Məhkəmə qərarları › İş №2-1(105)-1016/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1016/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1016/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən başlamaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-3909/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, idiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” aitsistemində olan məlumatlara əsasən sığorta stajı 21 il 11 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 21 il 8 ay sığorta stajınıza uyğun olaraq 20066,80 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (3 ay sığorta stajınıza uyğun) 202,10 manat olmaqla, ümumilikdə 20268,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Quba rayon Mərkəzləşdirilmiş kitabxanasının xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək əmək haqqı cədvəllərinin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəblə sözügedən dövrün araşdırılaraq sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Təkrar müraciətiniz ilə əlaqədar olaraq xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, 01.01,2023-cü il tarixindən 220 manat olmaqla davam etdirilir. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən başlamaqla əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk dəfə 04 noyabr 1978-ci il tarixdə Quba rayon Mədəniyyət Şöbəsinin müdirinin 120/9 nömrəli əmiri ilə Zərqova kənd kitabxanasına müdir vəzifəsinə təyin edilmiş və 02 fevral 1998-ci il tarixə kimi həmin vəzifədə işləmişdir. O, Quba rayon Mədəniyyət şöbəsinin müdirinin 10/3 nömrəli, 02 fevral 1998-ci il tarixli əmri ilə A.S.Puşkin adına MKS-nə xidmət şöbəsinə kitabxanaçı vəzifəsinə keçirilmiş, Quba rayon MKS-nin direktorunun 290 nömrəli, 06 may 1999-cu il tarixli əmri ilə Səyyar Xidmət üzrə böyük kitabxanaçı vəzifəsinə keçirilmiş, Quba rayon MKS-nin direktorunun 05 avqust 2000-ci il tarixli əmri ilə Səyyar Xidmət üzrə böyük kitabxanaçı vəzifəsindən Metodika və bioqrafiya şöbəsinə metodist vəzifəsinə keçirilmiş, Quba rayon MKS-nin direktorunun 04 avqust 2003-cü il tarixli 59 nömrəli əmri ilə 05 avqust 2003-cü il tarixdən Metodika və bioqrafiya şöbəsindəki, metodist vəzifəndən azad olunmuş və işlədiyi bütün illər üçün əmək haqqını rayon Mədəniyyət şöbəsinin kassasından əmək haqqı cədvəlinə imza etməklə almış, eyni zamanda o, 1 ay çatışmayan sığorta stajını tamamlamaq məqsədi ilə rəsmi əmək müqaviləsi əsasında işləmiş və bu barədə rəsmi məlumatları cavabdehə təqdim etmişdir. Belə ki, 2023-cü ilin fevral, mart, aprel aylarında və dekabr 2023-cü il tarixdə, yəni 4 ay müddətində “Melisa Park 1001” xırdavat mağazasında Əmək Müqaviəsi əsasında satıçı vəzifəsində işləmiş və 30 dekabr 2023-cü il tarixdə əmək fəaliyyətinə xitam verilmişdir. Cavabdehə təqdim etdiyi xxxxxxx000100 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və xx.xx.2023-cü il tarixli, xxxxxxx000200 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirşindən“ görünür ki, o, 01 dekabr 2023-cü il tarixdən, 30 dekabr 2023-cü il tarixə kimi mağazada satıcı işləmişdir. Bütün bu hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən xx.xx.1978-ci il tarixdən xx.xx.1998-cı il tarixədək “Zərqova kənd kitabxanasına müdir vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “A.S.Puşkin adına X3 Şöbəsi”nə kitabxanaçı vəzifəsində, xx.xx.1999-cu ii tarixdən xx.xx.2000-ci il tarixədək Səyyar xidmət üzrə böyük kitabxanaçı vəzifəsində. xx.xx.2000- ci il tarixdən xx.xx.2003-cü il tarixədək metodika və biblioqrafiya şöbəsinin metodist vəzifəsində işlədiyi müəyyən olunur.1. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (3 il) mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinə dair əməkhaqqı sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. 2. Həmçinin, iddiaçının xx.xx.2021-ci il tarixli əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrlərə dair qeydlər Quba rayon X1 möhürü ilə Quba rayon Mədəniyyət Şöbəsinin müdiri Q.Yasinov səlahiyyətli şəxs kimi göstərilməklə doldurulmuşdur. Lakin iddiaçının əmək kitabçasından müəyyən olunur ki, o, həmin dövrlərdə Quba rayon X2 deyil, xx.xx.1973-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Zərqova kənd kitabxanasında işləmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3909/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 30 dekabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müxtəlif illərdə, yəni 1978-ci ildən 2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.Tələbin mübahisə edilən hissəsi iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1984- cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinə dair əməkhaqqı sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi və iddiaçının xx.xx.2021-ci il tarixli əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olan dövrlərə dair qeydlər Quba rayon X1 möhürü ilə Quba rayon Mədəniyyət şöbəsinin müdiri Q.Yasinov səlahiyyətli şəxs kimi göstərilməklə doldurulmasıdır. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin dövrlərdə əməkhaqqı almaması səbəbindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. X4 İdarəsinin Quba rayon X3 tərəfindən verilmiş 06 saylı, 11 mart 2024-cü il tarixli Arayışına əsasən iddiaçı xx.xx.1978-xx.xx.2003-cü illər üzrə sözü gedən müəssisədə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuş və həmin tarixədək ümumi iş stajı 24 il 9 ay təşkil edir. Qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv məlumatlarında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Həmçinin, iddiaçının təqdim etdiyi əmək müqaviləsi bildirişindən də müəyyən olunur ki, şəxs 4 ay sosial sığorta stajı toplamışdır. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının işlədiyi illər nəzərə alınmadan əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun xx.xx.2023-cü il tarixədək 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv məlumatlarında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət xx.xx.2023-cü ildə 25 ildən çox təşkil edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının və sosial sığorta stajının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ xx.xx.2023-cü ildə yaranmış olmuş olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslanmış və əlavə olaraq göstərilmişdir ki, iddia ərizəsində 1984-cü il tarixdə Quba rayon Mədəniyyət Şöbəsinin sabiq müdirinin və şöbənin mühasibin törətdikləri vəzifə cinayətləri ilə əlaqəcar olaraq Quba rayon Prokurorluğunun tələbləri əsasında xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək əmək haqqı barədə sənədlər istintaq aparılan zaman göndərilmiş, geri qaytarılmamışdır. Məhkəmə qeyd edilən məsələyə münasibətdə araşdırma aparmayaraq, iddiaçının izahatında olmasına baxmayaraq, əməkhaqqı barədə sənədlərin olmadığı və işin obyektiv, tam, hərtərəfli araşdırılması üçün əhəmiyyəti olmadığı qənaətinə gəlmişdir. Məhkəmənin əlavə araşdırma aparmadan iddiaçının əmək kitabşasında qeyd edilən dövrlərin mötəbər hesab edilərək, 24 il 9 ay sığorta stajı olması barədə gəldiyi huquqı nəticə qanunsuz hesab edilməlidir. İşin faktiki hallarından məlum olduğu kimi, İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətinə əsasən əmək kitabçası xx.xx.2021-ci il tarixdə doldurulmuşdur. Məhkəmənin əmək kitabçasında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər aşkar olunmaması barədə mövqeyindən görünür kü, işin hallarına hərtərəfli və düzgün yanaşılmamışdır. Məhkəmənin əmək kitabçasında onun sonradan doldurulmasının səbəbinin göstərilməməsi və sonradan doldurulmasına əsas olan hər hansı sənəd olub-olmamasına dair araşdırma aparmadan gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, qanunsuz və əsassızdır. İş materiallarında olan, eləcə də məhkəməyə təqdim edilmiş arxiv arayışında, iddia ərizəsi və iddiaçının izahatında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək əmək haqqı cədvəllərinin saxlanılmaması faktı əmək kitabçasının sonradan doldurulması halının mötəbər olmadığı qənaətinə gəlməyə əsas verir. Bununla da əmək kitabçasının doldurulma qaydalarına riayət olunmaması əmək kitabçasının mötəbərsizliyi şühbə yaratdığı və iddiaçının işlədiyini iddia etdiyi dövrlərə dair zəruri sənədlərin olmaması halında məhkəmə tərəfindən prosessual pozuntu törədilərək, qeyd olunan hallar araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) pensiya yaş həddi; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-ci il təvəllüdlü olmaqla, onun pensiya yaş həddinə çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 21 il 11 ay iş stajına malik olması halını qəbul edir xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (3 il) işlədiyi dövrü əmək haqqı cədvəllərinin saxlanılmaması halına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək işlədiyi dövrlərdə işləməsinə dair qeydlər əmək kitabçasında mövcud olmuşdur. Bundan əlavə, iş materiallarında olan X4 İdarəsi Quba Rayonu X3 tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı 04 noyabr 1978-ci l tarixdə (Əmr №120) kitabxananın müdiri vəzifəsinə təyin edilmiş, 02 fevral 1998-ci il tarixdə (Əmr №10) xidmət şöbəsinə kitabxanaçı vəzifəsinə keçirilib, 06 may 1999-cu il tarixdə (Əmr №290) səyyar xidmət üzrə kitabxanaçı vəzifəsinə, 05 avqust 2000-ci ildə (Əmr №662) tarixdə metdoika və biblioqrafiya şöbəsinin metodisti vəzifəsinə keçirilməsi, 04 avqust 2003-cü il tarixdə işdən azad edilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası, işəgötürən tərəfindən verilmiş arayış və digər) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hal ilə bağlı qeyd edir ki, əmək haqqı cədvəllərinin tərtib edilməsi, arxivləşdirilməsi, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydada doldurulması məhz işəgötürənin vəzifəsi kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi, habelə işəgötürən tərəfindən bu barədə arayış verildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı 2023-cü il üzrə 4 ay sosial sığorta stajına malik olmuş, həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il sığorta stajının olmasına dair şərt məhz 30 dekabr 2023-cü il tarixdə ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar