Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1010/2025 27.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5422/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-5422/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2023-cü il tarixdən hər ay kompensasiya ödənilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-5422/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-5422/2025 nömrəli qərarında buraxılmış yanlışlığın düzəldilməsi, qərarın nəticə hissəsinin “İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2023-cü il tarixdən hər ay kompensasiya ödənilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun.” kimi oxunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 nəfərdən ibarət ailə tərkibinə görə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən hərbi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2023-cü il tarixdən hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Dövlət Sərhəd Xidmətində əsgər kimi xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək və Azərbaycan Ordusunda xx.xx.2004-cü ildən xx.xx.2023-cü ilədək fasiləsiz olaraq hərbi xidmət keçmişdir. Hərbi xidmətinin çox hissəsi əvvəllər işğal olunmuş Tərtər rayonu ərazisində düşmənlə təmas xəttində olan hərbi hissələrdə olmuşdur. Qarabağ müharibəsinin veteranıdır. Müdafiə Nazirinin müavini X4 xx.xx.2023-cü il tarixli 046gm saylı əmrinə əsasən hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi tərəfindən xidmət etdiyi müddət ərzində mənzillə təmin edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 974 nömrəli sərəncamına əsasən ailəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qeydiyyata alınmışdır. Hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda kirayədə yaşayır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova müraciət edərək, Vətən müharibəsinin veteranı olduğunu, Silahlı Qüvvələrdə təqvim üzrə 20 ildən çox xidmət etdiyini və ailəsini güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısında qeydiyyata olduğunu nəzərə alaraq, ailə tərkibinə görə ehtiyata buraxıldığını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən hərbi qeydiyvata alındığı xx.xx.2023-cü il tarixdən kirayə pulunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir, lakin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Qanuni şəkildə qeyd edilən hüququ əldə etmişdir. Bunun üçün illərini ekstremal şəraitlərdə, döyüşlərdə və səngərlərdə keçirmişdir. Təqvim üzrə xidmət illərinin sayı 20 il, 2 ay, 15 gün təşkil edir. Hal-hazırda hərbi xidmət illərinin sayına görə ehtiyatda olan hərbi qulluqçu kimi təqaüd alır. Hərbi xidmət dövründə barəsində cinayət işi olmamışdır. Haqqında heç bir təhqiqat araşdırılması aparılmamış və təqsirləndirici materiallar toplanmamışdır. Hərbi komandanlıq tərəfindən daim tərifə layiq olmuş və həmişə mükafatlandırılmışdır. Hətta hərbi komandanlıq tərəfindən ehtiyyata buraxılarkən hərbi hissə komandirinin nizami hissə üzrə 20 iyun 2023-cü il tarixli 183 nömrəli əmrinə əsasən birdəfəlik pul mükafatı ilə tam həcmdə mükafatlandırılmışdır. İddia tələbinə etiraz təqdim edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş gizir İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli, xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirinin müavini QQK-nın xx.xx.2023-cü il tarixli 046 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xx.xx.2023-ci il tarixdən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. İddiaçı ehtiyatda olan baş gizir kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 974 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı 6 avqust 2012-ci il tarixli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göründüyü kimi qanununun tələbinə görə xidmət müddəti başa çatmiş hərbi qulluqçulara mənzil kirayə xərci ödənilməsi nəzərə tutulmamışdır. Qeyd edilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların mənzil və ya kirayə haqqı ilə təmin olunması Qaydaları”nın 15-ci bəndinə əsasən: “Xidmət müddəti 15 təqvim ili və daha çox olan, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, yaşayış sahəsi ilə təmin edilmədikləri halda, kirayə haqqı (kompensasiya) almaq hüququna malikdirlər.” Bu müddəada ehtiyyata buraxılma səbəbi qeyd olunmur. Əsas şərt 15 il və ya daha çox xidmət və mənzillə təmin olunmama faktıdır. O, 21 təqvim ili fasiləsiz hərbi xidmət keçmişdir. Müqavilə müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır və ona hərbi xidmət illərinə görə pensiya təyin olunmuşdur. Bu, onun 15 il meyarını keçdiyini və müvafiq qərara əsasən kirayə haqqı almaq hüququna malik olduğunu sübut edir. Ona xidmət dövründə hər ay kirayə pulu ödənilib. Bu iddianın hüquqi mövqeyini daha da gücləndirir, çünki göstərir ki, xidmət dövründə də kirayə haqqı almaq hüququna malik olmuşdur. Deməli, bu hüquq xidmət bitdikdən sonra da (ehtiyata buraxıldıqda) tam qanuni qaydada davam etməlidir. Bu, rəsmi olaraq dövlət orqanları tərəfindən onun kirayə haqqı hüququnun tanındığını təsdiqləyir. Əgər xidmət dövründə bu hüquq tanınıbsa, ehtiyata buraxıldıqdan sonra həmin hüququn birdən-birə ləğvi qanuna və hüquqi ardıcıllıq prinsipinə ziddir. Sumqayıt şəhər İcra Hakimiyyətinin xidmət müddəti başa çatdığına görə bu hüququn ona aid olmaması arqumenti 174 nömrəli qərarın məzmununa uyğun gəlmir. Qanun bu fərqi qoymur, əksinə, 15 il və daha çox xidmət keçmiş bütün ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara bu imkanı verir. Birinci instansiya məhkəməsi doğru hüquqi mövqe tutaraq, onun 21 ildən çox xidmət keçdiyini, mənzillə təmin edilmədiyini, xidmət dövründə kirayə haqqı aldığını, nümunəvi xidmət etdiyini, barəsində cinayət işinin və təqsirləndirici materialların olmadığını, hərbi xidmətim dövündə -“Hərbi xidmətlərə görə” medalı, “X2” medalı, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları, “AR Silahlı Qüvvələrinin 90, 95, 100 illik” medalları, “X6 qələbənin 70 illiyindəki paradda iştirakına görə” medalı ilə və dəfələrlə digər təltiflərə layiq görüldüyünü, Vətən Müharibəsinin iştirakçısı olduğunu, tələbinin qanuna uyğun olduğunu nəzərə alaraq, iddianı tam əsaslı şəkildə təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazı müdafiə edərək edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayədəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 112624 nömrəli vəsiqədən görünür ki, Yolçuyev X5 veteranı adı və statusuna malikdir. Vətəndaşın həqiqi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı xx.xx.1999xx.xx.2001, xx.xx.2004-xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2023-cü il tarixli 183 №-li (§9) əmri ilə maddi-texniki təminat bölüyünün baş çavuşu baş gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. Baş gizir İddiaçı 2023-cü il yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Baş gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş həcmində birdəfəlik pul müavinəti ödənilmişdir. 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. 2023cü ilin növbəti məzuniyyətindən tam istifadə edib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Əmrin verilməsinə əsas: Müdafiə nazirinin müavini-X4 xx.xx.2023-cu il tarixli 046gm nömrəli əmrindən çıxarış. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 974 nömrəli sərəncamı ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış İddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 676,32 manat pensiya təyin edilib. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müharibə veteranı kimi 80 manat Prezident təqaüdü alır. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Müdafiə Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı İddiaçı ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən, yaradılmış Komissiya tərəfindən, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyiniz üçün (xx.xx.2004-20.06 2023; 18 il 09 ay 22 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı İddiaçı şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Müraciətinizin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət etməyiniz tövsiyyə olunur.” xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, X3 və İddiaçı arasında Sumqayıt şəhəri H.Əliyev prospekti 233 nömrəli evin 14 nömrəli mənzilinə dair müvəqqəti istifadəyə verməsi müqaviləsi (kirayə müqaviləsi) bağlanmışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək Dövlət Sərhəd Xidmətində əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2004-cü ildən xx.xx.2023-cü ilədək Azərbaycan Ordusunda fasiləsiz olaraq hərbi xidmət keçmişdir. Qarabağ müharibəsinin veteranıdır. Müdafiə Nazirinin müavini X4 xx.xx.2023cü il tarixli 046gm saylı əmrinə əsasən hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdən hərb qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi tərəfindən xidmət etdiyi müddət ərzində mənzillə təmin edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 974 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamına əsasən ailəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qeydiyyata alınmışdır. Hal-hazırda ailəsi ilə müvəqqəti kirayədə ünvan 1 ünvanda kirayədə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya hazırkı vaxta kimi mənzil kirayə xərcləri ilə bağlı kompensasiya ödənilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat başqa şəhər və rayon mərkəzlərində - 75 manat, digər yaşayış məntəqələrində - 55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012- ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün iki şərt tələb olunur:
1. 15 təqvim ili və daha çox xidmət etməsi;
2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. İşdən görünür ki, iddiaçı birinci və ikinci tələbi ödəyir. Vətəndaşın həqiqi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı xx.xx.1999-xx.xx.2001, xx.xx.2004-xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirinin müavini X4 xx.xx.2023-cü il tarixli 046gm saylı əmrinə əsasən hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır. İddiaçı ümumilikdə 20 il 3 ay 22 gün həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə kollegiyası iddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının müvəqqəti olaraq mənzil kirayə müqaviləsi onun seçdiyi yaşayış yerinin məhz həmin yer olmasına dəlalət etmir. Bu hal onun mənzil kirayəsi üçün kompensasiya almaq hüququndan məhrum etmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında göstərilən hüquqi mövqeyinə əsasən: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir, iddiaçı hərbi qulluqçu kimi Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etdiyinə və öz iradəsindən asılı olmayan səbəblərdən (xidmət müddəti başa çatdığına görə təqaüdə göndərilməsi ilə əlaqədar) ehtiyata buraxıldığına görə yaşayış sahəsi alana kimi isə kirayə haqqı almaq hüququna malik olduğu üçün cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillər əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Çünki, iddiaçının öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5422/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.