Məhkəmə qərarları › İş №2-1(105)-101/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-101/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-101/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1647/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İİ 129004 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X2 arasında xx.xx.2016-cı il tarixdə nikah qeydə alınmışdır.

2. AZ-İV 103157 və AZ-İV 608570 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 22 fevral 2018-ci il tarixdə və X5 01 iyun 2021-ci il tarixdə anadan olmuş, ataları X3 və anaları İddiaçıdır.

3. AZ-İİ 116327 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 noyabr 2020-ci il hərbi əməliyyatlar nəticəsində ölmüşdür.

4. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 282 saylı, 21 iyun 2021-ci il tarixli sərəncamından görünür ki, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi (özü və oğlu xx.xx.2018-ci il təvəllüdlü X4) ilə imtiyaz əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliliyinin və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş siyahıda onun 21 iyun 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Ona mövcud qanunvericiliyə uyğun olaraq ailə tərkibi nəzərə alınmaqla Abşeron rayonu, Yeni yaşayış kompleksində üçotaqlı mənzil təklif edilmiş, lakin o, həmin təklifdən imtina etmişdir. Qeyd olunanlara əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaqdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İmtina ilə razılaşmayan iddiaçı iddia qaldıraraq, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 3 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Onlar 2016-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan 2018-ci il təvəllüdllü Elcan, ölümündən sonra 2021-ci il təvəllüdlü şəhidin adını daşıyan Qubat anadan olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona «Şəhid ailəsi» statusu verilmişdir. O, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33-də yerləşən 1 otaqlı 7 saylı mənzildə qeydiyyatdadır. Sumqayıt şəhər İcra hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən 2 azyaşlı uşaqları ilə yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda şəhidin valideynlərinin də yaşayış şəraiti yoxlanılmış və yaşayış sahəsinə ehtiyaclarının olması nəzərə alınaraq onlar da Sumqayıt şəhər İcra hakimiyyətinin 30 iyul 2021-ci il tarixli 401 saylı sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşlər. Bütün sənədlər cavabdeh AR ƏƏSMN Sosial Xidmətlər Agentliyinə göndərilmiş, lakin xx.xx.2021-ci ildə cavabdeh onlara ünvanladığı məktubda bildirmişdir ki, onlara Abşeron rayonu Yeni yaşayış kompleksindən 3 otaqlı mənzil təklif olunmuş, lakin onlar həmin mənzildən imtina etmişlər. O, bu məsələ ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, o və həyat yoldaşının valideynləri ayrı-ayrı sərəncamlar əsasında mənzil növbəsinə götürülmələrinə və onların ayrı-ayrı mənzil sahələri ilə təmin olunmalı olmalarına baxmayaraq 3 otaqlı mənzili 5 nəfər Şəhidin ailə üzvünə (o, uşaqları və həyat yoldaşının valideynlərinə) təklif edilmişdir. Halbuki onlar ayrı-ayrı təsərrüfatda olmaqla ayrıca mənzil sahələri ilə təmin edilməli idilər. O və qaynatası bundan sonra bir daha cavabdeh təşkilata müraciət edərək bu qaydada mənzil verilməsinin qanunvericiliyə zidd olduğunu bildirmiş, lakin onlara eyni məzmunlu xx.xx.2022-ci il tarixli cavab verilmişdir. Qeyd edilən 3 otaqlı mənzil sahəsi ayrıayrılıqda mənzil növbəsinə götürülmüş 2 ailəyə bir yerdə yaşamaq üçün təklif olunmuş və bu qaydada mənzil sahəsinin verilməsi onların mənzil hüquqlarını pozduğu üçün o, ayrıayrılıqda qəbul edilmiş sərəncam əsasında ona uşaqları ilə mənzil sahəsinin verilməsini istəyir. Həmin cavabdan sonra təkrarən cavabdeh təşkilata ünvanladığı məktubuna isə ümumiyyətlə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və şəhid ailəsi üzvü kimi ona ayrıca mənzil sahəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

8. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı Şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir və qanunvericilikdə mənzilin ayrı-ayrılıqda verilməsi nəzərdə tutulmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş siyahıda 30 iyul 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Qeyd edirlərk ki, şəxsə Abşeron rayonu, Yeni yaşayış kompleksindən üçotaqlı mənzil təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Həmçinin Nazirliyin balasında Sumqayıt şəhər mərkəzində yerləşən mənzillər yoxdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 1647/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə, 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Qeyd edilən sərəncamın, habelə istinad olunan qanun normalarının mənasından göründüyü kimi şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulsa da, həmin şəxslərə ayrı-ayrılıqda deyil, bir mənzilin ayrılması nəzərdə tutulmuşdur. Hazırki işin halı ilə müəyyən olunur ki, şəhid X1 yerli icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış arvadı İddiaçı üçotaqlı mənzil təklif olunmuş, lakin o qaynana və qaynatasının ondan ayrı təsərrüfat idarə etdiyini və onlara ayrı-ayrılıqda mənzillərin ayrılmalı olduğunu bildirərək, mənzili qəbul etməkdən imtina etmişdir.

11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Onlar 2016-cı ildə ailə həyatı qurmuşlatr və birgə nikahdan 2018-ci il təvəllüdlü Elcan, ölümündən sonra 2021-ci il təvəllüdlü, şəhidin adını daşıyan Qubad anadan olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona “Şəhid ailəsi” statusu verilmişdir. O, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33-də yerləşən 1 otaqlı 7 saylı mənzildə qeydiyyatdadır, Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən 2 azyaşlı uşaqları ilə yaşayış sahəsinə ehtiyacı olan Şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda Şəhidin valideynlərinin də yaşayış şəraiti yoxlanılmış və yaşayış sahəsinə ehtiyaclarının olması nəzərə alınaraq onlar da Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 iyul 2021-ci il tarixli 441 saylı sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. Bütün sənədlər cavabdeh AR ƏƏSMN Sosial Xidmətlər Agentliyinə göndərilmiş, lakin xx.xx.2021-ci ildə cavabdeh onlara ünvanladığı məktubda bildirmişdir ki, onlara Abşeron rayonu, Yeni yaşayış kompleksindən 3 otaqlı mənzil təklif olunmuş, lakin onlar həmin mənzildən imtina etmişlər. O, bu məsələ ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, o, və həyat yoldaşının valideynləri ayrı-ayrı sərəncamlar əsasında mənzil növbəsinə götürülmələrinə və onların ayrı-ayrı mənzil sahələri ilə təmin olunmalı olmalarına baxmayaraq 3 otaqlı mənzil 5 nəfər şəhidin ailə üzvünə (o, uşaqların və həyat yoldaşının valideynlərinə) təklif edilmişdir. Halbuki onlar ayrı-ayrılıqda təsərrüfatda olmaqla ayrıca mənzil sahələri ilə təmin edilməli idilər. O və qaynatası bundan sonra bir daha cavabdeh təşkilata müraciət edərək bu qaydada mənzil verilməsinin qanunvericiliyə zidd olduğunu bildirmiş, lakin eyni məzmunlu xx.xx.2022-ci il tarixli cavab verilmişdir. Qeyd edilən 3 otaqlı mənzil sahəsi ayrı-ayrılıqda mənzil növbəsinə götürülmüş 2 ailəyə bir yerda yaşamaq üçün təklif olunmuş və bu qaydada mənzil sahəsinin verilməsi onların mənzil hüquqlarını pozduğu üçün o ayrı-ayrılıqda qəbul edilmiş sərəncam əsasında ona 2 uşaqları ilə ayrıca mənzil sahəsinin verilməsini məqsədəuyğun hesab edərək məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun əsaslı iddia tələbini rədd etmiş və buna qarşı tərəfin verdiyi etirazla əsaslandırmışdır. İddia tələbini rədd edən məhkəmə qərarında ona 3 otaqlı mənzil təklif olunduğunu, lakin onun həmin 3 otaqlı mənzili almaqdan imtina etdiyini əsas kimi gətirməklə iddianı rədd etmiş və iddinın hansı maddi normaya əsasən təmin edilməli olmadığını əsaslandırmamışdır, halbuki işdə olan sənədlərlə də təsdiq edilir ki, o, uşaqları ilə ayrıca mənzil növbəsinə götürülmüş və ayrıca mənzil almaq hüququ vardır. Əgər cavabdeh yalnız 1 mənzilin verilməli olduğunu bildirirsə, onda bunu təsdiqləyən əsasnaməni təqdim etməlidir, belə olduqda isə ailə üzvlərinin sayı tərkibi nəzərə alınmaqla 5 nəfər ailə üzvünə 3 otaqlı mənzilin verilməsi onların mənzil hüquqlarını məhdudlaşdırır. Məhkəmənin bu mövqedən yanaşması, qəbul edilmiş qərarın qanunsuz olması deməkdir, buna görə də həmin qərar ləğv olunmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı ... Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar ... Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. ...3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: ...3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;

17. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. ... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ...51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı ... Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya yaşayış sahəsinin verilməsi barədədir. Cavabdeh tərəfindən iddiaçıya şəhidin digər ailə üzvləri kimi iddiaçının qaynatası və qaynanası ilə birgə (cəmi 5 nəfər ailə üzvü) üç otaqlı mənzil təklif edilmiş, lakin o eyni mənzilin ayrılmasına etiraz etmidir.

23. İddiaçı buna səbəb kimi onun və qaynatasının Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ayrı-ayrı sərəncamlarla uçota götürülmələri, ayrı təsərrüfat idarə etmələri ilə əsaslandırmış və onlara ayrı-ayrı mənzillərin verilməli olduğunu bildirmişdir.

24. Kollegiya yuxarıda istinad edilən qanunvericilik normalarına istinad edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya şəhid ailəsinin digər üzvləri ilə birlikdə şəhid ailəsi kimi Abşeron rayonu, Yeni yaşayış kompleksində üçotaqlı mənzilin təklif edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş və iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.

25. Belə ki, işə apellyasiya qaydasında baxılarkən aparılmış əlavə araşdırma, cavabdehin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, iddiaçıya və şəhidin digər ailə üzvlərinə (hazırda məhkəmənin icraatında olan digər iş üzrə iddiaçının qaynatası X7 və onun arvadı) mənzil qanunvericiliyi ilə müəyyən olunmuş sosial kirayə müqaviləsi üzrə dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından (iddiaçıya münasibətdə 5 nəfər ailə üzvü ilə birlikdə: 5x16=80 kvadratmetr) artıq olan ümumi sahəsi 90,77 kvadratmetr olan mənzil təklif edilmişdir ki, iddiaçının hazırda da həmnin mənzili müəyyən edilmiş qaydada əldə etmək imkanı vardır.

26. Kollegiya qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda, iddiaçı ona cavabdeh tərəfindən şəhidin bütün ailə üzvləri ilə birlikdə deyil, ayrıca olaraq özü və iki övladı ilə birgə mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

27. Kollegiya hesab edir ki, iddiaçının ayrıca mənzil uçotuna alınması qanunvericiliyin tələbləri baxımından onun şəhid ailəsi kimi ayrıca mənzillə təmin olunmasına əsas deyildir və buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil, iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur.

28. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1647/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar