Məhkəmə qərarları › İş №2-1(105)-1023/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1023/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1023/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2047/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli, **********6239 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 9 oktyabr 2023-cü il tarixədək 1.000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********6240 nömrəli Tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 1.000 manat vəsaitin 9 oktyabr 2023-cü il tarixə kimi Sumqayıt YXO-nun hesabına ödənilməsi, mühasibatlıqda müvafiq dəyişikliklərin edilməsi, mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması tələb olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 28 sentyabr 2023-cü il tarixli, **********239 saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərar düzgün qəbul edilməmişdir. Belə ki, heç bir dövriyyədən yayınma halı baş verməmişdir və obyektdə nəzarət-kassa aparatı dəqiq işləyir. Bütün mədaxil-məxaric kompyuter-nəzarət-kassa aparatı vasitəsi ilə idarə olunur və vəzifəli şəxs olaraq daimi nəzarətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh orqanın 7 avqust 2023-cü il tarixli, **********5069 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, iddiaçının fəaliyyət göstərdiyi Sumqayıt şəhər, Corat qəsəbəsi ünvanında yerləşən 290695xx-xx-29001 kodlu “Dostluq Kafesi” adlı təsərrüfat subyektində (obyektində) 12 avqust 2023cü il tarixdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti zamanı müştəriyə göstərilmiş xidmətə görə 46,44 manatın ödənildiyi və ödəniş müqabilində müştəriyə qəbzin təqdim edilmədiyi və bir nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı təsərrüfat subyektində (obyektində) yayındırılmış həmin məbləğ saat 17:25:23-də 596 nömrəli satış çeki ilə nəzarət kassa aparatının fiskal yaddaşına bərpa edilmişdir. Həmçinin, iddiaçı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla tanış olmuş, “OVN keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqındatələbnamə”ni imzalamış və bir nüsxəsini qəbul etmişdir. Lakin vergi ödəyicisi aşkar edilmiş qanun pozuntularına əsasən tərtib edilmiş 12 avqust 2023-cü il tarixli, DVX seriyalı, 006866 və 023821 nömrəli aktları imzalamaqdan və bir nüsxələrini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisinə 15 avqust 2023-cü il tarixli **********419900 və **********429600 nömrəli “OVN materiallarına baxılması barədə- “bildiriş” göndərilərək, VM-in 49-cu maddəsinə əsasən, qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək üçün zəruri hesab etdiyi sənədlərlə özü və ya səlahiyyətli nümayəndəsi 12 sentyabr 2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət edilsə də, vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi materiallara baxılmada iştirak etməmişdir. 28 sentyabr 2023-cü il tarixli, **********6276 və **********6239 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” Qərarlar iddiaçının iştirakı olmadan çıxarılmış və 28 sentyabr 2023-cü il tarixli **********720900 və **********700500 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktublarla vergi ödəyicinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2047/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarında əmək qanunvericiliyinin pozulması ilə bağlı münasibətlərdən irəli gələn mübahisə hazırki icraatın predmeti deyildir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2048/24 saylı qərarı ilə həmin məsələyə münasibət bildirilmişdir. Məhkəmə prosesi gedişində etirazın dəlilinin əsası kimi cavabdeh tərəf araşdırma zamanı təsərrüfat subyektində (obyektində) yayındırılmış həmin məbləğ saat 17:25:23-də 596 nömrəli satış çeki ilə nəzarət kassa aparatının fiskal yaddaşına bərpa edilməsini təsdiq edən çeki məhkəməyə təqdim etmişdir. 596 nömrəli satış çekinin (bərpa olunan) həqiqətən də 12 avqust 2023-cü il tarixdə və saat 17:25:23-ə aid olduğu aydın şəkildə görünür. Bu çekin mətnində olan bütün məlumatlar cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etirazın dəlilləri ilə tam şəkildə üst-üstə düşür. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan çıxarıldığından onu qanunsuz, ədalətsiz hesab edir və onunla razılaşmır. Belə ki, qərar və keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli 023821 N-li Aktı ilə razı deyil. Həmin Akt düzgün tərtib edilməmişdir. Çünki sənədləşdirilməyən, dövriyyədən, yəni nəzarət-kassa aparatından yayındırılmış məbləğ olmamış və bu baxımdan hansısa çek və ya qəbzin bərpa edilməsinə heç bir ehtiyac olmamışdır. Həmin qəbzin nə vaxt hansı məqsədlə bərpa etmək adı ilə çap edilməsini anlamır. Həmin qəbzə əsaslanaraq şikayətinin təmin edilməməsi düzgün deyildir. Obyektdə nəzarət-kassa aparatı dəqiq işləyir. Bütün mədaxil məxaric kompüter-nəzarət-kassa aparatı vasitəsi ilə idarə olunur və vəzifəli şəxs olaraq daim nəzarətindədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ..... 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;.... Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi .... 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə bunlar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələrinə daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli, **********6239 nömrəli qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 9 oktyabr 2023-cü il tarixədək 1.000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, vergi haqqında qanunvericiliyin tələbinə əsasən Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti verilmişdir. Bunlara kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi məsələsi ilə əlaqədar olaraq aparılmış yoxlamanın nəticəsində iddiaçı tərəfindən müştəriyə göstərilmiş xidmətin müqabilində 46,44 manat ödənildiyi və ödəniş müqabilində müştəriyə qəbzin təqdim edilmədiyi , yayındırılmış həmin məbləğin sonradan satış çeki ilə nəzarət kassa aparatının fiskal yaddaşına bərpa edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. Cavabdeh inzibati orqan operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zamanı məhz müvafiq nəzarət-kassa aparatının hesabatına və bəra çeklərinə əsasən qeyd edilən məbləğdə ödənişə dair qəbzin təqdim edilmədiyini müəyyən etmişdir. Nəticə etibarilə müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamış, sonradan bərpa çeki daxil edilmişdir. Başqa sözlə desək, bu hal cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar olaraq çıxarılmış bərpa çekləri və iş materiallarında olan müvafiq aktlar əsasında öz təsdiqini tapmışdır. İndiki halda iddiaçı nəzarət-kassa aparatının işlək vəziyyətdə olduğunu, vergidən yayınma halının baş vermədiyini, daim nəzarətində olduğunu, bərpa çekləri barədə məlumatının olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi eyni hallara istinad etsə də, həmin hallarla bağlı yenə də heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, vergi haqqında qanunvericiliyin və müvafiq Qaydaların tələbinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmiş, habelə vergi ödəyicisi nəzarət kassa aparatının istismarının lazimi qaydada olmasını təmin etmək öhdəliyi daşıyır. hazırki iş üzrə vergi ödəyicisi qimsində çıxış edən iddiaçının qanunla müəyyən edilmiş həmin öhdəliyinin lazimi qaydada yerinə yetirməsi halı sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan operativ vergi nəzarətinin keçirilməsi nəticəsində tərtib edilmiş aktlara istinad etməklə iddiaçını məsuliyyətə cəlb etmiş, öz qərarlarını “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırmış, məhkəmə icraatının gedişində məsuliyyət qərarlarının qəbul edilməsinin əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2047/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar