Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1014/2025 20.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5169/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli e-2-1(118)-5169/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı “müddətli hərbi xidmətə çağırılmasından çəkindirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin onun müddətli hərbi xidmətə çağırılmasından çəkindirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin barəsində aparılan qeyri-obyektiv müayinə və ekspert rəyi əsasında hərbi xidmət yerinə göndərməsini qanunsuz saydığına görə cavabdehin bu hərəkətdən çəkindirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə anadan olmuş, Sumqayıt hərbi komissarlığında hərbi uçotdadır. 2025-ci il yaz çağırışı ilə bağlı müddətli hərbi xidmətə yararlı olub-olmamağı barədə Sumqayıt Hərbi Çağırış və Hərbi Xidmətə dair Xidmətdə keçirilən Hərbi Həkim Eksperinin (HHE) gəldiyi nəticələr bir-birlərinə ziddiyyət təşkil edir. Komissiyanın bir rəyində bədən qüsurlarına görə hərbi xidmətə yararlı sayılmamışdır. Komissiyanın gəldiyi digər nəticə ilə isə yararlı hesab edilmişdir. Həqiqətdə isə kəskin fəqərə skolioz xəstəliyindən əziyyət çəkir. Sağlamlığının belə bir vəziyyətdə olması hərbi xidmət keçməsini qeyri-mümkün edir. Buna baxmayaraq, hərbi xidmətə aparmaq üçün komandaların birinə təyin edilmişdir. Hesab edir ki, sağlam və hərbi xidmətə yararlı olub-olmamağına dair dəqiq rəy əldə edilməyənə qərər hərbiyə tam yararlı sayıla bilməz. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdən başlayaraq məhkəmənin icraatında olmuşdur. İşə baxan məhkəmə cavabdehi ümumiyyətlə məhkəmə baxışına dəvət etməmişdir. Həmin iş üzrə ümumiyyətlə heç bir prosessual hərəkət edilməmiş, vəsatətlərə baxılmamış və müzakirə edilməmişdir. Vəsatətlərdən ən mühümü isə səhhəti ilə əlaqədar onun barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı olmuşdur. Mübahisə də məhz bununla bağlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh orqan barəsində heç bir obyektiv tibbi rəy almadan, onu xəstə olduğu halda zorla hərbi xidmətə aparmağa cəhd etmişdir. Məhkəməyə həkim müayinəsinə dair epikriz də təqdim etmişdir, lakin məhkəmə bu mübahisəni həll etmək əvəzinə işi uzun müddət icraatında saxlamış, sonda isə qeyri-obyektiv və əsassız qərar qəbul etmişdir. İddia ərizəsində göstərdiyi bütün sübutların, yəni bir-biri ilə zidd olan iki tibbi ekspert rəyinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar məhkəməyə vəsatət versə də, cavabdeh sübutları məhkəməyə təqdim etməmişdir. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Lakin məhkəmə belə bir mühüm prosessual hərəkətlər etməmiş və demək olar ki, ümumiyyətlə işi araşdırmamışıdr. Cavabdeh inzibati orqan komissarlıqda saxlanan heç bir sənəd və sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh iddiaçının şəxsi işində olan tibbi müayinə sənədlərini məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimi məruzəsini dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddia tələbi iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılmasından çəkindirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi uçotdadır. İddia ərizəsində göstərilənlərə əsasən 2025-ci il yaz çağırışı ilə bağlı iddiaçının müddətli hərbi xidmətə yararlı olub-olmamağı barədə Sumqayıt Hərbi Çağırış və Hərbi Xidmətə dair Xidmətdə keçirilən Hərbi Həkim Ekspertinin (HHE) gəldiyi nəticələr bir-birlərinə ziddiyyət təşkil edir. Komissiyanın bir rəyində bədən qüsurlarına görə hərbi xidmətə yararlı sayılmamış, Komissiyanın gəldiyi digər nəticə ilə isə yararlı hesab edilmişdir. İddiaçı qeyd edir ki, kəskin fəqərə skolioz xəstəliyindən əziyyət çəkir, sağlamlığı belə bir vəziyyətdə olması hərbi xidmət keçməsini qeyri-mümkün edir. Hesab edir ki, sağlam və hərbi xidmətə yararlı olub olmamağına dair dəqiq rəy əldə edilməyənə qədər hərbi xidmətə tam yararlı sayıla bilməz. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli 34350/2-949/25 nömrəli məktubdan görünür ki, İddiaçı 2025-ci ilin aprel çağırışı ilə əlaqədar olaraq SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsinin həmin ərazi üzrə nümayəndəsinin səylərinə baxmayaraq, hərbi xidmətə yola düşməsi Sumqayıt şəhər Baş İdarəsinə gəlməsini təmin etmək mümkün olmamışdır. Odur ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq çağırışçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gəlməsinin təmin edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Sumqayıt şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli 2-2-443/2-105619/2025 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçməkdən yayınması ilə əlaqədar Sumqayıt şəhər prokurorluğuna daxil olmş məlumat əsasında araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə cinayət işi başladılmışdır. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Dövlət Tibbi-Sosial Ekspertza və Reabilitasiya Agentliyinin (DTSERA) xx.xx.2025-ci il tarixli yekun rəyinə əsasən A-3 yararlılığı təyin edilmiş, budan sonra Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) Sədrinin xx.xx.2025-ci il tarixli yekun rəyinə əsasən 2025-ci ilin aprel ayına olan çağırış dövrü üçün İddiaçı 3-cü dərəcə məhdudiyyətlə, A kateqoriya - müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Göründüyü kimi, İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı tibbi müayinələrin nəticələrindən narazı qalaraq, cavabdeh inzibati orqanın onu hərbi xidmətə aparmaqdan çəkindirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı konkret olaraq DTSERAnın və MHHK-nın yekun rəylərini mübahisələndirilməmiş, yalnız çağırış prosesinin dayandırılması tələb edilmişdir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin çağırışlarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Yalnız elektron kabinet vasitəsilə yazışmalarını həyata keçirmişdir. İddiaçı bu hərəkətləri ilə həqiqi hərbi xidmət keçməkdən qərəzli olaraq yayınır və məhkəməyə müraciət etməklə 30 yaşının tamam olmasına qədər həqiqi hərbi xidmət keçməkdən boyun qaçırmaq niyyətini güdür. Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq, Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur və qanunvericiliklə müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Bu qayda müəyyən istisnalar nəzərə alınmaqla qanunvericiliklə imperativ norma kimi müəyyən edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 12.4-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün çağırışçıların təyinatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi say bölgüsü üzrə və çağırışçıların sağlamlıq vəziyyəti, fiziki inkişafı və fərdi göstəriciləri nəzərə alınmaqla aparılır. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün müvafiq tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır. 17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. 2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. 2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən: 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı «Xəstəliklər cədvəli»nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» - hərbi xidmətə yararlıdır; «B» - sıradankənar hərbi xidmətə yararlıdır; «C» sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» - hərbi xidmətə müvəqqəti yararsızdır; «D» - həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə əsasən Vətəni müdafiə etmək hər bir vətəndaşın borcu və vəzifəsidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna görə, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan vətəndaşların müddətli həqiqi hərbi xidmət keçməsi qanuni öhdəlikdir və bu öhdəlikdən yayınmaq yolverilməzdir. İddiaçı tərəfindən qaldırılmış bu iddianın faktiki mahiyyəti onun hərbi xidmət keçməkdən boyun qaçırmaq niyyəti ilə bağlıdır. İddiaçı xx.xx.2027-ci ilədək 30 yaşı tamam olana kimi, çağırışdan yayınmaq məqsədilə “sağlamlıq vəziyyətinin yararsızlığı” arqumentindən istifadə edir. Halbukı iş materiallarında onun hərbi xidmətə yararlılığını istisna edən heç bir tibbi əsas mövcud deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi xx.xx.2025-ci il tarixli 3-43-50/2-24808/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ilkin hərbi qeydiyyata alınmış xx.xx.1997-ci il təvəllüdlü İddiaçı 2015-ci ilin aprel çağırışına cəlb olunmuşdur. Öyrənilmə zamanı İddiaçı Türkiyə Respublikası Nevşehir X4 Universitetində təhsil aldığı üçün ona çağırışdan xx.xx.2022-ci il tarixə qədər möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdən sonra İddiaçı Türkiyə Respublikası Kapadokiya Universitetində Magistratura pilləsi üzrə təhsil alması ilə əlaqədar arayış təqdim etdiyi üçün ona 2024-cü ilin oktyabr çağırışına qədər möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdən sonra İddiaçı 2024-cü ilin oktyabr çağırışına cəlb olunmuşdur. Sumqayıt şəhər hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman əlavə tibbi müayinəsi olunması üçün X1 və Ortopediya İnstitutuna göndərilmişdir. Əlavə müayinənin nəticələri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə daxil olmuş, həmin diaqnoz Sumqayış şəhər hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək barəsində yekun qərarın verilməsi üçün DTSERA-ya yönləndirilmişdir. İddiaçı DTSERA-ya təqdim olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim ekspertizası haqqında Əsasnamə”nin İ qrafasının 59Ç (A-3) maddəsinə əsasən “hərbi xidmətə yararlı” hesab edilmişdir. İddiaçı müddətli həqiqi hərbi xidmətə çäğırışdan boyun qaçırdığı üçün şəxs barəsində toplanılmış sənədlər material şəklində Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddiasının rədd edilməsini və məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, müddətli həqiqi hərbi xidmətə çağırılma zamanı çağırışçının hərbi xidmət keçməsinin mümkünlüyü həm də onun sağlamlıq vəziyyəti baxımından dəyərləndirmə tələb edir. Hətta bununla bağlı qanun sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi imkanını da nəzərdə tutmuşdur (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 18.1.2 və 20-ci maddələri). Başqa sözlə, çağırışçının tibbi müayinədən keçirilməsi, onun sağlamlıq vəziyyətinin həqiqi hərbi xidmətə uyğunluğunun yoxlanılması mütləq şərtdir və qanun şəxsin sağlamlıq vəziyyətinin hərbi xidmət keçməyə əsas verib-verməməsini müəyyən etməyi rayon (şəhər) çağırış komissiyasının bilavasitə vəzifəsi kimi müəyyən etmişdir. Hazırkı iş üzə iddiaçının sağlamlıq vəziyyəti yoxlanılmış və sonuncu dəfə xx.xx.2025-ci il tarixli yekun rəylə 2025-ci ilin aprel ayı üçün müddətli həqiqi hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə hərbi xidmətə getməsi üçün ona cavabdeh tərəfindən çağırış vərəqəsi verilmişdir. İddiaçının hərbi xidmət yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilmişdir. Lakin iddiaçı hərbi xidmət yerinə getməmişdir. İddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunması ilə bağlı vəsatət təqdim etsə də, məhkəmə iclaslarında iştirak etməmiş, işin halları ilə bağlı öz mövqeyini əsaslandırmaqdan yayınmış, sağlamlıq vəziyyəti barədə iddialarını heç bir obyektiv tibbi sənədlə sübut etməmişdir. Bu hal məhkəmə tərəfindən onun prosessual hüquqlarından səmərəli istifadə etmədiyi, iddiasını sübuta yetirməkdə maraqlı olmadığı və hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının davranışı və irəli sürdüyü arqumentlər hərbi xidmət borcunu yerinə yetirməkdən yayınmaq məqsədi güdür. İddiaçının bu hərəkətləri nə qanuna, nə də Konstitusiyanın əsas prinsiplərinə uyğun gəlmir. İş materiallarında iddiaçının hərbi xidmətə yararsız olduğunu təsdiqləyən hər hansı tibbi rəy və ya müvafiq dövlət orqanı tərəfindən verilmiş sənəd mövcud deyildir. Əksinə, rəsmi qaydada keçirilmiş sonuncu tibbi müayinədə onun hərbi xidmətə yararlı olduğunu müəyyən etmişdir. Hazırkı halda iddiaçı ona müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmir, cavabdeh inzibati orqanın iddiaçını müddətli həqiqi hərbi xidmətə çağırmaqla bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-5169/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1014/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1014/2025
20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver