Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-101/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)- 68/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (məqsədli istifadə növü: sahibkarlıq) İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı məxsus 1,0 ha torpaq sahəsinin 2041,5 kv.m hissəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı 2015-ci ildə ərizə ilə "xxxx" ASC-yə müraciət edərək cəmiyyət tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. "xxxx" ASC 20 fevral 2015-ci il tarixli, M-4/16-874 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə müvafiq kompensasiya məsələsinin həlli üçün cəmiyyət tərəfindən işlər aparılır. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan sahədən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.m. torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar 795000 (yeddi yüz doxsan beş min) manat pulun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, sonuncu ərizədə iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1,00 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.m. torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyərinə görə 262104 (iki yüz altmış iki min yüz dörd) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 1,0 ha torpaq sahəsi yerləşən ərazidə aparılan tikinti işləri 2009-cu ildə başlamaqla, 2014-cü ildə tamamlanıb başa çatmışdır. Lakin, tikinti altına düşən torpaq sahəsinə görə iddiaçıya kompensasiya ödənilməmiş və bu barədə tərəfindən cavabdeh orqana ünvanlanmış müraciətlərin heç bir nəticəsi olmamışdır. Bununla bağlı, "xxxx" ASC tərəfindən AR Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda da avtomobil yolunun tikintisi ilə əlaqədar ona məxsus 1,0 ha torpaq sahəsinin 2041,5 kv.m. hissəsinin yolun tikintisi altına düşdüyü, torpaq sahəsinə görə 102891,60 manat kompensasiya hesablandığı göstərilmiş, 0,35% bank xidməti də nəzərə alınmaqla, ümumilikdə, 103251,72 manat kompensasiyanın ödənilməsi üçün köməklik göstərilməsi Maliyyə Nazirliyindən xahiş edilmiş, lakin nəticəsi olmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən verilmiş sənədlərdə iddiaçıya məxsus 1,0 ha torpaq sahəsinin 1402,66 kv.m. hissəsinin layihə çərçivəsində yolun təhkim zolağına düşdüyü, 644,8 kv.m. hissəsinin isə kommunikasiya xətlərinin köçürülməsi zonasına düşdüyü və həmin layihə üzrə işlər dayandırıldığına görə kommunikasiya xətlərinin köçürülməsi layihəsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz təsdiqini tapmadığı qeyd edilmişdir. Hesab edir ki, layihə üzrə işlərin tamamlanmaması, yaxud dayandırılmasının torpaq mülkiyyətçisinə heç bir aidiyyəti yoxdur və qüvvədə olan qanunvericiliyin tələbinə görə torpaq sahələri dövlət ehtiyacları üçün alınarkən dəyəri, bazar qiyməti ilə müəyyən olunaraq əvvəlcədən ödənilməli idi. Bundan əlavə, torpaq sahəsinin bir hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə isə ümumiyyətlə, əməl olunmamışdır. Həmin Qanunun tələbinə görə torpaq sahəsinin bir hissəsi yalnız mülkiyyətçi ilə əldə olunan qarşılıqlı razılıq əsasında alınmalı, bunun üçün də alan orqan tərəfindən müvafiq qərar qəbul olunmaqla, qiymətləndirmə komissiyası yaradılmalı, hesablanmış kompensasiya mülkiyyətçi ilə razılaşdırılaraq əvvəlcədən ödənilməli idi. Ona görə də hazırkı iş üzrə iddia ərizəsində kompensasiyanın ödənilməsi yox, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin hələ 2008-ci ildə dövlət ehtiyacları üçün alınması nəticəsində vurulmuş ziyanın ödənilməsi tələb olunur. Həmin vaxt iddiaçı tərəfindən torpaq sahəsində dair müxtəlif layihələrin, elektrik xətlərinin çəkilməsinə dair texniki şərtin və digər sənədlərin alınmasına görə ona külli miqdarda ziyan vurulmuşdur. Hazırda da torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmış hissəsinin dəyəri ödənilmədiyinə görə, torpağın digər hissəsinə dair çıxarış alınaraq yenidən layihələndirilməsi, yəni xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə olunması, ümumiyyətlə, mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin avtomobil yolunun tikinti altına düşən 0,1402 ha hissəsinin bazar dəyəri 180000 manat təşkil edir. Həmin ərazidə qeyd olunan torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətləri ilə dəyəri 180000 / 14,02 sot = 12838,80 manatdır. Tikinti altına düşmüş 2041,5 kv.m. torpaq sahəsinin dəyəri də hazırkı qiymətlərlə 20,415 x 12838,80 = 262104,10 manat təşkil edir. Bu baxımdan, hesab edir ki, hazırkı iş üzrə vurulmuş ziyanın əvəzi olaraq cavabdehdən 262104 manat pul alınıb ona ödənilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, tərəflərindən iddiaçıya ünvanlanmış “gələcəkdə vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödənilməsinin öz həllini tapacağı” ilə əlaqədar cavab məktubu kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli, xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiaçının və onunla yanaşı, Abşeron rayonu Masazır kəndində yolun tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdehin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiymətinə 20 faiz əlavə edilərək qiymət müəyyənləşdirilmişdir. Beləliklə, həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 (bir) kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,4 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni, həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış və mülkiyyətçilər həmin qiymətlə tamamilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-68/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.m-dən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə dəyəri 262104 (iki yüz altmış iki min bir yüz dörd) manat pulun alınıb iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 2041,5 kv.m. torpaq sahəsinin geri alınması qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun çəkilməsi ilə əlaqədar baş verdiyindən onun torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 01/69210 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikinti altına düşən 0,1402 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar qiyməti 180000 manat təşkil edir. Orqan tərəfindən aparılan qiymətləndirmədən müəyyən edilir ki, torpaq sahəsinin bir kv.m. hissəsinin bazar qiyməti 128.388017 manat (180.000:1402=128.388017 manat), 2041.5 ha torpaq sahəsinin bazar qiyməti isə 262.104 manat (2041.5x128.388017=262.104.137) edir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı, dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdır. Əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Lakin, işə baxan məhkəmə tərəfindən notariat ofislərinə heç bir sorğu göndərilməmişdir. Hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, iddia tələbini təmin etməklə, qanunvericiliyin müvafiq normalarının tələblərini yerinə yetirməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh şikayətin dəlillərində iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinin cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə, yəni 1 kv.metr torpaq sahəsinə 50,4 manat olmaqla, 102891,6 manat (2041,5 kv.metr x 50,4 manat = 102891,6 manat) məbləğində hesablanmalı olmasını qeyd etmişdir. Lakin, buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bu da onu göstərir ki, cavabdehin hazırkı iş üzrə mövqeyi ziddiyyətli və qərəzli olmaqla, dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə iddiaçıya, ümumiyyətlə, kompensasiya ödəmək niyyətində deyildir. Bu baxımdan, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən iddiaçıya məxsus həm 1402,66 kv.m., həm də 644,8 kv.m. torpaq sahəsi cavabdeh orqan tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İşin mübahisə edilən halı yalnız iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği barədədir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-) 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-) 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-) 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-) Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-) Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-) 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-) Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hər şeydən öncə qeyd olunmalıdır ki, hazırkı mübahisə predmeti iddiaçıya məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hesablanmalı olan kompensasiyanın ödənilməsi barədədir. Tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmək və hər iki tərəf üçün mühüm olan – kompensasiyanın məbləğinin düzgün müəyyənləşdirilməsi üçün ilk öncə iddiaçının mülkiyyət hüquqlarına hansı həcmdə müdaxilə edildiyini, yəni iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin dövlət ehtiyacı üçün alınmaya məruz qalmalı olduğunu, bundan sonra isə torpağın dəyərinin düzgün müəyyənləşdirilməsi mütləqdir. Bu iki hal düzgün formada araşdırıldıqdan sonra ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Bununla bağlı, kollegiya qeyd edir ki, "xxxx" ASC tərəfindən AR Maliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus **********05 reyestr nömrəli 1,0 ha torpaq sahəsi ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən tərtib edilmiş kadastr planından müəyyən edilir ki, iddiaçıya məxsus 2041,5 kv.m. torpaq sahəsi yolun tikintisi altına düşür. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh orqan tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 29 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya məxsus 1,0 ha torpaq sahəsinin 1402.66 kv.m. hissəsi yeni tikilən avtomobil yolunun tikintisi altına düşür və bununla əlaqədar dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün Agentlik tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır və layihə üzrə vəsait ayrılan zaman kompensasiya ödəniləcəkdir. Qeyd olunan torpaq sahəsinin 644,8 kv.m. hissəsi isə sözügedən layihə çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi zolağına düşür, lakin sözügedən layihə üzrə işlər dayandırıldığına görə xətlərinin köçürülməsi layihəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz təsdiqini tapmamışdır. Eləcə də, cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus 2041,5 kv.m. torpaq sahəsinin avtomobil yolunun tikintisi altına düşdüyünü bildirmişdir. İddiaçı da hazırkı tələbində 2041,5 kv.m. torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə cavabdeh tərəfindən ona müvafiq kompensasiyanın ödənilməsini xahiş edir. Beləliklə, iddiaçıya məxsus 2041,5 kv.m. torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 2014cü ildə tikinti altına düşməsi işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Bununla da, müəyyən edilir ki, iddiaçı 2041,5 kv.m. torpaq sahəsindən məhrum edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının həmin torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin avtomobil yolunun tikinti altına düşən 0,1402 ha hissəsinin bazar dəyəri 180000 manat təşkil edir. İşə baxan məhkəmə həmin arayış əsasında tikinti altına düşən 2041,5 kv.m. torpaq sahəsinin bazar qiymətinin 262104 manat olduğunu müəyyən etmiş və iddiaçıya həmin məbləğdə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Bununla bağlı, birinci instansiya məhkəməsi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində Bilgəh-Sumqayıt avtomobil yoluna yaxın ərazidən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair 2014-2015-ci illər üzrə alqı-satqı müqavilələrinin təqdim edilməsi ilə bağlı Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna və Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğular verilmiş, lakin həmin orqanlar tərəfindən məhkəmənin sorğusu cavablandırılmamışdır. Birinci instansiya məhkəməsi isə təkrarən həmin orqanlara sorğu ilə müraciət edərək “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2014-2015-ci illərdə baş verdiyindən məhkəmə kollegiyası tərəfindən ərazi üzrə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu edilərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən mübahisəli kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü sahibkarlıq) torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə alınan Masazır kəndində yerləşən kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü sahibkarlıq) torpaq sahələrinə dair 2014-2015-ci illər üzrə notariat qaydada təsdiq edilmiş ən azı 10 ədəd alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilən 2014-2015-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2014-cü il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü sahibkarlıq) torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 17,33 manat, 8,33 manat, 15,0 manat, 13,33 manat və 35,0 manat, 2015ci il tarixdə isə müvafiq olaraq 0,50 manat, 12,5 manat, 19,23 manat, 16,66 manat və 4 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 17,33, 19,23 və 35,0 manat aid edildiyindən, onların orta göstəricisi (17,33+19,23 +35,0)/3= 23,85 manat) 23,85 manat edir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 14 iyun 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Masazır qəsəbəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış bazar qiymətinin 20%-i miqdarında əlavə nəzərə alınmaqla, torpaq sahəsinin 1 sotu üçün 5040 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, cavabdeh etiraz və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş torpaq sahələrinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə, mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,40 manat məbləğində kompensasiya hesablanmışdır. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (23,85 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20% əlavə ilə birlikdə 50,40 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 2041,5 kv.m. torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla, ümumilikdə, 102891,6 manat (2041,5 x 50,40) kompensasiya ödənilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində yalnız kompensasiyanın məbləğinə dair məsələ cavabdeh tərəfindən mübahisələndirilsə də, şikayətdə birinci instansiya məhkəməsinin qərarının qismən deyil, tam ləğv edilərək iddianın rədd edilməsini xahiş edilmiş, qərarın tam ləğvinə dair tələb isə əsaslandırılmamışdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-1(118)-68/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 2041,5 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 102891,60 (yüz iki min səkkiz yüz doxsan bir manat altmış qəpik) manat məbləğində kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-101/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-101/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver