Məhkəmə qərarları › İş №2-1(105)-1021/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1021/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1021/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Şirkətinin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “sərəncamın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4802/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Xırdalan X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 26 sentyabr 2007ci il tarixli, 242 saylı sərəncamın qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasıya Məhkəməsinin icraatında olan 2- 1(105)-360/2024 saylı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı Şirkəti (hazırkı iddiaçı) tərəfindən əldə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 242 saylı, 26 sentyabr 2007-ci il tarixli sərəncamı ilə X3 istifadəsinə, dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, l saylı mədənin 6-cı sahəsində 400 kv.m torpaq sahəsi ayrılmışdır. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X13 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X11 şirkətləri arasında imzalanmış X7 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən iddiaçıya neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsənilə bilməz. Göründüyü kimi, Qanunun yuxarıda sadalanan müddəalarından birbaşa aydın olur ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 242 saylı, 26 sentyabr 2007-ci il tarixli Sərəncamı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün qanunsuz hesab olunmalıdır. Qeyd olunur ki, Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaq sahələri ilə bağlı verilmiş qərar və sərəncamların Saziş qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən qüvvədən düşməsi halı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq edilmişdir. Belə ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış Qərarı mövcuddur. X12 Məhkəmə nəticəyə gəlmişdir ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati qərar və sərəncamlar qüvvədən düşmüşdür. Hesab edilir ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin yuxarıda göstərilmiş 242 saylı, 26 sentyabr 2007-ci il tarixli qərarı Qanunun imperativ tələbinə görə Saziş qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyi üçün müvafiq sərəncamın qanunsuzluğu məhkəmə qaydasında tanınmalıdır. Əlavə olaraq bildirilir ki, məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, hazıda Şirkətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4802/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün, iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hazırki işdə iddia tələbində “sərəncamın qanunsuzluğunun tanınması” göstərilsə də, iddia tələbinin məzmunundan (§ 4-5) aydın olur ki, bu İPM-in 2.2.5-ci maddəsində nəzərdə tutulan müəyyənetmə və tanınma haqqında iddia deyil, mübahisələndirmə növündə olan iddiadır. Mübahisə predmeti olan inzibati aktın - sərəncamın tarixi 2007-ci il olduğundan, mübahisələndirmə haqqında iddianın mümkünlük şərti “İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi”ndən yayınmaq məqsədi ilə hazırki iddia bu formada məhkəməyə təqdim edilmişdir. İnzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur. Digər iddia növləri iddiaçıya hüquqlarını müdafiə üçün konkret mexanizm təklif etmədikdə, iddiaçı tanınma haqqında iddia institutundan istifadə edə bilər. Bu iddianın özəlliyi ondadır ki, iddia barəsində qəbul olunmuş məhkəmə qərarı ancaq hüquq münasibətinin müəyyən olunması, yəni onun mövcud olmasının (və ya olmamasının) tanınması ilə məhdudlaşır. Buna görə də, bu qərar əsasında icranın həyata keçirilməsi mümkünsüzdür. İddiaçının marağı kimi qanunda “hüquqi, iqtisadi və ideya” marağı göstərilir. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır. Qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur. Hazırki məsələyə münasibətdə həmçinin, iddiaçının məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında mülki prosessual qanunvericiliyin tamamilə yalnış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi isə Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Belə ki, iddianın mahiyyətindən də görünür ki, iddia Şirkət tərəfindən tanınma haqqında iddia növündə qaldırılmışdır, lakin birinci instansiya məhkəməsi yalnış olaraq Mülki Prosessual Məcəlləsinin qüvvədən düşmüş müddəasına istinad edərək iddianı mümkün hesab etməmişdir. Yəni, məhkəmə işə baxarkən kobud pozuntuya yol verməklə İPM-nin qüvvədə olan müddəalarına yox, MPM-nin qüvvədən düşmüş maddəsinə əsaslanmışdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yəni, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına (yəni İnzibati Prosessual Məcəllənin müddəalarına) istinad etməliolduğu halda, Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş maddəsinin tələbinə əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPMnin və “İnzibati İcraat haqqındaQanun”un tələbinə istinad etməli idi. İnzibati Qanunvericiliyin tələbinə görəisə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlərşamiledilmir. AR İPM-nin36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər”. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi nə MPM-nin qüvvədən düşmüş müvafiq maddəsinə, nə də ki, İPM-nin müddətləbağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Göstərilənlərdən əlavə olaraq birinci instansiya məhkəməsi həmçinin Bələdiyyə tərəfindən Qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq qərarlarla iş üzrə İİİ şəxslərin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətiniddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Qeyd olunanlardan əlavə olaraq məlum olduğu kimi eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibatiiddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, bu günki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1- 8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülkiiddialarının rədd edilməsi ilə nəticələnir(məktubun surəti əlavə olunur). Göstərilənlərdən əlavə olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixi 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr2019-cu il tarixli Sərəncamına əsasən, 01 mart 2020-ci il tarixdən qüvvəyə minmiş Qanunun tələblərinə görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təmin edilməsini nəzərdə tutur. Lakin, göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə, Şirkətiniddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübələri birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbu ki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümküsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004-cü il tarixli Sazişin (Qanunun) 4 və 5-cibəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər(2- 1(102)-1233/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surətiəlavə olunur). Hazırki iş üzrə də məhkəmə qərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinad edərək Şirkətin iddiasını mümkünsüzsaymışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-360/24 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirkət zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasına baxamayaraq, elektron məhkəmə kabinetinə digər biriş üzrə (iddiaçı X9 Paşaoğlunun iddia tələbi barədə) xx.xx.2024-cü il tarixə təyin edilmiş bildiriş yerləşdirilmişdir (bildirişin surəti əlavə edilir). Lakin, sonradan elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X4 iddia tələbi barədə 2-1(105)-360/24 saylı inzibati işin xx.xx.2024-cü il tarixə təyin olunduğu müəyyən olunmuşdur (elektron məhkəmə sistemindən çıxarışın surəti əlavə olunur). Həmin tarixdə tərəfindən məhkəmə iclasında nümayəndənin iştirakı təmin olunmuş və Q.Ə.İbrahimovanın iddia tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərşirkətin nümayəndəsinə təqdim olunmuşdur. Həmçinin Şirkət sözügedən inzibati iş üzrə birinci instansiya məhkəməsində üçüncü şəxs kimi cəlb olunmadığından, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin elektron məhkəmə kabinetindən əldə olunması qeyri mümkün olmuşdur. Bu səbəbdən məhkəmənin yalnış olaraq gəldiyi nəticə ilə razı deyil. Qeyd edilənlərə əsaslanaraq məhkəmənin qərardadı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də, qərardad ləğv edilməli və iddia icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Mülki Prosessual Məcəllə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının,sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi sərəncamın qanunsuzluğunun tanınması” ilə bağlı tələb təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbinin “müvafiq sərənacmın qanunsuzluğunun tanınması” kimi göstərilməsinə baxmayaraq, inzibati prosessual qanunvericiliyin tələbi baxımından müəyyən etmə və tanınma haqqında iddia deyil, məhz mübahisələndirmə növündə iddia olması ilə bağlı dəyərləndirməsində haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan RespublikasıKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci iltarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur.Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaqsəlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İndiki halda işin halları baxımından qeyd edilməlidir ki, mübahisə predmeti qismində məhz müvafiq bələdiyyə sərəncamı çıxış etmişdir. Birinci instansiya məhkəməsi hazırki iddia növünün müəyyənetmə və tanınma haqqında iddia növünü xarakterizə edən əlamətlər ətraflı şəkildə qeyd edilməklə, hazırki iddia növünün məhz müəyyənetmə və tanınma haqqında iddia növünün əlamətlərinə uyğun olmamasının əsasları qanunvericilik normasının tələbi və mahiyyəti baxımından düzgün əsaslanıdmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia növünün mübahisələndirmə haqqında iddia növü olmadığından, iddia müddətinin tətbiq edilməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hazırki iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı hissədə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgünü hüquqi qiymət verilmişdir. Belə ki, hazırki halda iddiaçının mübahisələndirdiyi qərar 2007-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı isə rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki,müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 384.0.5-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiq edilməli olmamasına dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati ProsessualMəcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta iddiaçının müvafiq qərar barədə məlumatlı olması halı onun üçüncü şəxs qismində iştirak etdiyi inzibati iş üzrə 07 mart 2024-cü il tarixdən hesbalandıqda belə, iddiaçı iddia ərizəsi ilə 07 iyun 2024-cü il tarixdə müraciət etdiyindən, həmin halda da iddia müddəti ötürülmüşdür. İddiaçı həmin qərar barədə sonrakı tarixdə məlumat əldə etdiyini qeyd etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4802/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar