Məhkəmə qərarları › İş №2-1(105)-102/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-102/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-102/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı- Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X12” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi, iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-1696/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məxsus Quba rayonu ərazisində Bakı-Rustov Magistral yolunun üzərində inşa olunmuş 1.5 ha torpaq sahəsində yerləşən 14 saylı X5 və torpaq sahəsinin dövlətə qaytarıldığına görə həmin əmlakın ədalətli dəyərindən, yəni 350000 manatdan ödənilmiş beh çıxılmaqla cavabdehdən 250000 manat maddi zərərin tutulması və iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi ərizəsi ünvanlayaraq, “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X12” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi, iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi”ni məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayında Quba rayon İH-nin müavini Ruslan Şahbalayev iddiaçını icra hakimiyyətinə dəvət etmiş və ona məxsus Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı Yanacaq doldurma Məntəqəsini və torpaq sahəsini sərfəli qiymətə almaq istəyən iş adamlarının olduğunu bildirmişdir. Həmin şəxslərin, yəni obyekti alanların kimliyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Obyektin alqısatqısı ilə bağlı uzun sürən danışıqlardan sonra Ruslan Şahbalayev ilə ilkin razılaşma əldə olunmuş və müqavilə şərtləri aşağıdakı qaydada şərtləşdirilmişdir: “Quba rayon İH-nin adından X6 iştirak edərək, İddiaçı beh olaraq 25 000 manat nağd pul verir və 5 ay ərzində obyekti almaq istəyən şəxslərin adına bütün sənədləşdirmə işləri aparıldıqdan sonra, obyektin razılaşdırılmış 350 000 manat bazar qiymətindən, ödənilmiş 25 000 manat beh məbləği çıxıldıqdan sonra, qalan 325 000 manat İddiaçı ödənilməlidir; İddiaçı beh olaraq 25 000 manat nağd pulu X4 qəbul edir və bunun əvəzində yuxarıda qeyd olunan obyektin alqı-satqısını həyata keçirmək üçün həmin obyektin digər şəxslərin adına keçirməsinə etiraz etmir və 5 ay ərzində qalan 325 000 manatı pulu qəbul edir.” İcra Hakimiyyətinin hüquqşünasları xx.xx.2021-ci il tarixdə, İddiaçı Quba Regional "Asan Xidmət" mərkəzində Notariat ofisinə dəvət etmiş və həmin hüquqşünaslar tərəfindən tərtib olunmuş aşağıdakı məzmunda ərizənin təsdiq olunmasını və bundan sonra 25 000 manat behin veriləcəyini bildirmişlər: “İddiaçı xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, "Quba rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 31,07.1989-cu il tarixli Qərarı və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə mülkiyyət və sahibliyində olan X5 və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmir. Bununla əlaqədar gələcəkdə hər hansı bir tələb və şikayəti olmayacaq." Həmin ərizə notariat qaydada təsdiqləndiyi an, X2 Məsmə Nurulla qızının oğlu - Əsəd Əliyevə İcra hakimiyyətinin binasında 25 000 manat beh məbləğini ödəmişdir. Göstərilənlərlə əlaqədar Quba rayon İH-nə müraciət olunmuş və qalan 325 000 manatın 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Eləcə də, Azərbaycan Respublikasının Prezideninə müraciət edilmiş və Quba rayon İH tərəfindən qalan 325 000 manatın ödənilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. Hal-hazıradək, Quba rayon İH tərəfindən heç bir əməli tədbir görülmədiyindən və müraciətinə ümumiyyətlə cavab verilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Quba rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 31 iyul 1989-cu il tarixli, 168 saylı qərarı ilə Bakı-Quba magistral yolu üzərində avtomobillərin texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində, Bakı-Rostov (Bakı-Quba-Rusiya Federasiyası sərhəd keçid məntəqəsi arasındakı avtomobil yolunun 180-181-ci km-yi) magistral yolu üzərində yerləşən dövlət torpaq fondundan 1,5 hektar torpaq sahəsi ayrılmışdır. Məntəqə tikildikdən sonra o zamankı Dövlət Yanacaq Komitəsinin balansına verilmiş, daha sonra isə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin balansına keçmişdir. İddiaçı əri X7 vəfat etdiyi tarixədək (1994-cü il) həmin məntəqədə işləmişdir. Sonradan İddiaçı qeyd olunan 14 saylı Yanacaq doldurma məntəqəsi ilə əlaqədar 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət etmiş və məhkəmənin 05 iyul 2007-ci il tarixli qətnaməsi ilə həmin Yanacaq doldurma məntəqəsi üzərində onun istifadə hüquqlarının tanındığı bildirilmişdir. Buna əsas kimi göstərilmişdir ki, həmin məntəqəni mərhum Əliövsət Əliyev öz vəsaiti hesabına tikmiş, buna görə də vərəsəsinin oradan istifadə hüququ vardır. Hazırda həmin yerdə yanacaq doldurma məntəqəsindən heç bir əlamət qalmamış, sökülüb dağılmış, faktiki olaraq ora mövcud deyildir. Torpaq sahəsi ilə əlaqədar isə İddiaçı adına hər-hansı bir hüquqi sənəd müəyyən edilməmişdir. İddiaçı Rayon İcra Hakimiyyətinə şəxsən müraciət edərək bildirmişdir ki, X5 və torpaq sahəsinin dövlətə geri qaytarılmasını və digər şəxslərin sahibliyinə verilməsini xahiş edir. Bununla əlaqədar gələcəkdə hər-hansı tələb və şikayəti olmayacaq. Dedikləri ilə əlaqədar Quba regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 8l- 4635 nömrə ilə qeydə alınmış 07 may 2021-ci il tarixli ərizə mövcuddur. Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyil, məhkəmə qətnaməsi ilə yalnız 14 saylı Yanacaq doldurma məntəqəsinə istifadə hüquqları tanınmışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin satışı və xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamış, həmçinin ərizəçi ilə belə bir sövdələşmənin aparılmasına da zərurət olmamışdır. Hazırda mübahisələndirilən torpaq sahəsinin bir hissəsi (həqiqi ölçüsü ilə əlaqədar sənəd mövcud deyildir) Quba RİHB-nin 48 saylı 20 aprel 2021-ci il tarixli Sərəncamına əsasən “X12” MMC-yə ayrılmış, rayonun Aşağı-Atuc kəndində yerləşən dövlət mülkiyyətinə aid 3,66 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Sərəncam verilərkən müvafiq orqanlardan razılıq alınmış, torpaq sahəsinin hər-hansı başqa şəxsin istifadəsində olmadığı, həmçinin üzərində tikili və obyektlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Quba RİHBnin əməkdaşı ilə İddiaçı arasında qeyd olunan mövzuda razılaşma olmamış, onunla beh müqaviləsi bağlanmamış və gələcəkdə hər-hansı bir məbləğin ödənilməsi ilə əlaqədar öhdəlik götürülməmişdir. Göstərilən torpaq sahəsinə subyektiv hüququ olmayan şəxslə belə bir razılaşmanın aparılması da mümkün hesab edilmir və qeyd olunan müqavilə forması qanunla nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş 1 saylı Yerli İqtisad Məhkəməsinin 1282/5-270 saylı, 05 iyul 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə qarşı əmlakın qaytarılması və üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək, "xxxx" Kiçik Müəssisəsinin təsisçisi X7 tərəfindən Quba rayonunun ərazisində, Bakı-Rostov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı X5 üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin X5 onun əməli istifadəsinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, iddiaçı Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisində Quba rayon Xalq Deputatları İcrayə Komitəsinin 31 iyul 1989-cu il tarixli və 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 1282/5-270 saylı qətnaməsi ilə mülkiyyət və sahibliyində olan yanacaqdoldurma məntəqəsinin və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmədiyi və bununla əlaqədar gələcəkdə hər hansı tələb və şikayətinin olmayacağı ilə əlaqədar ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-150/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 18 avqust 2023-cü il tarixli, 2-1(105)-568/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-150/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)- 1696/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qərarın 3-cü səhifəsinin 2-ci abzasının 3-cü sətrində göstərilir ki cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaya qarşı Quba İcra Hakimiyyət Başçısının 783\1 nömrəli xx.xx.2022-ci il tarixli etirazı, EMİS-ndəki e-Kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Həmin etirazda açıq-aşkar etiraf və təsdiq edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən “X12” MMC-yə (bundan sonra MMC adlanacaq) ayrılmış və dövlət mülkiyyətinə aid 3,66 ha torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Deməli, bu halda da bir daha sübut olunur ki, cavabdeh tərəfindən təqdim olunan etirazı gizlətməkdə məhkəmənin bir məqsədi olmuşdur ki, həmin etirazda iddiaya qarşı göstərilən etirafedici faktlar və hallar araşdırmadan kənarda qalsın. Təəccüblüsü budur ki, həmin etiraz EMİS-dəki e-kabinet vasitəsilə verilsə də, məhkəmə həmin etirazı qəbul etməmiş və heç nədən çəkinmədən, açıq-aşkar və bilə-bilə qanunsuz olaraq etirazı olmamış kimi göstərərək, məhkəmə iş materiallarından gizlətmişdir. Hesab edilir ki, belə halların qarşısı alınmazsa və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş lazımi tədbirlər görülməzsə, bu cür açıq-aşkar neqativ hallar məhkəmə sistemində yeni mənfi təcrübənin yaranmasına səbəb olar ki, bu da bu cür halların kütləvi surətdə yayılmasını istisna etməyəcəkdir. Bundan başqa, Qərarın 3-cü səhifəsinin 8-ci abzasında qeyd olunur ki, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. Sonra isə, Qərarın 3-cü səhifəsinin 12-ci, yəni axırıncı abzasında göstərilir ki, Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə qeyd olunan torpaq sahəsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt və ya cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Məhkəmənin bu mövqeyi ümumiyyətlə anlaşılan deyildir. Yəni, məhkəmə bir tərəfdən iddianı mümkün hesab edərək onun bu iddianı qaldırmaqda subyektiv hüququnun olduğunu qeyd edir, sonra isə iddiaçının hər hansı subyektiv hüquqa malik olmadığı qənaətinə gəlir. Digər tərəfdən, əgər iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ yoxdursa və məhkəmə 2 il 6 ay ərzində bunu müəyyən edirsə, iddianı rədd deyil, mümkünsüz hesab edilməsi barədə Qərardad çıxarmalı idi. Məhkəmənin bu mövqeyi ümumiyyətlə qəbul edilən deyil və açıq-aşkar qanunsuzdur. Qərarın 4-cü səhifəsinin 1-ci abzasında qeyd olunur ki, “Belə ki, iddiaçı həmin ərazidə - Quba rayonu ərazisində, Bakı- Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsinin və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı hər hansı sübut (hüquqmüəyyənedici sənəd) təqdim etməmişdir. İddiaçıya ünvanlanmış sorğu əsasında, mübahisə predmeti olan - Quba rayonu, Bakı-Rastov Magistral yolunda yerləşən 1.5 ha torpaq sahəsinə dair iddiaçıya məxsus bütün sənədlərin məhkəməyə təqdim edilməsini tələb edilsə də, iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Qərarın 4-cü səhifəsinin 2-ci abzasında göstərilir ki, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı əsasında mübahisəli torpaq sahəsi və yanacaqdoldurma məntəqəsinin “X12” MMC-nin istifadəsinə verilməsinə dair hərəkətlərinin qanunsuz olması barədə heçbir sübut olmadığından, məhkəmə iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin də ödənilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlir. Bir daha qeyd edilir ki, EMİS-ndəki e-kabinet vasitəsilə təqdim olunan və hazırkı şikayətin 5.1.2-ci bəndində göstərilən sübutları məhkəmə qəbul etməmiş və qəbul etməməsinin səbəblərini də Qərarda açıqlamadan, o cümlədən heç nədən çəkinmədən, açıq-aşkar və bilə-bilə qanunsuz olaraq həmin sübutları olmamış kimi göstərərək, məhkəmə iş materiallarından gizlətmişdir. Odur ki, belə halların qarşısı alınmalı və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş lazımi tədbirlər görülməlidir. Digər tərəfdən, bu cür açıq-aşkar neqativ hallar məhkəmə sistemində yeni mənfi təcrübənin yaranmasına səbəb olar ki, bu da bu cür halların kütləvi surətdə yayılmasını istisna etməyəcəkdir. Açıq-aşkardır ki, birinci instansiya məhkəməsi- Qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə eləcə də formal mülahizələrlə əsaslandırmış; işin hallarını tam və hərtərəfli araşdırmamış; təqdim olunan sübutları və cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazı gizlədərək onları ümumiyyətlə dəyərləndirməmiş; həqiqəti müəyyən etməmiş; hazırki işdə tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini dəyərləndirməməklə ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, işin hallarından da müəyyən olunur ki, Quba rayonu Xalq Deputatları İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli Qərarı ilə Bakı-Rastov Magistral yolunun üzərində X5 tikintisi üçün 1,5 ha torpaq sahəsi ayrılmış; qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1282\5-270 saylı, xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə - Həmin torpaq sahəsində "xxxx" Kiçik Müəssisəsinin təsisçisi X7 tərəfindən öz vəsaiti hesabına Yanacaq doldurma Məntəqəsi inşa olunması müəyyən edilmiş və "xxxx" Kiçik Müəssisəsinin təsisçisi X7 tərəfindən Quba rayonunun ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı X5 üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin X5 onun əməli istifadəsinə qaytarılması - qət edilmişdir. Məhz, cavabdeh tərəfindən iddiaçıya qarşı edilmiş hüquqa zidd hərəkətlərə və bu cür hərəkətlər nəticəsində iddiaçıya dəymiş zərərin qarşılanması üçün kompensasiyanın ödənilməsinə görə, eləcə də iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsi barədə Qərar qüvvədə ola-ola, yəni ləğv olunmadan həmin torpaq sahəsini 3-cü şəxsin istifadəsinə verilməsinə dair Sərəncamın çıxarıldığından, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin təqdim etdiyi iddiaya qarşı Etirazında açıqaşkar etiraf və təsdiq edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən “X12” MMC-yə ayrılmış və dövlət mülkiyyətinə aid 3,66 ha torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. İş materiallarına təqdim olunmuş Quba rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli Qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, eləcə də qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə - hüquqi qüvvəsini saxlamaqla hüquqi cəhətdən etibarlıdır. b) Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ..... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ..... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Beləki , birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddiaçının hüquqi marağı iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə qeyd olunan torpaq sahəsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt və ya cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı həmin ərazidə - Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsinin və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı hər hansı sübut (hüquqmüəyyənedici sənəd) təqdim etməmişdir. İddiaçıya ünvanlanmış sorğu əsasında, mübahisə predmeti olan - Quba rayonu, Bakı-Rastov Magistral yolunda yerləşən 1.5 ha torpaq sahəsinə dair iddiaçıya məxsus bütün sənədlərin məhkəməyə təqdim edilməsini tələb edilsə də, iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı əsasında mübahisəli torpaq sahəsi və yanacaqdoldurma məntəqəsinin “X12” MMC-nin istifadəsinə verilməsinə dair hərəkətlərinin qanunsuz olması barədə heçbir sübut olmadığından, məhkəmə iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin də ödənilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razı olmasa da, gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, iddiaçı Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisində Quba rayon Xalq Deputatları İcrayə Komitəsinin 31 iyul 1989-cu il tarixli və 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 1282/5-270 saylı qətnaməsi ilə mülkiyyət və sahibliyində olan yanacaqdoldurma məntəqəsinin və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmədiyi və bununla əlaqədar gələcəkdə hər hansı tələb və şikayətinin olmayacağı ilə əlaqədar ərizə təqdim etmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş 1 saylı Yerli İqtisad Məhkəməsinin 1282/5- 270 nömrəli, 05 iyul 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə qarşı əmlakın qaytarılması və üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək, "xxxx" Kiçik Müəssisəsinin təsisçisi X7 tərəfindən Quba rayonunun ərazisində, Bakı-Rostov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı X5 üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin X5 onun əməli istifadəsinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 18 mart 2011-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 1282/5-270/2-2011 nömrəli, 18 mart 2011-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, iddiaçı Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisində 05 iyul 2007-ci il tarixli, 1282/5- 270 saylı qətnamənin icrasından imtina etməsi və icra sənədi üzrə icraata xitam verilməsi məzmununda ərizə təqdim etmişdir. İş materiallarında olan Quba rayon Xalq Deputatları İcrayə Komitəsinin 31 iyul 1989cu il tarixli, 168 nömrəli qərarından görünür ki, avtomobillərə texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində Qusar çayın yaxınlığında yerləşən dövlət torpaq fondundan 1,5 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə kollegiyası iddia tələbini əsassız hesab etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi iddiaçı cavabdeh inzibati orqandan vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən uğurlu hüquqi müdafiə vasitəsi seçilməmişdir. İddiaçı tərəf beş dəfə məhkəmə kollegiyasının iclaslarına dəvət edilsə də, İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının şəxsən məhkəmə iclasında iştirakı tələb edilsə də, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan ziyana görə kompensasiya tələblərində sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin kollegiya hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar hazırkı iddianın təmini üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı ərizəsində bildirir ki, 2021-ci ilin fevral ayında Quba rayon İH-nin müavini Ruslan Şahbalayev iddiaçını icra hakimiyyətinə dəvət etmiş və ona məxsus Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı Yanacaq doldurma Məntəqəsini və torpaq sahəsini sərfəli qiymətə almaq istəyən iş adamlarının olduğunu bildirmişdir. Həmin şəxslərin, yəni obyekti alanların kimliyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Obyektin alqı-satqısı ilə bağlı uzun sürən danışıqlardan sonra Ruslan Şahbalayev ilə ilkin razılaşma əldə olunmuş və müqavilə şərtləri aşağıdakı qaydada şərtləşdirilmişdir: “Quba rayon İH-nin adından X6 iştirak edərək, İddiaçı beh olaraq 25 000 manat nağd pul verir və 5 ay ərzində obyekti almaq istəyən şəxslərin adına bütün sənədləşdirmə işləri aparıldıqdan sonra, obyektin razılaşdırılmış 350 000 manat bazar qiymətindən, ödənilmiş 25 000 manat beh məbləği çıxıldıqdan sonra, qalan 325 000 manat İddiaçı ödənilməlidir; İddiaçı beh olaraq 25 000 manat nağd pulu X4 qəbul edir və bunun əvəzində yuxarıda qeyd olunan obyektin alqısatqısını həyata keçirmək üçün həmin obyektin digər şəxslərin adına keçirməsinə etiraz etmir və 5 ay ərzində qalan 325 000 manatı pulu qəbul edir.” İcra Hakimiyyətinin hüquqşünasları xx.xx.2021-ci il tarixdə, İddiaçı Quba Regional "Asan Xidmət" mərkəzində Notariat ofisinə dəvət etmiş və həmin hüquqşünaslar tərəfindən tərtib olunmuş aşağıdakı məzmunda ərizənin təsdiq olunmasını və bundan sonra 25 000 manat behin veriləcəyini bildirmişlər: “İddiaçı xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, "Quba rayonu Xalq Deputatları İcraiyyə Komitəsinin 31,07.1989-cu il tarixli Qərarı və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə mülkiyyət və sahibliyində olan X5 və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmir. Bununla əlaqədar gələcəkdə hər hansı bir tələb və şikayəti olmayacaq." Həmin ərizə notariat qaydada təsdiqləndiyi an, X2 Məsmə Nurulla qızının oğlu - Əsəd Əliyevə İcra hakimiyyətinin binasında 25 000 manat beh məbləğini ödəmişdir. Göstərilənlərlə əlaqədar Quba rayon İH-nə müraciət olunmuş və qalan 325 000 manatın 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsində qeyd edilən 325000 manat məbləğində öhdəliyin götürülməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaya etirazında qeyd edir ki, sərəncam verilərkən müvafiq orqanlardan razılıq alınmış, torpaq sahəsinin hər-hansı başqa şəxsin istifadəsində olmadığı, həmçinin üzərində tikili və obyektlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Quba RİHB-nin əməkdaşı ilə İddiaçı arasında qeyd olunan mövzuda razılaşma olmamış, onunla beh müqaviləsi bağlanmamış və gələcəkdə hər-hansı bir məbləğin ödənilməsi ilə əlaqədar öhdəlik götürülməmişdir. Göstərilən torpaq sahəsinə subyektiv hüququ olmayan şəxslə belə bir razılaşmanın aparılması da mümkün hesab edilmir və qeyd olunan müqavilə forması qanunla nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq öhdəliyin götürülməsi ilə bağlı sübutlar təqdim edildiyi halda ziyana görə kompensasiya tələbi yox, öhdəliyin icrası haqqında iddia qaldırılması daha məqsədəmüvafiq olardı. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı işdə iddiaçı özünün notarial qaydada müvafiq hüquqdan imtina ərizələrini məhkəməyə təqdim edir ki, bu da 325000 ziyan tələbinin təmini üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hazırkı iddianı əsassız hesab etməklə birlikdə bir daha qeyd edir ki, iddiaçı iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qeyd etdiyi hallarla bağlı sübutlar məhkəməyə təqdim edildiyi halda mülki və ya inzibati məhkəmə icraatı qaydasında tələblər irəli sürülməsi istisna edilmir. Belə ki, əgər inzibati orqanın səlahiyyətli şəxsi inzibati orqanın adından öhdəlik götürdüyü halda inzibati məhkəmə icraatı qaydasında, öz adından öhdəlik götürdüyü halda isə mülki məhkəmə icraatı qaydasında tələblər irəli sürülə bilər. Digər hallarda isə cinayət təqibi orqanlarına müraciət edilməsi istisna edilmir. Yuxarıda qeyd edildiyi kimi dəfələrlə dəvət edilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş, “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq X5 və yerləşdiyi torpaq sahəsi üzərində hüququn bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəm kollegiyası bununla bağlı qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə məhkəmənin öz xidməti vəzifəsinə görə işin hallarını araşdırması vəzifəsi olsa da, bu iddiaçının təqdim etməli olduğu sübutların məhkəmə tərəfindən təmin edilməli olması kimi başa düşülməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı məhkəmə praktikasında qəbul edilməyən mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmə qətnaməsini məhkəməyə təqdim etmişdir. Hər bir halda həmin qətnamə ilə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamışdır. Bundan əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş Sxemin surəti məhkəməyə təqdim edilsə də, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarını göstərən texniki sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaya etirazında yazır ki, torpaq sahəsinin hər-hansı başqa şəxsin istifadəsində olmadığı, həmçinin üzərində tikili və obyektlərin mövcud olmadığı müəyyən edilmişdir. Lakin bununla bağlı iddiaçının hər hansı münasibəti və ya torpaq sahəsinin faktiki istifadəsində olması ilə bağlı təkzibedici şikayəti qeyd edilmir. Məhkəmə kollegiyası məhkəmə praktikasını da nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilənlər təqdim edilmiş sənədlər əsasında müvafiq ekspertizanın keçirilməsi imkanını istisna edir. Bundan əlavə belə imkan olsa belə, hazırkı iddia çərçivəsində bu ekspertizanın keçirilməsinə zərurət yoxdur. Kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi hallar olsa belə, bu, iddiaçının həmin torpaq sahəsinin üçüncü şəxlərə ayrılması ilə bağlı inzibati aktın ləğv edilməsi tələbinin irəli sürülməsi üçün əsas təşkil edə bilər. İddiaçı Quba rayon Xalq Deputatları İcrayə Komitəsinin 31 iyul 1989-cu il tarixli, 168 nömrəli qərarına istinad edir. Həmin qərardan görünür ki, avtomobillərə texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində Qusar çayın yaxınlığında yerləşən dövlət torpaq fondundan 1,5 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakin həmin torpaq sahəsi konkret şəxsə ayrılmamışdır. İddiaçı məhkəmə qətnaməsi əsasında yanacaqdoldurma məntəqəsinə mülkiyyət sənədi ala və bunun əsasında da həmin yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsini müvafiq dövlət qurumundan satın ala bilərdi. Bu qeyd edilənlər məhkəmə qərarının qəbul edildiyi 2007-ci ildən etibarən iddiaçının gözlənilən hüququ olsa da, iddiaçının bununla bağlı hansısa addımlar atması, əmlaka faktiki sahiblik etməsi müəyyən olunmur. Hazırda isə dövlət əmlakının özəlləşdirilməsi imkanlarından istifadə etmədən cavabdeh inzibati orqanın əməkdaşının şifahi sözünə əsaslanaraq dövlət torpağının bazar qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək ona ödənilməsini tələb edir ki, bu tələb əsaslı hesab edilə bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi əsassız olmuş, iddiaçının istinad etdiyi hallar sübuta yetirilməmiş, bununla da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən bir məqama münasibət bildirməyi zəruri hesab edir. İddiaçı tərəf apellyasiya şikayətində qeyd edir ki, qərarın 3-cü səhifəsinin 2-ci abzasının 3-cü sətrində göstərilir ki cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaya qarşı Quba İcra Hakimiyyət Başçısının 783\1 nömrəli xx.xx.2022-ci il tarixli etirazı, EMİS-ndəki e-Kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Həmin etirazda açıq-aşkar etiraf və təsdiq edilir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən “X12” MMC-yə (bundan sonra MMC adlanacaq) ayrılmış və dövlət mülkiyyətinə aid 3,66 ha torpaq sahəsinin bir hissəsi ilə üstüstə düşür. Deməli, bu halda da bir daha sübut olunur ki, cavabdeh tərəfindən təqdim olunan etirazı gizlətməkdə məhkəmənin bir məqsədi olmuşdur ki, həmin etirazda iddiaya qarşı göstərilən etirafedici faktlar və hallar araşdırmadan kənarda qalsın. Təəccüblüsü budur ki, həmin etiraz EMİS-dəki e-kabinet vasitəsilə verilsə də, məhkəmə həmin etirazı qəbul etməmiş və heç nədən çəkinmədən, açıq-aşkar və bilə-bilə qanunsuz olaraq etirazı olmamış kimi göstərərək, məhkəmə iş materiallarından gizlətmişdir. Hesab edilir ki, belə halların qarşısı alınmazsa və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş lazımi tədbirlər görülməzsə, bu cür açıq-aşkar neqativ hallar məhkəmə sistemində yeni mənfi təcrübənin yaranmasına səbəb olar ki, bu da bu cür halların kütləvi surətdə yayılmasını istisna etməyəcəkdir. Bundan əlavə apellyasiya şikayətində qeyd edilir ki, EMİS-ndəki e-kabinet vasitəsilə təqdim olunan və hazırkı şikayətin 5.1.2-ci bəndində göstərilən sübutları məhkəmə qəbul etməmiş və qəbul etməməsinin səbəblərini də Qərarda açıqlamadan, o cümlədən heç nədən çəkinmədən, açıq-aşkar və bilə-bilə qanunsuz olaraq həmin sübutları olmamış kimi göstərərək, məhkəmə iş materiallarından gizlətmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi sənədlər iş materiallarına əlavə edilmişdir. Eyni zamanda iş üzrə iddianın mümkün sayılmaması ilə bağlı qərardaddan apellyasiya şikayəti veriləndən və iş yenidən birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra iş yeni nömrə ilə qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf haqlı olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad etməmişdir. Kollegiya qeyd edir ki, bu hallar ciddi prosessual pozuntular hesab olunsa da, yuxarıda qeyd edildiyi kimi iş üzrə gəlinən yekun nəticənin əsaslı olmasına təsir etməməsi səbəbindən birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab edilmir. Beləliklə məhkəmə kollegiyası hazırkı iddianı əsaslı hesab etməməklə birlikdə iddiaçıya izah edir ki, onun yuxarıda izah edilən digər hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)-1696/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar