Məhkəmə qərarları › İş №2-1(105)-101/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-101/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-101/2022 08.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-si tərəfindən verilmiş xx.xx.2006cı il tarixli, JN 2813 KOD 30320018 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2- 1(118)-468/2020 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil, vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə 5.00 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmışdır.

2. Həmin qərar əsasında xx.xx.2006-cı il tarixdə iddiaçı ilə Quba rayonu 2-ci Nügədi bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair Akt bağlanmışdır.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli, JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir.

4. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən öz adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DT və XKsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2005-ci il tarixində onunla Quba rayonu 2-ci Nügədi bələdiyyəsi arasında Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 5.00 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra, həmin torpaq sahəsinə dair onun adına 26 may 2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 27 noyabr 2019-cü il tarixində həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan əsassız olaraq imtina etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus JN2813 KOD 30320018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Belə ki, X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

8. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayonu 2-ci Nugədi bələdiyyəsinin xx.xx.2005- ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunun göstərilməsi, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktının arxiv nüsxəsinin aşkar edilməməsi, X7nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-141/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

12. Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1082/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin imtina dəlillərinə qismən qiymət vermişdir. Belə ki, cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda həm də JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olduğunu qeyd etmiş, lakin iddiaçıya ayrılmış torpaq sahəsinin kateqoriyası məsələsi apellyasiya icraatında məhkəmə araşdırmasının predmeti olmamış, bununla da işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Qərarda daha sonra göstərilir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən ayrılmış torpağın kateqoriyası və təyinatı, torpağın kənd təsərrüfatı torpaqlarına aid olduğu halda, həmin torpağın kənd təsərrüfatına yararlılığı (az yararlı və ya yararsız olub-olmaması) ilə bağlı səlahiyyətli orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməli, həmin sorğuya aldığı cavab əsasında işin hallarına müvafiq hüquq normaları baxımından qiymət verməlidir.

Apellyasiya şikayətinin dəlilləri:

15. İddiaçının apellyasiya şikayətində gödtərilir ki, məhkəmə gəldiyi nəticəni ilk olaraq onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus JN-2813 KOD 30320018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Məhkəmənin göstərdiyi bu arqument iddia tələbinin rədd edilməsi üçün əsas deyil və iddiaçıya verilmiş "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının etibarlığını şübhə altına sala bilməz. Belə ki, həmin sənəd qanunvericiliyə uyğun qaydada iddiaçıya səlahiyyətli orqan tərəfindən, yəni Quba rayonu 2-ci Nügədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 14 saylı qərarı əsasında verilmişdir. Sözügedən bələdiyyə qərarı məhkəmə qərarı ilə ləğv edilməyənə, yaxud etibarsız sayılmayana qədər, onun əsasında verilmiş hüquqi sənəd, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı şübhə altına alına bilməz. Qeyd olunan bələdiyyə qərarı cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Dövlət aktının elektron baza məlumatlarında yaxud təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeyd edilməməsinin məsuliyyəti vətəndaşın deyil, həmin qurumun üzərinə düşür. İkincisi, həmin qeydlərin olmamasını cavabdeh qeyd edir ki, onun verdiyi məlumat isə qərəzli və birtərəfli ola bilər. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən, cavabdeh inzibati orqanın ilkin imtinasının əsaslarını nəzərə almamışdır. İddiaçının müraciətini cavabdeh orqan 05 dekabr 2019-cu il tarixli, **********24 nömrəli cavab məktubu ilə o əsasla təmin etməmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 2813 kod 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında uyğunsuzluq yaranmışdır. Əgər mübahisəli akt barədə müvafiq baza məlumatlarında hər hansı bir qeyd yoxdursa, cavabdeh uyğunsuzluğu nəyin əsasında müəyyən etmişdir?! Yox, əgər cavabdeh yalan məlumata istinad edərək iddiaçının müraciətinə məhəl qoymamışdırsa, hansı səbəbdən məhkəmə cavabdehin məhkəmə prosesində verdiyi imtinanın əsaslarına təkzibedilməz həqiqət statusunu vermişdir?! Bundan başqa, mübahisəli torpaq sahəsinə dair aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin möhürü, həmçinin həmin torpaq sahəsinin alğı-satqı predmeti ola bilməsi barədə sözügedən qurumun rəyi olduğu halda, həmin akt barədə qeydin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət aktlarının verilməsi kitabında olmaması qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin qərarında bildirilir ki, JN 2813 kod 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1,50 ha hissəsi isə meşə zolağı kimi göstərilmişdir. Əvvəla, sözügedən aktla tanış olduqda orada örüş və meşə zolağı kimi qeydin olmamasını müəyyən etmək olar. Sözügedən aktın tərkib hissəsi olan torpaq sahəsinin qaiməsindən görünür ki, qaimədə suvarılan, dəmyə, çoxillik əkmələr, örüş qrafaları boş göstərilmiş, iddiaçıya məxsus torpaq sahəsi "sair sahələr" qrafasının içində yer almışdır. Bundan başqa, məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçıya məxsus əraziyə meşə idarəsinin topoqrafının iştirakı ilə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, həmin ərazilər meşə fonduna aid deyildir. Eyni məzmunlu cavab Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 iyul 2020-ci i tarixli, 345 saylı məktubunda da öz əksini tapmışdır. Məhkəmə isə birbaşa vəzifəsi meşə fondunun qorunması olan nazirliyin rəyini nəzərə almayaraq, yalnız cavabdehin mövqeyini qərarının əsasına qoymuşdur. Birinci instansiya məhkəməsinin gətirdiyi növbəti arqument o olmuşdur ki, Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğu göstərilmişdir. Qərarda həmin qeyd qələmlə yazılmış və texniki bir səhv olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi satılan vaxt qüvvədə olan qanunvericiliyə əsasən, torpaq sahəsi satılmamışdan əvvəl onun alğı-satqı obyekti olub-olmaması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rəy verməli idi. Birinci instansiya məhkəməsinin qərəzliliyi özünü onda büruzə vermişdir ki, məhkəmə öz qərarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyinə münasibət bildirməmişdir. Həmin rəydə bildirilir ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 5,0 ha olmaqla İİ Nügədi bələdiyəsinin mülkiyyətinə aiddir və alğı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Halbuki, hazırkı mərhələdə cavabdeh qurumun iddiaçıya məxsus torpaq sahəsinin alğı-satqı obyekti olub-olmamasını müəyyən etməyə səlahiyyəti olmamış, həmçinin sözügedən hal məhkəmə mübahisəsinin predmeti də olmamışdır və ola da bilməzdi. Məhkəmə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, çıxarışın verilməsi barədə müraciət olarkən, cavabdeh qurum çıxarış verməmişdən əvvəl daşınmaz əmlakın dövlət reyestrini apararkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamalıdır. İddiaçı çıxarışın verilməsi barədə müraciət etdikdən sonra inzibati orqan tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, guya JN 2813 kod 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadında uyğunsuzluq vardır. Məhkəmə prosesində isə belə bir uyğunsuzluğun olmaması cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, hazırkı məhkəmənin predmetini mübahisəli torpaq sahəsinin alğı-satqı predmetinin olub-olmamasına çevrilməsi qanunsuz və əsassızdır. Beləliklə, iddiaçının cavabdeh quruma təqdim etdiyi sənəd qanuna müvafiq qaydada verilmiş sənəddir ki, (JN 2813 kod 30320018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı) həmin sənəd hazırda da nə etibarsız hesab edilməmiş, nə də ki, ləğv edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxs lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir (xx.xx.2008-ci il tarixli 666- İİİQD nömrəli Qanunla 12-ci maddənin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılmışdır.). Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya).

23. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı

1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya bələdiyyə qərarı ilə ayrılmılş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyata alınmasından imtinası təşkil edir.

30. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı” nın arxiv nüsxəsi aşkar edilməmişdir. X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı”nda göstərilən koordinatlara əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsi kənd təsərrüfatı təyinatlı (örüş), 1.50 ha hissəsi isə meşə zolağı kimi torpaq sahəsi olduğu müəyyən edilmişdir.

31. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq aradırma aparımış, müvafiq sorğular verilərək torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, habelə kateqoriyası və təyinatı ilə bağlı mütəxəssis rəyi alınmışdır.

32. Belə ki, "xxxx" MMC 16 mart 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, JN-2813 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə hər hansı məlumat mövcud deyildir. Əlavə olaraq arxivdə aparılmış araşdırma zamanı JN- 2813 (kod 303218) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib olunmasına əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir.

33. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X4 Filialı xx.xx.2022-ci il tarixli, 339 saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Quba rayonu Nügədi Bələdiyyəsinin heç bir il üçün sənədləri Azərbaycan Respublikası X4 filialına təhvil verilməmişdir. Məhz bu səbəbdən sorğuda qeyd olunan məsələ haqqında məlumat verilməsinə imkanları yoxdur.

34. Quba rayonu İİ Nügədi Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 24 saylı məktubda bildirilmişdir ki, Quba rayon İİ Nügədi Bələdiyyəsinin İİ Nügədi kənd sakini İddiaçı 5,0 ha torpaq sahəsinin satılması barədə 19 nömrəli, 30 dekabr 2005ci il tarixli qərarından görünür ki, Quba rayonu İİ Nügədi kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Quba rayonu İİ Nügədi kənd sakini İddiaçı sahibkarlıq məqsədilə 5,0 ha torpaq sahəsi satılmışdır. Həmin məktuba müvafiq bələdiyyə qərarı, həmin qərarın qəbul edildiyi bələdiyyə iclasının protokolu və digər ilkin torpaqayırma sənədləri əlavə edilmişdir. Qeyd edilən sənədlərdən görünür ki, bələdiyyənin xx.xx.2005-ci il tarixli iclas protokolunda (s.11) İddiaçı müraciəti nəzərə alınaraq İİ Nügədi bələdiyyəsinin az yararlı torpaq sahəsindən 5 hektar torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması qərara alınmışdır. Bununla belə, həmin məktubla təqdim edilmiş xx.xx.2005-ci il tarixli 19№-li qərarda satılan torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi qeyd edilmişdir.

35. Kollegiya tərəfindən torpaq sahəsinin kateqoriyasının müəyyənləşdirilməsi məqsədi ilə "xxxx" MMC-yə sorğu verilərək mübahisəli torpaq sahəsi ilə bağlı aşağıdakı suallar barədə rəy verilməsi xahiş olunmuşdur:

1. JN 2813 KOD 30320018 nömrəli “Torpağamülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən ayrılmış torpaq sahəsinin kateqoriyası və təyinatı müəyyən edilsin.

2. Həmin torpaq sahəsi kənd təsərrüfatı torpaqlarına aid olduğu halda, torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığı (keyfiyyət qrupu və bonitet balı göstərilməklə) hansı (yararlı, az yararlı, yararsız) səviyyədədir?

36. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********05 saylı mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir.

1. JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vahid elektron baza məlumatlarında olan DWJ xəritələrində mövcud deyildir. Lakin vətəndaşa verilmiş JN 2813 KOD 30320018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş koordinatlara əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. 2.JN 2813 KOD 30320018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş torpaq sahəsinin keyfiyyət qrupu və bonitet balı X7nın sertifikat hissəsində göstərilmişdir. Qeyd: JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№li Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı ərazi kimi qeydiyyata alınmışdır.

37. Kollegiya qeyd edir ki, JN 2813 KOD 30320018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsi (sertifikatı) adlanan hissədə ayrılmış torpaq sahəsi “və sair sahələr”, torpaqğın adı “çəmən qəhvəyi”, keyfiyyət qrupu V, bonitet balı 20 kimi göstərilsə də, mütəxəssis rəyində göstərilmişdir ki, “iddiaçının iştirakı ilə iddia olunan torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturada plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş” və həmin torpaq sahəsinin bütövlükdə kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu müəyyən edilmişdir.

38. Kollegiya qeyd edir ki, bu qərarın 21-ci bəndində istinad edilən normalarda kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısı müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həmin siyahıda "sair" adlanan torpaq yoxdur. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir.

39. Bu qərarın 22-ci bəndində istinad edilən qanunvericilik isə bələdiyyənin mülkiyyətində olan əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilməsini qadağan edir.

40. Yuxarıda istinad edilən rəyin qeyd hissəsində JN-2813 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№li Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”ndə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı ərazi kimi qeydiyyata alınması barədə göstərilənlərə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, hazırda tətbiq edilən Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarında torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. Fərmanla İqtisadiyyat Nazirliyinə bu sahədə digər məsələlərlə yanaşı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi, habelə torpaqların dövlət torpaq kadastrında aid edildiyi kateqoriya ilə yanaşı digər kateqoriyaya da aid edilməsi barədə təkliflərin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə, əsaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasının təmin edilmsi tapşırılmışdır (2.6cı bənd). Lakin hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə mütəxəssisin rəyində heç bir məlumat göstərilməmiş, tərəflər də bu hala istinad etməmişlər. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№li Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin hələ tamamlanmadığını və tətbiq olunmadığını bildirmişdir.

41. Qeyd edilən haldan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları"na əsasən həmin torpaqların fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər ki, qeyd edilən qaydalarda da bununla bağlı xüsusi prosedur nəzərdə tutulmuşdur ki, hazırkı torpaq sahəsinin ayrılması ilə bağlı həmin qaydalara da əməl edilməmişdir.

42. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

43. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017ci il tarixli qərarında göstərilir ki, ...torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

44. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, bu 22-ci bəndində istinad edilmiş normaların tələbləri baxımından bələdiyyənin kənd təsərrfatı təyinatlı örüş torpaqlarını vətəndaşların mülkiyyətinə ayırmaq səlahiyyəti olmadığından və beləliklə də iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olmadığından cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar