəsində baş vermişdir. O, 2017-ci ilin may ayında hazırda “Tərtər işi” kimi tanınan hadisələr zamanı baş leytenant rütbəsində hərbi xidmətdə olarkən heç bir əsas və səbəb olmadan qanunsuz saxlanılaraq sorğu-sual edilmiş, qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qalmışdır. Daha sonra o, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əmrə səbəb olmuş hallar yalnız 2022-ci lin avqust ayında aradan qalxmış, həmin qərar qanuni qüvvəyə minmiş və 2022-ci ilin oktyabr ayında Baş Prokurorluğun İstintaq İdarəsində əlbəəl təqdim edilmişdir. O, qərarı əldə etdikdən dərhal sonra cavabdeh inbzibati orqana müraciət edərək əmrin ləğv edilməsi, xidmətə bərpa olunma və əmək haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh orqandan hər hansı cavab ala bilmədiyindən artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almadan iddia müddətini bərpa etməkdən imtina etmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti əsaslı hesab edilərək təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci isntansiya məhkəməsinin qərardadından məzmunundan görünür ki, iddiaçının iddia müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilərək bərpa edilməsi barədə vəsatəti təmin edilməmiş və iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Göstərilən Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına görə “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2022-ci ilin oktyabr ayında cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı əldə etdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə yuxarı inzibati orqan kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək əmrin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış müddət üçün əmək haqqı əvəzinə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin onun müraciətinin baxılmasının nəticələri hər hansı məlumat verilməmişdir. Bundan sonra artıq xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə əsasən, Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi eyni vaxta təsadüf etməsi, barəsində uzun müddət cinayət təqibi üzrə araşdırmanın aparılması və bu zaman işgəncə yerinə aparılaraq fiziki və psixiki zora məruz qalması, daha sonra barəsindəki cinayət işi üzrə xitam verilməsi və bununla da əmrin mübahisələndirilməsi üçün zəmin yaranması halları nəzərə alınmalıdır. Həmin hal aradan qalxdıqdan sonra iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əldə etmiş və yuxarı inzibati orqana müraciət ünvanlanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə vəsatəti təmin etməmiş və bu zaman müddətin əslində hansı vaxtdan, əmrin çıxarıldığı və ya cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın çıxarıldığı vaxtdan hesablanmalı olmasına qiymət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 80, 81 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(118)-2070/2024 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar