Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1010/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-4611/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-755F, KOD 30317018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mərhum atası X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atasının adına o zamankı qaydalara uyğun olaraq müvafiq orqan tərəfindən mülkiyyət hüququna dair sənəd (şəhadətnamə) verilmişdir. Ləğv edilmiş və mövcud olan idarələr arasında qeyd olunan şəhadətnaməyə dair heç bir məlumatın (arxiv nüsxənin) aşkar olunmaması vətəndaşın təqsiri ola bilməz. Bunun üçün müvafiq qurumlar (təhvil verən və təhvil alan) məsuliyyət daşıyır. İddiaçının atasına verilmiş şəhadətnamə həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də varisinə təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə ona aid məsələ deyildir. Onun əlində şəhadətnamənin əsli mövcuddur və o, heç bir halda mübahisələndirilməmişdir (həqiqiliyinə ciddi şübhə olmamışdır). Məsələyə bu formada yanaşılması iddiaçının Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. İddiaçının təqdim etdiyi sənədlər qanuna uyğun formada müəyyən edilmişdir. Şəhadətnamənin elektron məlumat bazasında olub-olmaması, ləğv olunmuş idarə tərəfindən arxiv məlumatlarının təhvil verilib-verilməməsi tərəfindən qanunla müəyyən edilmiş tələblərin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin Qanunun 15-ci maddəsinin 6 bəndi mövcuddur və imtinanın bu bəndlərdən hansı ilə əsaslandırılması göstərilməmişdir. Bu da onu göstərir ki, imtina üçün qeyd olunan hallar formallıqdan başqa bir şey deyildir. Belə ki, mütəxəssislər tərəfindən torpaq sahələri faktiki yerində yoxlanılaraq xəritələrə işlənməli olduğu halda bu proses də, formal olaraq aparılmış və yerində baxış keçirilmədən özbaşına qərarlar verilmişdir. Necə ola bilər ki, TEKUİS-də torpaq sahəsi öz əksini tapmamış, lakin cavabdehin də bildirdiyi kimi torpaq sahəsi faktiki yerində azalaraq 0,0663 ha öz əksini tapmışdır. Göründüyü kimi, torpaq sahəsi və ona dair mülkiyyət sənədi mövcuddur və mötəbərdir, lakin məsul şəxslərin səhlənkarlığı nəticəsində sənədləşmə işinin cavabdehə aid hissəsi natamam qalmışdır. Bu natamamlığı təqsirkar şəxsin hüquqi varisi kimi cavabdeh orqan aradan qaldırmalı olsa da, əksinə həmin nöqsanı faktiki mülkiyyətçinin üzərinə atır. Eyni zamanda, torpaq sahəsi (0,08 ha) tam olaraq yerində mövcuddur. İmtinada göstərilən azalma faktı əsassızdır. Cavabdehin və digər məsul şəxslərin təqsiri üzündən vərəsəlik hüquqları pozulmuş və faktiki mülkiyyətində olan torpaq sahəsi ilə əlaqədar sərəncam vermək hüququndan məhrum edilmişdir. Buna görə də, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: AZ-İİ seriyalı, 538894 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı atası - X10, anası X4r. Azərbaycan Respublikası JN-755F, KOD 30317018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayonu Qəçrəş bələdiyyəsinin 24 fevral 2004-cü il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi X1. AZ-İ seriyalı, 917193 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 2 fevral 2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı göndərilmiş 03 may 2024-cü il tarixli, 3-21-3-34/2-4739/2024 nömrəli “müraciətə baxılması barədə” məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 0,08 ha torpaq sahəsi üçün ərizəsinə əlavə olunmuş JN-755F nömrəii (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. JN-755F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrinin icrasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-4611/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddiaçının atası X5 adına verilmişdir. Eyni zamanda, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar iddiaçının atasının vəfatından sonra vərəsəlik işinin açılması barədə müvafiq sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim olunması mümkün olmamışdır. İddiaçının izahatından da müəyyən olunur ki, sözügedən torpaq sahəsinə dair vərəsəlik işi açılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırda iddiaçının iddianın qaldırılması üçün subyektiv hüququ mövcud deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, əsaslandırmada qeyd olunan X2 və onun həyat yoldaşının kim olması barədə məlumatı yoxdur. Başqa şəxsin prosedur qaydaya riayət etməməsinə görə onun iddiası mümkün sayılmaya bilməz. İkinci məsələ, o, mərhum atası X5 vərəsəsidir və bununla əlaqədar notariat ofisi tərəfindən ona 18 aprel 2022-ci il tarixdə məktub, hətta başqa bir əmlakla əlaqədar xx.xx.2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir (həmin sənədlər şikayətə əlavə edilir). İddia qaldırdığı əmlakla (torpaq sahəsi) əlaqədar cavabdeh orqan hüquqlarını qeydə almadığından onun barəsində vərəsəlik şəhadətnaməsinin alınması təbii ki, mümkün olmamışdır. O da elə bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Lakin, hakim iş üzrə tam araşdırma aparmadan iddianı mümkün saymamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13 -------------------------------- Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 755F, KOD 30317018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mərhum atası X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar iddiaçının atasının vəfatından sonra vərəsəlik işinin açılması barədə müvafiq sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim olunması mümkün olmadığından və iddiaçının izahatından da göründüyü kimi sözügedən torpaq sahəsinə dair vərəsəlik işi açılmadığından subyektiv hüququn olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda sözügedən qərarın 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o mərhum atası X5 vərəsəsidir və bununla əlaqədar notariat ofisi tərəfindən ona 18 aprel 2022-ci il tarixdə məktub, hətta başqa bir əmlakla əlaqədar xx.xx.2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir (həmin sənədlər şikayətə əlavə edilir). İddia qaldırdığı əmlakla (torpaq sahəsi) əlaqədar cavabdeh orqan hüquqlarını qeydə almadığından onun barəsində vərəsəlik şəhadətnaməsinin alınması təbii ki, mümkün olmamışdır. O da elə bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Lakin, hakim iş üzrə tam araşdırma aparmadan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilənləri tam əsaslı hesab edir. Notariat ofisi tərəfindən ona 18 aprel 2022-ci il tarixdə məktub iddiaçının subyektiv hüququnun olmasını göstərən sənəddir. Eyni zamanda məhkəmə praktikasında da olan işlərə əsasən demək olar ki, qeyd edilən sənəd olmadan bu kateqoriya işlərdə inzibati orqan inzibati icraat başlatmır və həmin sənədi tələb edir, hazırkı işdən də görünür ki, inzibati orqan inzibati icraat aparmış və müvafiq imtina vermişdir. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı həyata keçirilən 05 iyul 2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısından da görünür ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iş materiallarında olmasa da, vərəsəliklə bağlı sənədlərinin olduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etməli, zəruri araşdırma aparmalı idi. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 13-cü maddələrinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gəlmiş, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olduğu halda, həmin əsasla iddianı mümkün hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(118)-4611/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.