Məhkəmə qərarları › İş №2-1(105)-102/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-102/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-102/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-11/2021 saylı qərarından cavabdeh İdarə tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1988-ci ildə “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin verdiyi 120 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02.09.1988-ci il tarixdən “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvüdür. Elə həmin ildə 120 saylı bağ sahəsi ona verilmiş, bağ sahəsini çəpərləmiş və sahədə müxtəlif meyvə ağacları əkərək bu günə qədər bağ sahəsindən istifadə edir. Bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş olsa da, ona imtina cavabı verilmiş və imtinanın səbəbi kimi “ərazinin sxematik xəritəsində 120 saylı bağ sahəsinin aşkar olunmaması, torpaq sahəsinin faktiki yerləşdiyi yerin isə sxematik xəritədə 112 saylı bağ sahəsi kimi qeyd olunması göstərilmişdir. Ona məxsus 120 saylı bağ sahəsinin cavabdehin sxematik xəritəsində hansı səbəbdən 112 saylı bağ sahəsi kimi qeydə alınması ona aydın deyil və cavabdehin istifadəsində olan 120 saylı bağ sahəsini dövlət qeydiyyatından keçirməkdən imtina etməsinə görə məcbur olub məhkəməyə müraciət etmişdir.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və İdarənin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işləri aparılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0.0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zoiağına düşür. Bundan əlavə “Çinar” bağçılıq yoldaşlığı tərəfindən idarəyə təqdim olunmuş ərazinin xəritəsində 120 nömrəli bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinin faktiki yerləşdiyi yer isə sxematik xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinə etiraz bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-cı il tarıxlı 2-1(118)-11/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia qismən təmin edilərək “Çinar” Bağçılıq Yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış 120 saylı bağ torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməyən 336 kvşmetr hissəsi (600-264) üzərində İddiaçı İbadulla oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin hazırlanması ilə bağlı sərf edilmiş 190 manatın 70 manatı İddiaçı İbadulla oğlundan, 120 manatı isə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında yerləşən AZ23AllB**********3701778 saylı hesabına ödənilməsi, ekspertiza rəyinin verilməsi ilə bağlı sərf edilmiş 50 manatın 20 manatı İddiaçı İbadulla oğlundan, 30 manatı isə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** saylı hesabına ödənilməsi qərara alınmışdır.

6. Qərardan narazı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2- 1(118)-11/2021 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

7. Cavabdeh İdarənin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmənin qərarında göstərdiyi dəlillər işın hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, "Çinar" bağçılıq yoldaşlığı 120 ünvanda yerləşən bağ torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı 12 noyabr 2018-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və müraciətlə əlaqədar İdarənın mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işləri aparılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0,0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan əlavə “Çinar” Bağçılıq Yoldaşlığı tərəfindən İdarəyə təqdım olunmuş ərazinin sxematik xəritəsində 120 nömrəli bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinın faktiki yerləşdiyi yer isə sxemalik xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində İddiaçı oğlunun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə ona 23 noyabr 2018-ci il tarixli **********54 nömrəli bildiriş göndərilmişdir. Göstərilənlərdən aydın olur ki, qeydiyyat orqanı haqlı olaraq İddiaçı sözügedən bağ torpaq sahəsi üzərində mulkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Lakin işə baxmış məhkəmə işın hallarına düzgün qiymət verməmiş və iddianın qismən təmin edilməsi haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə muəyyən edimiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi özərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtına üçün əsas ("Çınar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən İdarəyə təqdim olunmuş sxematik xəritədə 120 nömrəli bağ sahəsinin aşkar olunmaması, torpaq sahəsinin faktıki yerləşdiyi yerin isə xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunması) mövcud olduğu halda həmin torpaq sahəsi üzərində İddiaçı İbadulla oğlunun mülkiyyət huququnun qeydiyyata alınması qanunvericilıyın tələblərinə ziddir. Birinci instansiya məhkəməsi isə nədənsə bunu nəzərə almayaraq, İdarə tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının mümkün olmaması ilə bağlı imtina qeyd edilmiş əsaslardan birinin (torpaq sahəsinin 0,0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi) əsaslı olduğu qənaətinə gəlmiş, lakin İdarənin gətirdiyi digər arqumenti (“Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən İdarəyə təqdim olunmuş sxematik xəritədə 120 nömrəli bağ sahəsinin aşkar olunmaması, torpaq sahəsinin faktiki yerləşdiyi yerin isə xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunması) ağlabatan hesab etməmişdir.

8. Apelyasiya şikayətinin müəllifi “Daşınmaz əmlakın dovlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9 və 11-ci maddələrinə istinad edərək hesab edir ki, məhkəmə tərəfindən hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etdiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2- 1(118)-11/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, 1988-ci ildən işlədiyi hərbi hissədən verilmiş bağ sahəsini bu günə qədər istifadəsində olmaqla çəpərləyərək ağac əkib becərir, 312 saylı Hərbi Hissə tərəfindən “Çinar” Bağçılıq təsərrüfatı bağ sahələrinin işçilərə verilməsi siyahısını da məhkəməyə təqdim etmiş, lakin cavabdeh İdarə müxtəlif əsaslar gətirərək hüquqlarımın qeydiyyata alınmasını icra etmir. Cavabdehin iddia etdiyi 112-ci bağ sahəsi ilə onun bağ sahəsi arasında 264 metr məsafə var, o ki, qaldı yüksək gərginlikli elektrik xətlərinə o birinci instansiya məhkəməsində də demişdir ki, heç ona bütün sahə yox hansı sahə mühafizə sahəsindən kənara düşür, həmin torpaq sahəsilə də kifayətlənir. Ona görə də məhkəmə üç sotdan bir qədər artıq torpaq sahəsinin rəsmiləşdirilməsinə qərar vermiş, o da həmin hissə ilə razılaşır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatın da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edirlər ona görə ki, İdarənin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işləri aparılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0.0252 ha hissəsi ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan əlavə “Çinar” bağçılıq yoldaşlığı tərəfindən İdarəyə təqdim olunmuş ərazinin xəritəsində 120 nömrəli bağ sahəsi aşkar olunmamış, torpaq sahəsinin faktiki yerləşdiyi yer isə sxematik xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclası təxirə salınarsa 112 saylı bağ sahəsinin kimə məxsus olması və həmin bağ sahəsinin məxsus olduğu şəxsə mülkiyyət şəhadətnaməsi verilibverilməməsi məsələsini aydınlaşdırmaqla məlumat verə bilərlər. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

12. Məhkəmə kollegiyasının iclası cavabdehin nümayəndəsinin xahişinə əsasən təxirə salınaraq iclasın vaxtı barədə nümayəndə rəsmi məlumatlandırılmış olsa da, məhkəmənin təyin olunduğu iclasa cavabdehin nümayəndəsi gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəmə kollegiyasını məlumatlandırmamış, bu səbəbdən də kollegiya, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-).

32. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

33. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırkı qərarın 13-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.

36. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının qanuni surətdə bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlüyünə qəbul edilməsi və ona 600 kv.metr torpaq sahəsinin ayrılması iş materialları ilə təsdiq edilir. Məhkəmə cavabdehin bağ nömrələri arasında ziddiyyətin olması, yəni iddiaçının faktiki istifadəsində olan sahənin 120 deyil, 112 nömrəli bağ olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən sxematik xəritədən də həmin sahələrin (120 və 112) ayrı-ayrı istiqamətlərdə yerləşdiyi açıq aşkar görünür, həmin sahələrin üst-üst düşməsi və ya nömrələrin yanlış qeyd edilməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə cavabdehin mübahisəli torpaq sahəsinin bir hissəsinin yüksık gərginlikli elektrik xəttnini mühafizə zolağına düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin a) yarımbəndinə görə haba elektrik ötürücü xətləri biyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 110 kV-luq xəttin gərginliyi üzrə məsafə 20 m-dir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd). Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxid mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır (12-ci bəndin a) yarımbəndi). Bu baxımdan cavabdehin müvafiq əsasla qismən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını mühafizə zonasına düşən hissədə qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı və “Çinar” Bağçılıq Yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış 120 saylı bağ torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməyən 336 kv.metr hissəsi (600-264) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 7 və 8-ci bəndlərində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, birinci instansiya məhkəməsində müəyyən olunan halla bağlı məhkəmə kollegiyası tərəfindən də aparılmış əlavə araşdırmalar zamanı iddiaçıya ayrılan 120 saylı torpaq sahəsinin faktiki yerləşdiyi yerin caavbdehin iddia etdiyi kimi sxematik xəritədə 112 nömrəli bağ sahəsi kimi qeyd olunması barədə dəlilləri heç bir mötəbər sübutla təsdiq edilmir.

38. Belə ki, iddiaçı tərəfindən kollegiya islasında təqdim edilmiş N (keçmiş 34538) saylı hərbi hissə “Çinar” bağçılığı təsərrüfatı bağ sahələrinin işçilərə verilməsi siyahısından görünür ki, siyahıda 60-cı sırada İddiaçı 120 saylı bağ sahəsinin ayrılması qeyd edilmişdir.

39. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulanan hüquqi mövqeyə əsasən hazırki iş üzrə müvafiq yazılı münasibətin təqdim edilməklə 112 saylı bağ sahəsinin hüquqi baxımdan yüklülüyü barədə araşdırma aparılmasına vaxt istənilməsinə baxmayaraq bir aydan artıq verilmiş müddət ərzində cavabdeh İdarədən heç bir mövqe bildirilməmiş, həmçinin cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblər olmadan iştirak etməmişdir.

40. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki,İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 30-33-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi bağ sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən istifadəsində olan torpaq sahəsinin iddiaçıya məxsusluğunu inkar edən sübutların təqdim edilməməsi, həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilə bilməz, ona görə də apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-11/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2-1(118)-11/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar