Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-102/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı ünvan 1 ünvanında yerləşən 18,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməklə ünvan 1 ünvanında yerləşən 18,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 3960.0 kv m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1570 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1067/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh kimi DƏDRX-nin 4 saylı X5 cəlb edilməsini, ünvan 2 ünvanında yerləşən 18,1 kv m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, dalan 3 ev 4 ünvanında yerləşən 18,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin texniki pasportunda da evin yerləşdiyi torpaq sahəsinin 3960,0 kv.m olduğu qeyd olunmuşdur. İddiaçı həmin 3960,0 kv.m torpaq sahəsi ilə birlikdə evin vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh xx xxxxx 2019-cu il tarixdə imtina cavabı vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 18,1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv.m torpaq sahəsi üzərində vahid əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı X5 üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər Abşeron rayonunun idarəçiliyində olmuş Bilgəh Zəfəran sovxozunun istifadəsindəki torpaq sahələrində xüsusi hallar nəzərə alınmaqla islahat aparılmış və Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri bələdiyyə mülkiyyətinə verilməmişdir. Lakin, arxiv əsaslarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, sözügedən 0.3960 ha torpaq sahəsi səlahiyyətsiz şəxs - Bakı şəhəri X3 qərarından xx xxxxxx 2002-ci il tarixli çıxarışa əsasən İddiaçı satılmışdır. Torpaq sahəsinin satışı qanunvericiliyin tələblərinə zidd həyata keçirilmiş, habelə sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ərizəyə əlavə edilməmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, torpaq sahəsinin satışı həyata keçirilərkən xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilmədiyi, mübahisəli 0.3960 ha torpaq sahəsinin ümumiyyətlə Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədiyi, həmin torpaq sahəsinə bələdiyyənin sərəncam hüququnun qanunla təsbit edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, müraciətə əlavə edilmiş 24735 nömrəli qeydiyyat vəsiqəsi və 815 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı aşkar edilmişdir. Habelə, təqdim edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinaları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədiyindən, iddiaçının istinad etdiyi bələdiyyənin xx xxxxxx 2002-ci il tarixli qərarı həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, bələdiyyənin həmin torpağa sərəncam hüququ olmamışdır. Habelə, bələdiyyə tərəfindən aparılmış “sənədləşmə” də müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməmiş, torpaq sahəsi ayrılan zaman xüsusi mülkiyyətə verilən torpaqların normalarına əməl edilməmişdir. Həmçinin, İddiaçı eyni tələb ilə 2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin 2-1(85)-871/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya satılması varədə bələdiyyə qərarı qüvvədədir, cavabdeh inzibati orqana isə həmin qərarı mübahisələndirmək səlahiyyəti verilməmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin sovxozun təhkimçiliyində olması və bələdiyyə mülkiyyətində olmaması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmadı. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İş materialları ilə müəyyən edilir ki, X3 xx.xx.2002-ci il tarixli 14 saylı qərarı ilə 0,3960 ha torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə İddiaçı satılmışdır. İşdə olan 2005-ci ilin may ayında tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 84 saylı evin həyətyanı torpaq sahəsinin ölçüləri 3960.0 kv m təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna əsasən alınmış X1 xx.xx.2019-cu il tarixli 39 saylı ekspert arayışından görünür ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən torpaq sahəsi Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aiddir. Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 057 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Bilgəh bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün müvafiq akta əsasən məhv edildiyindən Bilgəh bələdiyyəsinin x xxxxxx 2002-ci il tarixli, 14 nömrəli qərarının və onun verilməsinə əsas olmuş sənədlərin surətlərini təqdim etmək imkanları yoxdur. Bilgəh bələdiyyəsinin elektron baza məlumatlarına əsasən X3 xx xxxxxx 2002-ci il tarixli, 14 saylı qərarına əsasən Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, ev 4 ünvanında yerləşən torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı mülkiyyətinə verilmişdir və xx xxx 2005-ci il tarixində müvafiq icra orqanı tərəfindən vətəndaş İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd – 24735 reyestr nömrəli qeydiyyat vəsiqəsi və 815 nömrəli inventar işi (texniki pasport) verilmişdir. Bu baxımdan xx xxx 2005-ci il tarixindən həmin torpaq sahəsi vətəndaş İddiaçı tam mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun (160-İİQ xx.xx.2001-ci il tarixli qanun, maddə 2) tələblərinə uyğun olaraq bələdiyyələrin yerləşdiyi inzibati ərazi üzrə torpaqlar bələdiyyələrin mülkiyyəti sayılır. Bu mənada İddiaçı X3 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarı ilə ayrılmış və qüvvədə olan qeydiyyat vəsiqəsi əsasında ona məxsus Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, ev 4 ünvanında yerləşən torpaq sahəsinin Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi döngə 9, dalan 3, 4 ünvanında yerləşən yaşayış evi X3 xx xxxxxx 2002-ci il tarixli, 14 nömrəli qərarı əsas götürülməklə İddiaçı adına qeydə alınmışıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya satılarkən və üzərində fərdi yaşayış evi inşa edərkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Apelyasiya şikayətinin bələdiyyənin torpağa sərəncam hüququnun olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbə ərazisindən 0,40 ha torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qüvvədədir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi isə iddiaçının adına dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-102/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-102/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver