Məhkəmə qərarları › İş №2-1(105)-1009/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1009/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1009/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-2350/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X6” tərəfindən keçirilmiş hərracın qalibi olmuş, 27 fevral 2019-cu il tarixdə bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqaviləyə əsasən ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət edilmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın səbəbləri kimi torpaq sahəsi üzrə qonşu ilə mübahisənin mövcud olması, torpaq sahəsinin hasara alınması və torpaq sahəsinə yolun olmaması göstərilmişdir. Quba Rayonu Dağlı bələdiyyəsindən iddiaçıya verilən məlumata görə torpaq sahəsi və ora gedən yol Dağlı kənd sakini X7 tərəfindən 2018-ci ildə özünə məxsus torpaq sahəsi ilə birlikdə hasara alınaraq zəbt edilmişdir. İddiaçı tərəfindən Quba Rayon Məhkəməsində X5 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsinə dair” iddia qaldırılmış, lakin məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsinə dair 2(027)-86/2022 nömrəli 30 avqust 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmənin qərardadı ilə H.Əliyev tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza işlərinin aparılmasının mümkün olmaması nəticəsində ekspert rəyi verilməmişdir. Məhkəmənin qətnaməsində buna səbəb kimi hal-hazırda iddiaçının mülkiyyətində olan, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X2 adına Dövlət reyestrində qeydiyyata alınmasına dair ona verilmiş Seriya RX N ******* olan 23 avqust 2013-cü il qeydiyyat tarixli Çıxarış və cavabdeh X5 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN - 824F Seriyalı 30318068 kodlu Şəhadətnamədə torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməməsi qeyd edilmişdir. Məhkəmə baxışında hakimin təklifi ilə torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün xidmət haqqı kimi 6 may 2022-ci il tarixdə 3936 nömrəli qəbzlə 96 manat pul köçürülmüş və qəbzin surəti 6 may 2022-ci tarixli ərizə ilə cavabdeh orqana təqdim edilmişdir. Buna baxmayaraq torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilməmiş, buna görə də təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması mümkün olmamış, nəticədə məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir.13 fevral 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edilərək (zəruri sənədlər və pul vəsaitinin ödənilməsinə dair qəbzin surəti əlavə edilməklə) torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsinin təmin edilməsi xahiş edilmişdi. Cavabdeh tərəfindən həmin müraciətə cavab verilməmişdir. Daha sonra torpaq sahəsi iddiaçının adına dövlət qeydiyyatına alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarış verilmişdir. 06 sentyabr 2023-cü il tarixdə cavabdehə təkrarən ərizə ilə müraciət edilərək torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün hazırlanması xahiş edilmişdir. Yalnız 03 oktyabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar xanım Alimovaya şikayət ərizəsi ilə müraciət edəndən sonra 06 sentyabr 2023-cü il tarixli ərizəyə, 26 oktyabr 2023-cü il tarixdə, poçt rabitə xidməti vasitəsi ilə iddiaçıya təqdim edilmiş zərfdə yerləşən, məzmunları eyni olan, tarixləri 16 oktyabr 2023-cü il və 18 oktyabr 2023-cü il kimi qeyd edilmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi F.Nuşiyev tərəfindən imzalanmış 2 məktubla cavab verilmişdir. Məktublarda göstərilmişdir ki, Tarif Şurasının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarına uyğun olaraq torpaq sahəsinin yerdə (naturada) müəyyən edilməsi üçün xidmət haqqı 4 xarakterik döngə üzrə 120 hər əlavə 1 döngə üçün 20 manat təşkil edir. Qeyd edildiyi kimi, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməsi üçün 96 manat pul ödənilmiş və pulun ödənilməsi barədə qəbzin surəti, pulun ödənilmə tarixdə də cavabdehə təqdim edilmiş, daha sonra cavabdehə yazılmış hər iki ərizəyə də, digər sənədlərlə bərabər, həmin qəbzin surəti də əlavə edilmişdir. Həmçinin, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının göstərilməsi üçün 96 manat pul ödənilməli olduğunu məhz cavabdeh orqanın əməkdaşları tərəfindən həmin İdarədə bildirilmişdir. Pul vəsaiti 6 may 2022-ci il tarixdə köçürülmüşdür və həmin vaxt qeyd edilən iş görülməli idi. İndi isə, həmin məqsədlə 96 manat ödəniləndən 1 il 2 ay sonra qəbul edilmiş qərara əsasən müəyyən edilmiş miqdarda pulun ödənilməsi tələb edilir. Hesab edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin əsas döngə nöqtələri məhz 96 manata da müəyyən edilməlidir. Belə ki, həmin iş pul vəsaiti ödəniləndən sonra 20 gün müddətində icra olunmalı idi. Cavabdeh tərəfindən daha sonra 23 oktyabr 2023-cü il tarixdə, iddiaçının təmsilçisinin iştirakı ilə torpaq sahəsi yerləşən əraziyə baxış keçirilmiş, baxışın nəticəsi olaraq cavabdeh tərəfindən, poçt rabitə xidməti ilə 30 oktyabr 2023-cü il tarixdə 27 oktyabr 2023-cü il tarixli olan məktub verilmişdir . Göründüyü kimi cavabdeh tərəfindən yenə də torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilməmişdir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilmədiyi təqdirdə isə Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsi ilə müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan, digər şəxslər tərəfindən faktiki olaraq zəbt edilmiş torpaq sahəsi üzrərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi mümükün deyildir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları isə yalnız cavabdeh tərəfindən müəyyən olunmalıdır. Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsi ilə, digər hallarla bərabər, aşağıdakı hallar müəyyən edilmişdir: Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən X3 məxsus olmuş 0,08 ha torpaq torpaq sahəsi hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 fevral 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya satılmışdır; cavabdehin 26 oktyabr 2020-ci il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcuddur, torpaq sahəsi hasara alınıb və torpaq sahəsinə yol yoxdur, cavabdehin 17 sentyabr 2020-1-ci il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsinin koordinatları məlum olmadığı üçün torpaq sahəsinə dair baza və arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-86/2022 nömrəli qətnaməsinədən görünür ki, İddiaçı MMC-nin X5 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi”nə dair tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən 3 mart 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Həmin əmlakın tam payın sahibidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli, 3-21-3-34/2-14141/2023 nömrəli məktubundan görünür ki, araşdırma zamanı 23 oktyabr 2023-cü il tarixdə vətəndaş X4 ilə birlikdə əraziyə baxış keçirərkən məlum olmuşdur ki, **********18 nömrəli çıxarışın yerləşdiyi koordinatları daxilində olan torpaq sahəsinin digər vətəndaşlar tərəfindən hasarlanması və yaşayış evinin inşa olunması aşkar olunmuşdur. Bu səbəbdən də ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır, əraziyə, naturada tanıdılmasına şərait yaradılacağı tədqirdə müraciətdə qeyd olunan məsələyə baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 mart tarixli arayışından görünür ki, torpaq sahəsinin naturada müayinəsi zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi digər şəxs və ya şəxslər tərəfindən hasara alınmışdır. Bu səbəbdən ölçü işlərinin aparılması və və mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-2350/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 3 mart 2023-cü il olan çıxarışa əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda hüquqi qüvvəsi mübahisələndirilməyən xüsusi mülkiyyət hüququna dair verilmiş çıxarışa əsasən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini xahiş edir. Bu səbəbdən də, döngə koordinatlarının müəyyən edilməsi isə cavabdeh qurum tərəfindən həyata keçirilməli olan mərzçəkmə işlərinin sırasına daxildir. Yəni, iddiaçının hazırki iddiası onun hüququ, bu hüququn icrası isə cavabdehin vəzifəsidir. “Döngə koordinantlarının müəyyən edilməsi”ndən imtina qeydiyyat hüququna dair çıxarışı olan şəxsə münasibətdə haqlı hesab oluna bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, araşdırma zamanı xx.xx.2023-cü il tarixində vətəndaş X4 ilə birlikdə əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, **********18 nömrəli çıxarışın yerləşdiyi koordinatları daxilində olan torpaq sahəsinin digər vətəndaşlar tərəfindən hasarlanması və yaşayış evinin inşa olunması aşkar olunmuşdur. Bu səbəbdən də ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır, əraziyə, naturada tanıdılmasına şərait yaradılacağı təqdirdə müraciətdə qeyd olunan məsələyə baxılacaqdır. Yuxarıda göründüyü kimi, Ərazi İdarəsinin məktubunun məzmunu ərizənin icrasından imtina edilməsi barədə deyildir, texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, “Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 mart 2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilərək, plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını”nı xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir və kollegiyanın 28 dekabr 2024-cü il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində qeyd etdiyi hal iddiaçının xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsindən imtinaya əsas ola bilməz. Həmin 0,08 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyəti cavabdeh inzibati orqanın özü tərəfindən 03 mart 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********18 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd olunanları və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə, işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 mart 2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilərək, plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(118)-2350/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 mart 2023-cü il olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,08 hektar torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının müəyyən edilərək, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar