Məhkəmə qərarları › İş №2-1(105)-101/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-101/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-101/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1000/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı MMC-nin direktoru V.Qarayev iddia tələbinin dəqiqləşdirilməsi barədə izahat verərək xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli aktı ilə 2016-2018-ci il tarixədək olan dövr üzrə əlavə dəyər vergisi və mənfəət üzrə şirkətin fəaliyyətinin yoxlamasını aparmış və buna dair guya təqdim edilmiş hesabatlarda göstərilən məbləğlər azaldılmaqla vergidən yayınma halının mövcudluğuna dair akt tərtib olunmuşdur. Həmin akta əsasən xx xxxxx 2020 və xx xxxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmiş və tələbnamə verilərək 87310,35 manat əlavə vergi borcu və 68856,16 manat maliyyə sanksiyası, cəmi 156166,51 manat vergi borcu hesablanmışdır. Həmin rəyin tamamilə əsassız olduğuna və vergi orqanının yeganə istinad mənbəyi kimi səyyar vergi yoxlaması zamanı mütəxəssis rəyinə əsaslandığına görə həmin rəy etibarsız hesab olunmalıdır. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarına əsasən “xxxx” MMC-də səyyar vergi yoxlaması aparılmış və nəticəsi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. 1 ildən artıq müddətdə davam edən yoxlama zamanı Azərbaycan Republikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunmuş, lakin birliyin mütəxəssisləri tərəfindən rəy verilməsindən imtina olunmuşdur. Bundan sonra “xxxx” MMC-yə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunmuş və cəmiyyətin mütəxəssis və ekspertləri tərəfindən xx xxxxxx 2020-ci ii tarixli 104/105 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən cəmiyyətin istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisənin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun maya dəyərinə əsasən təxmini və təqribi hesablama əsasında aparılmış və cəmiyyətin istehsal həcmi müəyyən edilmişdir. Ekspert rəyi ilə heç çür razılaşmaq mümkün deyildir. Ekspert və yoxlayıcılar icarəyə götürülən obyektdə olan elektrik sayğacından kimlərin istifadə etdiyi barədə heç bir şey bilmədən istifadə olunan elektrik enerjisinə görə sərfiyyatın hamısı “xxxx” MMC-nin adına yazmışlar. Halbuki, həmin sayğacdan əlavə “xxxx” müəssisəsi də istifadə etmiş və özünün də nəzarət sayğacı olmuş və istifadə olunan elektrik enerjisinə görə sərfiyyat “Texno Crosher" müəssisə tərəfindən hesablanaraq “xxxx” MMC-yə ödənilmişdir. Həmin ödəniş sənədlərinin surətləri məktubla Vergilər Nazirliyinə təqdim edilmişdir. “xxxx” MMC vergi ödəyicisi kimi qeydiyyatdan xx.xx.2016-cı ildə keçməyinə baxmayaraq ekspert rəyində xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə olan məlumatlardan istifadə olunduğu göstərilmişdir. Ancaq ekspertlər və yoxlayıcılar, istehsal üçün lazım olan xammalın nə vaxt alındığını müəyyən etməmişlər. 2016-cı ilin martaprel aylarında 61098,85 manat dəyərində xammal idxal edilmiş və mart ayında istehsal olmamış, aprel ayında isə 9403,34 manatlıq xammal istehsala sərf edilərək 30497 manat dəyərində məhsul istehsal edilmiş və 2016-cı ilin 01 may tarixinə 51694,9 manat məbləğində xammal qalığı qalmışdır. Ekspertlər isə elektrik enerjisinin sərfiyyatına görə təkcə 2016-cı iln aprel ayına görə manatlıq məhsul istehsal edildiyi ehtimalı olduğunu rəydə göstərmişlər. Yuxarıda gödtərdikləri sonrakı aylarda da təkrarlanır. Ekspert rəyində məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edilərkən ziddiyyət və uyğunsuzluq olduğu göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1000/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “xxxx” MMC-nin barəsində çıxardığı xx.xx.2020-ci il tarixli **********198962 saylı və xx.xx.2020-ci il tarixli **********98990 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2018ci il tarixli **********170369 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2018-ci il tarixli **********170541 nömrəli tələbnamə verilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq rezin məmulatların istehsalı ilə məşğul olmuşdur. Yoxlama zamanı rezin məmulatlarının istehsalı sexində rezin məmulatlarının real bazar qiymətlərini və istehsal olunmuş məhsulların həcmini müəyyən etmək məqsədilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğundan xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə müəssisə tərəfindən istehsal olunmuş rezin məmulatlarının real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi, istehsal olunmuş məhsulların həcmini müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə xx.xx.2019-cu il tarixli **********995300 nömrəli məktubla müraciət olunmuşdur. xx.xx.2019-cu il tarixli **********177578 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarla və **********177579 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarla mütəxəssis və ekspert qismində Piriyev Tofiq Mehdi oğlu və Qurbanov Nazim Hacıqulu oğlu yoxlamaya cəlb edilmişlər. Lakin mütəxəssis və ekspertlər Piriyev Tofiq Mehdi oğlu və Qurbanov Nazim Hacıqulu oğlu tərəfindən uzun müddət hesablamalar aparılmasına, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********016000 nömrəli, xx.xx.2019-cu il tarixli **********440200 nömrəli, xx.xx.2019-cu il tarixli **********703400 nömrəli, xx.xx.2019-cu il tarixli **********300900 nömrəli, xx.xx.2019-cu il tarixli **********754300 nömrəli məktublarla müraciət edilməsinə baxmayaraq, müvafiq rəylər verilməsindən imtina edilmişdir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün aylar üzrə müəssisə tərəfindən istehsal olunmuş rezin məmulatlarının real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi, istehsal olunmuş məhsulların həcmini müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi məqsədilə “xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli **********720000 nömrəli məktubla müraciət olunmuş və xx.xx.2019-cu il tarixli **********194830 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında” qərarla və **********194831 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarla mütəxəssis və ekspert qismində Hüseynov Şükür Rzağa oğlu, Maqsudov Arif Aris oğlu, Quliyev Emin Rövşən oğlu yoxlamaya cəlb edilmişlər. Maqsudov Arif Aris oğlu və Vəliməmmədov Fikrət Məmmədbağır oğlu tərəfindən xx.xx.2020-ci il tarixli ekspert rəyi verilmişdir. Vergi ödəyicisi tərəfindən elektrik enerjisinin tək “xxxx” MMC tərəfindən deyil, başqa müəssisə “xxxx” MMC tərəfindən də istifadə edildiyi bildirilmişdir. Halbuki, yoxlama zamanı müəssisənin diektoru Qarayev Vüqar Tapdıq oğlundan xx.xx.2020-ci il tarixdə alınmış izahatda istifadə edilmiş elektrik enerjisinin yalnız istehsal və ofis binasının qızdırılması məqsədilə istifadə edildiyi bildirilmişdir. Mənfəət vergisi üzrə “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən “xxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində istehsal edilməsi ehtimal edilən məhsulun həcmi müəssisə satış qiymətilə 1972361.62 manat müəyyən edilmişdir. Ekspert rəyinə əsasən 2016-cı il üzrə 337.956,80 manat, 2017ci il üzrə 81.616,94 manat dövriyyə məbləğinin azaldılması, 2018-ci ilin 9 ayı üzrə isə 52.172,48 manat artıq hesablanması müəyyən edilmişdir. Xərcləri- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir. Belə ki, 2016-cı ildə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi əlavə gəliri əsasında mənfəəti bu qaydaların 6.1.1-ci bəndinə əsasən hesablandı. Yoxlama zamanı müəssisənin 2016-cı il dövrü üzrə müəyyən edilmiş 56.326,14 manat mənfəətdən 11.265,23 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. 2017-ci il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi əlavə gəliri əsasında mənfəəti bu qaydaların 6.1.1-ci bəndinə əsasən aşağıdakı düsturla hesablandı. Yoxlama zamanı müəssisənin 2017-ci il dövrü üzrə müəyyən edilmiş 13.602,72 manat mənfəətdən 2.720,54 manat məbləğində əlavə mənfəət vergisi hesablandı. Ümumilikdə, yoxlama ilə müəsissə tərəfindən 2016-2017-ci illər ərzində mənfəət vergisi üzrə 13.985,91 manat vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 13.985,91 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 6.992,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə gəlir vergisi üzrə isə “xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində 2016cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində “xxxx” MMC tərəfindən istifadə edilmiş elektrik enerjisinin 476731 kvt/saat olduğu qeyd edilmişdir. Məhsulun satış dəyəri ilə bu məhsulun istehsalına sərf edilən elektrik enerjisi müqayisə edildikdə (üzləşdirildikdə) aşağıdakı ziddiyyət və uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 2016-cı ildə istifadə edilmiş 120098 kvt/saat elektrik enerjisi müqabilində 115928,75 manat dəyərində 1 kvt/saata görə 1,34 manat məhsul istehsal edildiyi halda 1 kvt/saat müqabilində 2017 və 2018-ci ildə istehsal edilən müvafiq olaraq 3,72 manat və 4,52 manat məhsuldan kəskin fərqləndiyi bildirilmişdir. Bu hesaba 1 kvt/saat elektrik enerjisi müqabilində istehsal olunması ehtimal edilən məhsulun orta dəyəri 4,12 manat olması müəyyən edilmişdir. 2016-cı ildə 120998 kvt/saat elektrik enerjisi müqabilində 160554,98 manat dəyərində məhsul istehsal edilməsi real hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan xüsusat, yəni 1 kvt/saat elektrik enerjisi sərf edilməklə 4,12 manat dəyərində məhsul istehsal edilməsinin mümkün olması nəzərə alınmaqla, təqribi və təxmini hesablama yolu ilə hazırda fəaliyyəti dayandırılmış “xxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində istehsal edilməsi ehtimal edilən məhsulun həcmi müəssisə satış qiymətilə 1.972.361,62 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində isə vergiyə cəlb edilən cəmi dövriyyə məbləği 1.604.960,40 manat göstərilmişdir. ƏDV-nin müqayisəli cədvəli yoxlama materiallarına əlavə olunmuşdur. İyun 2018-ci il dövrü üzrə xx.xx.2018-ci il tarixli **********8126 nömrəli yük gömrük bəyannaməsinə əsasən 7197,13 manat məbləğində ƏDV məbləği təkrar əvəzləşdirildiyindən qeyd edilən məbləğ yoxlama ilə azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmasına görə 50% məbləğində, yəni 61.862,74 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə istehsal həcmi ilə müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən sadəcə olaraq yalnız mövcüd qurğuların və avadanlıqların iş görmə gücünə görə məhsulun enerji həcmi hesablanmaqla əlavə vergi məbləği hesablamaq düzgün olmadığını öz qərarında qeyd etsə də, bu halı daha dəqiq müəyyən etmək üçün əlavə sənədlər tələb etməmiş, təkrar ekspertiza təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almamış, düzgün olmayaraq sənədin təqdim edilməməsi nəticəsinə gəlmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Qarayev Vüqar Tapdıq oğlu və iddiaçının vəkili Əhmədov Vüqar Ələkbər oğlu apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni Vergi Məcəlləsinin 67.1, 67.1, 67.14 və 83.9-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, 2 saylı ƏVD tərəfindən “xxxx” MMC-də 2016-cı ilin fevral ayından 2018-ci ilin sentyabr ayındək olan dövrün yoxlanılması üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, “xxxx” MMC-də 2016-2017-ci illər üzrə mənfəət vergisi, fevral 2016-cı il – sentyabr 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2016-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, l rüb 2016-lll rüb 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi, 2016-2017-ci illər üzrə əmlak vergisi yoxlanılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məmulatlarının istehsalı sexində istehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə rezin məmulatlarının istehsalı sexində istehsal edilmiş məhsulların real topdansatış bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün mütəxəssis dəvət edilməsi qərara alınmışdır. “Prime Leqal” Ekspertiza və Hüquq şirkəti” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, satılmış məhsulun dəyərinə və bu məhsulun istehsalına sərf edilmiş elektrik enerjisinə əsasəan 1 kvt/saat elektrik enerjisi sərf edilməklə 4.12 manat dəyərində məhsul istehsal edilməsi ehtimal edilir. Həmin məbləğ və ayrı-ayrı aylarda istifadə edilmiş elektrik enerjisi nəzərə alınmaqla təqribi və təxmini hesablama yolu ilə hazırda fəaliyyəti dayandırılmış “xxxx” MMC-də 2016-cı ilin mart ayından 2018-ci ilin iyul ayınadək olan dövr ərzində (elektrik enerjisi sərfiyyatı həmin dövrü əhatə etdiyinə görə) istehsal edilməsi məhsulun həcmi müəssisə satış qiyməti ilə 1972361.62 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı ilə təqdim edilmiş satış və elektrik enerji sərfiyyatı məlumatlarına əsasən nəzəri heablama yolu ilə müəyyən edilmiş məhsulun ümumi dəyəri ilə satış sənədlərində qeyd edilən müəssisə satış dəyəri üzləşdirildikdə məhsul dövriyyəsinin 367401.39 manat (1972631.62 – 1604960.23) əskik göstərildiyi müəyyən edilmişdir. Topdansatış qiyməti ilə bu fərq 433533.64 manat, pərakəndə satış qiyməti ilə isə 520240.37 manat təşkil edir. xx.xx.2020-ci il tarixli **********198962 saylı qərardan görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli qərara düzəliş edərək iddiaçı “xxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi 11265.23 manat, 2017-cı ilin mənfəət vergisi 2720.68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60832.20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14691.05 manat olmaqla, cəmi 89509.68 manat əlavə vergi borcu və 68856.16 manat maliyyə sanksiyası hesablanmışdır. xx.xx.2020-ci il tarixli **********198990 saylı qərardan görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixli qərara düzəliş edərək iddiaçı “xxxx” MMC-yə 2016-cı ilin mənfəət vergisi 11265.23 manat, 2017-cı ilin mənfəət vergisi 2720.68 manat, 2016-cı ilin əlavə dəyər vergisi 60832.20 manat, 2017-ci ilin əlavə dəyər vergisi 14691.05 manat olmaqla, cəmi 89509.68 manat əlavə vergi borcu və 14461.14 manat maliyyə sanksiyası hesablamışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadə verən “Prime Leqal” Ekspertiza və Hüquq şirkəti”nin direktoru Hüseynov Şükür Rzağa oğlu və ekspert Vəliməmmədov Fikrət Məmmədbağır oğlu xx.xx.2020-ci il tarixli rəyi müdafiə etmiş və izah etmişlər ki, “xxxx” MMC-də istehsal sahəsindəki avadanlıqlar aşkar edilmədiyinə, xronometraj sayını aparmaq mümkün olmadığına görə, istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisələrin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun dəyərinə əsasən təxmini və təqribi hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı üçün əlavə vergi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-67.2.3-cü maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən görünür ki, istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisənin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun dəyərinə əsasən təxmini və təqribi hesablanmışdır. Halbuki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Hazırkı halda, ekspert tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi təqribi hesablandığından müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1000/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar