Məhkəmə qərarları › İş №2-1(105)-1017/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1017/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1017/2025 29.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-367/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək “daşınmaz əmlaka reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat: İddia onunla əsaslandırılmışdır ki, ünvan 1i ərazisində yerləşən, faktiki olaraq istifadəsində olan, ümumi ərazisi 0,06 ha (ehtiyat fondu torpaqları kateqoriyasına aid) torpaq sahəsi, dövlət reyestrində adına mülkiyyət hüququ üzrə qeydiyyata alınıb və bu barədə dövlət reyestrindən, qeydiyyat nömrəsi ********* olan, qeydiyyata alınma tarixi 25 may 2018-ci il tarixli, RX Seriyalı, ******* №-li çıxarış verilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı və 3.0.23-cü bəndlərinin tələblərinə görə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətin vəzifələrinə aiddir. İddiaçı adında və mülkiyyətində olan torpaq sahəsinin planının və ölçüsünün tərtib edilib iddiaçıya verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh isə 14 iyul 2023-cü il tarixli məktubla tələbini təmin etməyib və buna səbəb olaraq da sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin olması göstərilib. Hesab edir ki, cavabdeh özünün bir başa vəzifəsi olan, qanuni istifadəsində, mülkiyyətində olan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsinin koordinatlarında mövcud olan uyğunsuzluqları aradan qaldırmaq, tələbini icra etmək əvəzinə bunu etməməklə əsassız olaraq bundan imtina etməklə hazırkı məhkəmə mübahisəsinin yaranmasına şərait yaratmışdır. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-367/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Aynur Axundova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki torpaq sahəsinin 0.0415 ha hissəsi **********76 reyestr nömrəli, 0.0185 ha hissəsi **********07 reyestr nömrəli torpaq sahələrinin çıxarışları ilə üstüstə düşür. Bu halda məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahələrinə məxsus çıxarışların və ya plan-ölçü sənədlərinin ləğv edilməsini tələb edə bilər. Qeyd edilənlər iddiaçının faktiki torpaq sahəsinə plan-ölçü sənədinin tələb edilməsi üçün subyektiv hüququnun olmamasına əsas verir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin ondan öncəki mülkiyyətçisi X5 torpaq sahəsini ona satarkən ona cavabdeh idarədən yüklülük haqqında arayış verilib və hazırda məhkəmənin qərardadını əsaslandırdığı hallar ona torpaq sahəsi satılarkən mövcud olmayıb və bu gündə qeyd etdiyi kimi torpaq sahəsi onun faktiki sahibliyində mülkiyyətində olmaqla həmin torpağa heç bir iddialı şəxs yoxdur. Bu isə o deməkdir ki, cavabdeh idarənin elektron bazasında apardığı səhvlərə görə əsassız olaraq onu hazırkı iddiasında subyektiv hüququ olmayan hesab edir. Halbuki, ona aid, torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd bir başa onun subyektiv hüququnun olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi, torpaq sahəsinin faktiki vaziyyətini, cavabdeh idarənin elektron bazasındakı məlumatın reallığı əks etdirib etdirmədiyini araşdırmayıb. Məhkəmənin qənaətinə görə o, cavabdeh idarənin səhvini düzəltməlidir. Belə ki, məhkəməyə görə o, qanuni istifadəsində, mülkiyyətində olan torpaq sahəsinə, idarənin ehtimal etdiyi “şəxsin” adına verilmiş çıxarışı mübahisələndirməlidir. Birinci instansiya məhkəməsi, ona məxsus torpaq sahəsinə digər bir şəxsin də mülkiyyət hüququ tanınıb və nə qədər ki, həmin “X” şəxsin adına hüquq var onun öz torpağına subyektiv hüququəmələ gəlmir. Halbuki, nə belə bir şəxs var, yəni ona məxsus, mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin heç bir iddialı yoxdur. Birinci instansiya məhkəməsi, torpaq sahəsinin faktiki vəziyyətini, cavabdeh idarənin elektron bazasındakı məlumatın reallığı əks etdirib etdirmədiyini araşdırmayıb. Məhkəmənin qənaətinə görə o, cavabdeh idarənin səhvini düzəltməlidir. Belə ki, məhkəməyə görə o, qanuni istifadəsində, mülkiyyətində olan torpaq sahəsinə, idarənin ehtimal etdiyi “şəxsin” adına verilmiş çıxarışı mübahisələndirməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı daşınmaz əmlaka reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaçının subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını........ yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə materiallardan görünür ki, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi ilə bağlı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur. Sözügedən çıxarışdan göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti imtina ilə cavablandırılmışdır. İnzibati orqanın imtina səbəbi isə torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq olması ilə əlaqələndirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müvafiq sorğular edilməklə aşağıdakı sənədlər əldə olunmuşdur: İş materiallarına əlavə olunmuş 22 avqust 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********62 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 1,01 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 1i ünvanında yerləşən 1,01 ha torpaq sahəsinin 0,06 ha hissəsi X6 tərəfindən İddiaçı satılmışdır. Bundan sonra satılmış 0,06 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 iyun 2025-ci il tarixli, 3-21-3-32/2- 10272/2025 nömrəli məktubundan görünür ki, müayinə olunan torpaq sahəsi **********76, **********07 reyestr nömrəli çıxarışlarla üst-üstə düşür. Müayinə olunan torpaq sahəsi **********62 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə zəruri həcmdə araşdırılma aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini iddiaçının subyektiv hüququnun olmaması ilə əlaqələndirsə də, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi ilə bağlı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 25 may 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın mövcud olmasını nəzərə almamışdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulmasının iş materialları ilə müəyyən edilmədiyinə istinad etmişdir. Lakin iddiaçı alğı-satqı müqaviləsi əsasında aldığı və daha sonra çıxarış əldə etdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib olunmasını istəyir, sözügedən sənədin tərtib olunmasından imtina edilməsi isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının birbaşa pozulmasına səbəb olur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv tələb hüququnun olmaması barədə formalaşdırılan nəticə, işin halları ilə ziddiyyət təşkil edir. Məhkəmənin iddiaçı tərəfindən aradan qaldırılması mümkün olmayan faktiki halları iddianın prosessual mümkünlüyü üçün maneə kimi qəbul etməsi inzibati məhkəmə icraatının mahiyyətindən irəli gələn tələblərin yanlış tətbiq olunmasının nəticəsidir. Bundan əlavə, mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyətin yaranma ardıcıllığını tam şəkildə araşdırmamışdır. İddiaçının torpağı əvvəlki mülkiyyətçidən (X2) əldə etdiyi bəlli olduğu halda (müvafiq alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən) , məhkəmə əvvəlki mülkiyyətçiyə dair ilkin ayrılma sənədlərini və kadastr materiallarını tələb etməklə hüquqi yoxlama aparmamışdır. Bu araşdırmanın həyata keçirilməməsi, torpaq sahəsinin üst-üstə düşməsinin əsl səbəbini, yəni, ilkin sənədləşmədəki qüsur, yoxsa Daşınmaz Əmlakın Dövlət Xidmətinin elektron bazasındakı texniki səhv və ya koordinat sürüşməsi nəticəsində yarandığını dəqiq müəyyən etməyə imkan verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi zəruri araşdırma aparmaqla mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətini, ilkin ayrılma sənədlərini, hazırki torpaqın ilkin ayrılma kordinatlarına əsasən həmin torpaq sahəsinin sərhədlərində yerləşibyerləşməməsini, sözügedən üst-üstə düşmə halının kordinat sürüşməsi nəticəsində baş verib-vermədiyini müəyyən etməli olduğu halda, bunu etməmiş, beləliklə də iş üzrə yalnış hüquqi nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə mühabisəli 0.06 ha torpaq sahəsinin hazırda iddiaçının istifadəsində olub-olmaması, digər şəxslərin ona qarşı heç bir iddia irəli sürməməsi məsələsini də araşdırmamışdır, həmin hala qiymət verməmişdir. Eyni zamanda iddiaçının ilkin iddia tələbi “daşınmaz əmlaka reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən ibarət olasa da, məhkəmə gedişatı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək “25 may 2018ci il tarixli, **********01 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş (i.v 9), məhkəmə tərəfindən həmin ərizə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında icraata qəbul edilsə də, məhkəmə yekun məhkəmə aktı qəbul edərkən dəqiqləşmədə göstəri tələb deyil, ilkin tələbə hüquqi qiymət vermiş, iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yenidən birinci instansiya məhkəməsində icraat aparılarkən reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin faktiki yerləşməsinə görə 0.0415 ha hissəsinin **********76 reyestr nömrəli, 0.0185 ha hissəsinin **********07 reyestr nömrəli torpaq sahəsi ilə faktiki üst-üstə düşməsinin səbələri (torpaqların ilkin torpaq ayırma sənədləri əsasında), həmçinin torpaq sahələrinin üst-üstə düşməsinin sözügedən torpaq sahələrinin yerləşdiyi ərazidə baş verən koordinat sürüşməsi ilə bağlı olub-olmaması, eləcə də, mübahisəli 0.06 ha torpaq sahəsinin torpağın əvvəlki mülkiyyətçisinə ilkin ayrılma sənədləri əsasında həmin torpaq sahəsinin sərhədləri çərçivəsində yerləşib-yerləşməsi araşdırılmalı, zərurət olduğu halda digər şəxslər iş üzrə üçüncü şəxs qismində cəlb edilməli, iddiaçıya hüquqi marağına uyğun hüquqi yardım edilməlidir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və lazimı araşdırma aparmadan iddianı mümkün hesab etməmişdir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(118)-367/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar